• cümə, 29 Mart, 13:27
  • Baku Bakı 14°C

“24-lər”dən yeddinci - Məmmədkazım Ələkbərli

21.04.18 11:15 2261
“24-lər”dən yeddinci - Məmmədkazım Ələkbərli
Bundan əvvəlki məqalədə qeyd etdik ki, BDU-nun tarixini əks etdirən sənədlərdən və elmi mənbələrdən belə aydın olur ki, 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı. 1931-ci ilin aprelində ÜİK (b) P MK "Universitetlərin ümdə vəzifələri haqqında” qərar qəbul etdi. Qərarda ali məktəb sistemində universitetlərin aparıcı rolu ideyasına bəraət verilisə də, bu proses 1934-cü ilin ortalarına qədər uzadıldı. 1934-cü il mayın 25-də Azərbaycan SSR Xalq Komissarlar Soveti "Azərbaycan Dövlət Universitetinin açılması haqqında” qərar qəbul etdi. Beləliklə, dörd il əvvəl bağlanmış BDU-nun fəaliyyəti yenidən bərpa edildi. Dövrünün tanınmış yazarı, siyasi xadimi Məmmədkazım Ələkbərli rektor təyin edildi və 1935-ci ilin yanvarına kimi bu vəzifəni icra etdi.
"Proletar dünyası”nın cərgəsində olan Ələkbərli də amansız repressiyanın qurbanı oldu. Maraqlıdır, görəsən sovetlərin, bilavasitə özlərinin yetişdirdiyi kadrlara da inamı niyə yox idi? O "inamsızlıq” M.Ələkbərlini cəmisi 32 yaşında qurban verdi.
Kim idi Məmmədkazım Ələkbərli? 1905-ci ildə Ələkbər kişinin ailəsində oğlan uşağı dünyaya gəlir. Babası uşağın adını Məmmədkazım qoyur. Ziyalı ailədə doğulan Məmmədkazım, ilk təhsilini Dərbənddə alır. Sonra Bakıya gəlir. Ədəbiyyata meyilli olan gənc, 1923-27-ci illərdə Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi adına ADPU) dil və ədəbiyyat fakültəsində oxuyub. Azərbaycan Kommunist (b) Partiyasının üzvü olan gənc institutu qutarar-qurtarmaz Gəncə vilayət xalq maarif şöbəsinin müdiri və "Qızıl Gəncə” jurnalının redaktoru təyin edilir. İlk dəfə 19 yaşında Kazım Ələkbərli imzası ilə mətbuata gələn gəncin məqalələrində proletariat diktaturası tərənnüm və təbliğ olunmayıb. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun təbirincə desək, gənc ədəbiyyatçının əsas mövzuları milli bədii ədəbiyyatımız, jurnalistikamız olub. Daha çox Mirzə Cəlil və M.Ə.Sabir yaradıcılığına müraciət edən yazar, şairin yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirərək onu "ən mühüm şəxsiyyət” adlandırırdı. Sonralar "şimaldan gələn düşüncənin” təbliğatçısına çevrilən M.Ələkbərli, yaradıcılığını marksizm-leninizm metodologiyasına istiqamətləndirir. Ona görə də mövcud mərhələdə "siyasi şərtlər altında” ədəbi mühitdən çox, siyasi mühiti (daha doğrusu hakim ideologiyanın diktəsini) əks etdirən Kommunist Partiyasının orqanı olan "Ədəbiyyat qəzeti”, "Bakinski raboçi”, "Vşıka”, "Hücum”, "Maarif yolu”, "İnqilab və mədəniyyət” kimi mətbuat orqanlarına redaktorluq edir.
1920-cu illərin ortalarından M.Ələkbərlinin tədqiqat obyekti "müasir milli ədəbiyyat, onun inkişaf məsələləri” olur. Odur ki, "Oktyabr inqilabı və Azərbaycan ədəbiyyatı”, "Şura ədəbiyyatı yüksəliş yollarında”, "Aprel ədəbiyyatı” kimi məqalələri siyasi göstərişlər, mülahizələr əsasında yazılan yeni dövrün məhsulu idi. O, milli ruhlu yazarları "burja-millətçi ünsürlər” adlandıraraq yazırdı: "Bu dövrdə burjua-millətçi ünsürlər türk ədəbiyyatında üstün idilər”.
Ədəbiyyatdan, mətbuatdan siyasi təbliğat vasitəsi kimi istifadə edən hökumət onu siyasi xadim kimi də yetişdirmək fikrində olduğu üçün 1930-cu ildə Dağıstan KP Vilayət Komitəsinin göndərişi ilə Moskvada Qırmızı Professorlar İnstitutunda oxumağa göndərir. Təhsilini 1934-cü ilin ortalarında başa vuran M.Ələkbərli daha böyük vəzifəyə BDU-ya rektor təyin edilir və eyni zamanda fəlsəfə kafedrasının müdiri seçilir.
Yenidən fəaliyyətə başlayan BDU birinci - 1934-35-ci dərs ilini fizika-riyaziyyat, kimya, biologiya və tarix fakültələrindən ibarət tərkibdə başladı. Bu zaman universitet Kommunist küçəsindəki 6 saylı binada yerləşirdi. Daha doğrusu, binanın yarısı universitetə verilmişdi. Yarısında isə Sənaye Texnikumu və ibtidai məktəb yerləşirdi. Həmin illərdə baş verən siyasi hadisələr deməyə imkan verir ki, universitetin bərpası ittifaq miqyasında "təhsilin siyasiləşməsi” dövrünə təsadüf edir”. Belə ki, Ümumittifaq Kommunist (b) Partiyasının XVII qurultayının (1934-cü il) qərarı ilə ali məktəblərin partiya özəkləri partiya təşkilatlarına çevrildi. Bununla da bütün təhsil müəssisələrində şagirdlərin, tələbələrin ideya-siyasi tərbiyəsi "dövrün tələbi”nə uyğun qurulmağa başlandı. Təbii ki, "dövrün tələbi” daha çox BDU-ya şamil edilirdi. Çünki ölkənin ən böyük və aparıcı elm məbədi idi. Hökuməti orada elimin inkişafı deyil, siyasiləşmə maraqlandırırdı. Az qala hər gün, hər saat BDU-nun divarları arasında "xalq düşməni”, "türkçü”, "pantürkçü”, "panislamçı” peyda olunduğu üçün repressiyanın ağırlıq mərkəzi BDU-nun müəllim və məzunlarının üzərinə düşmüşdü.
Filosof alimdən (o, respublikada fəlsəfi ədəbiyyatın Azərbaycanda nəşri sahəsində redaktor kimi çalışan kamil mütəxəssislərdən idi. "İdealizm və materializm və yaxud yeni fəlsəfə” (1927) əsərinin müəllifidir) şübhələnən hökumət onu 1935-ci ilin yanvarında BDU-nun rektoru vəzifəsindən uzaqlaşdıraraq "Vışka” qəzetinə redaktor təyin edir. Dövrü mətbuatla sıx əlaqə saxlayan M.Ələkbərli, o zaman həm də qısa müddətdə Azərbaycan Partiya Nəşriyyatının direktoru işləyib.
M.Ələkbərli BDU-ya rektor təyin edilərkən Bakıda Azərbaycan sovet yazıçılarının birinci qurultayı (1934, 13-14 iyul) keçirildi. "Yeni yaradıcılıq prinsipləri ilə silahlanmalı” devizini əsas götürən bəzi yazarlarımız qələm yoldaşlarına şura yazıçısının qarşısında duran "vəzifələri” anlatmağı da unutmadılar. Çox hay-küylü keçən qurultayda Məmmədkazım Ələkbərli Azərbaycan sovet yazıçıları ittifaqının sədri, S.Vurğun isə məsul katibi vəzifələrinə seçilmişlər. Beləliklə, özlüyündə siyasi hadisə olan repressiya, ədəbi prosesi də ağuşuna aldı və Azərbaycan yazarlarının kütləvi həbsi və məhvi ilə nəticələndi. Onların arasında dövrünün gənc ədəbiyyatşünas alimi, filosofu, tənqidçisi, jurnalisti Məmmədkazım Ələkbərli də var idi. 1937-ci ilin isti avqust gecəsi onun üçün dəhşətli, boranlı, tufanlı bir qış axşamına çevrildi. O, əksinqilabi burjua millətçi təşkilatın üzvü, Sovet hökumətinə qarşı silahlı üsyan haqqında xəbəri olan, RK (b) P və sovet hökumət rəhbərlərinə qarşı terror mövqeyində dayanan şəxs kimi həbs edildi. M.Ələkbərli bir il iki ay Baş Siyasi İdarənin təcridxanasında cəhənnəm əzabını yaşadı. Təhqirlər, işgəncələr, üzləşmələr və daha nələr, nələr... Təbliğ etdiyi hökuməti Məmmədkazımın başına elə "toy” açdı ki, ona yalnız hər an ölümünü arzulamaq qaldı. "Arzusunda” olduğu bu ölüm onu 1938-ci ilin 12 oktyabrında haqladı. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının müdafiəçisiz , ittihamçısız və şahidlərsiz keçən qapalı iclasında Məmmədkazım Ələkbər oğlu Ələkbərli əmlakı müsadirə olunmaqla ən ağır cəzaya - güllələnməyə məhkum edildi.
Sovetlər Azərbaycanda bir evin də işığını söndürdülər, ocağını qaraltdılar. Bu da "çalışarıq, vuruşarıq Lenin baba yolunda” söylədiyimiz hökumətin minlərlə Azərbaycanlı ailəsinə bəxş etdiyi bir "səadət”. Mövzu ilə əlaqədar 1937-ci ildə Azərbaycanda çap olunan dövrü mətbuatı vərəqləyirdim. Diqqətimi bir necə məqalə, çıxış cəlb etdi ki, müəllifləri öz yazarlarımız idi. O, yazarlarımız ki, "biz Stalinizmi canımızdan artıq seviriz, ona qarşı qalxan xain, murdar və çirkin əllərin kəsilməsini, onun həyatına terror hazırlayan zəhərli ilanların başının kəsilməsini tələb ediriz” yazıblar. Çoxunun da nəsibi elə müdafiəçisiz, ittihamçısız, şahidlərsiz məhkəmə hökmləri olub.
Qərənfil Dünyamin qızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər