Araz çayı və Xudafərin körpüsü sahillərinin qanlı günləri
İşğalçı
çar Rusiyasının Qafqaz Hərbi Dairəsinin Hərbi-topoqrafik şöbəsinin 1903-cü ildə
tərtib etdiyi Cənubi Qafqazın ictimai-siyasi xəritəsinə əsasən 1867-ci ildə Azərbaycanın
inzibati ərazisində yaradılmış Cəbrayıl
(Qaryagin) qəzasının (mərkəzi Qarabulaq, indiki Füzuli şəhəri olmaqla) sərhədləri
daxilində 1200 kv.km-ə qədər sahə (100-ə qədər yaşayış məntəqəsi) mövcud olmuşdur.
Təbii sərhədləri əsasən şərq hissədə Qarabağ düzü, Örənqala qədim şəhər
qalıqlarından Araz çayı qırağındakı Qaradağlı kəndinədək istiqamətdə, qərbdə isə
Həkəri çayının sol sahilindəki Xəndək kəndindən Şərifan kəndinədək olan xətt
üzrə keçməklə, şimaldan Ziyarət dağı (2478 m) boyunca Mil düzünədək uzanmışdır. Qəzanın
əlverişli təbii-coğrafi şəraiti onun strateji hərbi-siyasi yükünü xeyli dərəcədə
artırmış (Cənubi Azərbaycanla birbaşa əlaqənin Xudafərin körpüsü ilə həyata
keçirilməsi, Qarabağın dağlıq hissəsinin Araz çayı ətrafı bölgələrlə geniş
açılması, qonşu Zəngəzur və Naxçıvan qəzalarına
sərbəst keçid, körpü rolunu oynaması) və tarixən düşmən hədəfinə tuş gəlməsinə
səbəb olmuşdur (keçmiş qəzanın tərkibinə daxil olan ərazilər hazırda Qubadlı, Cəbrayıl
və Füzuli rayonlarının inzibati-ərazi bölgüsü daxilindədir.)
Bu baxımdan hay-daşnak, rus-bolşevik və
ingilis-fransız birləşmiş silahlı qüvvələrinin 1918-1920-ci illərdə Cəbrayıl qəzasına
qanlı hücumlarının bir məqsədi də dinc sakinlərin soyqırımını keçirməklə, əhalinin
ərazi kütləvi tərk etməsinə nail olmaqla yanaşı, qonşu nahiyələrdə də
qorxu-vahimə yaratmaq və mənfur xislətlərini həyata keçirmək idi. Zəngəzur qəzasının
hay-daşnak tayfaları yaşayan Qafan,
Gorus, Qacaran və Qarakilsə (Sisyan)
nahiyələrinin Sevakar, Zeyvə, Ağavurd, Qızıldaş, Şirnuxu kəndlərindən
quldurbaşı A.Ozanyanın (Zaqafqaziyada Antanta qoşunlarının baş komandanı,
general-mayor V.M.Tomson onu general-qubernator təyin etmişdi) və Q.Nijdenin, Qarabağın
dağlıq hissəsindən isə Şuşa və Cəbrayıl nahiyələrinin hayəsilliləri yurd salan
Sur, Danabaşı, Binnətli, Şəyax, Mülkədərə, Dolanlar, Zamzur, Xocaberd, Ağcakənd,
Tağ, Cilan, Ağbulaq, Edilli, Axullu kəndlərindən isə cəllad Dronun rəhbərliyi
ilə Naxçıvan-Zəngəzur-Qarabağ bölgəsində, o cümlədən Cəbrayıl qəzasında
günahsız dinc sakinlərin soyqırımı həyata keçirilmişdir. Ümumilikdə Cəbrayıl,
Şuşa və Cavanşir qəzalarında 21 kənd məhv edilmiş və 8-10 minə qədər insan qətlə
yetirilmişdir.
Bu
faktlar o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat
Komissiyasının üzvü N.M.Mixaylovun (1867-1920) hesabatlarında, eləcə də tədqiqatçı-publisist
Nazim Tapdıqoğlunun "Azərbaycan faciələrinin təqvimi (hər bir azərbaycanlı üçün
yaddaş kitabı)” əsərində əks etdirilmişdir. Cəbrayıl qəzasının daha çox qətliama
məruz qaldığı yaşayış məntəqələri sırasında Məzrə, Sirik, Qışlaq, Süleymanlı,
Şıxlar, Məlikli, Tatar, Balyand, Qaracallı, Doşulu kəndləri olmuşdur ki, bu kəndlər
haylar yaşayan kəndlərlə (bu kəndlərin sakinləri XIX əsrin əvvəllərində Cənubi
Azərbaycandan və Osmanlı Türkiyəsinin ərazilərindən köçürülmüşlər idi) qonşu
olmuş, aralarındakı məsafə 5-10 km-ə çatmışdır. 1918-ci ilin dekabr ayında bu kəndlərə
başlamış hücumlar 1919-cu ilin yanvar-fevral aylarında xüsusilə amansız
xarakter almışdır. Silahlı quldurların 1919-cu ilin fevral ayının 23-də
Qarabağın dağlıq hissəsindən Xudafərin körpüsünədək olan əraziləri işğal etmək planının
alt-üst edilməsi, ilk növbədə 1919-cu ilin 15 yanvarında yaradılmış Qarabağ
Quberniyasının rəhbəri Xosrov bəy Sultanov və qardaşı, el qəhrəmanı Sultan bəyin, eləcə də yerli özünümüdafiə
qüvvələrinin igid döyüşçülərinin şücaəti ilə mümkün olmuşdur.
Göründüyü
kimi, Cəbrəyıl qəzasının əhalisi (100 minə qədər) üçün ən faciəvi dövr keçən əsrin
əvvəli - 1918-ci ilin sonları - 1919-cu ilin
başlanğıcı olmuşdur. 1918-ci ilin dekabr ayının 2-də adları yuxarıda
qeyd edilən Məzrə, Məlikli və Tatar kəndlərinə edilən quldur-silahlı hücumlar nəticəsində
Məzrə kəndində 6 nəfər qətlə yetirilir,
o biri kəndlərdə isə 2 qadın güllə yarası alaraq şikəst qalırlar.
Cəbrayıl
rayonu, Yuxarı Məzrə kənd sakini, 83 yaşlı Xanoğlan Təhməz oğlu Əliyevin söylədiyinə
görə, o vaxt bu kənddə 35-40 ev olub. Əhali
sığınacaq məqsədilə başqa kəndlərdə olduğu kimi Arazqırağı kəndlərə - əsasən
Şahvəlli kəndinə (25 km-lik məsafədə) köçmüşdülər: "Kənddə qalan ana babam Səfəralı
Gülməmməd oğlunu (1873-1918) quldurlar öldürmüş və qoyun sürülərini aparmışlar.
Bu kənd hayların yaşadıqları Daşbaşı kəndi ilə (əvvəllər Hadrut rayonuna aid
olub, indi Xocavənd rayonunun tərkibindədir) qonşu olduğundan, əsas hücumlar bu
kənddən (orada 45-50 ev vardı) olub.
Quldurlar bu kəndə girəndə məscidi dağıdıblar, sökmək istəyiblər,
bacarmayıblar. Kəndin varlı sakini Qurbanəli Əli oğlunun (1865-1935) mülkün
uçurmaq məqsədi ilə bünövrəyə "Yal arxı”nın suyunu buraxaraq, evi və su dəyirmanını
dağıdıblar. Bu qalıqlar keçən əsrin 50-ci illərinədək görünürdü”.
Kəndin
günbatan hissəsində 10 hektar sahədə qoz ağacları salınıb, ərazi meşə-dərə
olduğundan "Qozlar dərəsi” adlanır. 1918-ci ilin dekabr ayında haylar yaşayan
Mülkədərə kəndindən hücum edən quldurlar bu ağacların hamısını kəsib aparıblar,
təkcə bir ağac qalıb. Ən acı hallardan biri sonrakı dövrlərdə yaşanıb. Adı türk
mənşəli olan Mülkədərənin ("bərəkətli, mülklü, varlı torpaq, yer” mənasındadır) hay əsilli əhalisi keçən əsr
boyunca müsəlman kəndləri olan Məlikli və Yuxarı Məzrə kəndlərindən keçərək (30 km məsafədə) gəlib bu kəndlərdən
5 km
aralıda kələsər bağı salmışdılar, məhsulundan istifadə edirdilər.
Qəzanın
Qışdağ kəndi ( o illərdə 35-40 ev olub) isə ən çox haylar yaşayan Sur kəndinin
(aralarında 1 km
məsafə olub) hücumlarına məruz qalıb. Bu cür silahlı basqınlar 1905-1907-ci illərdə
də baş vermişdi. O zaman bütün evlər yandırılmış və yerlə-yeksan edilmişdi. Kəndin
ağsaqqalları Qurban Məşədi Qara oğlunu (1865-1905) və Alı Molla Abbas oğlunu
(1855-1905) qətlə yetirmişlər, sonuncunun meyitini qonşu Qaracalılar kəndinin
sakinləri götürüb dəfn edə bilmişlər. Bu kəndin əhalisi qonşu Daşkəsən, Quycaq,
Böyük Mərcanlı kəndlərində özlərinə sığınacaq tapıblar. Bundan istifadə edən məkrli
və xəbis düşmən bütün həyətyanı bağ sahələrində
şəlləri - qoz, tut, gilas ağaclarına boy verən üzüm tənəklərini kəsiblər ki, hamısı
məhv olsun. Qışdağ kəndinin su dəyirmanları (Aslan Hüseynalı oğlunun
(1840-1920) və Həzi Şükür oğlunun (1865-1924), qəbiristanlığı və məscidi, eləcə
də müqəddəs ziyarətgahları ("Yel ocağı”, "Dalaq daşı”, İspirə ocağı”) da düşmən
tərəfindən dağıdılmış, yandırılmış, mal-mülkü isə qarət edilmişdir.
1918-1919-cu illərdə bu kəndin 30-a qədər dinc sakini quldur haylar tərəfindən
qətliama məruz qalmışdır.
Həmin
qanlı-qadalı illərin şahidləri olmuş kənd sakinlərindən Hümbət Kərim oğlu Kərimovun
(1870-1948), Məmməd Rüstəm oğlu Nəsirovun (1875-1956), Süleyman Əsəd oğlu Səfərovun
(1880-1970) bu barədə xatirələri indi də
yaddaşlarda yaşamaqdadır (keçən əsrin 90-cı illərində Hadrut rayonundan
olan silahlı haylar Qışdağ kəndində toy zamanı 20 nəfəri girov götürərək
aparıblar).
Fövqəladə
Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun yazılı məruzəsində Cəbrayıl qəzasının dinc sakinlərinə qarşı törədilmiş
soyqırımın, yaşayış məntəqələrinin, tarixi maddi-memarlıq adidələrin, ictimai
xarakterli tikililərin yerlə-yeksan edilməsində, dağıdılmasında, əhalinin
mal-mülkünün qarət edilməsində başlıca rol oynayan silahlı hay quldurlarının
adı, soyadı (54 nəfər) və ünvanları
(Düdükçü, Kemrakuç, Edilli, Çirakuz, Qoqa, Çanaxçı, Mülkədərə, Dolanlar,
Daşbaşı, Zamzur, Ağcakənd Cilan kəndləri) açıq-aydın çəkilmişdir.
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam
Ordusunun qalibiyyətli döyüşlərinin sırasında Cəbrəyaıl qəzası da xüsusi yer tutur. Müzəffər türk döyüşçüləri
hay-daşnak və bolşevik-rus qüvvələrini qəzanın müharibə meydanı olan kəndlərində
(Sirik, Məzrə, Qışdağ, Balyand, Süleymanlı... Cəbrayıl şəhərində) darmadağın
etməklə, yerli müsəlman-türk soylu əhalinin doğma yurd-yuvalarına və müqəddəs
ocaqlarına qayıtmalarını öz canları və qanları bahasına təmin etmişlər. Hərbi qərargahları
Cəbrayıl şəhərində yerləşsə də, qanlı səngər döyüşlərinin getdiyi yerlər qəzanın
hər guşəsinə paylanmışdı (Qışdağ kəndinin günbatanında "Qanlı dağı” (bu yerdə
1905-ci il savaşlarında kənd sakini Qurban Məşədi Qara oğlu (1865-1905) da şəhid
olmuşdur), "Uzun dərə”ni göstərmək
olar). Şəhid türk məzarları Məzrə,
Şıxlar, Şahvələdli, Qışdağ kəndlərində qorunub saxlanılmış və müqəddəs yerlər
kimi ziyarət edilmişdir.
Qafqaz İslam Ordusunun əsgər və zabit heyəti ilə
çiyin-çiyinə səngər döyüşlərində yerli özünümüdafiə dəstələrinin üzvləri və qəhrəman
el döyüşçüləri də düşmənə layiqli cavablar vermiş, onların məhv edilməsində
yaxından iştirak etmişlər. Unutmayaq ki,
Qafqaz İslam Ordusu gələnə qədər mənfur düşmənlə üzbəüz qalan,
silah-sursat baxımından zəif təchiz edilən, lakin onlara layiqli cavab verənlər
yerli igidlər olmuşdur. Bu cür qəhrəmanlardan Qışdağ kəndindən Zeynal Məhəmməd oğlu İbişovun (1890-1970),
Əlirza Ağamirzə oğlu Bədirxanovun (1888-1968), Məzrə kəndindən Abbas Molla Məhəmməd
oğlunun (1855-1929), Quşçular kəndindən
Kor Abdullanın, Sirik kəndindən qaçaq Süleymanın və qardaşı Salmanın, qaçaq
İsmayılın, Qalacıq kəndindən qaçaq Babaş Cəbrayıl oğlunun (1890-1977), qardaşı
Tanrıverdinin, Harovlu kəndindən Qulu Məmmədəliyevin, Əziz Allahyar oğlunun və
başqalarının adları hörmətlə çəkilir, xatirələri yad edilir. Türk döyüşçülərindən
Ər-Əziz əfəndi isə sonrakı həyatını Cəbrayıl rayonunda keçirmiş və burada ömür-gün sürmüşdür.
Qismət Yunusoğlu,
BDU-nun müəllimi