• çərşənbə, 24 Aprel, 00:59
  • Baku Bakı 14°C

“24-lər”dən beş və altıncısı - BDU-100

22.05.18 12:30 1866
“24-lər”dən beş və altıncısı - BDU-100
Əvvəlcə bir faktı qeyd edim ki, "BDU-nun rektorları” rubrikası altında çap olunan bu məqalələrdə hər dəfə BDU-ya müxtəlif illərdə rəhbərlik edən rektorlardan birinin fəaliyyəti, həyatı haqqında məlumat veririk. Bu dəfə isə beşinci və altıncı rektorlar haqqında bir məqalədə bəhs etməli olduq. Çünki, BDU-nun bəzi rektorları bu təhsil ocağına cəmi iki-üç ay rəhbərlik edib və bu aylar ərzində də universitetdə məhz onların fəaliyyətini əks etdirən mühüm işlər görülməyib. Bu da bolşeviklərin hakimiyyəti zəbt etməsi ilə əlaqədar idi ki, yeni hökumətdə bəzən öz kadrlarına da inamsızlıq var idi. Məsələn, yeni hökumət 1920-ci ilin may ayında BDU-nun ilk rektoru V.İ.Razumovskini vəzifəsindən azad etdikdən sonra, 1920-ci ilin avqust-noyabrında A.İ.Levin və Dubrovski rektor vəzifəsinin müvəqqəti icraçısı olmuşlar. BDU-nun beşinci rektoru Vladimir Sergeyeviç Yelpatyevski də universitetə 1929-cu ildə bir-iki ay rəhbərlik edib. BDU-nun yaranma tarixi ilə bağlı əksər elmi mənbələrdə yazılır: "1929-cu ildə BDU-ya görkəmli rus alimi Vladimir Sergeyeviç Yelpatyevskini rektor təyin ediblər”. Çox təəssüf ki, bu mənbələrdən heç birində dəqiq ay, gün göstərilmədiyinə görə, oxucuda belə təsəvvür yaranır ki, 1929-cu ili BDU-ya V.S.Yelpatyevski rəhbərlik edib. Əslində 1929-cu ilin 12 mayında Azərbaycan Xalq Maarif Komissarlığı təcili olaraq yığıncaq təşkil edir və xalq maarif komissarı Mustafa Quliyev "Elmi işçilər hazırlanması haqqında” məruzəsinin sonunda BDU-nun rektoru Tağı Şahbazini "millətçilikdə” günahlandıraraq tənqid edir. Yığıncaqdan bir necə gün sonra 1926-cı ildə BDU-ya rektor təyin edilən Tağı Şahbazi vəzifəsindən uzaqlaşdırılır, 1929-cu il iyunun 22-də isə yerinə keçmiş həmkarlar ittifaqı işçisi (AHİŞ-nın mədəniyyət şöbəsinin müdiri) Müseyib Şahbazov təyin olunur.
Və yaxud BDU-nun yaranma tarixi ilə bağlı yenə əksər mənbələrdə yazılır: "1929-30-cu illərdə BDU-nun rektoru Maqsud Məmməd oğlu Məmmədov olub”. Yenə də dəqiq ayı, günü qeyd edilmir. Burada da oxucu çaş-baş qalır. Əslində, yuxarıda qeyd etdiyimiz kimi, BDU-ya 1929-cu ilin may ayının sonuna kimi T.Şahbazi, 1929-cu ilin iyunun 22-dən təxminən avqustun əvvəlinə kimi AHİŞ-in şöbə müdiri M.Şahbazov rəhbərlik edib. Rus alimi V.S.Yelpatyevskinin BDU-ya 1929-cu ilin dəqiq hansı aylarında rəhbərlik etməsi haqqında isə nə BDU-nun yaranma tarixi ilə bağlı elmi mənbələrdə, nə də tarixini əks etdirən arxiv sənədlərində rast gəlmədim. Bəlkə də bu, iyul-avqust aylarına təsadüf etdiyi üçün belədir. Qaldı ki, BDU-ya 1929-1930-cu illərdə Maqsud Məmmədovun rəhbərlik etməsinə, yenə də əksər mənbələrdə dəqiq ay, gün qeyd edilmir və BDU-nun tarixini bilməyən oxucuda belə təsəvvür yaranır ki, 1929-1930-cu illər ərzində BDU-ya M.Məmmədov rəhbərlik edib. Yeri gəlmişkən bir faktı da qeyd edim ki, təhsil ocağı bir müddət fəaliyyətini dayandırıb. Bu haqda Aslan Atakişiyev "Bakı Dövlət Universitetinin tarixi” adlı əsərində yazır: "BDU- parçalanmış, universitet müstəqil institutlara ayrıldı və 1930-cu ildə fəaliyyətini dayandırmışdı” (Bax: Aslan Atakişiyev. Bakı Dövlət Universitetinin tarixi. 1991, səh, 223-233).
Deməli, M.Məmmədovun da BDU-ya rəhbərlik etməsi çox uzun çəkməmişdir. Təxminən 1929-cu ilin sentyabrından 1930-cu ilin əvvəllərinə kimi. 1930-cu ildə M.Məmmədov BDU-nun rektorluğundan Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə irəli çəkilmişdir. Odur ki, rus alimi, BDU-nun sayca beşinci rektoru V.S.Yelpatyevskidən fərqli olaraq, (əslində V.S.Yelpatyevskinin istər BDU, istərsə də elmi fəaliyyəti və şəxsi həyatı ilə bağlı heç bir mənbədən məlumat ala bilmədim. Məsələn, sovetlərin dövrünün ən etibarlı mənbəyi sayılan Azərbaycan Sovet Ensiklopediyasından da. Baxmayaraq ki, Ensiklopediyanı hazırlayan alimlərimiz, öz millətimizin nümayəndələrindən fərqli olaraq erməni və rus millətinin nümayəndələrinə səxavətlə yer veriblər) BDU-nun altıncı rektoru M.M.Məmmədovun həm universitetin fəaliyyətindəki rolu, həm də acı taleyi haqqında oxucuya geniş məlumat vermək yerinə düşərdi. Maqsud 1897-ci ildə Azərbaycanın əzəli torpağı olan İrəvan şəhərində anadan olub. Atası Məmməd kişi pir parça çörəyini qazanmaq üçün hər əzaba qatlaşardı. Əzab-əziyyətə baxmayaraq, övladlarını oxutmaq, ağ günə çıxarmaq onun ən böyük arzusu idi. Maqsud da atasının bu arzusunu həyata keçirmək üçün ilk gündən meylini kitab-dəftərə saldı. İlk mədrəsə təhsili alan Maqsud sonra İrəvanda kişi gimnaziyasında oxudu. Gimnaziyanı bitirib 1915-ci ildə İrəvan xüsusi məktəbində müəllim işləyən gənc Maqsudu 1918-ci ildə Gəncəyə dəvət edirlər. O, burada əvvəlcə qaçqınların işi üzrə komitədə kiçik nəzarətçi, sonra isə Gəncə şəhərindəki Yunker məktəbində işləmişdir. 1919-20-ci illərdə BDU-da təhsilini davam etdirən Maqsud, 1920-ci ilin sonlarında Azərbaycan Kommunist (bolşevik) Partiyasına üzv olur. Onun bu addımını rəhbərlik yüksək qiymətləndirir. Gənc bolşevikin üzünə bütün qapılar açılır. 23 yaşlı Maqsud 1920-23-cüillərdə Ərzaq Nazirliyində və Naxçıvanda Fövqəladə Xalq Maliyyə Komissarlığında yüksək vəzifələrdə çalışır. Onun bu yüksəlişi çətinliklə dolanan ailənin ürəyincə idi. Amma onlar hökumətin Maqsuda qarşı sonrakı "qayğı”sından bixəbər idilər və bunu bilsəydilər, heç bu yüksəlişəsevinməzdilər.
Yuxarıda qeyd etdik ki, M.Məmmədov təxminən 1929-cu ilin sentyabrından 1930-cu ilin əvvəllərinə kimi BDU-nun rektoru olub. BDU-nun yaranma tarixini əks etdirən mənbələrdən və sənədlərdən aydın olur ki, 1929-cu ilin payızında respublikanın partiya və dövlət orqanları universitetin on illiyini geniş qeyd edilməsini qərara alır. Bu münasibətlə keçirilən yubiley şənlikləri üç gün davam edir. 1930-cu il yanvarın 12-də partiya, sovet və ictimai təşkilatların nümayəndələri, şənliklərə gəlmiş nümayəndə heyətləri ilə birlikdə təntənəli iclas olur. Qısa bir müddətdə fəaliyyətini dayandırmış BDU-nun fəaliyyətini bərpa etməsi üçün 1930-cu il yanvarın axırlarında layihə hazırlandı və 1930-cu il fevralın 1-də Xalq Maarif Komissarlığının kollegiyası tərəfindən müzakirə olundu. Kollegiyada layihəni ADU-nun rektoru Maqsud Məmmədov şərh etdi. 1930-cu il fevralın 20-də rektor eyni məzmunlu məruzəsi ilə "AK (b) P MK-nın Rəyasət Heyətinin iclasında çıxış etdi. Məruzə əsasında ADU-nun yenidən təşkilinin geniş layihəsi hazırlandı. Lakin rektor məruzəsində irəli sürdüyü təklifləri BDU-da həyata keçirə bilmədi. Çünki 1930-cu ilin əvvəlləri onu BDU-nun rektoru vəzifəsindən azad edərək Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə təyin etdilər. M.Məmmədov bu vəzifəni cəmi bir il icra etdi. O, 1931-33-cü illərdə Az.K (b) P MK-nın katibi, 1933-34-cü illərdə isə Partiya Tarixi İnstitutunun direktoru vəzifələrində işlədi. 1934-cü ildə Maqsud Azərbaycan K (b) P MK-nın göndərişi ilə Moskvaya Qırmızı Professorlar İnstitutuna təhsil almağa göndərilir. 1936-cı ildə (bəzi mənbələrdə yazılır ki, II kursda oxuyarkən) Bakıya çağırılır və Azərbaycan K (b) P MK-da şöbə müdiri təyin edilməklə yanaşı "Azərnəşr”ə rəhbərlik edir. Bu yüksəliş 1937-ci ilin sentyabrına kimi davam edir. Bir payız axşamı onu yüksəldən hökumətin "başbilənləri”nin yadına düşür ki, bəlkə Maqsudu da "xalq düşməni” etsinlər. Elə bu fikirlə də gecənin bir vədəsi isti ocağından həbs edilərək gedər-gəlməzə aparılır. Onu yüksəldənlər indi onu alçaldırlar. Günahı nə idi? Məzhəbi bilinməyən, milli hisslərin hər hansı şəkildə təzahürünün qarşısını həmişə, hər dəqiqə amansızcasına almağa hazır olan "hökumət”inə sadiqliyimi? Dəfələrlə V.İ.Leninin əsərlərinə redaktorluq və tərcüməçilik edən bu saf gənc, hökumətin onun xalqına qarşı "parçala, höküm sür” siyasətindən bixəbər idi. "Beynəlmiləlçi” libası geyinmiş bu hökumətin yaratdığı həbs düşərgələrini Azərbaycanlı ziyalılarının hesabına doldururdu. Onun, qulluğunda sədaqətlə durduğu "hökumət”in "ölüm və cəza maşını” Azərbaycanda fasiləsiz işləyirdi...
Amma Maqsud müəllim bunlardan xəbərsiz olmaya da bilərdi. Axı o, həm də alim idi. Dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həlinə dair məqalələrin, əsərlərin müəllifi olub. Amma təəssüf ki, hörmətli alimimiz bu əsərləri dövrünün nəbzini tutaraq, "marksizm-leninizm metodologiyasına” uyğun yazmışdır. Elə ona görə də "simasını itirmiş” hökuməti (əslində sovetlərin heç əvvəldən siması olmayıb) onu ömrünün ən gözəl çağında, cəmi 41 yaşında məhv etdi. Maqsud Məmməd oğlu Məmmədov 1938-ci ilin 5 sentyabrında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə Az. SSR CM 64, 69, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmuş və güllələnmişdir. Bu da BDU-nu "Proletar inqilabının yetirməsi” adlandıran "məsləkdaşlar”ının Maqsud Məmmədova verdiyi "qiymət”.Sonda çoxdan oxuduğum, amma heç yaddaşımdan silinməyən bir cümləni xatırladım: "Öz tarixinə qayğı ilə yanaşmaq vətənpərvərliyin əsas xüsusiyyətlərindən biridir”. Gəlin bunu unutmayaq. Yoxsa yenə də olmazın müsibətlərə düçar olarıq!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər