• cümə, 19 Aprel, 16:09
  • Baku Bakı 25°C

Bələdiyyə seçkiləri uğurla başa çatdı

24.12.19 18:38 1485
Bələdiyyə seçkiləri uğurla başa çatdı
Seçkiləri demokratik normalara uyğun, şəffaf keçirilib

Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Ötən illərdəki seçkilərdən fərqli olaraq bu dəfə yerli özünüidarəetmə orqanlarına maraq daha çox olub. Belə ki, bu ilki 1606 bələdiyyə üzrə 15156 bələdiyyə üzvlüyü üzrə seçkilər keçirilib. Seçkilərdə iştirak edən partiyaların sayı 13 olub. Namizədlərin 3/1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır. Ümumilikdə, bələdiyyə seçkilərində 41 462 namizəd iştirak edib. Onu da qeyd edək ki, yerli özünüidarəetmə orqanlarına seçkiləri 17 beynəlxalq, 52 636 yerli müşahidəçi izləyib.
Açıqlanan məlumatlara görə, seçkilərdə seçici fəallığı 32,72 faiz olub. Səs vermiş seçicilərin sayı 1 627 064 nəfər təşkil edib. Ümumilikdə isə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

1606 bələdiyyə üzrə seçkilər baş tutub

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında bildirib ki, dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Onun sözlərinə görə, seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib: "Ölkə üzrə bütün məntəqələr - 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.
MSK sədri bildirib ki, gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırıb: "Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılıb. Amma MSK-ya bir müraciət daxil olub. O müraciət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. Çünki məntəqədə baş verən hadisələrlə bağlı müraciət Seçki Məcəlləsinin tələbinə görə, ilkin olaraq müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Əgər iddiaçı dairə seçki komissiyasının qərarından narazı qalarsa, onda MSK-ya müraciət edə bilər. Ona görə biz Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qərarımızı verdik. Onu da qeyd edim ki, gün ərzində MSK-ya rəsmi müraciət daxil olmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırmağa başlayıblar.
M.Pənahovun sözlərinə görə, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə ediblər: "Yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub. Hazırda 4556 məntəqədən məlumatlar MSK-nın bazasına daxil olub. Bu da ölkə üzrə ümumi məntəqələrin 90,24 faizi deməkdir. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır. Bu, ölkə üzrə mövcud bələdiyyələrin 91,84 faizidir. Yəni, deyə bilərik ki, 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. Bu, ölkə üzrə mövcud olan bələdiyyələrin 85,62 faizidir. İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Yəni, bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir. Gün ərzində MSK-nın 115 - "qaynar xətt”inə 220 müraciət daxil olub. Bunlardan 90-nı seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı sorğulardır. 130 müraciət isə hüquqi məsələlərlə bağlı və məlumatlandırma xarakterli olub”.
MSK sədri deyib ki, səsvermə məntəqələrinin 1000-də, yəni, təxminən 20 faizə yaxınında veb-kameralar quraşdırılmışdır: "Bu veb-kameralara gün ərzində 198069 müraciət olub. Bunlardan 130218-i, yəni, 65,7 faizi ölkə daxilindən, 67851-i isə (34,3 faizi) xaricdən olub. Bu, çox diqqətçəkən rəqəmdir. Yəni, bu, seçkilərə kifayət qədər diqqətin olmasının göstəricisidir. Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının internet səhifəsindən istifadəçi sayı 282627 nəfər olub. Bu da ictimaiyyətin seçkilərə marağının göstəricisidir”.

"Yeni Azərbaycan Partiyasına əhali arasında rəğbət artır”

Yeni Azərbaycan Partyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bələdiyyə seçiləri ilə bağlı bildirib ki, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.
Ə.Əhmədovun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub: "Lakin bizim seçki məntəqələrində olan müşahidəçilərimizin apardığı müşahidələrə əsasən deyə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb. İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir və YAP-a əhali arasında rəğbət artırır. Mən Yeni Azərbaycan Partiyasını əldə etdiyi qələbəyə görə təbrik etmək istəyirəm”.

"Seçkiləri demokratik normalara uyğun, şəffaf keçirilib”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri ilə əlaqədar ilkin hesabatını açıqlayıb.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, seçki ərəfəsi mövcud olan ictimai-siyasi mühit ölkədə azad və şəffaf seçkilərin keçirilməsinə imkan verib. Səsvermə günü 5 dəfə (saat 10.00, 12.00, 15.00, 17.00, 19.00) məntəqələrdəki seçici fəallığının vəziyyəti, müşahidə olunan qanun pozuntuları barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib: "AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış məntəqələrdə seçici fəallığı 39,75 faiz təşkil edib. Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınıb. Qeydə alınan faktlarla bağlı dərhal məntəqə sədrləri ilə əlaqə saxlanılıb, nöqsanlar aradan qaldırılıb. Bu cür çatışmazlıqlar seçkilərin ümumi nəticələrinə təsir etmək gücündə olmayıb.
Beləliklə, AVCİYA həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Assosiasiya bu qənaətdədir ki, seçkilər qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirilib”.

"Bələdiyyələr bugünkü çağırışa uyğun öz fəaliyyətlərini quracaqlar”

"Kaspi”yə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, bələdiyyə seçkilərində şəxsən özü də iştirak edib və səs verib: "Seçkilərdə insanların aktivliyi hiss olunurdu. Görünən o idi ki, insanlar özlərinə yaxın namizədlərdən istəklərinə uyğun bələdiyyə formalaşdırmağa çalışırlar. Düşünürəm ki, seçkilərdə qələbə əldə etmiş bələdiyyə üzvləri öz fəaliyyətlərini bugünkü Azərbaycanın çağırışına uyğun quracaqlar və seçicilərin etimadını doğrultacaqlar. Təbii ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib. Əlbəttə, YAP qaliblər partiyasıdır və kifayət qədər sosial bazaya malik olduğundan bələdiyyə seçkilərində də qalib gəlib. Əminəm ki, gələcək seçkilərdə də YAP-ın qələbələrini görəcəyik”.
A.Badamov qeyd etdi ki, bələdiyyələr yeni formalaşmış yerli özünüidarəetmə orqanlarıdır: "Bələdiyyələr cəmi 20 ildir fəaliyyət göstərirlər. Ondan əvvəl isə Azərbaycanda bu institut olmayıb. Lakin ötən müddət ərzində bələdiyyələrin fəaliyyət göstərməsi və özlərini doğrultması üçün tam qanunvericilik bazası hazırlanıb. Bu qanunvericilik bazası dünyanın inkişaf etmiş ölkələrindəki bələdiyyələrin qanunvericilik bazasına və təcrübəsinə uyğunlaşdırılıb. Yəni bu gün Azərbaycanda bələdiyyələrin hərtərəfli fəaliyyətini təmin edən bir qanunvericilik bazası mövcuddur. Düşünürəm ki, yeni bələdiyyələr bu qanunvericilik bazasını öyrənəcək, maariflənəcək və öz fəaliyyətlərini bu prinsiplər əsasında quracaqlar. Hesab edirəm ki, ölkəmizdəki mövcud qanunlarda bələdiyyələrin fəaliyyət göstərməsi, onların maliyyə resurslarının yaradılması üçün bütün imkanlar nəzərdə tutulub. Bu imkanlardan səmərəli istifadə edilməsi bələdiyyələrin büdcələrini də əhəmiyyətli formada formalaşmasına imkan yaradacaq. Yerli özünüidarəetmə orqanlarının büdcələrinin formalaşması yerli problemlərin həlli istiqamətində addımların atılmasına imkan verəcək”.

BƏXTİYAR




banner

Oxşar Xəbərlər