• cümə, 29 Mart, 09:12
  • Baku Bakı 5°C

Əhməd Ağaoğlu Şərq və Qərb düşüncə sistemi qovşağında

04.05.19 10:00 1102
Əhməd Ağaoğlu Şərq və Qərb düşüncə sistemi qovşağında
(III yazı)
Əhməd Ağaoğlunun bədii əsərləri içərisində şəxsi fəlsəfi düşüncələrini əks etdirən, müəyyən avtobioqrafik ştrixlərə malik "Mən kiməm” əsərinin özünəməxsus yeri vardır. Əsərdə fərdin timsalında Qərb və Şərq insanının dünyagörüşləri qarşılaşdırılır. Bu qarşılaşmanın nəticəsi kimi "mən kiməm?” sualına cavab tapılır. Müəllif onu düşündürən fəlsəfi-psixoloji problemi aydınlaşdırmaq üçün maraqlı bir metoda əl atır: "...mən içimlə çölümü qarşı-qarşıya gətirərək onları özbaşına buraxdım, yeganə işim yalnız gördüklərimi və eşitdiklərimi gördüklərim kimi qeyd etmək oldu”. O, gördüklərindən dəhşətə gəlir. İçi ilə çölü bir-birini inkar və rədd edir, zahiri ilə batini arasında gecə ilə gündüz, ağ ilə qara qədər fərq vardır. Onun çölü eqoist, içi altruistdir və birinci ikinciyə qalib gəlir. Səbəb nədir? Müəllifin fikrincə, eqoizm və altruizm insanda sonradan əmələgəlmə xüsusiyyət deyil, bunlar biolojidir, yəni insanla bərabər doğulan amildir. Lakin təkamül prosesində altruizm eqoizm üzərində qələbə çalır. Yəni müşahidələrdən nəticə çıxarmaq yolu ilə insan altruizmin ictimai yaşayışda çox mühüm amil olduğunu anlayaraq ondan daha çox faydalanmaq barədə düşünür. "Lakin bu yolda müvəffəq olan mühitlərlə müvəffəq olmayan mühitlər arasında qüvvətli və dərin fərqlər meydana çıxmışdır. Belə ki, altruizm instinkti açıldıqca, cəmiyyət də qüvvətlənmiş və əksinə, eqoizmin artıq olduğu yerlərdə isə cəmiyyət aşağıya doğru yuvarlanmışdır”. Müəllif fikrini təsdiqləmək üçün Şərq və Qərb cəmiyyətlərini qarşılaşdırır, Qərbi daha qüvvətli hesab edir. Altruizm baxımından da Qərb güclüdür. Şərqdə milyonların içərisindəki insan tək-tənhadır, xəstələr, evsiz-eşiksizlər, ac-yalavac barədə heç kəs düşünmür. Qərbdə isə hər kəs haqqında düşünülür və nəticədə unudulmuş bir kimsə qalmır. Müəllif Şərq tarixində eqoizmlə altruizm arasındakı müvazinətin Qərbdə altruizmin, Şərqdə isə eqoizmin xeyrinə bu qədər pozulmasının səbəblərini axtarıb tapır.
Ə.Ağaoğlunun fikrincə, güclü eqoizm güclü Çöl yaradır və bu Çöl İçə qalib gəlir. Bütün məğlubiyyətlərin baiskarı olan eqoizm, müəllifin fikrincə, insanda yalançılıq, qorxaqlıq, riyakarlıq, hərislik duyğusu, gözügötürməzlik...kimi iyrəncliklər yaradır. Müəllif bütün bu qeyri-insani keyfiyyətlərin anatomiyasını ən müxtəlif misallarla, orijinal fəndlərlə məharətlə açır və bu nəticəyə gəlir: "...mənim Çölüm başdan-başa antisosial bir varlıqdır. O, mühiti içəridən gəmirir. İctimai həyatın təşəkkülü və inkişafı üçün lazım gələn bağları məhv edir. İçində belə bir mikrob daşıyan cəmiyyətdə qarşılıqlı yardım, sevgi, inam, doğruluq, sədaqət, ciddi çalışma, haqqa, həqiqətə münasibət, xülasə, modern cəmiyyətlərin inkişafını təmin edən amillərin bir araya gəlməsi çox çətin olur. Əslinə baxsan, mənim Çölümlə cəmiyyət arasında bir ziddiyyət var – biri o birisini inkar edir”. Müəllif, içərisində olduğu cəmiyyəti, Şekspirin ölüm, ya olum dilemması qarşısında qalan qəhrəmanı ilə müqayisə edir və belə qənaətə gəlir ki, cəmiyyət gözü görə-görə içindən yıxılmağa razı ola bilməz. Cəmiyyətin özünüxilas üçün hansı addımlar atmalı olduğu barədə müəllifin maraqlı qənaətləri vardır. Onun fikrincə, cəmiyyət məhz iradəsi hesabına zahirini islah etməlidir. Onun İçi isə zahirindən fərqli olaraq ictimai həyatın inkişafına uyğun və müsaid olan amillərlə doludur. "Həqiqətən, bu baxımdan mənim içimlə ən mükəmməl və mütərəqqi cəmiyyətlərə mənsub fərdlərin içi arasında fərq yox dərəcəsindədir. Qiymətlərin dəqiqliyi, yaxşılıq və pislik, gözəllik və çirkinlik haqqındakı ölçülər hər iki tərəfdə də demək olar ki, eynidir. Məsələn, yarınmağı mənim İçim də sevmir, bir ingilisin də içi sevmir. Yalan onun üçün də, mənim üçün də mənfurdur. Haqqı müdafiə, şərəf və izzəti-nəfsi qorumaq da hər iki tərəfdə eyni dərəcədə məqbuldur”. Bəs çatışmayan nədir? Ə.Ağaoğlunun fikrincə, Qərbdə qiymətlərin, dəyərlərin hərəkətverici qüvvəsi var. Yəni ingilisdə içi dərhal hərəkətə gətirib fəaliyyətə keçməyə sövq edən qüvvə mövcuddur və bu qüvvə ingilisin iradəsindən ibarətdir. "Mənim iradəm onunkuna (ingilisinkinə - Ş.Ş.) nisbətən çox zəifdir. Elə çıxmasın ki, bir ingilisin çölü onu mənim çölümün sövq etdiyi yollara sövq etməkdən xalidir. Xeyr! Zahir hər yerdə bu mənfur rolu oynayır. Lakin mənim əksimə olaraq, iç ingilisdə çöldən daha güclü, daha üstündür”.
Ə.Ağaoğlu Avropa cəmiyyətinin dayanmadan irəli getməsinin səbəbləri arasında şəxsi mənafenin ümumi mənafedən həmişə arxa planda tutulmasını da xüsusilə vurğulayır. Başqa sözlə, hər hansı bir fərd cəmiyyətdə tutduğu mövqedən asılı olmadan, öz "mən”ini, şəxsi mənafeyini önə keçirmək barədə qətiyyən düşünmür, hətta bilməyərəkdən belə bir addım atarsa, cəmiyyət onu ciddi şəkildə cəzalandırır, fərd isə cəmiyyətin analoji reaksiyasını dinməz-söyləməz qəbul etmək zorunda olur. Ə.Ağaoğlu fikirlərini izah etmək üçün bir neçə müvafiq misal gətirir. İngilis maliyyə naziri dostlarının əhatəsində növbəti ilin büdcəsi barədə söhbət açır. Söhbət oradaca qalmır. Məsələ dərhal böyüyür. Gələn ilin büdcəsi elan olunmamış maliyyə nazirinin bu barədə danışması qəbahət hesab olunur, dərhal Məclisə sorğu göndərilir. Artıq hamı əmin olur ki, nazir namuslu adamdırsa, vəzifəsində qalmamalıdır. "... Zavallı adam maddi baxımdan heç bir sui-istifadə halına yol vermədiyi halda, göz yaşları içərisində vəzifəsindən istefa verdi”. Yaxud Müdafiə Nazirliyinin daimi müstəşarlığında olan bir nəfər tanınmış bir şirkətlə müqavilə bağlayarkən, şirkətin hazırkı müdirinin vaxtı bitdikdən sonra onun yerinə keçmək arzusunu dilinə gətirdiyi üçün öz başına bəla açır. Onu dərhal tutduğu vəzifədən azad edirlər. Halbuki onun imzaladığı müqavilədə dövlətin əleyhinə, şirkətin xeyrinə heç bir şeyə yol verilməmişdi, yaxud ortada heç bir pul-para söhbəti, maddi qazanc niyyəti olmamışdı. Onun günahı, məhz vəzifədə ola-ola, arzusunu dilə gətirməsi idi. Əlbəttə, burada, insan azadlığının boğulmasından söhbət gedə bilməz. Ə.Ağaoğlu bununla demək istəyir ki, cəmiyyətin mənafeyi olan yerdə hətta şəxsi mənafe barədə düşünmək Avropada, konkret ingilislərdə bağışlanmaz hal sayılır. Müəllif bu qəbildən olan sərt tədbirlərin məqsədyönlü nəticələrə gətirib çıxardığını göstərir. Onun fikrincə, "içi dərhal hərəkətə gətirib fəaliyyətə keçməyə sövq edən qüvvə”nin (iradənin) nəticəsidir ki, ingilis cəmiyyəti bu səviyyəyə çatmışdır. O, qırx milyonluq bir xalqın dörd yüz əlli milyon asiyalını, afrikalını, amerikalı və avstraliyalını öz tabeliyi altında necə saxladığının sirrini də bunda görür. Müəllif öz xalqında da belə bir iradənin olmasını və bu iradə nəticəsində ingilislərin əldə etdiklərinə onun xalqının da sahib olmasını istəyir. İndiki halda bu, mümkündürmü? Müəllif müqayisə aparır: "Cəmiyyəti və onu ifadə edən əfkari-ümumiyyənin bu qədər canlı olduğu bir ölkədə, əlbəttə ki, mənimkinin xilafına olaraq zahir sönər, batin canlanar, Çöl susar, İç danışar və nə isə edər. Çünki hər kəs bilir ki, belə etməsə, özü söndürüləcəkdir”. Bu yerdə müəllif yenidən ingilis cəmiyyəti ilə müqayisələr aparır. İngilis cəmiyyətinin kifayət qədər canlı, aktiv, iradəli olduğuna diqqət çəkir. İngilis cəmiyyəti nədən bu qədər canlıdır? "Bunun bir çox səbəbləri vardır. Fəqət, başlıcası budur ki, bu ölkə yeddi yüz il bundan əvvəl hürriyyəti ələ almış və sərbəst fikir yayılmasına başlamışdır”. Müəllif bu sualın cavabını verməklə əslində özünün şəxsi arzularını qələmə almışdır. O, arzularının, xəyallarının Türkiyəsini görmək istəyirdi.
Beləliklə, "Mən kiməm” əsəri Ə.Ağaoğlunun nümunəvi cəmiyyət haqqında sosial-siyasi düşüncələrinin bədii-fəlsəfi ifadəsi baxımından da əhəmiyyətli hesab olunmalıdır. Əsərdə Ə.Ağaoğlunu həmişə düşündürən Şərq-Qərb məsələsi tamamilə orijinal ifadəsi baxımından özünün həllini tapmışdır.
Türklərin əski yaşam tərzi və inanclarından bəhs edən mifoloji "Tanrı dağında” hekayəsi Ə.Ağaoğlunun türk dünyası ilə bağlı düşüncələrini əks etdirir. Tədqiqatçıların qeyd etdikləri kimi, əsərdə təsvir olunan qədim türk adətləri və inanclarına dair lövhələri müəllif V.İ.Seroşevskinin məşhur "Yakutlar” əsərindən götürmüşdür. Ə.Ağaoğlu, əhəmiyyətini nəzərə alaraq həmin əsəri türk dilinə çevirmişdir. Tanınmış tədqiqatçı, professor Vilayət Quliyev çapa hazırladığı həmin əsərlə bağlı şərhində bu barədə yazır: "Əhməd bəy Ağaoğlu V.İ.Seroşevskinin kitabındakı süjetlərdən birindən istifadə edərək özünün "Tanrı dağında” mifoloji hekayəsini qələmə alarkən, yalnız həmin mənbə ilə məhdudlaşmamış, onu bir sıra digər məxəzlərdən götürdüyü faktlarla, bilgilərlə, habelə şəxsi fantaziyası ilə daha da zənginləşdirmişdir”.
Əsər "Tanrı hüzuruna gedirdik” cümləsi ilə başlayır və bu da təsadüfi deyildir. Türk mental düşüncəsində Tanrı ilə üz-üzə olmaq, Tanrıya tapınmaq bir özünəməxsusluq təşkil edir. Əsərin qəhrəmanını Tanrının hüzuruna Şamanlar Şamanı Qaraqurumlu Göyçə aparır. Ə.Ağaoğlu Şamanlar Şamanı obrazını Tanrı ilə təmizlənməyə ehtiyacı olan bəndə arasında vasitəçi kimi yaratmışdır. O, yolgöstərəndir, güclüdür, gücü isə inamına bağlıdır. O, nəfəsin təmizliyinə, təmiz nəfəslə hər şeyə nail olmağın mümkünlüyünə inanır. Onun fikrincə, əslinə qayıdış bütün uğurların açarıdır.
Tanrı hüzuruna gedən hər dayanacaqda bir bilgi, bir dərs alır. Növbəti dəfə onu təmizlənmə mərasimi gözləyir. Şamanlar Şamanı onu Tanrı suyunda çimdirir. Müəllif Tanrı suyunda çimməyi mənəvi təmizlik hesab edir. Tanrıya qovuşmaq üçün ruhən təmizlənməli, qəlbən saflaşmalısan. Ruh pislikləri insanı məhvə aparır. Müəllif Şamanlar Şamanının dili ilə ruh pisliyinin nə olduğunu, hansı fəsadlar törətdiyini açıb göstərir.
...Tanrı dağı. Minlərcə insan nicat üçün buradadır. Ulu Toyon Tanrı hüzuruna gələnləri unutqanlıqda, babaların yolundan sapmaqda, "bütün zorların, bütün qüvvələrin anası” olan istəkdən vaz keçməkdə, güclülərə uymaqda, gücə tapınmaqda ittiham edir. Müəllif burada türkün keçib gəldiyi tarixi yola nəzər salır. Türklər tarix boyu birlik nəticəsində dünyanın dörd bir tərəfinə insaniyyət yaymış, mədəniyyət saçmış, bəxtiyarlıq vermişdir. Fəqət, illər keçəndən sonra onlar dəhşətli bir səhvə yol vermişlər: "... bir zaman gəldi ki, sən bu söz birliyinə baxmadın, məni unutdun. Ayaqların tutuldu, əllərin işləməz, gözlərin görməz, beynin düşünməz, ürəyin çırpınmaz oldu. Ulusu sevməz oldun, hova, iməciliyə çıxmadın, yetim çocuqları, dul qadınları unutdun! Sonra səndə istək də qalmadı. Babalarımızda istək vardı və dünyanın bir ucundan o biri ucuna bir ox kimi sıçrarlardı!.. Çünki istək bütün zorların, bütün qüvvələrin anasıdır. Varlıq odur! Fəqət, sən onu qeyb etdin, güclülərə uydun. Gücə tapındın. Ulusda yaşamaq üçün nə həvəs qaldı, nə də dərman! O çağdan bəri Tanrı yurdu məzarlıq oldu, qulların diri deyil, ölü oldular. Canlı deyil, kölə oldular! Tarlalar qurudu, bağçalar soldu, kəndlər dağılıb məhv oldu, şəhərlər yıxıldı. Bunu görən xaricilər dərhal Tanrı qövmü üzərinə hücum etdilər. Ağalıq getdi, köləlik gəldi. Bütün bunları siz özünüz etdiniz...” Ulu Toyon vəziyyətdən çıxış yolu da göstərir: Kişilik yolu ilə getmək! Şamanlar Şamanının Tanrı aşiqlərini anda dəvət etməsi və andın məzmunu əsərin əsas ideyasını təyin edir: "Yerin, göyün, canlı-cansız – hər şeyin yaradanı uca Tanrıya bu andı içiriz: haqdan başqa bir kimsəyə uymayacağız!.. Yürüyəcəyiz! Başımız dik, ürəyimiz açıq, sözümüz ötkəm – yürüyəcəyiz! Heç bir əngəl bizi durdurmayacaq!..” "Tanrı dağında” əsərinin mövzusu türk mifologiyasından götürülsə də, başdan-başa Ə.Ağaoğlunun ictimai-siyasi görüşlərini əks etdirir.
Yekun olaraq qeyd edə bilərik ki, Ə.Ağaoğlu Azərbaycan, eləcə də bütöv türk dünyası ictimai və bədii fikir tarixinə Şərq və Qərb düşüncə sisteminin daşıyıcısı kimi daxil olmuşdur. Onun bənzərsiz, zəngin bədii-fəlsəfi irsi bir yazıçı-mütəfəkkir olaraq dünyagörüşünün müəyyənləşdirilməsi, sənətkarlıq xüsusiyyətlərinin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Şahbaz Şamıoğlu,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru,
dosent
banner

Oxşar Xəbərlər