25 ildir qeyd olunan Beynəlxalq Ailə günü
"Ailə dəyərləri,
ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə
tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.
Ümummilli
Lider Heydər Əliyev
Hər bir xalqın, millətin
mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından
asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr
sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük,
valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə
malikdir. Milli-mənəvi dəyərləri
xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin
qorunmasının vacib olduğunu bütün çıxışlarında dönə-dönə deyirdi. Ailəni,
ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyev
hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də
hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət
etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin
rifahı üçün bacardığını etməli, ailə
üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə
yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki
ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin
inkişafından asılıdır. Ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə,
inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi
sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda
müvafiq qanunlar qəbul edilmişdir. Müstəqil
dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada
ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə
müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində
ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit
olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin siyasi
kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz
layiqli yerini tutan cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə
islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin
reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Qadın Problemləri üzrə
Dövlət Komitəsinin əsasında, Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə,
2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu
gün möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycan dövlətində ailənin
inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən
ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının
müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan
Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, "Məişət
zorakılığının qarşısının alınması haqqında” qanunları hüquqların bərabərliyi
istiqamətində atılmış ən uğurlu addımlardandır. Ailə Məcəlləsinə edilən dəyişiklik
əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Cinayət Məcəlləsində
yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi
maddə ilə məsuliyyət müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Respublikanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı
ailələrin rifahı üçün önəmli layihələr həyata keçirilir.
Bütün bu və digər məsələlər nəzərə alınaraq, Milli Məclis tərəfindən Cinayət Məcəlləsində və İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunları qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza
siyasətinin humanistləşdirilməsi və
alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə
ölkə başçısının Sərəncamı təsdiq olunmuşdur. Bu sənəd eyni zamanda, yuvinal
ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər. Bu, bizə nə verəcək? İlk növbədə qanuna zidd
hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs
səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o
daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər.
Ailə-nikah və ya qan
qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı
olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm
komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin
inkişafında mühüm rol oynayır. Son illər ailə institutu və bu dəyərlərin
qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya
ölkələri üçün nə qədər aktual olduğunu
bir daha göstərdi. Ancaq əfsuslar olsun ki, hazırda
dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin
sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir,
ailələr dağılır, milli-mənəvi dəyərlər deqradasiyaya uğrayır. Lakin bütün
bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır,
insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində
yaşayırlar. Müstəqilliyimizi
bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq
konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli
şərait yaradılmışdır. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın
ailə və mədəni tolerantlıq modelini qəbul edir. Hazırda ölkədə iki milyondan
çox ailə var. Yüzlərlə ömrünün 25, 50,
60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz mövcuddur.
Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların
sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər
həyata keçirir. Və bu, bir dövlət
siyasətidir.
Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin
möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və
hörmət hissləri əsasında qurulmasını,
ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz
surətdə həyata keçirilməsini müəyyən edir. Hər bir təbəqənin inkişafı ailə
siyasətinin düzgün həyata keçirilməsi ilə sıx bağlıdır. Ailə institutunun möhkəmliyi
həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafına gətirib çıxarır. Son illər ərzində əhalimizin
sayı artaraq 9 milyon800
mini ötmüşdür.
Reallıq ondan ibarətdir ki,
hazırda bu sahədə bir sıra problemlər var. Əlbəttə ki, biz belə neqativ hallara
göz yuma bilmərik. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən
nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması
və bu kimi digər problemlər ailələrin təməlinin zəifləməsinə və nəticədə
dağılmasına gətirib çıxarır. Dövrün tələblərindən irəli
gələrək, bu və ya digər yeni elementlər daxil olur. Məsələn, elm və
texnologiyanэn inkiюafэnэn ailələrə təsirini gцstərə bilərik. Bu təsir həm mьsbət,
həm də mənfi ola bilər.
Təhlillər göstərir ki, müasir
dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil, digər vacib
məqamlardır ki, bunlar da özündə tərbiyə, mənəviyyat, davranış və əxlaqi dəyərləri
birləşdirir.
Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur,
iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir.
Boşanma zamanı ən çox uşaqlar zərər çəkirlər, daha çox psixoloji problemlərə məruz
qalırlar. Uşaqların təhsildən
yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji
problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. İndiki halda
artan boşanmalar, ailədaxili münasibətlərin pozulması, ailə münaqişəsi zəminində
baş verən cinayətlər onu göstərir ki, ailəni qurmaq nə qədər məsuliyyətlidirsə,
onu qoruyub saxlamaq bir o qədər də çətindir.
Statistik məlumatlara görə, məhkəmələrdə baxılan mülki mübahisələrin
böyük qismi ailə münaqişəsi nəticəsində yaranır və əmlak xarakterlidir.
Sadələşdirilmiş boşanma prosesi Azərbaycanda boşanmaların say
artımına təsir edən faktorlardan biridir. Ailənin qorunub saxlanılması cəmiyyət
üçün və gələcək nəsil üçün vacibdir. Lakin qanunvericilik çərçivəsində məhkəmələrin
ailəni qorumaq üçün səlahiyyətləri yetərli deyil. Bu məsələ ilə bağlı
qanunvericiliyə dəyişikliklər edilərsə,
məhkəmələrdə ailəni qorumaq imkanı da artar.
Ailələrin dağılmasının səbəblərindən
biri də məişət zorakılığıdır. Komitə tərəfindən bütün yerli icra
hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə
monitorinq qrupları yaradılmışdır. Onların əsas fəaliyyəti rayon ərazisində baş
vermiş məişət zorakılığı hallarının baş verməsi səbəblərinin öyrənilməsi,
zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş
şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsindən
ibarətdir. Qarşımızda dayanan məsələlərdən biri də yanlış dini təsəvvürlərin,
stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin
bu sahədə fəaliyyətinin gücləndirilməsi,
insanların problemi daha düzgün dərk etməsi üçün davamlı layihələrin keçirilməsidir. Eyni
zamanda, "Ailə psixoloqu” institutunun
yaradılması, mövcud "məktəb psixoloqu”,
" ağsaqqal - ağbirçək” institutlarının fəaliyyətinin gücləndirilməsi də bu
istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdəndir.
Xüsusilə, vətəndaş cəmiyyəti bu sahədə
vacib rola malikdir. Yerlərdə fəaliyyət göstərən Qadınlar Şurası aktiv
olmalıdır.
Bir məsələni
də qeyd etmək istərdim ki, ailədə münasibətlər sisteminin doğru, düzgün olması
da zəruridir. Əgər ailədə münasibətlər normal olarsa, o zaman, insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Əgər tarazlıq
pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan
(istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək
üçün çətinliklərlə üzləşir. Məhz bu baxımdan, qadınların iqtisadi cəhətdən.
Boşanmaların, məişət zorakılığının sayı şəhərə nisbətən kənd və rayon yerlərində
daha çoxdur. Buna görə də kənd və rayonlarda yaşayan qadınların iqtisadi və
sosial həyatda iştirakçılığının artırılması aktual məsələlərdən biri kimi
qarşımızda dayanır. Bu məqsədlə komitəmiz tərəfindən "Kənd və rayon yerlərində
yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki
yardım layihəsi həyata keçirilir.
Ümumiyyətlə, bu gün ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi
və sosial proseslərə pozitiv təsirinin təmin edilməsi bütün dünyada aktual
problem kim qarşıda durur. Təsadüfi deyil ki, dünya ictimaiyyəti, BMT-yə üzv
dövlətlər 1993-cü ildə mayın 15-ni Beynəlxalq ailə günü elan etdi. Artıq 25
ildir ki, 15 may tarixində beynəlxalq səviyyədə Ailə günü qeyd edilir. Azərbaycanda
2008-ci ildən keçirilən Ailə bayramının bu il 10 ili tamam olur. Ailə gьnь ilə
bağlı respublikanın şəhər və rayonlarında milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş
müxtəlif tədbirlər həyata keçirilir və nəticədə milli mətbəx, bacarıqlı əllər,
yaradıcı ailə, nümunəvi ailə nominasiyaları üzrə rayonlarda keçirilən müsabiqələrdə
fərqlənən ailələr mükafatlandırılır. Çalışırıq ki, hər il Beynəlxalq Ailə günü ərəfəsində
həmin ailələrin təcrübəsi ilə bir daha insanların diqqətini cəlb edək. Həmçinin
paralel olaraq 10 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan
ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Film festivalının keçirilməsinin
əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin,
milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud
olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə
institutunun inkişafına nail olunmasıdır.
Mən burada xüsusilə, Komitənin Uşaq və
Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətini qeyd etmək istərdim. Onlar icmada risk qrupuna aid olan ailə, qadın və
uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə
yönəldirlər. Təkcə, son 5 ildə Mərkəzlərin fəaliyyətindən 88000-ə yaxın vətəndaş
bəhrələnmişdir. Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq, qadınlar və
uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında
müvafiq mövzularda dəyirmi masalar, seminar-treninqlər təşkil edilir. Dövlət
ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi
dəyərlərin gənc nəsilə aşılanması, eləcə də gənclərin xüsusilə də gənc qızların
və qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə
Komitə bələdiyyə orqanları ilə birgə Ailə Akademiyası layihəsini həyata
keçirir.
Azərbaycan ailəsi dünya
ölkələri sırasında seçilir və öz uğurlu modelini dünya səviyyəsində tanıtdırır,
müxtəlif ölkələrlə öz təcrübəsini bölüşür. Ümummilli Lider Heydər Əliyev demişdir ki, ailədaxili
münasibətlər cəmiyyətdaxili münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın, gözəl
və dayanıqlı inikas etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəmizi layiqincə
yerinə yetirməliyik. Çünki hər bir ailədə böyüyən və
tərbiyə alan insan bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil
edir. Ona görə də biz ailələri qorumalıyıq. Sağlam ailə-sağlam cəmiyyət, sağlam
cəmiyyət isə sağlam və xoşbəxt dünya deməkdir.
Hicran Hüseynova,
Azərbaycan
RespublikasınınAilə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsininsədri,
siyasi elmlər
doktoru, professor