• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

“24-lər”dən on səkkizinci - BDU-100

11.09.18 09:45 1954
“24-lər”dən on səkkizinci - BDU-100
Danılmaz bir faktdır ki, BDU həmişə Azərbaycanda azadfikirliliyin, müstəqil düşüncənin və demokratiyanın beşiyi olub. Bu amil 1980-ci illərin sonlarında ölkədə gedən proseslərdə bir daha özünü büruzə verdi və universitet Azərbaycanda gedən dəyişikliyin beşiyinə çevrildi. Qarşıda onu çətin, amma şərəfli bir zaman gözləyirdi.
20-ci yüzilliyin sonlarında baş verən ən əlamətdar hadisə şübhəsiz, 1980-ci illərin sonundan başlanan milli azadlıq hərəkatı, 1990-cı illərin əvvəllərində Azərbaycan yenidən müstəqilliyinə qovuşması oldu. Bu azadlıq hərəkatının önündə inamla addımlayan vətənpərvərlər arasında BDU-nun professor-müəllim heyəti, tələbələri, əməkdaşları və məzunları da var idi. Belə çətin bir anda BDU-ya görkəmli alim Yəhya Cəfər oğlu Məmmədov rektor təyin edilir.
Yəhya dünyaya gələndə təkcə Naxçıvan deyil, bütöv Azərbaycan od içində qovurulurdu. 1930-cu il. Azərbaycanın çiçəklənməsi naminə işləyə biləcək başların məhv edildiyi zaman. Tədqiqatçıların fikrincə, repressiyanın daha güclü dalğası otuzuncu illərə düşür və bu dalğa minlərlə azərbaycanlının məhvinə səbəb olub. Ailələr dağıldı, ocaqlar qaraldı, nəsillərin izi-tozu qalmadı...
Yəhya belə çətin anda böyüdü, təhsil aldı. Naxçıvanda orta məktəbi əla qiymətlərlə başa vuran gənc, Bakıda da BDU-nu (1954) fərqlənmə diplomu ilə qurtardı. Amma bununla kifayətlənmədi. Elimin daha çətin sirlərini açmaq, dərinliklərindən agah olmaq üçün BDU-nun aspiranturasına daxil oldu. 1957-ci ildə aspiranturanı başa vuranda rəhbərlik onun istedadını nəzərə alaraq, universitetdə saxlayır. Gənc alim bir müddət elmi ixtiralarını Azərbaycandan kənarda aparmalı olur. O, ilk olaraq Voronej Mühəndis-İnşaat İnstitutunda fəaliyyətə başlayır və 1960-65-ci illərdə burada işləyir. 1965-ci ildə Rostov Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edir. Qafqazlı balasının bu uğuru böyük əks-səda doğurur. Elə həmin universitetdə ona yüksək maaş, vəzifə təklif edilsə də, Yəhya müəllim buna razı olmur və vətənə qayıdır. Tələbəliyinin, gəncliyini ən xoş günlərini hər an ona xatırladan BDU-ya üz tutur. Beləliklə, 1965-ci ildən 2000-ci ilə qədər (2000-ci ildə dünyasını dəyişib) BDU Yəhya müəllim üçün təkcə iş yeri yox, həm də ikinci ev olur. 1965-ci ildən mexanika-riyaziyyat fakültəsində hesablama riyaziyyat kafedrasına rəhbərlik etməyə başlayan Yəhya müəllim, ömrünün sonuna, 2000-ci ilə qədər bu fəaliyyətini davam etdirib.
35 il ərzində Yəhya müəllimin böyük əməyi hesabına respublikada hesablama riyaziyyatı bir elm sahəsi kimi yaranaraq inkişaf edib. Onun rəhbərliyi ilə təkcə bu kafedranın əməkdaşları deyil, Rusiya, Almaniya, Polşa, Türkiyə, İraq kimi ölkələr üçün də onlarla gənc mütəxəssislər hazırlanıb. Məhz bu xidmətlərinə görə o, 1981-ci ildə "Xalqlar dostluğu” ordeni ilə təltif edilmiş və ABŞ-ın Minneapolis şəhərinin "Fəxri vətəndaşı” seçilmişdir. Yəhya müəllim dəfələrlə Polşada, Almaniyada, Bolqarıstanda, Türkiyədə konfranslarda, beynəlxalq qurultaylarda çıxışlar etmiş, elmi mülahizələrini, fikirlərini dünya alimləri ilə bölüşmüşdür.
Əslində, onun tətbiq etdiyi üsullar hazırda dünyanın bir çox riyaziyyatçıları tərəfindən müxtəlif məsələlərin həlli üçün tətbiq olunur. 1974-cü ildə işıq üzü görən "Adi diferensial tənliklərin təqribi hallarının tapılması üsulları” adlı monoqrafiyası bu gün də tələbələrin bəhrələndiyi ən dəyərli mənbədir. Bu monoqrafiya analitik təqribi üsulların verildiyi ilk kitabdır və buna görə o, dövlət mükafatına layiq görülmüşdü. Keçmiş SSRİ miqyasında tanınan istedadlı alim, 100-dən çox elmi məqalənin, (bu məqalələrin böyük əksəriyyəti beynəlxalq aləmdə nüfuzu olan elmi jurnallarda çap olunub) beş dərsliyin və yeddi monoqrafiyanın müəllifidir. Məqalələrinin, əsərlərinin çoxunu həm azərbaycan, həm də rus dilində yazan alimin "Metodı vıçleniy” dərsliyi hal-hazırda tələbələrin, gənc alimlərin stolüstü kitabıdır və türk dilinə çevrilərək Türkiyədə də çap edilib.
Mütəxəssislərin fikrincə, hesablama riyaziyyatı, riyaziyyatın ən vacib bölmələrindən biridir və elmin bu sahədəki inkişafında Yəhya müəllimin özünəməxsus yeri olub. O, sağ tərəfi birtərəfli qiymətləndirməyə tabe olan qeyri-xətti operator-diferensial tənliklərin təqribi həlli üçün yeni üsullar vermişdir. Eləcə də, abstrakt qeyri-xətti Volter operator-tənliklər nəzəriyyəsinin yaradıcılarından biridir. Y.C.Məmmədov həllin, tez yığılan iterasiyalar şəklində axtarılan ekvivalent tənliklərə gətirilməsi üçün maraqlı üsul təklif etmişdir. Bu üsul riyazi ədəbiyyatda "Məmmədov üsulu” adlandırılır.
1980-ci ildə Əməkdar elm xadimi adına layiq görülən Yəhya müəllim, 1983-cü ildə AEA-nın müxbir üzvü seçilir. Yuxarıda qeyd etdiyimiz kimi, 1980-ci illərin sonunda ölkəmizdə baş verən siyasi hadisələr universitetin həyatında da çətinliklərə səbəb oldu. Belə çətin bir zamanda - 987-ci ilin sonunda Yəhya Məmmədov BDU-ya rektor təyin edildi və o, 1989-cu ilin əvvəllərinə kimi bu vəzifədə işlədi. Yəhya müəllimin BDU-ya rektor təyin edildiyi ili (1987) əksər tədqiqatçılar yenidənqurmanın "ikinci mərhələsi və aşkarlığın genişlənməsi, qeyri-rəsmi ictimai hərəkatların fəallığı dövrü” adlandırırlar. Tarixi hadisələr də sübut edir ki, bir siyasi rejimdən başqasına keçmək hədsiz dərəcədə çətin bir prosesdir və bu, özünü bir daha "əzəmətli” Sovet hökuməti dağılanda büruzə verdi. Sözsüz ki, həm ağır iqtisadi, həm də ictimai, mənəvi böhran şəraitinə düşmüş universitetə belə bir zamanda rəhbərlik etmək çox çətin idi. Ölkədə baş verən özbaşınalıq, xaos tədris prosesində əngəllər yaratmağa başladı. Tədricən təhsilin keyfiyyətində, elmi-tədqiqatların aparılmasında geriləmə özünü əks etdirdi. Bütün bunlara baxmayaraq, Yəhya müəllim universiteti bu sınaqdan üzüağ çıxarmağa çalışırdı...
Yeri gəlmişkən, bir faktı da qeyd etmək lazımdır ki, BDU-nun tarixi ilə bağlı yazılan əksər əsərlərdə, universitetin 1987-1992-ci illər fəaliyyəti şərh edilməyib. Məsələn, Aslan Atakişiyevin "Bakı Dövlət Universitetinin tarixi” adlı əsərinin I hissəsində (1991) BDU-nun 1987-88-ci illərdəki fəaliyyətindən çox, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumlarından (xüsusən də M.S.Qorbaçovun çıxışlarından) bəhs edilir. Müəllif universitetin partiya təşkilatının işindən bəhs edərək oxucusunu yenidən sosializmin qələbəsinə ruhlandırır (Baxmayaraq ki, əsər 1991-ci ildə çap olunub). Artıq bu zaman, müəllifin, hər səhifədə az qala beş-altı dəfə adını fəxrlə çəkdiyi M.S.Qorbaçovun "xeyir-duası ilə” Azərbaycan torpaqları işğal edilmiş, yüzlərlə soydaşımız doğma yurdundan-yuvasından didərgin düşmüşdü, xalqımız hər gün onlarla şəhid torpağa tapşırırdı.
Doğrudur, 1988-ci ilin sonundan 1992-ci ilin sonlarına kimi ölkəmizdə həm siyasi, həm iqtisadi vəziyyət çox ağır olub. Ölkədə hökm sürən iqtisadi böhran hər sahədə özünü büruzə verirdi. Amma bu o demək də deyil ki, bu illərdə universitetdə heç bir iş görülməyib. 1988-ci ildə universitetdə xalq təsərrüfatının kadrlara real tələbatını təmin edən yeni mexanizmə keçid prosesi güclənməyə başladı. Müəssisə və təşkilatların təsərrüfat hesabına və özünümaliyyələşdirməyə keçməsi ilə əlaqədar, fakültələrin hazırladığı mütəxəssislərə cari və perspektiv tələbatı öyrənmək məqsədilə fakültələrdə komissiyalar yaradıldı. Universitetdə kadrların hazırlanması üzrə vaxtında və birbaşa məqsədli müqavilələr bağlanmasını təmin etmək üçün xüsusi briqadalar təşkil olunurdu. Bu briqadalar məzunların bölüşdürülməsinə təminat verirdi. Universitet rəhbərliyi Xalq Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi, birliklər, müəssisələrlə məqsədli hazırlıq, eləcə də universiteti əyani bitirən məzunların beşillik və illik bölgüsü planlarının tərtib edilməsində müqavilə münasibətlərini müəyyən edirdi. Deməli, çətin də olsa, tədris prosesi davam edirdi, universitetin ictimai-siyasi, elmi-mədəni həyatında yeniləşməyə doğru atılan ilk cəhdlər boşa çıxmırdı və mən də bunların şahidi oldum (o zaman jurnalistika fakültəsinin sonuncu kurslarında təhsil alırdım).
Yəhya müəllim kommunist olmasına baxmayaraq, deyilənə görə, o qədər də "partiyapərəst” olmayıb. Əksinə, universitet partiya təşkilatında avtoritar metodların xiffətini çəkənləri, partiyaya "sadiqlik” göstərənləri xalqın mənafeyi naminə dəyişməyə sövq edib və qismən buna nail də olub.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər