• cümə, 19 Aprel, 00:16
  • Baku Bakı 18°C

Regional Rəqəmsal Mərkəzə çevrilmək

07.02.19 11:30 944
Regional Rəqəmsal Mərkəzə çevrilmək
Son illər Azərbaycanda iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafı üçün mühüm işlər görülüb. Ölkə başçısı Cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş müxtəlif Dövlət Proqramları, aparılan kompleks islahatlar nəticəsində iqtisadiyyat inkişaf edib, Azərbaycan nüfuzlu reytinqlərdə irəliləyib.
Son 25 il ərzində görülmüş işlər Azərbaycanı regionun enerji və nəqliyyat mərkəzinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Baki-Tbilisi Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, Avropanın enerji ehtiyaclarının təmin edilməsinə mühüm töhfə olan Cənubi Qafqaz Qaz Boru Kəməri, onun davamı olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Cənub Qaz Dəhlizinin üçüncü hissəsi olan və tikintisi davam edən Trans-Adriatik Boru Kəməri (TAP) və digər layihələr nəticəsində Azərbaycan artıq Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində həm enerji, həm də nəqliyyat mərkəzinə çevrilib.
Həmçinin, hazırda dünyada ən aparıcı sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsində də ölkəmizdə inkişaf baş verib, İKT sahəsinin inkişafına hədəflənən müxtəlif proqramlar, sərəncamlar qəbul olunub. Bunların arasında "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nı, "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ni, özündə İKT sektorunun da inkişafını əks etdirən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasını, eləcə də cari ilin 10 yanvar tarixində imzalanmış Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını və digərlərini göstərmək olar.
Sənaye 4.0 şəraitində İKT sektorunun inkişafı
Hazırda Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) "State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79%). Dünya Bankının "Doing Business 2019” hesabatında isə ölkəmiz ümumilikdə Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Bütün bu göstəricilər - ölkədə İKT sektorunda istər dövlət, istərsə də özəl qurumlar tərəfindən görülmüş işlər son nəticədə ümumi inkişafa təkan verib. Təqdirəlayiq haldır ki, İKT sektorunun inkişafı üçün artıq təkcə dövlət deyil, həmçinin özəl qurumlar, iri şirkətlər də müvafiq işlər görürlər, layihələr icra edirlər.
Hazırda, Azərbaycanın ilk mobil operatoru Bakcell şirkətinin törəmə şirkəti olan və Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti tərəfindən mühüm bir proqram icra edilir.
Şirkət ölkənin telekommunikasiya sektorunda mühüm və innovativ bir layihə olan "Azerbaijan Digital Hub” proqramına start verib. Bu proqram özündə ölkənin hazırda malik olduğu enerji və nəqliyyat mərkəzi statusu ilə bərabər gələcəkdə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsini ehtiva edir.
Layihə ümumilikdə Sənaye 4.0 şəraitində ölkəmizdə innovasiyaların tətbiqini, yeni infrastruktur layihələrinin icra edilməsini, telekommunikasiya sahəsinin yeni bir səviyyəyə çıxarılmasını nəzərdə tutur.
"Azerbaijan Digital Hub” layihəsi Sənaye 4.0 şəraitində mühüm inkişafa yol aça bilər. Bu layihə Azərbaycanı Regionun Rəqəmsal Mərkəzinə çevirməklə dünyanın nəhəng İT korporasiyalarının (Apple, Amazon, Facebook, Netflix, Alibaba və s.) Azərbaycana gəlməsinə, burada qərarlaşmasına şərait yarada bilər.
Layihənin əsas məqsədlərindən biri Azərbaycanın internet alışında xarici dövlətlərdən (Avropa ölkələrindən) asılılığının azaldılması və internetin buradan digər regionlara ixrac edilməsidir. Bunun üçün isə Bakı dünyanın internet xəritəsində olan Frankfurt, Sofiya, London, Moskva, Dubay və İstanbul kimi internet mərkəzi olacaqdır. Başqa sözlə desək, bu, Bakının İnternet Mübadilə Mərkəzinə (Internet Exchange Point) çevrilməsi deməkdir. Bakının belə mərkəz olması o deməkdir ki, artıq regionda digər ölkələr öz internet ehtiyacları üçün Frankfurt, Sofiya, Londona deyil, məhz Bakıya birləşəcəklər və interneti buradan əldə edəcəklər. Bu isə imkan verəcək ki, həmin dövlətlərin Bakıdan aldığı internet daha ucuz, eləcə də daha sürətli olsun. Həmçinin, proqram ölkəmizin hazırda müxtəlif rəqəmsal xidmətlərin idxalçısından bu xidmətləri ixrac edən tərəfə çevrilməsini də nəzərdə tutur. Bu isə hazırda "Made in Azerbaijan” brendi altında istehsal olunan müxtəlif məhsullarla yanaşı həm də Azərbaycanda istehsal olunmuş rəqəmsal məhsulların və xidmətlərin də bu brend altında ətraf regionların dövlətlərinə ixrac edilməsinə imkan verəcək.
"Azerbaijan Digital Hub” proqramına əsasən, Azərbaycan gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta və Cənubi Asiya, eləcə də digər ətraf regionlarda yaşayan 1.8 milyard əhalinin internet və müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə töhfə verəcək.
Avropadan Çinə qədər dayanıqlı infrastruktur
AzerTelecom şirkətinin "Azerbaijan Digital Hub” proqramının reallaşması ilə Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Bu qlobal magistral xətlərin ölkəmizdə kəsişməsi isə Avropadan Çinə qədər olan regionda vahid və dayanıqlı bir magistral infrastrukturun formalaşmasına töhfə verəcək. AzerTelecom şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, artıq şirkət ölkə boyu dayanıqlı fiber-optik magistral şəbəkənin yaradılması üçün Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlığa başlayıb. Magistral kabel xətləri dəmir yolunun mühafizə zolağı boyu çəkilir.
"Azerbaijan Digital Hub” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi həm də hazırda Çin hökumətinin təşəbbüskarı olduğu "Belt and Road Initiative” layihəsində Azərbaycanın iştirakına öz töfhəsini verər. "Belt and Road Initiative” layihəsi Avropa, Asiya və Afrika ölkələrində infrastruktur inkişafı, investisiya yatırımlarını özündə ehtiva edir ki, Azərbaycan da "Rəqəmsal Mərkəz” kimi "Belt and Road Initative” qlobal layihəsinin bir hissəsinə çevrilə bilər.
Özəl sektordan mühüm investisiya yatırımı, dövlət vəsaitlərinə qənaət
Magistral provayder AzerTelecom şirkətinin hazırda icra etdiyi "Azerbaijan Digital Hub” proqramının ölkəmiz üçün ən mühüm üstünlüklərindən biri də odur ki, belə bir böyük layihə tam olaraq özəl sektor tərəfindən icra olunur. Bu isə dövlət investisiyalarına əhəmiyyətli şəkildə qənaət edilməsi deməkdir. "Azerbaijan Digital Hub” proqramının icrası ilə ölkədə yeni iş yerlərinin yaranması, xüsusilə də bu iş yerlərinin rəqəmsal sahədə olması qeyri-neft sektorunun və rəqəmsal iqtisadiyyatın inkişafına da töhfə verəcək. Bir qayda olaraq rəqəmsal sahədə 1 yeni iş yerinin açılması digər əlaqəli sahələrdə də bir neçə iş yerinin açılmasına imkan verdiyi üçün layihə ümumilikdə ölkə iqtisadiyyatının, məşğulluğun inkişafına mühüm töhfə verə bilər.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər