• cümə, 29 Mart, 18:30
  • Baku Bakı 14°C

Oktyabrın 29-u Dünya İnsultla Mübarizə Günüdür

29.10.19 14:15 1171
Oktyabrın 29-u Dünya İnsultla Mübarizə Günüdür
Dünya Səhiyyə Təşkilatı 2004-cü ildən başlayaraq hər il oktyabrın 29-nu Dünya İnsultla Mübarizə Günü kimi qeyd edir. Həmin il insult qlobal epidemiya elan olunub və 2006-cı ildə İnsultla Mübarizə üzrə Dünya Təşkilatı yaradılıb.
AZƏRTACxəbər verir ki, hazırda həmin quruma dünyanın 85 ölkəsindən 60 təşkilat və 3,5 min fərdi üzv daxildir və onlar insultla mübarizə aparan təşkilat və cəmiyyətlərdə çalışan alimlərdir.
İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş-beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir. Statistikaya görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və onların 6,7 milyonu ölümlə nəticələnir. Adətən bu xəstəliyə tutulanların üçdəbiri həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində müdaxilə etməkdir.
İnsult əlamətləri çox sadədir: danışıq anlaqsız olur, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.
İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlara ehtiyac yoxdur. Bunun üçün sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq lazımdır. Xəstəliyin yaranma riskini artıran üç əsas amil-hipertoniya, yüksək xolesterin və artıq çəkidir.
Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirmə riski 55 yaşdan böyük olanlarda iki dəfə artır.
Lakin səhhətinə biganə qalmayan hər kəs sadə profilaktik tədbirlərlə 80 faiz hallarda xəstəlikdən qoruna bilər. Problemin qarşısını almaq üçün əsas profilaktik tədbir təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq, aktiv həyat tərzi sürmək və zərərli vərdişlərdən uzaq olmaqdır. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək insanın fiziki qabiliyyətini artırmaqla yanaşı insult riskini də azaldır.
banner

Oxşar Xəbərlər