• şənbə, 20 Aprel, 04:04
  • Baku Bakı 15°C

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

13.03.19 15:00 698
Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
Martın 13-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTACxəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanın son illər dinamik inkişaf yolunda olduğunu deyib.
Həyata keçirilən islahatların insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldildiyini bildirən Bahar Muradova qeyd edib ki, Azərbaycanın hərtərəfli inkişafı nəzərdə tutulan əsas məqsəddir. Bu məqsəd də vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib.
Sonra gündəlikdəki məsələlərə baxılıb.
Bahar Muradova "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı və tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında” və "İnformasiya əldə etmək haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, dəyişikliklər "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun icrası məqsədilə edilir.
Azərbaycanda çox böyük iqtisadi layihələrin reallaşdırıldığını deyən B.Muradova qeyd edib ki, görülən işlər nəticəsində böyük yol qovşaqları, körpülər tikilir, müxtəlif infrastruktur, enerji layihələri icra edilir. "Bu fəaliyyət nəticəsində ətraf mühitə müsbət və mənfi təsirlər olur ki, bu da nəzərə alınmalı, onların qarşısının alınması və müsbət təsirlərinin genişləndirilməsi nəzərdə tutulmalıdır. Bu məqsədlə bir sıra qanunlara dəyişikliklər etmək nəzərdə tutulub”,- deyə komitə sədri vurğulayıb.
Parlament Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov "Ekoloji təhlükəsizlik haqqında” Qanuna təklif olunan dəyişikliyin mahiyyəti barədə məlumat verərək qeyd edib ki, müəyyən fəaliyyətlər həyata keçirilərkən mütləq şəkildə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda müəyyən olunmuş məhdudiyyətlər nəzərə alınmalıdır.
Bildirilib ki, "Su təchizatı və tullantı suları haqqında” Qanunda təklif olunan dəyişikliklər böyük şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi zamanı mütləq ekoloji qiymətləndirmənin aparılmasını nəzərdə tutur.
Sonra "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.
Parlament Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bu qanunlara təklif olunan dəyişikliklər barədə məlumat verib.
Sonra "Kommersiya sirri haqqında”, "Banklar haqqında”, "Mühasibat uçotu haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Qiymətli metallar və qiymətli daşlar haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Daxili audit haqqında” və "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təklif olunan dəyişikliklər barədə məlumat verib.
Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
banner

Oxşar Xəbərlər