• cümə, 29 Mart, 18:04
  • Baku Bakı 14°C

Maliyyə nazirinin açıqlaması yanlış yozulub

10.12.18 09:37 804
Maliyyə nazirinin açıqlaması yanlış yozulub
Güclü milli valyuta yerli istehsal malların qiymətlərinin yüksəlməsinə, idxalın artmasına və ixracın azalmasına gətirib çıxarır. Bu isə ölkədən xaricə valyuta axınının artmasına, idxal olan məhsullar qarşısında yerli məhsulun sıxılıb sıradan çıxmasına, daxili istehsal müəssisələrinin fəaliyyətinin dayanmasına və sair bu kimi nəticələrə səbəb olur. Belə situasiyada hökumətin valyuta ehtiyatlarının artırılmasına yönəlmiş bütün tədbirləri və hərəkətləri nəticəsiz qalır. Yerli istehsalçılar məcburiyyət qarşısında qalıb istehsalın həcmini azaltmalı olurlar. Maliyyə naziri Samir Şərifov dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı bu kimi məsələlərə toxunub. O, manatın möhkəmlənməsi ilə bağlı fikirlər də səsləndirib. Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır. Bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən büdcəyə müəyyən edilən çərçivədə daxili, valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə naziri S.Şərifovun qeyd etdiyi kimi, ixraca mənfi təsir edir, idxalı artırır. Təbii ki, bu da milli istehsalla, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır.

Qeyd olunanlar bir daha göstərir ki, nazirin fikirləri tam aydın və başa düşülən formada olub. Lakin əfsuslar olsun ki, bəzi "ekspertlər” və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər kontekstdən çıxararaq, onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstəriblər. Ən təəccüb doğuran məqamlardan biri də budur ki, deputat Vahid Əhmədov kimi təcrübəli biri, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adam da təsir altına düşərək bu açıqlamanı devalvasiya anonsu kimi yozub. Əlbəttə ki, bu, ya düşünülmüş təxribat ola bilər, ya da diletant yanaşma. Ona görə də Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev nazir S.Şərifovun fikirləri ilə bağlı yenidən açıqlama vermək məcburiyyətində qalıb. Qeyd edib ki, 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirilməsi yalnız təəssüf doğurur. Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcəkdir.

Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı bildirib ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsi praqmatikdir və eyni zamanda yeni büdcə qaydalarına əsasən tərtib olunaraq bütün risklərdən qorunur. Deputat vurğulayıb ki, neft gəlirlərinin xərclənən hissəsi də yeni büdcə qaydalarına əsasən tənzimlənir: "Bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri olan manatın məzənnəsinin qorunması üçün də tədbirlər həyata keçirilir. Bu gün manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur. Əsas məqsədimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılması stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12%, ümumi ixrac isə 37% artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Bu baxımdan, manatın məzənnəsinin enməsi üçün heç bir iqtisadi əsas yoxdur. Maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı fikri ekspertlər tərəfindən düzgün şəkildə izah olunmur, bu isə cəmiyyətdə çaşqınlıq, süni maliyyə gərginliyi yaradır. Manatın məzənnəsi ilə bağlı narahatçılığa heç bir əsas yoxdur. Bu gün valyuta ehtiyatlarımız kifayət qədərdir”.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev də deyib ki, hazırkı şəraitdə Maliyyə Nazirliyinin, habelə dövlət maliyyə qurumlarının əsas mövqeyi ondan ibarətdir ki, manatın məzənnəsinin hədsiz dərəcədə möhkəmləndirilməsi ölkə iqtisadiyyatı üçün zərərlidir. Bu zərərlər özünü ölkədə ixrac potensialının zəifləməsində, idxal üçün daha geniş imkanlar yaranmasında və milli istehsalın imkanlarını məhdudlaşdırılmasında göstərər”. Baş redaktorun sözlərinə görə, bu gün Azərbaycanda qeyri-neft sektoru xüsusilə də qeyri-neft istehsal sektoru inkişaf edir: "Bu inkişaf şəraitində milli valyutanın ifrat möhkəmlənməsi qeyri-neft sektorunda başlamış inkişaf prosesinə öldürücü təsir göstərə bilər. Bu nöqteyi-nəzərdən Maliyyə Nazirliyinin izahatı, Azərbaycanda gedən proseslərin indiki vəziyyətinə və məntiqi davamına uyğundur. Bu həm də, ölkənin iqtisadi inkişafı üçün yeni prespektivlər açmaq baxımından doğrudur”.

A.Quliyev əlavə edib ki, Vahid Əhmədov təcrübəli iqtisadçıdır: "Onun nəzəri və praktiki olaraq hazırlıq səviyyəsi şübhə doğurmur. Lakin xüsusilə hazırkı şəraitdə manatın məzənnəsinin möhkəmlənməsi ilə bağlı onun və digər iqtisadçıların fikirlərinin əsası yoxdur. Azərbaycanda devalvasiya təhlükəsi gözlənilmir. Ölkənin çox böyük valyuta ehtiyatları var, həmçinin ixrac potensialı getdikcə artır və Azərbaycanın iqtisadiyyatının neftdən asılılığı getdikcə zəifləyir. Belə şəraitdə yeni devalvasiya dalğasından danışmaq doğru olmazdı".
Alpər TURAN

banner

Oxşar Xəbərlər