AZE | RUS | ENG |

“Reket jurnalistika” bütövlükdə cəmiyyətin bəlasıdır

“Reket jurnalistika” bütövlükdə cəmiyyətin bəlasıdır
Jurnalistika kimi şərəfli peşənin təəssübünü çəkənlər buna görə narahatdırlar

Ötən şənbə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi "Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun saxlanılması, barəsində araşdırılma aparılması barədə məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
 
 
 
İ.Rəhimov 26 oktyabr 2018-ci ildə Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir. DTX-nın yaydığı bu xəbər "reket jurnalistika” və onlara qarşı mübarizə məsələsini yenidən aktuallaşdırıb.
 
 

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, "reket jurnalistika” bütövlükdə cəmiyyətin bəlasıdır. Deputatın sözlərinə görə, ona qarşı mübarizə yalnız Mətbuat Şurasının işi deyil və ayrı-ayrı aidiyyatı qurumlar da məsələyə tam ciddi şəkildə önəm verməlidirlər: "Əlbəttə, media cameəsi daha çox önəm verməlidir və verir də. Çünki göründüyü kimi, xoşagəlməz tendensiyada alət olan jurnalistikadır. Peşənin təəssübünü çəkənlər buna görə narahatdırlar. Mətbuat Şurası olaraq biz dəfələrlə bu məsələni qaldırmışıq. "Reket jurnalistika”nın ümumən aradan qaldırılması üçün bir neçə vacib tədbir həyata keçirilməlidir. Bilirsiniz ki, ölkədə uçota alınan KİV-lərin sayı həddən artıq çoxdur. Hələ internet media resursları da var. Onların sayının artdığını və jurnalistikadan sui-istifadə məqsədilə yararlananların bir çoxunun məhz bu məkana keçdiklərini xüsusi vurğulamaq lazımdır. Faktlar göstərir ki, xəbər saytlarının bir çoxu media mühitimizə ali dəyərləri deyil, korporativ maraqları üstün tutaraq gəliblər. Belələrinin jurnalist kimi fəaliyyəti cəmiyyətin müxtəlif təbəqələrinin haqlı narazılığına səbəb olmaqdadır. Mövcud durumda nisbətən sərt mexanizmlərin tətbiqini, eyni zamanda media vasitələrinin uçota alınması prosesinə yenidən baxılmasını zəruri sayırıq. Eyni zamanda hesab edirik ki, qeydiyyat məsələsi internet media vasitələri üçün də aktual olmalıdır. Əgər əvvəllər Mətbuat Şurası hansısa qəzet barədə qərar çıxarırdısa və həmin qəzetin sahibi sonra gedib başqasını təsis edirdisə, bu gün nəzarətində 7-8 xəbər saytı olan şəxslər var. Buna görə də hesab edirəm ki, onlayn medianın uçotu məsələsinə də ciddi yanaşılmalıdır”.
 
 

Millət vəkili Ə.Amaşov deyib ki, bu məsələyə "Kütləvi informasiya vasitələri haqqında” qanunun müstəvisində baxılmasının vaxtı çatıb: "Bu məsələni hansısa hostinq və domen qeydiyyatı aparan şirkətlərə buraxmaq olmaz. Nəzərə alaq ki, bu şirkətlərin qanunla daşıdıqları məsuliyyət özündə peşə prinsiplərinə riayət baxımından zəruri olan məqamları və prosedurları əks etdirmir. Məsələyə sistemli yanaşılması "Kütləvi informasiya vasitələri haqqında” qanunun KİV-lərin təsisini nəzərdə tutan hissələrinə müvafiq əlavələrin edilməsindən keçir. Digər bir vəzifə KİV-lərin təkrar qeydiyyatı ilə bağlıdır. Hesab edirəm ki, bu, mübarizədə effektivliyi artıra bilər. Bildiyiniz kimi, qəzet, jurnal və informasiya agentliklərinin bir qismi vaxtilə mövcud olmuş Mətbuat və İnformasiya Nazirliyində qeydiyyata alınıb. Onların arasında fəaliyyətlərini başa vuranlar az deyil. Eyni zamanda nəzərə alaq ki, Mətbuat Şurasının peşə prinsiplərinə laqeyd yanaşan KİV-lər üçün tərtib etdiyi "qara siyahı”da yer alan "reket nəşr”lərin sahiblərinin bir çoxu asanlıqla yeni KİV-ləri qeydiyyata aldırır, ictimai narazılığa səbəb olan hərəkətlərini davam etdirirlər. Nəticədə bu yolu tutan KİV-lərin şəbəkəsi genişlənir. Mətbuat Şurası ictimai təşkilat olduğundan çıxardığı qərar və rəylər tövsiyə xarakterlidir. Sənədlərdə nəzərdə tutulan təsir mexanizmləri ictimai qınaqla məhdudlaşır. KİV-lərin fəaliyyətindəki neqativ hallar, o cümlədən peşə prinsiplərinin pozulmasına dair faktların artması bu kimi meyllərə qarşı mübarizənin gücləndirilməsini zəruriləşdirir”.
 
 

Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, bu zərurətin meydana çıxmasında başlıca amil şikayətçilərin - müxtəlif vətəndaş qruplarının etik dəyərlərə sayğısız yanaşan media orqanları tərəfindən pozulmuş hüquqlarının təmin olunmamış qalmasıdır: "Hazırkı vəziyyətdən çıxış yollarından biri kimi Azərbaycan Mətbuat Şurası haqqında ayrıca qanunun qəbulunu görürük. Bu, elə bir sənəd olmalıdır ki, Şuranın medianın özününtənzimləməsindəki roluna xələl gəlməsin. Lakin qurumun qəbul etdiyi qərarlar müvafiq hüquqi məsuliyyət növünü nəzərdə tutsun. Məsələn, MŞ-nin etik normaları pozan nəşrləri ictimai qınağa çəkməklə yanaşı, onları cərimələmək, fəaliyyətlərinin müəyyən müddətədək dayandırılması ilə bağlı məhkəmə qarşısında iddia qaldırmaq kimi səlahiyyəti olsa, daha faydalı nəticələr əldə edə bilərik. Mətbuat Şurası mediada hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən belə hallarla mübarizədə "reket” adından istifadəni zəruri sayır. Bu zaman peşə fəaliyyəti şikayətlərə səbəb kütləvi informasiya vasitəsinin müvafiq yazılarında tənqid obyektinə çevrilmiş hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür. Ancaq məlumdur ki, bu forma və metodlar yalnız media deyil, birbaşa hüquqi müstəvidə dəyərləndirilməlidir. Məsələn, Cinayət Məcəlləsində 182-ci maddə var - hədə-qorxu ilə tələb etmə. Buna görə əlaqədar qurumlar da hər zaman məsələyə ciddi yanaşmalıdırlar”.
 

"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Niyaz Niftiyev da bizimlə söhbətində vurğulayıb ki, MŞ ölkədə söz və mətbuat azadlığının qorunması, Jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinə, mövcud standartlara uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsindən ötrü kifayət qədər fəallıq nümayiş etdirir. Onun fikrincə, məqsəd dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasıdır: "Təəssüf ki, aramıza daxil olan bəzi insanlar bu şərəfli missiyanı ləkələmək üçün hər cür vasitələrə əl atırlar. Son günlər həbsi müzakirə olunan "Reallıq.info”ya və daha 5-6 sayta rəhbərlik edən İkram Rəhimov da onlardan biridir. Bu adamla bağlı demək olar ki, hər iclasda hansısa şikayəti müzakirə etmək məcburiyyətində qalırıq. Son iclasımızda bu adam və onun "reket” saytları ilə bağlı şikayət daxil olub. Lakin həmin saytın adı əvvəllər də "qara siyahı”ya düşdüyü üçün müzakirə olunmadı və şikayət edən tərəfə bu barədə məlumat verildi. İki gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları İkram Rəhimovu saxladı. Səbəbi də ondan ibarətdir ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayıbmış”.
 
 

N.Niftiyev bildirib ki, bu tip insanlarla bacarmaq çox çətindir: "Onlarla bağlı daxil olan şikayətlərə baxılan zaman səhvlərini etiraf edirlər, bir müddət keçir yenə də həmin səhvləri təkrarlayırlar. Özləri də görür ki, Mətbuat Şurasına şikayətlərin verilməsi və onlara baxılma qaydaları tam şəffaf həyata keçirilir, Şikayətlər komissiyası kifayət qədər medianı bilən, illərdir bu sahədə çalışan İdarə Heyəti üzvlərindən təşkil olunub. Daxil olan hər bir şikayətə tərəflərin iştirakı olmadan baxılmır. Komissiya üzvləri şikayət olunan konkret yazını müzakirə edir və rəylərini bildirirlər. Yəni Şura yalnız mətbuatda getmiş konkret hadisələr və materiallarla bağlı şikayətlərə baxır. O yalnız öz səlahiyyətlərinə aid olan işləri qəbul edir və araşdırır. Bütün bu proses həm yazıdan şikayət edən tərəfin və ya nümayəndəsinin, həm də yazının – məqalənin getdiyi sayt rəhbərinin iştirakı ilə baş tutur. Komissiyada qəbul olunan qərarlar Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına uyğun qəbul edilir. Təəssüf ki, son aylar komissiyada baxdığımız bir çox işlərdə bəzi internet saytları tərəfindən kifayət qədər qarşı tərəfin təhqir olunması, məsələyə heç bir aidiyyatının olmamasına baxmayaraq onların ailə üzvlərinin adlarının, fotolarının məlum saytları "bəzəməsi”, qarşı tərəfin mövqeyinin öyrənilməməsi kimi hallar müşahidə edilməkdədir”.
 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də qəzetimizə açıqlamasında qeyd edib ki, "Reallıq.info” və onun kimi digər saytlar insanların şərəf və ləyaqətini alçaldır, təhqir və böhtana yol verərək vətəndaşlara qarşı mənəvi terror həyata keçirirlər. Onun sözlərinə görə, dəfələrlə İ.Rəhimovla bağlı Mətbuat Şurasına şikayətlər daxil olub: "Bir neçə ay öncə bizə müraciət daxil oldu ki, İkram Rəhimov hazırda həbsdə olan, jurnalistikaya dəxli olmayan şəxslərə vəsiqə verərək, manipulyasiya yolu ilə onları azadlığa çıxarmağa cəhd göstərib. Bu cür davranışlar jurnalistikaya ləkə gətirir. İkram Rəhimov və komandası Mətbuat Şurasının rəhbərliyi və üzvləri haqqında çox təhqiramiz ifadələr səsləndirir, bizə böhtan və şər atır. Şura olaraq İkram Rəhimovun rəhbərlik etdiyi reket saytları "qara siyahı”ya salmışdıq. Bundan sonra quruma qarşı şər və böhtanlarını daha da artırmışdı. Durmadan öz saytları və sosial şəbəkələr vasitəsi ilə ünvanımıza hədyanlar yağdırırdı. Əminliklə demək lazımdır ki, İkram Rəhimov peşəkar cinayətkardır”.
 
 

Baş redaktor bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı İ.Rəhimovla bağlı digər cinayətlərin də üstü açılacaq: "Biz onu nə qədər tərbiyə etməyə çalışsaq da, haqq-ədalət yolunu tutmağa, jurnalistikanın peşə etikasına riayət etməyə dəvət etsək də, o, azğınlaşmış formada öz əməllərini davam etdirdi. Çirkin niyyətindən əl çəkmədi. Yalnız bizi deyil, idarə rəhbərlərini, iş adamlarını, sadə vətəndaşları da təhqir edir, böhtan atırdı. Şantaj yolu ilə bir çox adamdan vəsait istəyirmiş. Məsələn, Neftçalada elektrik şəbəkəsinin rəisindən və dövlət təşkilatlarından pul tələb edirmiş. Ona görə də DTX tərəfindən həyata keçirilən əməliyyatı dəstəkləyirəm. Məsələ ondadır ki, biz sadəcə "qara siyahı”ya sala bilirik və ictimai qınağı formalaşdırırıq. Başqa hansısa tədbir görə bilmirik”.
 
 

Media eksperti Azər Həsrət isə "Kaspi”yə açıqlamasında deyib ki, "reket jurnalistika” ilə effektiv mübarizə aparmaq o qədər də çətin deyil. O, bu məsələ ətrafında ciddi tədbirlər görülməsi üçün Milli Məclis, Prezident Administrasiyası qarşısında təşəbbüslə çıxış etdiyini də xatırladıb. Deyib ki, bütün hallarda "reket jurnalistlər” jurnalist adından, peşəsindən sui-istifadə edirlər: "İkram Rəhimov və onun kimi insanlar jurnalistikanı özlərinə qalxan edərək, ayrı-ayrı şəxsləri şantaj etməklə, böhtan atmaqla, qaralamaqla pul qazanır, özlərinə "biznes” qururlar. Bu adamlar rəsmən jurnalistikadan sui-istifadə edirlər. Ona görə də belələrinin qarşısı alınmalıdır. Bunun üçün isə daha effektiv addımlar atılmalıdır. Hesab edirəm ki, bu məqsədlə Azərbaycan qanunvericiliyinə müəyyən əlavə və dəyişikliklər edilməli, jurnalistikadan sui-istifadə edən şəxslərin bu əməli bir və ya bir neçə dəfə törətdiyi qeydə alınarsa onlar bu sahədən kənarlaşdırılmalıdırlar. Belə olduğu təqdirdə problemi kökündən həll etmək mümkündür”.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163