• cümə axşamı, 28 mart, 15:17
  • Baku Bakı 16°C

Neftin qiyməti niyə düşür?

27.01.20 18:55 4566
Neftin qiyməti niyə düşür?
Ekspertlər beynəlxalq bazardakı izafi neft həcmləri və "Çin virusu”nu əsas səbəblər kimi göstərirlər

Neftin qiyməti azalmaqda davam edir. Fins.az xəbər verir ki, Brent markalı neftin qiyməti 60 dollardan da aşağı düşüb. Bakı vaxtı ilə saat 07:50-də Brent nefti2,1%ucuzlaşma ilə59,40dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 2,3% geriləyərək52.95 dollara düşüb. Gecə Brent neftinin qiyməti58,84dollar, ABŞ xam neftinin qiyməti isə 52,29 dollar səviyyəsini görüb. Belə ki, "Çin virusu”neftə tələbi azaldır. Çində yayılan koronavirus neft və neft məhsullarına, o cümlədən aviasiyada istifadə olunan yanacağa tələbatı azaldıb. Bu səbəbdən də neft qiymətləri düşür. Artıq virusdan 80 nəfər ölüb. Çinin dövlət başçısı Xi Jinping, "Çin ağır bir vəziyyətlə qarşı-qarşıyadır. Virusun yayılması sürətlənir” deyib.
Bəs görəsən bu qiymət enmələri nə qədər davam edəcək? Qara qızılın yaxın dövrdəki taleyinə dair hansı proqnozlar irəli sürülür?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söyləyir ki, ilin birinci rübündə qiymət enmələri gözlənilən idi: "Neftin qiymətinin aşağı düşməsinin əsas səbəblərindən biri dünya bazarlarında xroniki neft artıqlığıdır. Bir neçə ildir ki, davamlı olaraq bazarda izafi neft həcmləri mövcuddur. Təbii ki, Çində yayılan koronavirus neftin qiymətinin bir qədər də düşməsinə təkan verən amillərdəndir. Amma əsas məsələ neftə olan rüblük tələbatın aşağı düşməsi ilə bağlıdır. Bu da tamamilə təbiidir. Çünki ilin ilk üç ayında bu göstərici həmişə aşağı olub. Hasilatçı və istehlakçı ölkələr ilin ilk üç ayı ərzində yanacaq enerji balansını müəyyən edir, emal, ixrac və hasilat proqnozlarına uyğun strategiya müəyyənləşdirirlər. Ona görə də ilin birinci rübündə neftə olan tələbat aşağı düşür. Hazırda Brent markalı neftin qiyməti 58 dollara düşüb. Əslində qiymətlərin qalxmasına təsir edən amillərin sayı daha çoxdur. Liviyada baş verən hadisələrə görə bazardan gündəlik 800 min barel həcmində neft yığışdırılıb. Digər tərəfdən, Qazaxıstanı Çinlə birləşdirən magistral neft kəmərində neftin tərkibində üzvi birləşmələrin miqdarı kifayət qədər artdığına görə həmin kəmərlə neft ixracı dayandırılıb. Həmçinin İraqın böyük yataqlarının birində hasilat həcmləri dayandırılıb. Başqa bir səbəb isə ABŞ-la Çin arasında ticarət müharibəsinin birinci mərhələsinin uğurla başa çatmasıdır. Hər iki dövlət böyük neft idxalçılarıdır. Bütün bu faktlar neftin qiymətinin artmasına təkan verməli idi. Amma hazırda dünya bazarında tələbatdan artıq neft var. Bazarın düzgün tənzimlənməsi üçün həm strateji, həm də kommersiya təyinatlı neft həcmlərinin dəqiq statistikasını aparmaq lazımdır. Əks halda, bazarı düzgün tənzimləmək mümkün deyil. Məsələn, Çin bir sıra müstəqil audit şirkətlərinin onun strateji və kommersiya təyinatlı neft ehtiyatlarına daxil olmaq imkanlarını məhdudlaşdırıb. Çünki Çin hökuməti dəqiq strateji göstəriciləri ümumiyyətlə paylaşmır. Belə olan təqdirdə, OPEC və müttəfiq ölkələr bazarı tənzimləməkdə böyük problemlərlə üzləşir. Həm hasilat, həm də ixrac həcmlərinin tənzimləməsinə ehtiyac var. Bütün bu faktlar bazarda ciddi problemlər yaradır. Ona görə də qiymətlər aşağı düşməkdə davam edir. Əgər mart ayının sonuna kimi tələbatdan artıq neft həcmlərinin dövriyyəsi davam edərsə, OPEC-in əlavə kvotalara getməsi qaçılmaz olacaq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd etdi ki, ötən həftənin cümə günündən başlayaraq ABŞ bankları tərəfindən verilən proqnozlar bazara mənfi təsir göstərdi: "Çində yayılan virusun yaxın müddətdə hansı fəsadlar törədəcəyi və bu fəsadların necə aradan qaldırılacağı hələlik məlum deyil. Vəziyyət günü-gündən daha da çətinləşir. İki şəhərin bağlanması xəbəri isə bazara mənfi təsir göstərdi. Ekspertlər qeyd edir ki, vəziyyət belə davam edərsə, qlobal bazar kimi Çinə aviareyslərin sayı azalacaq. Bu da aviasiya yanacağına olan tələbatın aşağı düşməsinə səbəb olur. Bu, Çinin həm daxilində, həm də Çinə gələn reyslərdə özünü göstərəcək. Nəticə etibarilə neftə olan tələbat 200-260 min barelə qədər azala bilər. Bunun nəticəsidir ki, qiymətlərin 60 dollardan aşağı düşməsini müşahidə edirik. Hələlik bazara heç bir pozitiv xəbər daxil olmayıb. Çərşənbə günü axşam ABŞ-ın enerji administrasiyası ölkənin neft ehtiyatları ilə bağlı həftəlik hesabatını açıqlayacaq. Bu açıqlamanın da bazara müsbət və ya mənfi təsir göstərəcəyi dəqiq bəlli deyil”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər