AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev: Biz başqa ölkələrin əlində alət olmamışıq və olmayacağıq

Prezident İlham Əliyev: Biz başqa ölkələrin əlində alət olmamışıq və olmayacağıq

Cəmiyyət
07 Oktyabr 2020, 21:12 568

Bizə qarşı qara təxribat uzun illər ərzində aparılır. Bunun bir neçə səbəbi var. Onlardan biri də odur ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Biz başqa ölkələrin əlində alət olmamışıq, olmaq da istəmirik və olmayacağıq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində səsləndirib.

"Bu gün Azərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimi tanınır. Biz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edirik. Biz 120 ölkənin dəstəyi ilə buna nail ola bilmişik. Azərbaycan bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji körpüsüdür. Yəni, bütün bu uğurları, o cümlədən müstəqil siyasət sayəsində əldə etmişik. Bu bəzi ölkələrin xoşuna gəlmirdi, bəzi ölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaq bizim qətiyyətli mövqeyimiz buna imkan vermədi. Ona görə bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident sözünə davam edərək deyib: "Bu hadisələr baş verən kimi dərhal bizə qarşı müntəzəm olaraq qara təbliğat aparanlar, qeyri-hökumət təşkilatları və bəzi ölkələrin dairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanın imici ləkələnsin, bizə böhtan atılsın, bizim haqqımızda olmayan yalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişə ilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın”.