• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

Uşaqları necə qoruyaq?

14.01.20 10:30 1039
Uşaqları necə qoruyaq?
Körpə yaşlarından ailədə ehtiramla, sevgi-nəvazişlə böyüyən uşaqlar sevgini çöldə axtarmır
Keçən həftə Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın xüsusi amansızlıqla qətlə yetirilməsi və cəsədinin tapılmasından sonra cəmiyyətdə uşaqların təhlükəsizlik məsələləri həyəcanla müzakirə olunmaqdadır. Böyük rezonans doğuran qətl insanları həqiqətən şoka salıb. Sosial şəbəkələrdə «nə üçün hüquq-mühafizə orqanları bu hadisəyə vaxtında reaksiya verməyib?», "valideynlərin, məktəbin, qohum-qonşunun harayı nə üçün eşidilməyib?” və s. tipli suallar bir-birini əvəz etməkdədir. Hadisə "uşağı manyaklardan və faciələrdən necə qorumalı” sualını da gündəmə gətirdi.
Bu hadisənin ardınca bir azyaşlı qızın atası və qardaşı tərəfindən təcavüzə məruz qalması, daha sonra Nizami rayon sakini, 14 yaşlı M.Məmmədovanın itkin düşməsi, bir neçə saat sonra hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilməsi xəbərləri bu istiqamətdə həyəcan təbili çalmağa daha da əsas verdi.
Ümumilikdə cəmiyyətdə uşaqların təhlükəsizliyi sarıdan bir qorxu yaranıb. Valideynlər uşaqlarını bağçaya və ya məktəbə göndərməyə ehtiyat edirlər. Bu cür hadisələrin bir də təkrar olunmayacağına heç kim təminat vermir. Əlbəttə, bu, ilk növbədə uşağın valideynlərindən və məsuliyyətindən asılıdır. Uşaqlar itkin düşürlər. Evdən gedir, geri qayıtmırlar. Onları heç də yadplanetlilər oğurlamır. Bəzən gözümüzün qabağında, iki addımlığımızda olan adamlar tərəfindən oğurlanırlar. Azyaşlı uşaqların aldadılaraq təcavüzə məruz qalması hadisələri ilə bağlı izlədiyimiz filmlərin ssenarisi indi real həyatda baş verir. Uşaqları yad adamların «məndə çoxlu oyuncaqlar, konfetlər var, sənə hədiyyə etmək istəyirəm» və ya «gedək, sənə balaca pişikləri və itləri göstərim, onları birlikdə yemləyək» kimi sözlərinə inanmaqdan necə qorumaq olar?
Təbii ki, bu tip hadisələrdə "valideyn hara baxırdı?” deyə ilk qınaq obyekti elə onların ata-anası olur. Övladının hər addımına nəzarət edən, onu diqqətdə saxlayan valideynlərlə yanaşı, uşaqlarının taleyinə laqeyd yanaşan, onların üzərində nəzarəti düzgün qurmayan və məsuliyyət hissindən uzaq valideynlər də az deyil.
Heç şübhəsiz, bütün dünyada uşaqlarla bağlı baş verən cinayətləri – uşaq oğurluğu, təcavüz, cinsi istismar və s. hadisələrdə müasir dövrün texnoloji inkişafını da qınayırlar. Bugünkü uşaqlar əllərində telefon böyüyürlər. Əlbəttə, bizim ölkəmizdə bu tip cihazların kütləvi istifadəsi qərb ölkələrindən gec baş versə də, internetdə keçirdiyimiz zaman baxımından artıq o ölkələrə çatmışıq. Bu o deməkdir ki, hazırkı problem artıq bizə və uşaqlarımıza aiddir. Əlbəttə, onların əlindən telefonları qoparmaq haqqında düşünmək sadəlövhlük olardı. Ancaq onların hansı məqsədlə istifadəsinə nəzarət etmək mümkündür. Yəni valideynlər övladlarının təhlükəli vəziyyətə düşməmələri üçün bütün mümkün variantlardan istifadə etməlidirlər. Ancaq necə? Belə narahat dövrdə valideyn öz uşağını necə qorumalıdır? Və ya valideyn övladına qarşı münasibətdə məsuliyyətini necə dərk etməli, ondan asılı işlərdə valideynlik vəzifəsini necə yerinə yetirməlidir?
Təhlükəsizlik sisteminin qurulması
Filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov hesab edir ki, ümumilikdə belə məsələlərdə təhsilin rolu böyükdür. Bizdə isə uşaqlar üçün təhlükəsizlik qaydaları haqqında məlumatınverilməsinə yenicə başlanılıb: "Söhbət yalnız yad adamlardan getmir. Evdə, məişətdə, yolda təhlükəsizlik məlumatları nədənsə indiyə qədər dərsliklərdə tədris prosesində uşaqlara çatdırılmayıb. Bütün bunlar elə bil ki, xaricdə təhsilin məhək daşıdır. Xarici mütəxəssislərin işlədiyi məktəblərdə bu məsələyə çox önəm verilir. Hətta məktəb lisenziya alanda belə, ilk növbədə orada təhlükəsizlik sisteminin necə qurulması öyrənilir. Burada təhlükəsizlik sistemi ilə bağlı situasiyaları elə bil ki, sınaqdan çıxarırlar. Və yaxud uşaqlara təkcə məktəbdə deyil, cəmiyyətdə özlərini necə aparmaları ilə bağlı məlumatlar verilir. Təbii ki, valideynlər özləri də bu barədə maarifləndirmə keçməlidirlər. Təəssüf ki, bu işə bizdə bir qədər gec başlanılıb. Birinci sinif üçün olan dərsliklərdə bir bölmə təhlükəsizlik qaydalarına həsr olunub”.
Məktəb psixoloqlarının bu cür məsələlərdə vəzifəsinə gəlincə, R.İsmayılovun fikrincə, bu bilikləri əldə etmələri üçün onların öz peşələrinə necə yiyələnmələri mühümdür: "Təbii ki, bu məsələdə məktəb psixoloqlarının rolu önəmlidir. Ancaq onların nə dərəcədə öz peşələrinə bələd olmalarını deyə bilmərəm. Çünki bu barədə tez-tez şikayətlərə rast gəlirik. Ən adi situasiyalarda belə onlar düzgün qərar vermirlər. Yəqin onlara da bu istiqamətdə hansısa təlimlər keçirilməli və bu mövzuda dərslər yeni tələblərə uyğun qurulmalıdır”.
Ehtiram və nəvazişlə davranma
Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, uşaqların oğurlanması hadisələrinə valideynlərin səhlənkarlığı ilə yanaşı, qəsdən itmə halları da səbəb ola bilir. "14-15 və ya 18 yaşına çatmış qızlar və ya oğlanlar hansısa səbəbdən evdən qaçır və istəyir ki, onu heç kim tapmasın. Əslində o uşaqlar nələrdənsə qaçırlar. İlk növbədə uşaqları "yad insan sizə yaxınlaşdıqda, onların harasa dəvətinə cavab verməyin, bəd niyyətlə yaxınlaşdığını hiss etdikdə, uzaqlaşın” deyə müəllimlər və valideynlər tərəfindən maarifləndirmək lazımdır. "Harasa gedək, sənə filan şey göstərim, nəsə verim” kimi dəvətlər uşaqlar tərəfindən mənfi qarşılanmalıdır. Cinsi istismarın nə demək olduğunu, yəni bədənlərinin onlara aid olduğunu, ona başqa adamın toxunmaq ixtiyarı olmadığını uşaqlara anlatmaq lazımdır. Onlar hələ əyri ilə doğrunu başa düşməyəcək yaşda olduqları üçün yad və tanımadığı insana qarşı məsafəli dolanmalı olduğunu uşaqlara əvvəlcədən öyrətmək lazımdır. Valideyn özü uşaqla ehtiramla, nəvazişlə davranmalıdır. Körpə yaşlarından ehtiramla və sevgi-nəvazişlə böyüyən övladlar həddi-buluğa çatanda və ondan sonrakı mərhələlərdə qəsdən itmə halları baş vermir. Çünki evdə ona kifayət qədər sevgi göstərən ailəsi var. Yəni onun axtardığı hər şey onun evində var və o hər hansı bir əskiklik hiss etmədiyinə görə elə bir şey də ağlına gəlmir. Yəni sevgini çöldə axtarmır. Çöldə onu şirnikləşdirmək üçün nəfsə xoş gələn şeylər uşağa xoş gəlmir.
Çünki onun artıq daxildə bir xoşbəxtliyi var. Evdəki ailə üzvlərini çox sevdiyinə görə onların icazəsi olmadan hər hansı bir yerə getmir və yaxud onlardan bezmir. Bu iki növ itmə hadisəsinin səbəbləri araşdırılmalı, analiz edilib müəyyən istiqamətlər verilməlidir. Məktəb və valideyn birgə əməkdaşlıq yolu ilə nələrin təhlükə törədə biləcəyini mütləq uşaqlara deməlidir. Nəyin təhlükəyə qapı aça biləcəyini uşaqlara başa salmaq lazımdır. Bu, ümumi təlim içərisində, 1-2 dərs çərçivəsində uşaqların yaşına uyğun öyrədilə bilər. İbtidai siniflərdə həyəcan təbili çalmağa, uşaqları həyəcanlandırmağa bəlkə də ehtiyac yoxdur. Ancaq böyüdükcə, «bu məsələlərə diqqət edin» - deyə bir həyəcan təbili çalınmalıdır ki, uşaqlar nəyin təhlükəli və ya təhlükəsiz, nəyin pis və ya nəyin yaxşı olduğunu ayırd edə bilsinlər”.
Maarifləndirməyə ehtiyac
"Bu, ümumiyyətlə geniş mövzudur. Məsələyə bir tərəfdən yanaşmaq digər tərəflərə önəm verilməməsi kimi başa düşülə bilər” - deyən psixoloq Zeynəb Əyyubovanın fikrincə, bu günAzərbaycan reallığında məsələyə "uşaq, valideyn və məktəb” üçbucağı kimi baxmaq lazımdır. Burada ata ilə ananın birgə işi rol oynamalıdır. İlk növbədə valideynlərin övladları ilə münasibəti normal vəziyyətdə qurmaları üçün maarifləndirmə aparılmalıdır. Normal münasibətdə olan bir uşaq problemləri olsa belə, onu ilk növbədə valideynləri ilə həll etməyə çalışacaq”. Məktəbin üzərinə düşən vəzifəyə gəlincə, psixoloq hesab edir ki, məktəb ailə ilə bağlı seminarlar təşkil edə, psixoloqlar dəvət edə bilər: "İndi məktəb psixoloqlarını çox qınamırıq. Çünki onların vaxtı məhduddur. Ancaq kənardan sosial insanları dəvət etmək, birgə iş layihələri qurmaq olar. Biz bir məktəbdə valideynlərlə test keçirdik. Onların əksəriyyəti övladlarını məlumatlandırmaqla bağlı nəyi bilmək lazım olduğundan xəbərsiz idi. Heç olmasa, həftədə bir dəfə valideynin uşaqları necə tanıması ilə bağlı onlarla test etmək olar”.
Hara və necə müraciət etmək
Hüquqşünas Ruslan Vəliyevin fikrincə, istər uşağın təlim-tərbiyə keçdiyi məktəb, istər bağça, istər dərnək olsun - burada elementar təhlükəsizlik tədbirləri haqqında onlara məlumat verilməlidir. Məsələn, uşaqlar tanımadığı şəxslərlə ünsiyyətə girməməsi, onlardan hər hansı bir əşya, hədiyyə almaması ilə bağlı məlumatlandırılmalıdır: "Onlara izah edilməlidir ki, hər hansı bir təhlükə olduqda, bu barədə mütləq hüquq-mühafizə orqanlarına, ailə üzvlərinə, ətrafdakı insanlara məlumat versinlər. Bu cür elementar tədbirlər haqqında hər bir təlimçi, pedaqoq özü uşaqları məlumatlandırmalıdır. O cümlədən, bu məsələlərdə evdə valideynlərin, baba-nənələrin və ya böyük bacı və qardaşların da üzərinə böyük məsuliyyət düşür”.
Hüquqşünas hesab edir ki, uşaqların daha diqqətli olması üçün başqa spesifik tədbirlərlə bağlı sosial çarxlar və ya reklamlar hazırlana bilər: "O mənada ki, təhlükəli dəqiqələrdə hara və necə müraciət etmək barədə uşaqların məlumatı olmalıdır. Orta məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi məşğələlər olmalıdır. Qloballaşan dünyanın öz qaydaları da hadisələrin baş verməsində müəyyən rola malikdir. İndi internet əsridir. Demək olar ki, bütün uşaqların, gənclərin əlində telefon cihazları var. Onlar telefon və ya kompyuterlərlə internet resurslarına daxil olub istənilən məlumatla tanış olurlar. Müəyyən proqramlar var ki, valideynlər onların vasitəsilə uşaqlarına nəzarəti həyata keçirə bilərlər. Uşaqlar hər hansı qadağan olunmuş və ya məsləhət görülməyən saytlara daxil olanda, bu barədə SMS və ya e-mail vasitəsilə məlumat ala bilərlər. Valideynlər uşaqlarının internetdə olduğu müddətdə onların daxil olduğu resurslara nəzarət etməlidirlər. Belə olan halda, uşaqlara zərər gətirən məqamların, onların gələcəkdə başqa şəxslərin əhatə dairəsinə düşüb bu və ya digər formada istifadə olunmasının, hər hansı təhlükəli vəziyyətə düşməsinin qarşısını ala bilərlər”.
R.Vəliyevin fikrincə, belə tədbirlər kompleks halda həyata keçirilməlidir. Yəni təkcə internet resursuna nəzarətlə hər şey bitmir. Belə ki, uşaq həm həyətdə oynayanda, həm məktəbdə, həm də kənar yerdə olanda onların davranışına diqqət və nəzarət artırılmalıdır».
Cəmiyyəti sarsıdan bu tip faciəli hadisələrin baş verməməsi üçün valideyn-məktəb birliyinin daha da möhkəmləndirilməsinə, valideynlərin övladları üzərində nəzarətin gücləndirmələrinə, ailə mühitinin mülayimləşməsinə ehtiyac var. Hüquq-mühafizə orqanlarının hadisələrə operativ müdaxiləsi və məsuliyyəti də öz yerində.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər