• şənbə, 20 Aprel, 08:50
  • Baku Bakı 14°C

Çimərliklərə daimi nəzarət olmalıdır

07.07.19 09:30 2031
Çimərliklərə daimi nəzarət olmalıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun - 04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Trend-in məlumatına görə, idarənin əməkdaşı Nərmin Babaşova jurnalistlərə bildirib ki, analizlərin nəticələrinə görə Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.
Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. Qeyd edək ki, bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur. ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib. O bildirib ki, əvvəlki nəticələrdən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil. N.Babaşovanın sözlərinə görə, Novxanı, Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin bu dəfə çirkli çıxmasına səbəb sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır: "Dəniz kənarında iaşə xidməti göstərən sahibkarlara, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edirik ki, obyektlərində, evlərində formalaşan tullantı sularının təmizlənməsini düzgün təşkil etsinlər və çirkab suları dənizə axıtmasınlar. Onlar bununla həm Xəzəri çirkləndirir, həm də vətəndaşların sağlamlığı üçün təhlükə yaradırlar. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik, səslənirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər”.
Bu cür açıqlamalara baxmayaraq, təəssüf ki, hələ də belə çimərliklərdən istifadə edilir. Əslində səbəb məlumdur. Çünki ölkəmizdə əksər çimərliklərə giriş ödənişlidir. Buna görə də insanlar nəzarətsiz çimərliklərə üz tutur. Amma istənilən halda öz sağlamlığımızı təhlükəyə atırıq. Bəs görəsən belə halların qarşısının alınması üçün daha hansı işlər görülməlidir?
Turizm üzrə ekspert Ceyhun Aşurovdeyir ki, çimərliklərlə bağlı inzibati qadağalardan daha çox maarifləndirmə işinə ehtiyac var: "Aidiyyatı orqanlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Yaxşı olardı, çirklənmiş çimərliklərdə qeyd nişanlarından əlavə, suyun tərkibi ilə bağlı göstəricilər də olsun. Bir neçə il bundan əvvəl sözügedən məsələ ilə bağlı "mavi bayraq” hərəkatı başladı. Bu, Avropada və Türkiyədə də var. Suyun tərkibinin təmiz olduğu çimərliklərdə mavi bayraq nişanından istifadə edilir və həmin ərazidə dəniz suyunun tərkibinin standartlara cavab verməsindən xəbər verir. Yaxşı olardı ki, bizdə də belə qeydlərdən istifadə olunsun. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, turizmlə bağlı qurumlar bu məsələyə diqqət etməlidirlər. Hesab edirəm ki, maarifləndirmə işinin rolu da çox böyükdür. Burada mətbuatın da üzərinə böyük vəzifə düşür. Bizdə çimərliklərin əksəriyyətinə giriş pulludur. Ona görə də insanlar pulsuz olan açıq çimərliklərdən istifadəyə üstünlük verir. Belə yerlərdə dəniz suyunun tərkibi heç də təmiz deyil. Suyun tərkibinin təmiz olmadığı çimərliklərin insan orqanizminə müxtəlif fəsadları ola bilər. Bu mənada inzibati qadağalar sözügedən sahədə ciddi təsir etmir. Ona görə də maarifləndirmə işlərini daha da gücləndirmək lazımdır. Belə məsələlər daimi olaraq gündəmdə saxlanılmalıdır. Həmçinin təmiz olmayan çimərliklərlə bağlı nəzarət daim güclü olmalıdır”.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, inzibati qadağa və maarifləndirmə işləri yanaşı aparılmalıdır: "İlk növbədə qeyd etmək lazımdır ki, çimərliklərimizin çirklənmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı ciddi əsaslandırma və ciddi təhlillər aparılmalıdır. Hər şeydən əvvəl əhali arasında maarifləndirmə işi gücləndirilməlidir ki, belə halların qarşısı alınsın. Təəssüflər olsun ki, Azərbaycanda maarifləndirmə işi çox zəif səviyyədədir. İnsan sağlamlığına zərər vura biləcək səviyyədə çirklənmə varsa, aidiyyəti dövlət qurumları bu məsələyə biganə qalmamalıdır. Belə çimərliklər qapadılmalı və ya digər inzibati mexanizmlər işə salınmalıdır. Həmçinin dəniz ərazisində xidmət göstərən sahibkarlara bu barədə xəbərdarlıq edilməlidir. Çirklənmənin səbəbləri ilə bağlı araşdırmalar aparılmalı və o səbəblər aradan qaldırılmalıdır. Elə çimərliklər var ki, oraya birbaşa kanalizasiya suları axır. Bütün bunlar kompleks yanaşma tələb edir. Çünki sırf bu səbəbdən turizm sahəsinə istənilən səviyyədə turist cəlb edə bilmirik. Əslində Xəzərin turizm potensialı çox böyükdür. Amma biz bu potensialdan yararlana bilmirik. Bunun əsas səbəbi də çimərliklərin istənilən səviyyədə olmamasıdır. Bizdə dəniz sahilləri kortəbii şəkildə istifadə olunur. Ona görə də çirklənmənin səviyyəsi günü-gündən artır. Sahibkarlara bununla bağlı müvafiq tapşırıqlar və müddət verilərsə, müəyyən irəliləyişlər əldə etmək olar. Maarifləndirmə və inzibati tədbirlər yanaşı şəkildə aparılmalıdır ki, ümumi nəticə əldə olunsun. Dənizi həm çirkləndirməməli, həm də çirklənmiş çimərliklərdən imtina etməliyik”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla qeyd edir ki, dəniz suyunun tərkibi bir kubmetr üçün tərkibində olan bağırsaq çöplərinin miqdarı ilə ölçülür: "Suyun çirklənmə səviyyəsi adətən bu üsulla müəyyən edilir. Bir çox hallarda insanlar özləri müxtəlif qida və qida qalıqları, plastik qablarla dəniz suyunu çirkləndirirlər. Ona görə də daimi olaraq çimərliklər nəzarətdə saxlanılmalıdır. Çünki təmiz olmayan çimərlik xəstəlik mənbəyidir. Düzdür, dəniz suyunun tərkibi duzludur və öz-özünü təmizləyə bilir. Amma çirklənmə həddən artıq olduqda, bu məsələ nəzarət altına alınmalıdır. Çirklənmiş dəniz suyu uşaqlar və yaşlılar üçün xüsusilə təhlükəlidir. Çünki onların immun sistemi daha zəifdir. Uşaqların belə çimərliklərdən istifadə etməsi onlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Çirkli su dəri qıcıqlanması, müxtəlif mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Ona görə də müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Hal-hazırda çimərliklərin böyük əksəriyyəti şirkətlərə və müxtəlif şəxslərə aiddir. Buna baxmayaraq, ümumi nəzarət vacibdir. Aidiyyatı qurumlar bu məsələni daim nəzarət altında saxlamalıdırlar”.
Şəbnəm
banner

Oxşar Xəbərlər