• cümə, 29 Mart, 16:52
  • Baku Bakı 14°C

“2+1” teatr festivalını uğurlu hesab etmək olarmı?

06.11.13 10:22 1404
“2+1” teatr festivalını uğurlu hesab etmək olarmı?
Ötən həftə paytaxtda Teatr Xadimləri İttifaqının (TXİ) təşəbbüsü ilə “2+1” II Eksperimental Teatr Festivalı keçirildi. Oktyabrın 28-dən başlayan festival noyabrın 2-dək davam etdi.
Teatr Xadimləri İttifaqının idarə heyəti tamaşalara baxdı, iştirakçılara xüsusi diplomlar təqdim edildi. Festival çərçivəsində fərqlənən tamaşaların gələcəkdə beynəlxalq layihələrə təqdim ediləcəyi də nəzərə çatdırıldı. Festival başa çatsa da, onun çərçivəsində keçirilən tamaşalar heç də birmənalı qarşılanmadı. Belə ki, festivalda iştirak edən tamaşaçılar festivalın sönük keçməsini söyləsələr də, teatr nümayəndələri bunun əksini qeyd etdilər. Teatrşünasların fikrincə, belə festivalların keçirilməsi teatrın bundan sonrakı fəaliyyətini bir qədər yüngülləşdirir.
Uşaq Teatrının direktoru, rejissor İntiqam Soltan “2+1” II Eksperimental Teatr Festivalının keçirilmə prosesindən öz narazılığını bildirdi. Belə ki, rejissor festivala həddindən az tamaşaların qatıldığını və nümayiş olunan tamaşalarda seyrçilərin seyrək olduğunu söylədi: “Festivalın keçirilməsində əvvəldən orada 10 tamaşanın nümayiş olunması gözlənilirdi. Festivalda isə İrəvan Dövlət Dram Teatrı ilə YUĞ Teatrının tamaşası nümayiş olunmadı. Belə ki, festivalda Bakıdan yalnız Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm İdarəsinin Satira Teatrı, Şuşa Teatrı və Bakı Uşaq Teatrının tamaşaları nümayiş olundu. Əslində festivalın keçirilməsi üçün seçilən forma da bir qədər asan və rahat idi. Elə variant seçilmişdi ki, orada 1 və ya 2 aktyor iştirakı nəzərdə tutulurdu. Burada az teatrın iştirak etməsi isə insanların beynində suallar doğurdu. Bakıda yerləşən, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan 20-dən artıq teatrdan yalnız ikisinin iştirakı sizcə qəribə deyilmi? Teatra bu qədər diqqət yönəldiyi bir vaxtda, onların bu dərəcədə maraq dairəsindən uzaq olmasına səbəb nədir axı? Mənim fikrimcə, bu ancaq 2 səbəbdən ola bilərdi. Birincisi, teatrların burada iştirak etmək üçün materialları yox idi ki, mən buna inanmıram. İkinci səbəb isə teatrların festivala laqeyd münasibət göstərmələridir. Bu mənim fikrimdir. Teatr Xadimləri İttifaqında bütün kontingentlə səmimi münasibətim var. Səmimi münasibətdə olmaq işin ustası olmaq demək deyil. Teatr Xadimləri İttifaqının direktoru Azər Paşa Nemətov istedadlı, bacarıqlı, savadlı insandır. Festivalın bu formada keçirilməsi TXİ-nın teatrlarla münasibətinin çox da sıx olmadığından xəbər verir. Bu mənim qənaətimdir”.
İntiqam Soltan festivalın tamaşaçılarla bərabər, aktyorların da maraq dairəsindən kənar olduğunu söylədi: “Azərbaycanda təxminən 1500-ə yaxın yaradıcı aktyor heyəti fəaliyyət göstərir. Belə olan halda festivalda nümayiş olunan bir tamaşada cəmi 15 aktyor belə iştirak etmirdi. Zalın 90%-i demək olar ki, boş idi. Yerdə qalan 10 % iştirakçını isə kitabxanada, muzeydə çalışan insanlar təşkil edirdi. Düzdür, festivalın açılış günü salonun yarısı dolu idi, ancaq onlar da sonradan festivala gəlmədilər. Müzakirələr sönük şəkildə keçirildi. Festivalda TXİ-nin nümayəndələri iştirak edirdi. Orada rəsmi qurumlardan, ədəbiyyatçılardan, dramaturqlardan heç kim nə tamaşalarda, nə də müzakirələrdə iştirak edirdi”.
Rejissor hazırda fəaliyyət göstərən teatrların böyük saraya bənzədiyini, ancaq tamaşaların keyfiyyətinin yetərincə olmadığını qeyd etdi: “Onu da qeyd edim ki, Bakı Uşaq Teatrında yaxın günlərdə teatrdaxili Eksperimental festival keçirməyi düşünürük. Festivalda teatrın aktyorları iştirak edəcək. Həmin festivalda ətraf teatrlar qonaq qismində iştirak edə biləcəklər. Bizim festivalda Təbrizdən farsdilli tamaşa nümayiş olunacaq. Gürcüstandan və Türkiyədən də 2 nəfərlik tamaşanın təqdim olunacağı gözlənilir. Bunları qeyd etməkdə məqsədim odur ki, əgər festivalı keçirmək bəsitdirsə, biz nə üçün bu qədər əziyyət çəkirik? Bəs nə üçün festivallar keçirmək üçün bu qədər fasilələr yaranır?”
Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri, teatrşünas Çingiz Ələsgərli isə bizimlə söhbətində festivalın keçirilməsini kifayət qədər qənaətbəxş hesab etdiyini və göstərilən tamaşaların seyrçilər tərəfindən maraqla qarşılandığını qeyd etdi: “Bu il təqdim olunan ikinci eksperimental festival artıq sona çatıb. Bu günlər ərzində 7 teatrın 6 tamaşası nümayiş olundu. Onlarla bərabər, Tbilisi Dövlət Azərbaycan Dram Teatrı festivalın qonağı qismində iştirak etdi. Festivalda Bakı Uşaq Teatrı 2 tamaşa ilə, eləcə də Gənc Tamaşaçılar Teatrı, Qusar Dövlət Dram Teatrı, Mingəçevir Dram Teatrı, Şuşa Musiqili Dram Teatrı və Bakı Satira Teatrı iştirak etdilər. Bu tamaşaların hər biri maraqla qarşılandı. Hər bir tamaşadan sonra növbəti gün tamaşaların teatrşünaslar tərəfindən müzakirəsi keçirildi. Teatrlar festivala böyük maraqla yanaşırlar və onlar nümayiş etdirdikləri tamaşalar üzərində diqqətlə işləyiblər. Deyə bilmərəm ki, tamaşaçılar həddindən artıq çox idi. Bilirsinizmi, bizim üçün əsas tamaşaçıdır. Onların fikirlərinə biz çox önəm veririk. Bu festivalı da saysız-hesabsız müraciətlər olunması əsasında həyata keçirmişik. Gələcəyə dair planlarımız da hər zaman olub və olacaq da. Bundan sonra müraciətləri nəzərə alaraq, bölgə teatrlarını da festivallara dəvət etməyi düşünürük”.
Teatrşünas festivalın keçirilməsindən ağız dolusu danışaraq, festival çərçivəsində onu narahat edən məsələlərə də toxundu: “Məni narahat edən məsələ ondan ibarət oldu ki, bizim keçirdiyimiz “2+1” Ekperimental Teatr Festivalında eksperimentlərə daha çox yer verilməli idi. Lakin burada eksperimentlərə o qədər də yer verilmədi. Bununla belə, festivaldan və onun nəticələrindən çox razı qaldım. Elə bilirəm ki, gələcəkdə də belə festivalların keçirilməsi işin xeyrinə ola bilər”.
Qeyd edək ki, festival ilk dəfə 2011-ci ildə keçirilib. Əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir. Festival Teatr Xadimləri İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilirdi.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər