2020-ci ildə 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Nazirlikdən Kaspi.az-a bildirilib ki, onların sırasına şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, aztəminatlı, habelə çoxuşaqlı ailələrin üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri daxildir. Proqrama cəlb olunanlara biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunan «Sosial Bağlar» layihəsi də özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir.
Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-ci ildə 125 ailə, 2019-cu ildə 250 ailə üçün intensiv meyvə bağları salınıb. 2020-ci ildə də layihə üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılıb.