• cümə, 19 Aprel, 19:02
  • Baku Bakı 24°C

Ağlın toxluğundan qəlbin aclığına

24.12.18 12:30 1517
Ağlın toxluğundan qəlbin aclığına
Anna Karenina və inam

Bəzən insan nəticəsinin yalan olduğunu irəlicədən bildiyi hadisələrə də, ilk sözündən kələk danışdığını anladığı insana da inanmaq istəyir, özünü yalanla bəsləyən, yediyi-içdiyi yalan olan, artıq içindəki çoxüzlülüyə alışmış adamdan belə qarşı tərəfdən sabitqədəmlik, aşkarlıq, sözübütövlük gözləyir. Yalana bulaşmış insan təmizlənə, ilkin paklığına qovuşa bilər, amma keçmişin daşlaşmış üzü – bəlli tarixçələr, ağrılı xatirələr insan yaddaşında sayrışanda, sanki o paklıq, təmizlik də arxa plana keçir. Dinin bir gözəl tərəfi də odur ki, o bizə inanmağı təlqin edir. İnanmadan, etibar etmədən, daim kimlərdənsə qorunaraq yaşamaq zülmdür. Daimi səksəkə, pusqu, ehtiyatlılıq insanı mənəvi avaralığa yuvarlayır. Arvadından xəyanət görmüş, insanlar arasında rüsvay olmuş Aleksey Aleksandroviç həm də inamsızlığın qurbanıdır.
Əlbəttə, heç nə havayıdan peyda olmur, Alekseyin bu ruhi hala düşməsinin səbəbkarı arvadı Annadır. Aleksey Moskvada olanda Annadan ona məktub gəlir. Annanın məktubunda yazılıb: "Ölürəm, xahiş edirəm ki, gələsiniz. Bağışlansam, rahat ölərəm”. Aleksey bu məktubu əvvəlcə kənara tullayır, bu kağızda yazılanlar yalan və hiylə ilə dolu olduğuna inanır. O, ilk anda düşünür: "Bu qadının əl atmadığı yalan qalmayıb”. Və Annanın ona yaşatdığı çətinliklərdən təngə gəlmiş bu adam niyə toxtaqlıq tapmır, nə üçün növbəti dəfə inanır ona? Əsərdə Aleksey Aleksandroviçin Annanı qadın kimi sevməsi bu hissəyə qədər sanki ört-basdır edilir. Digər hissələrdə biz Alekseyi karyerist bir insan, ailəni cəmiyyət naminə sevən biri kimi görürük, onun quruluğu, uzun-uzadı iş-gücündən danışması oxucuda elə qənaət yaradır ki, bu adamın qəlbi daşdandır. Amma bu hissədə bir detal Alekseyin məhəbbətinin səmimiyyətini açır. Əvvəlcə Annanın yalan danışdığını düşünən Aleksey sonra fikirləşir: "Əgər bu həqiqətdirsə, yəni iztirab və ölüm anlarında o səmimi peşmanlıq duyursa, mən bunu yalan kimi qəbul edib getməkdən imtina etsəm, bu nəinki qəddarlıq, eyni zamanda, mənim tərəfimdən axmaqlıq olacaq”. Bu fikirdən aydın olur ki, Alekseyin qəlbində arvadına qarşı məhəbbət varmış. Çünki insan dəfələrlə aldandığı adama bir də inanmaq, bir də onu bağışlamaq, yenə ona şans vermək aqibəti ilə bir daha maraqlanırsa, deməli, onun qəlbi məhəbbətdən məhrum deyil. İnsan ancaq sevdiyinə dönə-dönə aldana bilir. Sevəndə hər yalandan bir həqiqət, hər mehrdən bir sədaqət umursan, yaxşıya olan ümidin heç vaxt tam sönmür. Bitkilərin işığı gördüklərini sınamaq üçün Darvin bitki olan qaranlıq bir otağın küncünə işığı güclə sezilən bir şam qoyur, şamın işığı o qədər zəifmiş ki, otaqda şamın yandığını görmək olmurmuş. Amma sınağın nəticəsində aydın olub ki, otaqdakı gül, öləziyən işığa tərəf uzanıb. Məhəbbət də belədir, o daim işığa tərəf əyilir, məsələ, işığın böyüklüyündə deyil. Ona görə də Alekseyin ölüm ayağında olan Annanın yanına getməsini tam şəkildə sonrakı peşmanlıqdan xilas kimi qavramaq olmaz, bu addım məhəbbətin diktəsiylə atılır.
Bəs son nəfəsdə olan arvadını görmək, onu bağışlamaq Alekseyə nə verəcək? O İsa Məsih olmaq istəyir? Axı, boynuna hərənin bir xaç asdığı cəmiyyət ondan İsa Məsihlik ummur, cəmiyyətin say-seçmələri ən mötəbər tədbirlərdə ona başqalarını misal çəkərək yarasının üstündən bir yara da vururlar, onu nakişilikdə, xoşqeyrətlikdə ittiham edirlər. Məsələn, məclislərin birində Trovtsın ona deyir:
– "Siz Pryaçnikov haqqında eşitmisinizmi?.. Vasya Pryaçnikov... Bu gün məhz onu danışırdılar ki, o, Tverdə Kvıtskiylə duelə çıxıb, onu öldürmüşdür.
– Pryaçnikov nə üçün duelə çıxmışdır?
– Arvadına görə. Kişi kimi hərəkət etdi! Duelə çağırıb öldürdü”.
Cəmiyyət Annanın gizli-gizli eyş-işrətini normal qəbul etdiyi kimi, Alekseyi də qatil olmağa sövq edir. Əsərin qəhrəmanları isə cəmiyyətin normaları ilə hesablaşmırlar.
Bəs Aleksey nədən narahatdır, o nə üçün Annanı bağışlamaq istəyir, niyə buna can atır axı? Çünki Annanı bağışlayaraq qəzəbindən xilas olmaq istəyir. İnsan qarşı tərəfi bağışlayanda, onun qəlbində baş verənlərin qiyməti əvvəlki əhəmiyyətində olmur. Musa Yaqub "Qoruyun məni” şeirində yazır ki, "hirsim böyüdükcə həbsim böyüyür”. Doğurdan da, belədir, insan nifrət edəndə, kin bəsləyəndə, o, özünü qəzəbinin zindanına salmış olur, nəticədə əksər azadlıqlarını itirir. Alseksey Aleksandroviçi daha səadət gözləmir, heç nə əvvəlki kimi olmayacaq, amma o, özü ruhən rahatlıq tapacaq – günahkar birini bağışlayacaq. Bağışlamaq insanın ittihamçı mövqeyini müdafiə mövqeyinə dəyişməsidir. Aleksey Ananın yanına gəlir, onu bağışlayır. Tolstoy bu məqamı belə əks etdirir: "Aleksey Aleksandroviçin ruhi pərişanlığı getdikcə artırdı, indi o dərəcəyə çatmışdı ki, artıq özüylə mübarizə etməkdən əl çəkdi, birdən hiss elədi ki, ruhi pərişanlıq saydığı şey, əksinə, indi ona birdən-birə yeni və heç vaxt hiss etmədiyi xoşbəxtliyi bəxş edən ruhun ən möhtəşəm halıdır. O düşünmürdü ki, həyatı boyunca əməl etmək istədiyi xristianlıq qanunlarına öz düşmənlərini əfv etməsini və sevməsini buyurub, lakin düşmənlərinə qarşı duyduğu məhəbbət və əfv hissi onun bütün qəlbini sevinclə doldurmuşdu”.
Nəzərə almaq lazımdır ki, Anna ölümcül günə əbəs yerə düşməyib, o, doğuşdan sonra zahılıq qızdırması keçirib və bu hala qalıb. Həmin qızdırmaya "əcəl hərarəti” deyirlər və qadınlar o mərəzdən hələm-hələm salamat çıxmırlar. Anna ölüm ayağında Aleksey Aleksandroviçdən daha ağır bir xahiş də edir, ona deyir ki, Vronskiyə əlini uzat, onu bağışla. Annanın əri onun bu xahişini də yerinə yetirir. Sonra Vronski ilə Aleksey Aleksandroviç eyvana çıxırlar və burada Alekseyin mahiyyəti tam açılır: "Mən onu gördüm və bağışladım. Və bağışlamaq xoşbəxtliyi mənə öz vəzifəmi açıb göstərdi. Mən onu tamamilə əfv etdim. Mən bir üzümə vuranlara o biri üzümü çevirmək istəyirəm, kaftanımı əynimdən çıxaranlara köynəyimi də vermək istəyirəm və Allaha yalnız ona görə yalvarıram ki, əfv etmək xoşbəxtliyini mənim əlimdən almasın”.
Tolstoy hələ əsər bitməmiş əsas qəhrəmanları üz-üzə qoyur, məlum olur ki, əsas qəhrəmanların hər biri günahkardır. Dünya özü bütövlükdə günah içərisindədir və o dünyanın kiçik bir modeli olan ailə də günahdan xali deyil. Cübran Xəlil "Peyğəmbər” əsərində yazır ki, "Çox zaman məhkum zərərçəkmişin qurbanı olur”. Bəlkə də, Annanın başına gələnlərdə, bu qədər günaha batmasına, ölüm anında başının üzərində iki kişinin dayanmasına baiskar elə əridir? Əgər əri ailə səadətini qoruyub saxlasaydı, Vronksi də bütün bu günahlara batmaz, ərli qadının ailəsinə daxil olmaz və öz ömrünü daha xeyirli əməllərə yönəldərdi? Ona görə də zərərçəkmiş – ailə ləyaqəti tapdanmış Aleksey Aleksandroviç məhkum vəziyyətindəkiləri – Annanı və Alekseyi bağışlamalıdır. Tolstoy qəhrəmanlarını bu vəziyyətə gətirir – onların mahiyyət olaraq bir-birini bağışlamasından özgə çarələri qalmır. Fəqət bağışlamaq onların yaxınlaşması demək deyil, əksinə, onların biryolluq bir-birinin həyatından sovrulub getmələridir. Bu qarmaqarışıq, bəlalı sevgi bir məbəddir və onun kənardan möhtəşəm görünməsi üçün gərək böyük sütunları olsun. Eyni zamanda, lazımdır ki, o gözəlliyi yaradan sütunlar bir-birindən aralıda dayansınlar. Gərək o gözəlliyi ayaq üstə saxlayan sütunlar hərəsi özünə bir yer tapsın. Qəhrəmanlarının düşdükləri ağır durum müqabilində Tolstoy bu cür kamil bir mövqe tutmaqlarını istəyir.

Anna Karenina və çin yuxu

Anna Karenina ərinə xəyanət etməsindən sonra yuxuda həm ərini, həm də Vronskini görür. Yuxuda onun iki əri olur – Vronski və Aleksey Aleksandroviç. Onun yanında iki kişi dayanıb: nikahda olduğu əri və sevgilisi. Yuxuda hər iki kişi Annanı çox rahat qəbul edir, rahat bölüşürlər, hətta əri vurğulayır: "indi hər şey daha yaxşıdır”. Anna isə gülərək deyir ki, daha onların hər ikisi xoşbəxt və məmnundurlar. Sonra Anna yuxudan dəhşət içində ayılır, başa düşür ki, bu vəziyyətə – ikiərliliyə heç bir neçə saniyəlik yuxuda dözmək olmur, bəs, oxşar vəziyyətə real həyatda necə tab gətirir?
Amma gün gəlir ki, Annanın yuxusu çin çıxır. O, zahılıq qızdırması keçirib halı pisləşəndə Aleksey Aleksandroviç və Vronski onun başının üzərində olur, onu tək buraxmırlar. Anna həmin ağır durumda deyir: "Mənə təəccüb etməyin, mən yenə də əvvəlki kimiyəm... lakin mənim içimdə başqa biri var, mən ondan qorxuram – içimdəki o başqa Anna onu sevdi, mən ona nifrət etmək istədim, lakin əvvəlki Annanı unuda bilmədim. O Anna mən deyiləm. İndi mən bütün varlığımla həqiqi Annayam. İndi mən ölürəm və mən bilirəm ki, öləcəyəm, istəyirsən ondan soruş. Mən indi də hiss edirəm ki, qollarımdan, ayaqlarımdan, barmaqlarımdan ağır pudlar asılıb. Barmaqlarıma bax, gör, necə şişib! Lakin bütün bunlar tezliklə bitəcək... Mənə yalnız bir şey lazımdır, sən məni bağışla, tamamilə bağışla!.. ...Yox, məni bağışlaya bilməzsən! Mən bilirəm ki, bunu bağışlamaq olmaz. Yox, yox, sən get, sən çox yaxşı adamsan!..” "Yalnız bunu yadında saxla ki, mənə yalnız bağışlanmaq lazım idi və bundan başqa heç nə istəmirəm”. Sonra Vronski içəri girir, Anna Aleksey Aleksandroviçdən xahiş edir ki, ona əl uzatsın və onu da bağışlasın. Aleksey Aleksandroviç bu böyüklüyü də edir və Anna arzusuna çatır: "Allaha çox şükür, Allaha çox şükür, – indi hər şey qaydasındadır”.
Annanın bir vaxtlar gördüyü dəhşətli yuxu çin çıxır – başının üstündə iki kişi var və onlar bir-birini bağışlayıblar. Anna Aleksey Aleksandroviç tərəfindən həm özünün, həm də günah ortağının bağışlanmasından rahatlıq tapır. Sanki bununla da Allahın onları bağışlayacağına ümidi artır. Anna ərinə daha nifrət eləmir, çünki o başa düşür ki, "qeysərin haqqı qeysərə, Allahın haqqı Allaha çatacaq”, yəni ərinin kobud, biganə, karyerist olması Annanın ona xəyanət etməsi üçün bəraət sayıla bilməz, insanı xarakterinə görə ittiham etmək olmaz. Necə ki cəmiyyətdə əsas hədəf qadındır, xəyanətin yükü daha çox onun çiyinlərinə düşür, eləcə də təbiət o yükü sanki daha çox qadının çiyinlərinə yükləyir. Çünki Anna ölümcül hala sadə səbəbdən düşməyib, o, Vronskidən olan qız övladını dünyaya gətirəndə bu duruma düşüb. Bu doğuş bir simvolik mənaya malikdir – Anna ilk dəfə ölümünün astanasına gəlir. Onun yenicə doğulmuş qızı da Annanın gələcək ölümünü ona daddırır. O, ağır vəziyyətdən yaxa qurtarsa da, nəticədə eşqin onu apardığı intihar – ölüm yolundan xilas ola bilmir. Beləcə, Annanın dəhşətli yuxusu, dəhşətli bir gerçəkliyə çevrilir.
Bu hissədə ən ağrılı məqamlardan biri də Annanın Aleksey Aleksandroviçi və Vronskini çağıranda qəfil bir məqamın fərqinə varmasıdır: "Çünki Aleksey, mən Aleksey Aleksandroviç haqqında danışıram (bu nə qəribə, dəhşətli taledir ki, hər ikisinin adı Alekseydir, elə deyilmi?). Annanın ərinin ad-soyadı Aleksey Alkeksandroviç, sevdiyi kişişin ad-soyadı Aleksey Vronskidir. Anna bunu ölüm ayağında dərk edir. Annanın günahını bağışlayan və onu günaha sövq edən şəxslər sanki eyni adamdır. Tolstoy bu məqamı əbəs yerə vurğulamır. Bu ad Anna üçün ümumiləşmiş insan adıdır, əməl adıdır. Və deməli, Anna bütün ailə və sevgi həyatını bir ad uğuruna yaşayıb. Bu ad həm də Annanın ölüm labirintidir...

Anna Karenina və oxşarlıqlar

Levin vurğunu olduğu Kiti ilə barışıb əhd-peyman bağladıqdan sonra yenidən görüşürlər. Bu görüşdə Levin sevimlisi Kitiyə öz gündəliyini göstərir. Gündəlikdə Levinə əzab verən bir əhvalat yazılıb. O, gündəlikdəki qeydləri Kitini ilk dəfə sevəndə yazıb, ancaq gələcək nişanlısı barədə heç də xoş fikirlər qeyd olunmayıb. Gündəlikdə Levinin iki məsələdən sarı əzab çəkdiyi qeyd olunub: sevdiyinin günahsız olması və etiqadsızlığı. Kiti gündəliyi oxuyur: "Levin daxili mübarizə içərisində öz gündəliyini ona vermişdi. O bilirdi ki, Kitiylə onun arasında heç bir sirr ola bilməz və olmamalıdır, buna görə də qərara gəlmişdi ki, belə etməlidir, lakin o, bunun Kitiyə necə təsir bağışlaya biləcəyini düşünməmişdi, onun hisslərini duymağa çalışmamışdı. Yalnız həmin axşam, o teatra getməzdən əvvəl, onlara gələrək Kitinin otağına girdikdə özünün yol açdığı ovudulmaz dərddən ağlamış Kittinin bədbəxt, yazıq və sevimli simasını görən zaman qəbahətli keçmişi ilə Kitinin məsumluğu arasındakı uçurumu dərk etmiş və tutduğu işdən dəhşətə gəlmişdi.
– Götürün, bu dəhşətli kitabları götürün! – Kiti masanın üstündə qarşısına qoyduğu dəftərləri itələyərək dedi. – Siz onları nə üçün mənə verdiniz?! – Yox, hər halda, belə daha yaxşıdır, o – Levinin çarəsiz üzünə baxıb mərhəmətlə dedi. – lakin bu dəhşətdir, dəhşət!
Levin başını aşağı salıb susdu. O, heç bir söz deyə bilmirdi.
– Siz məni bağışlamayacaqsınız, – deyə pıçıldadı.
– Yox, mən sizi əfv etdim, lakin bu dəhşətdir.
Bununla belə, Levinin xoşbəxtliyi o qədər böyük idi ki, bu etirafı onun səadətinə xələl gətirmədi, əksinə, ona yeni rəng qatdı. Kiti onu əfv etmişdi; lakin həmin vaxtdan bəri Kitiyə layiq olmadığını daha çox düşünürdü, onun əxlaqı qarşısında daha çox baş əyirdi və layiq olmadığı xoşbəxtliyini daha yüksək qiymətləndirirdi”.
Robert Schnakenberg "Böyük yazarların gizli həyatı” kitabında Lev Tolstoya aid bölmədəki "Tam ifşa” adlı hissədə yazır: "Otuz dörd yaşlı Tolstoy toy gecəsi on səkkiz yaşlı təzə gəlini, evdəki cavan xidmətçi də daxil olmaqla digər qadınlarla olan kef-damaq macəralarını təfsilatıyla yazdığı gündəliyini oxumağa məcbur eləyib. Aydındır ki, bu hərəkət yazıçının şəffaflıq və dürüstlük əqidəsindən irəli gəlirdi, amma Sonya üçün bunları bilmək həddən artıq ağır idi. Səhəri gün Sonya öz gündəliyində belə "iyrəncliyə” dözməyin çox alçaldıcı olduğunu qeyd edib”.
Levin obrazı ilə Tolstoy daha çox özünü yazıb, Levinin ruhi təbəddülatları, sevgisinə qovuşana qədər keçdiyi keşməkeşli həyat, fiziki işin insanı mənəvi yükdən xilas etməsi məsələsi, xalq ruhuna yaxın olmağın insana bağışladığı səadətin dərki və s. məqamlar dediyimiz fikirləri təsdiq edir. Sadalanların hamısına müəllifin həyatında da rast gəlmək olar. Bundan başqa, Levinin qardaşının ölümü ilə Tolstoyun qardaşı Dmitrinin ölümü arasında da əlaqə var. Ona görə də Tolstoy həmin səhnəni olduqca təsirli yazıb.

Fərid Hüseyn

banner

Oxşar Xəbərlər