AZE | RUS | ENG |

22 yaşında ağsaqqal kimi elçiliyə gedən təhsil eksperti - Keçmişdəki mən

22 yaşında ağsaqqal kimi elçiliyə gedən təhsil eksperti - Keçmişdəki mən
Nadir İsrafilov: “Kənddə maaşımı alırdım, xərcləməyə yer tapmırdım”

Onun yaddaşında uşaqlıq illəri dərin iz buraxıb. Nə yeniyetməlik, nə gənclik, nə də yaşının hazırkı çağının hər hansı anı o izlər qədər dərin olub. Xatirələrin insana acı verdiyini düşünür. Elə keçmişə səyahət edərkən də, köks ötürür. "Keçmişdəki mən” rubrikamızın bu dəfəki qonağı təhsil eksperti Nadir İsrafilovdur.

Uşaqlığı Xaçmazda keçib. 2 uşaqlı fəhlə ailəsində böyüyüb. Həmsöhbətimiz müharibə dövrünün yetişdirdiyi uşaqlardan olsa da, o illəri qayğısız hesab edir: "Mənim uşaqlıq, gənclik illərim sovet dönəmi ilə bağlıdır. Uşaqlığım 50-60-cı illərə təsadüf edir. Müharibə dövrünün uşaqları idik. Amma qayğının nə olduğunu bilmirdik. Yadımdadır, Xaçmazda böyük bir konserv zavodu tikmişdilər. Bu zavod Avropada məhsul istehsalına görə, ikinci böyük zavod idi. Tomat istehsal edilirdi. Valideynlərim də orada fəhlə kimi işləyirdilər. Zavod işçiləri üçün hər şəraiti yaradırdı. Valideynlərimiz orada işlədiyi üçün zavodun yanındakı bağçada təhsil alırdıq. Beynəlmiləl mühitdə böyümüşəm. Zavodda əsasən yəhudilər, ruslar, ingilislər işləyirdilər. Mən də rusların içində böyüdüm və təhsilimi də rus dilində aldım”.
 
"Dəcəllik etməyə vaxt qalmırdı”
 
Deyir ki, çox sakit, təmkinli və oxuyan uşaq olub. Həmyaşıdları kimi dəcəllik etməyə vaxt tapmayıb: "O dövrdə dəcəllik anlayışı sanki yox idi. Məktəb çox ciddi prinsiplər üzərində qurulurdu. O vaxt internet, telefon yox idi. Tətil olan kimi bizi Azərbaycanın ən səfalı yerlərinə, pioner düşərgələrinə aparırdılar. Vaxtımız o qədər gözəl və düzgün bölünürdü ki... O vaxt tədris planları fərqli idi. Dərs saatlarından əlavə fakültətiv məşğələlər olurdu. Məktəblərdə uşaqların hansı fənnə meyli olduğu müşahidə edilirdi və fakültətiv qruplara yazılırdılar. Dərsdən gələndən sonra yeməyimizi yeyir, oynamağa gedirdik. İndiki kimi olimpiya kompleksləri yox idi, amma həyət qaynayırdı. Hər məhəllədə ot örtüklü stadionlar var idi. Oynayandan sonra dərhal məşğələlərə gedirdik. İndi texnologiya insanlarda robotlaşma yaradır. Ancaq bağça, məktəblə iş bitmir. Uşağın asudə vaxtı da düzgün bölünməlidir. Müasir dövrün 11-ci sinif şagirdi çox balaca görünür. Bağça, məktəb, ev, internet, telefon... İdmana, gəzməyə, asudə vaxtını rəngarəng keçirməyə vaxt qalmır, uşaqlar sağlamlıqlarını itirirlər”.
 

 
"7 yaşımda Xruşşovla görüşdüm”
 
Uşaqlığı ilə bağlı xatirəsindən silinməyən ən maraqlı hadisə Xruşşovla görüşü olub. 7 yaşında yaşadığı bu hadisəni ən xırda detallarına qədər xatırlayır: "Xruşşov qatarla Azərbaycana səfər edəcəkdi. Biz də məktəbdə idik. 3 nəfər qalstuklu, kostyumlu kişi sinfə daxil oldu. Məni və bir qız sinif yoldaşımı seçib o vaxtkı "villis” maşınlarına mindirib dəmiryol vağzalına apardılar. Biz hələ nə baş verdiyini bilmirdik. Məni ona görə seçmişdilər ki, sinifdə ağ köynək, qara şalvarda bir mən idim. Qız da ağ köynək, qara ətək geyinmişdi. O dövrdə insanların əksəriyyəti kasıb idi, kimin nə paltarı var, onu geyinirdi. Anam səliqə-sahmana çox önəm verdiyi üçün məni məktəbə formada göndərirdi. Xruşşov rayonlara səfər edirdi. Müəyyən yerlərdə qatardan düşürdü. Biz gözləyirdik, Xruşşov gəldi. Gülləri ona təqdim etdik, başımıza sığal çəkdi. Xruşşovla görüşümüz məktəbdə nüfuzumuzu artırdı. Hamı bizi məktəblə şanslı insan kimi təqdim edirdi”.
 
"Elə bil Zevslə salam-əleykimiz olub”
 
Həmsöhbətimizin valideynləri savadsız olsalar da, hər iki övladları akademik səviyyədə təhsil alıb: "O vaxt bütün məktəblərin girişində bir atribut var idi. Oxumaq, oxumaq, yenə də oxumaq... Sən istəsən də, istəməsən də məktəbə gedəndə mütləq oxumalısan. Məktəb, ailə, cəmiyyət əlbir iş görürdü. Ailə savadsız olsa belə, uşaq bilirdi ki, məktəbə gedirsə, oxumalıdır. Bizim ən böyük qorxumuz valideyn iclasları idi. Səhərə qədər yata bilmirdik ki, müəllim valideynimizə nə deyəcək. İndi hər şey virtuallaşır, onlayn sistemlə həll edilir. O vaxt əsas sima müəllim idi və müəllim şagirdin gələcək taleyində böyük rol oynayırdı. Məsələn, mən tarix müəllimimizi sevdiyim üçün tarixçi oldum. O, dərs deyəndə Herakldan, Zevsdən elə danışırdı ki, ağzı açıq qulaq asırdıq. Elə bil Zevslə salam-əleykimiz olub”.
 
 
 
"Şparqalkalardan hər dövrdə istifadə olunur”
 
N.İsrafilov 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub. Gəncliyi də uşaqlığı kimi sakit keçib. Deyir ki, universitet və məktəb illərində "şparqalka”dan istifadə etmək ona nəsib olmayıb: "Şparqalkalardan hər dövrdə istifadə olunur. İmtahanda, yoxlama yazı işlərində baxmaq və ya köçürmək məqsədilə çıxış yolu kimi, müəllimdən gizli müxtəlif üsul və vasitələrə əl atılıb. Lakin bu üsul indiki müasir "şparqalka”lardan forma və mahiyyətinə görə fərqli olub, "gizli oğurluqdan” daha çox müəyyən mətnin və ya xronologiyanın konspektləşdirilməsinə, yığcam tezis halına salınmasına və istənilən vaxt, istənilən yerdə ona nəzər sala bilmək və yaddaşı möhkəmləndirmək imkanının əldə edilməsinə xidmət edib. Düzdür, bu konspektlərdən qarmon şəkilində qatlar düzəldərək imtahan prosesinə keçirənlər də olurdu. Bununla belə, "şparqalka” hazırlamaq - imtahana düşəcək mətni kiçik hərflərlə kiçik kağız parçasına köçürmək həm yaddaşı təzələyirdi, həm də yazı vərdişlərini inkişaf etdirirdi. "Şparqalka”dan yararlanmaq imkanı mənə nəsib olmasa belə, ali məktəbə qəbul ərəfəsində imtahanqabağı hazırladığım konspekt və tezislərdə əksini tapan faktiki bilik məcmusu illər keçsə də hələ də yadımdan çıxmayıb”.

"Pulu xərcləməyə yer tapmırdım”
 
Ali məktəbi bitirən kimi təyinatla Xaçmazın kəndində müəllim işləyib. Deyir ki, o zaman kənddə müəllim ən ali peşələrdən hesab olunurdu: "Universiteti bitirdikdən sonra təyinatımı oxuyub qurtardığım bir nömrəli məktəbə verdilər. Sentyabrın 1-də müəllim kimi dərsə getməli idim. Bu vaxt SSRİ sərəncam çıxardı ki, kənd müəllimləri hərbi xidmətdən azad olunurlar. Qərar mənim üçün fürsət oldu. Düşündüm ki, gedim işləyim, hərbi xidmətə hər vaxt gedə bilərəm. Kənd məktəbində ali məktəb bitirən müəllimlər demək olar ki, yox idi. 21 yaşımda özümdən 2-3 yaş kiçik şagirdlərə dərs deyirdim. Qısa müddətdə kənddə çox böyük hörmət qazandım. Müəllim böyük nüfuza malik idi. Hətta elçiliyə belə məni göndərirdilər. Müəllim elçiliyə gedirdisə, yox demirdilər. 22 yaşımda ağsaqqallar kimi elçiliyə məni aparırdılar. Müəllimə o qədər hörmət edirdilər ki, getdiyim qapıdan boş qayıtmırdım. Kənddə demək olar ki, maaşımı istifadə etmirdim. Pulu alırdım, xərcləməyə yer tapmırdım. Kəndlilər ərzağımı, meyvə tərəvəzimi özləri pay gətirirdilər”.
 


Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gənclər keçmişini, milli-mənəvi dəyərlərini unutmasınlar: "Gənclərdən tək istəyim odur ki, bu günü yaşayarkən, yaxud gələcəyə baxarkən keçmişini unutmasınlar. Biz keçmişimizdən çox aralı düşmüşük. Gənc nəsil Mirzə Ələkbər Sabiri, Mikayıl Müşviqi, Xəlil Rza Ulutürku tənqid edirlər. Proseslər belə getsə, sabah Nizami Gəncəvi, Fizulini də agent çıxaracaqlar. İnsan öz keçmişinə hörmət edər. Gündəmə gəlmək üçün keçmişinizdən istifadə etməyin”.

Qeyd edək ki, müsahibimiz fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.

Aygün ƏZİZ


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000