• cümə, 19 Aprel, 02:19
  • Baku Bakı 18°C

Distant iş zamanın tələbi kimi

18.06.20 09:30 1141
Distant iş zamanın tələbi kimi
"Azərbaycan distant iş və onlayn menecmentliyin tətbiqində maraqlı olmaqla yanaşı, bu prosesdə potensialı olan ölkədir”
Distant iş hazırda bütün dünyada əmək bazarının imkanlarını genişləndirir. Məsafədən idarəetmənin müəssisələr və şirkətlər üçün müsbət tərəflərindən biri, işçi heyəti üçün ofisin icarəyə götürülməsinə ehtiyacın olmaması və bir sıra xərclərə qənaət edilməsi ilə bağlıdır. Bu iş prosesində, hətta, başqa bir şəhərdə yaşayan mütəxəssislə də işləmək mümkündür. Pandemiya şəraitində əmək formasının bu cür münasibətləri iş yerlərini, əmək haqlarını, müəssisənin iş qabiliyyətini saxlamaq baxımından optimal görünür. Əmək qanunvericiliyinə görə, distant iş zamanı müəssisənin işçi heyəti öz vəzifəsini ofisdə deyil, evində yerinə yetirir. Bu cür əməkdaşlıq, vaxtı yolda itirməmək baxımından da işçilər üçün əlverişlidir. İlk baxışdan elə görünə bilər ki, distant iş əməyin təşkilinin yüngülləşdirilmiş variantıdır. Ancaq Əmək Kodeksinə görə, distant iş işçilərin çalışdıqları müəssisədən kənarda öz funksiyalarını yerinə yetirməsi deməkdir.
Qeyd edək ki, dünya ölkələrində bu prosesə artıq çoxdan start verilib. Məsələn, Rusiyada da COVİD-19 pandemiyası səbəbindən distant iş məsələsi xeyli aktuallaşıb. Koronavirusa görə, Rusiya hökuməti hələ mart ayında müəssisələrə distant iş formatına keçməyi təklif edib. Bir ay keçəndən sonra artıq məsafədən işləyən şirkətlərin sayı xeyli artıb. Fevral ayı ilə müqayisədə isə Rusiyada bu rəqəm 71 faiz çoxalıb. Ruslar özünütəcrid zamanı distant işin onları qane etdiyini deyirlər. Hərçənd, aralarında iş effektivliyinin aşağı düşdüyünü söyləyənlər də var. Bəziləri şəxsi həyatı ilə iş arasında hüdud yaratmağın onlar üçün çətin olduğunu bildirir. Hətta, bəziləri bu cür rejimdə səhhətlərinin korlandığından, artıq çəki aldıqlarından gileylənirlər. «İnsan yeni reallığa zamanla adaptasiya olunur» - deyə «Qlobal Venture Alliance»nın baş direktoru Zamir Şuxov bildirib: "Digər tərəfdən, insanların illərlə öyrəşdiyi bir mühitdən ayrılmaları çətin olur. Amma bu, zamanın tələbidir”.
Rusiya hökuməti itkiləri minimuma endirmək üçün spesifik sahələrin bütünlüklə distant işə keçid məsələsini planlaşdırır. Düzdür, çox müəssisələrdə iş hələ əvvəlki normalarla davam etsə də, kənardan idarəetmə məsələsi daha çox gündəmdədir. Hətta, ölkədə elə hesab edirlər ki, distant iş pandemiyadan sonra da normaya çevriləcək. Artıq ölkədə müəssisə və şirkətlərin personalı distant iş rejimində işləməyə hazırdır. "Bu, bir işçinin karyera perspektivlərinə zərbədirsə, başqaları üçün yeni üfüqlər açır. Artıq bir neçə aydır ki, Rusiya şirkətlərinin minlərlə əməkdaşı öz evlərindən işləyirlər. Karantindən sonra da onların bir çoxu işə gəlməyəcək. Çox şirkətlər distant iş rejimini saxlamağı planlaşdırdıqlarını elan ediblər. Belə ki, bu, onlara xərclərə qənaət etməyə, ofisləri ixtisara salmağa və regionlarda daha ucuz işçi qüvvəsi işlətməyə şərait yaradıb. Bu, böyük şəhərlərin sakinlərinin karyera perspektivlərini məhdudlaşdırırsa, əyalət mütəxəssisləri üçün yeni imkanlar yaradır”- deyə qeyd edilir.
Bizim ölkəmizdə də distant iş rejimi tətbiq olunur. Xüsusən, pandemiya dövründə məsafədən iş, onlayn təhsil və s. məsafədən idarəetmə məsələləri gündəmə gəldi. "Hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Həmçinin, distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”- deyə Prezident İlham Əliyevin "Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı qeyd etdiyi fikirlər də məsələnin aktuallığından qaynaqlanıb.
Qeyd edək ki, hələ keçən ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin distant (məsafədən) iş və ya teleiş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması istiqamətində işlərə start verib. Belə ki, ilk növbədə Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına "Distant (məsafədən) iş - əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və "Teleiş - əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi nəzərdə tutulur. Bu sahədə işlər ölkə rəhbərinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planına əsasən aparılır. Belə ki, həmin Tədbirlər planında distant iş və teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması tədbiri də yer alıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovdistant işi pandemiyanın çağırışları ilə əlaqələndirir: "Post-pandemiya dövründə gözlənilir ki, distant işə, avtomatlaşdırılmış iş rejiminə maraq artacaq. Çünki pandemiya onlayn menecment və distant idarəetmənin aktuallığını yenidən gündəmə gətirir. Bu baxımdan, Azərbaycan da distant iş fəaliyyətinə və onlayn menecmentə xüsusi diqqət ayıran ölkələrdəndir. Məqsəd də ondan ibarətdir ki, post-pandemiya dövründə daha çox onlayn menecmentlikdən istifadə etməklə, sahibkarlıq subyektivlərinin idarəedilməsi xidmətlərinə keçid baş tutsun. Eyni zamanda, dövlət qurumlarında da distant iş fəaliyyəti və menecmentliyin təşviq edilməsi gözləniləndir. Xüsusən də pandemiya dövründə bu metodlardan istifadə olundu. Pandemiya, istənilən zaman dünyada gözlənilməyən və ya proqnozlaşdırılmayan problemlərin yaşana biləcəyini meydana gətirdi. Bu baxımdan, insanların birbaşa ünsiyyəti və müəssisələrin idarə edilməsində çətinliklər ola bilər. Buna görə də, onlayn menecmentliyin əhəmiyyətli artırıb. Bunun üçünsə avtomatlaşdırmanın, informasiya – texnologiyasının daha yaxından istifadə olunması vacibdir”. Millət vəkili bildirir ki, ölkə prezidentinin "Microsoft” şirkətinin rəhbərliyi və nümayəndələri ilə görüşündə müzakirə edilən məsələlərdən biri də Azərbaycanda post-pandemiya dövründə elektron xidmətlərdən daha çox istifadə olunması və eyni zamanda ölkəmizlə bu şirkət arasında əlaqələrin genişləndirilməsi ilə bağlıdır: "Azərbaycan, praktik olaraq, regionda dördüncü sənaye inqilabının mərkəzi hesab olunur. Azərbaycan distant iş və onlayn menecmentliyin tətbiqində maraqlı olmaqla yanaşı, eyni zamanda, bu prosesdə potensialı olan ölkədir. Ona görə, gözlənilir ki, post-pandemiya dövründə avtomatlaşdırılmış və kənardan idarəetmədən daha çox istifadə olunacaq. Bu da nəticə etibarilə idarəetməyə fərqli bir yanaşmadır. Proses bu tip pandemiyaların idarəetməyə təsirlərinin minimallaşdırılmasına imkan verəcək”. V.Bayramovun fikrincə, distant idarəetmə və onlayn menecmentlik imkan verəcək ki, bu tip pandemiya halları baş verdiyi təqdirdə də, sahibkarlıq subyektləri tərəfindən onlayn idarəetməni davam etdirmək mümkün olsun: "Bu, şəffaflıq baxımından da vacibdir. Çünki onlayn idarəetmə, eyni zamanda şəffaf idarəetmə deməkdir. Eləcə də, xüsusən sahibkarlıq subyektləri üçün qənaət baxımından da əhəmiyyətlidir. Nəticə etibarilə vəsaitə qənaət edilməsinə və idarəetmə xərclərinin azaldılmasına gətirib çıxarır. Ona görə də, post-pandemiya dövründə ölkəmizdə avtomatlaşdırılmış və kənardan idarəetmənin inkişaf etməsi gözlənilir”.
"Bu mövzuda söhbətlərin gündəmə gəlməsi müsbət haldır. Sevindiricidir ki, ölkə olaraq bu istiqamətdə gedirik”- deyən sahibkar Elxan Mərdanlınınfikrincə,distant iş telekommunikasiyaların, elektronika və yeni innovasiyaların yüksək səviyyədə inkişaf etdiyi cəmiyyətlərdə inkişaf edir. Eyni zamanda, cəmiyyətdəki insanların da savadlılığı bu inkişafa adekvat olmalıdır: " Belə cəmiyyətlərdə distant iş uğurla nəticələnir. Hazırda ZOOM proqramı uzunmüddətli proqram olsa da, bizim ölkəmizdə sırf pandemiya zamanı istifadə olunmağa başladı. Proqramdan bu günə qədər istifadə olunmurdu. Bizdə kompüterdən istifadə edə bilməyən kifayət qədər işçi heyəti, eyni zamanda, əllərində olan ağıllı telefonlardan istifadə etməyən kifayət qədər insanlarımız var. Digər məsələ internetin baha olmasıdır. Həmçinin bunun keyfiyyət məsələsi də var. Məsələn, təmassız ödəniş 2019-cu ildən Azərbaycanda istifadə olunmağa başlanılıb. Ancaq bütün bank sektorunda nə bu xidmətdən, nə də mobil bankçılıqdan istifadə olunur. Təmassız işləmək, onlayn platforma deməkdir. Bu cür məsələlər Azərbaycanda distant işin inkişafı ilə bağlı problemlər yaradır”. Sahibkar hesab edir ki, distant iş müəyyən sahələrdə uğurla həyata keçirilə bilər: "Məsələn, kimsə proqramçıdırsa, onun hansısa bir ofisdə oturub işləməyə ehtiyacı yoxdur. O, məsafədən işləyə bilər. Çünki onun işi sırf virtual şəbəkədədir. İT mütəxəssisləri də həmçinin. O cümlədən, mühasibatlıq elektronlaşsa, kağız daşımağa ehtiyac qalmasa, bu sahə də distant formata keçə bilər. Distant iş spesifik sahələrə bağlıdır. Müəyyən sahələrdə də dünya artıq bu sistemi tətbiq edib. Onlayn treninqlər, konsultasiya, İT, mühasibatlıq, vebinarlar və s. onlayn keçirildikdə, insanların vaxtına da, büdcəsinə də qənaət edir. Xırdalıqlara baxanda bu prosesin işə dəstəyi var. Ancaq bu, yalnız spesifik sahələrin inkişafına gətirib çıxara bilər. O cümlədən, dövlət işində də mümkündür. Məsələn, qəbulları onlayn keçirə bilərlər ki, daha çox insanı qəbul edə bilsinlər. Məsafədən idarəetməni, faktiki olaraq, bütün sahələrə şamil etmək olmaz”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər