2019 daha uğurlu olacaq - Fotolar
2018-ci ilin son həftəsini yaşayırıq. Beləcə, bir
ili də yola salırıq. 2019-cu ildən isə gözləntilərimiz sonsuzdur. Hər yeni il
başlayanda onun bizə uğur gətirəcəyinə və problemlərimizin, uğursuzluqlarımızın
köhnə ildə qaldığına özümüzü inandırmağa çalışırıq. Bu il həm nikbin, həm də
bədbin xatirələrlə ömür kitabımıza həkk olundu.Biz də ilin son həftəsi olduğunu nəzərə alaraq,
incəsənət nümayəndələri arasında sorğu etdik. Onların həyatında 2018-ci ilin
hansı xatirələrlə qaldığını və bu ildən o biri ilə nələr apardıqlarını
öyrənməyə çalışdıq.
2018-ci ili müsbət qiymətləndirirəm
Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər
Eldarov deyir ki, 2018-ci ili uğurlu
qiymətləndirir: "İş ondadır ki, bizim respublika çox tez və dinamik inkişaf
edir. Düşünürəm ki, bu mənada şəhərimiz rekordçudur. Belə ki, ölkə olaraq inkişaf
edir, tanınırıq. Bizim Rəssamlıq Akademiyasının əməkdaşları da bu hərəkətli atmosferdə
yaşayır. Bunu qeyd etmək lazımdır ki, bizdə çox xoşagələn, ürəkaçan hadisələr
baş verir, tədbirlərimiz gözəl keçir. Məndə ildən-ilə elə düşüncə yaranır ki, istedadlı
gənclərimiz çoxdur. Ona görə ki, bizim tələbələrimizin müvəffəqiyyətləri, uğurları
inanılmaz dərəcədədir. Rusiyanın Nazirlər Sovetinin birinci katibinin müavini
Medvedyeva Olqa Yurievna qonağımız oldu. O, bizim 17-18 yaşlı tələbələrimizin
işlərini görəndə təəccübləndi ki, onlar tədbiri necə də yüksək səviyyədə
keçirdilər. Buna görə də düşünürəm ki, biz hər il professional ustalıqla irəli
gedirik. Bizdə ildən-ilə bir-birindən gözəl tədbirlər keçirilir. Hərdən elə
problemlərimiz də olur ki, düşünürəm, bunları da həll etmək olar. Məsələn,
bizim akademiyanı bitirən tələbələr işədüzəlmə məsələsində bəzən çətinlik
çəkirlər. Bu problemlə çox aktiv məşğul olmaq lazımdır. Düşünürəm ki, Rəssamlıq
Akademiyasında ilimiz çox müsbət keçib. Neqativ hadisələr olmayıb. 2019-cu
ildən isə gözləntilərimiz yüksəkdir”.
2019-cu ili dövlətçiliyin və xalqımızın inkişaf ili kimi
qiymətləndirirəm
Xalq artisti
Nurəddin Mehdixanlı 2018-ci ilin onun yaddaşında bir çox
tədbirlərlə qaldığını bildirdi: "2018-ci ildə bir çox səfərlərimiz oldu.
Azərbaycan mədəniyyəti tarixində böyük xidməti olan ədiblərimizin prezidentimizin
fərmanı ilə yubiley tədbirləri həyata keçdi. 2018-ci ildə Azərbaycan dilinin
qorunması ilə bağlı prezidentimiz cənab İlham Əliyevin verdiyi sərəncam daha
çox yaddaşımda qaldı. Qloballaşan dünyada dilimizin özünəməxsusluğunu,
dəyərlərimizi qorumaq əsas vacib işlərdən biridir. Cənab prezident bu məsələni
gündəmdə saxladı və bununla bağlı bir çox görüşlərimiz, tədbirlərimiz baş
tutdu. Hesab edirəm ki, bu fərmanın dilimizin qorunmasında müstəsna rolu var.
2018-ci il Azərbaycan dövlətinin güclənməsi və yeni hərbi texnikaların əldə edilməsi
ilə yadda qaldı. Nəhayət, 2018-ci ildə toplanan bu güclü siyasi, mədəni, hərbi
baza bir çox problemlərin həllində böyük rol oynayacaq. 2019-cu ilin Azərbaycanın
taleyində ciddi dəyişikliklərlə dolu olacağına ümidlərim böyükdür. İnanıram ki,
2019-cu il Azərbaycanın ən yaralı yeri olan işğal altındakı torpaqlarımızın
azad olunması prosesi ilə yadda qalacaq. Gedən proseslər onu göstərir”.
Xalq artisti 2019-cu ildən gözləntilərini də
səsləndirdi: "Yeni ildə Azərbaycan yeni inkişaf mərhələsinə başlayacaq. Bütün
sahələrdə daha sürətli inkişaf baş verəcək. 2019-cu ili Azərbaycanda dövlətçiliyin
və xalqımızın inkişaf ili kimi adlandırardım və o cür görmək istəyirəm. İnşallah
belə də olacaq. Dünyanın harasında yaşamağından asılı olmayaraq, özünü bu vətənin
bir parçası hesab edən bütün həmvətənlərimi ürəkdən təbrik edirəm və yeni ildə
onlara uğurlar arzulayıram. İstəyirəm ki, 31 dekabr təkcə gün olaraq Azərbaycanlıların
Həmrəylik Günü deyil, həm də il olaraq bütövlükdə dünya azərbaycanlılarının
həmrəylik ili olsun. Həmrəy olaraq bütün problemlərimizi həll etmək gücündəyik.
Bu dövlət, bu bayraq bütün azərbaycanlılarındır. Dövlətimizin yanında olmaq
bizim borcumuzdur”.
Onu çox böyü səbirsizliklə gözləyirik
Xalq artisti Məsum
İbrahimov deyir ki, 2018-ci il çox böyük hadisələrlə həyatına
rəng qatıb: "Mənim üçün yaradıcılıq baxımından çox uğurlu bir il oldu. Belə ki,
geridə qoyduğumuz bu 2018-ci ildə bir çox tədbirlərimiz, konsertlərimiz,
tamaşalarımız həyata keçdi. Həm Azərbaycanda, həm də Azərbaycandan kənarda bir
çox konsert proqramları ilə çıxış etdim. İli Gəncədə Filarmoniyanın açılışı ilə
açdım. Daha sonra Qəbələdə, Sumqayıtda konsertim baş tutdu. Bu il konsert
proqramımı bölgələrdən başladım. İtaliya prezidentinin sarayında solo konsertlə
çıxış etdim. Bu konsert canlı olaraq Avropaya yayımlandı. Ankarada solo
konsertim oldu. Bunlar muğamın YUNESKO siyahısına salınmasının 10 illiyi ilə
bağlı konsertlər idi. Ağdamda möhtəşəm Muğam Mərkəzi açıldı. Biz orada Mehriban
xanım və prezidentimizlə görüşdük. 2 gün öncə həmrəylik günü münasibəti ilə
həmin binada konsert proqramı ilə çıxış etdik. Bu gün Təbrizə yola düşürük.
Təbrizdə ustad dərslərim baş tutacaq. Bütün bunlardan yola çıxaraq bu ili
uğurlu hesab etməmək olmaz. Hətta ilin sonuna yaxın VMF saat firmasının siması
seçildim. Bu mənim üçün qürurverici hadisədir. Milli saatların siması seçilmək
çox gözəl hissdir. 2018-ci il həyatımda ən xoş xatirələrlə qaldı”.
Xalq artisti 2019-cu ildən gözləntilərini bildirdi:
"Bu ili dönüş ili kimi qeyd etmək istəyirəm. Qarabağda dönüş ili olacağına
əminəm. Cənab prezidentimiz İlham Əliyev Ağdamda Muğam Mərkəzinin açılışında çox
gözəl fikir səsləndirdi. Dedi ki, tezliklə Muğam Mərkəzinin ən böyüyünü işğal
olunmuş torpaqlarımızda inşa edəcəyik. Bu tədbirləri biz orada qeyd edəcəyik.
Bu fikirlər məni çox ruhlandırdı. Məhz bu səbəbdən 2019-cu ilə ümidlərim
böyükdür. 2019-cu ildə 7-ci muğam müsabiqəsinə start verəcəyik. Onu çox böyük səbirsizliklə
gözləyirik. 2019-cu ilin ölkəmiz üçün də uğurlu olacağına böyük ümid edirəm”.
İtkilərimiz çox oldu
Xalq artisti
Gülyanaq Məmmədova 2018-ci ili uğurlu və uğursuz xatirələrlə
yaddaşına həkk edib: "2018-ci ildə bir çox səfərlərim oldu, konsert proqramları
ilə çıxışlar etdim. İlin başlanğıcında, mart ayında atamı itirdim. Fevral
ayında ustadımız Kamil Vəzirovu itirdik. İtkilərimiz çox oldu. Deyirlər
xeyirlə-şər qardaşdır. İnsanın bir gözü güləndə, bir gözü ağlayır. Bu günümə
şükür edirəm. Allah hamıya can sağlığı versin. 2019-cu ildən çox şey
gözləyirəm. İstərdim ki, bütün arzularım 2019-cu ildə həyata keçsin. Allahdan
əsas cansağlığı arzulayıram. Bu da Allahın qismətidir. Biz aktiv olmalıyıq ki,
həyatımızda xoş hadisələr olsun. Yeni ilimizə xoş arzularla giririk. Ümid
edirəm ki, 2019-cu il bizim üçün uğurlu olacaq”.
Xalq artisti
Teyyub Aslanov üçün bu ili yaddaqalan edən hadisələr də az
olmayıb: "2018-ci ildə yaddaqalan tədbirlərimiz çox oldu. Onların sırasında
dövlət tədbirləri də var, universitetdaxili tədbirlər də. Amma ümumiləşdirib
demək istəyirəm ki, 2018-ci ilin ən yaddaqalan hadisəsi ölkə başçımızın
Cümhuriyyətin 100 illiyi münasibətilə bir çox sənətçilərə fəxri adlar verməsi
oldu. Onların sırasında mən də var idim. Xalq artisti adına layiq görüldüm. Bu
mənim üçün sevindirici hal oldu. Sözsüz ki, nəinki 2019-da, bundan sonra qalan
ömrüm boyu elə işləyəcəm ki, bu etimadı doğruldum. Ən əsası, 2018-ci ili
Allahın köməkliyi ilə sağlam başa vurduq. Fikirləşirəm ki, insan üçün əsas olan
sağlam yaşamaqdır”.
Xəyalə Rəis