• çərşənbə axşamı, 19 mart, 12:32
  • Baku Bakı 8°C

Azərbaycanın növbəti diplomatik uğuru

13.07.18 18:43 1740
Azərbaycanın növbəti diplomatik uğuru
Prezident İlham Əliyev bir neçə gün əvvəl Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdə olub. O, səfər zamanı NATO-nun Zirvə toplantısı çərçivəsində Şimali Atlantika Şurasının "Qətiyyətli Dəstək” üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında iştirak edib. NATO üzv dövlətləri zirvə toplantısının yekununda qəbul etdikləri kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər.
Həmçinin səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Bu nöqteyi-nəzərdən NATO zirvə toplantısının Azərbaycan üçün əhəmiyyəti nədən ibarət olacaq?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin Belçika Krallığında keçirilən NATO-nun Zirvə sammitində iştirakı çox uğurlu səfər oldu: "Bu səfər bir daha göstərdi ki, Azərbaycan-NATO münasibətləri dinamik inkişaf tempinə malikdir və Azərbaycan bu qurumla əməkdaşlıq çərçivəsində də beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi töhfələr verir. Xüsusilə də NATO-nun Şimali Atlantika Şurasının Əfqanıstanda "Qətiyyətli Dəstək” missiyası çərçivəsində keçirilən tədbirində çıxış edən dövlət başçısı vurğuladı ki, Azərbaycan Əfqanıstanda sülhyaratma prosesinə ciddi dəstək göstərir. Bu nöqteyi-nəzərdən biz 2002-ci ildən bu prosesin fəal iştirakçısıyıq. 2018-ci ilin yanvar ayında isə bizim bu ölkədəki sülhməramlı qüvvələrimizin sayı artırılaraq 120 nəfərə çatdırılıb. Eyni zamanda prezident qeyd etdi ki, Azərbaycan Əfqanıstana, silahlı qüvvələrinin etimad fonduna da maliyyə dəstəyi göstərib. Əfqanıstan hərbçilərinin Azərbaycanda təlimlərinin təşkilində ölkəmiz yardımçı olub. Həmçinin Azərbaycan bu ölkədə bizim tətbiq etdiyimiz "ASAN Xidmət” modelinin tətbiqinə şərait yaradıb. O cümlədən ölkəmiz Əfqanıstandakı hərbi əməliyyatlara logistik və tranzit dəstəyi verir. Bir məqamı da qeyd edim ki, ötən ay Bakıda Əfqanıstanla bağlı kontakt qrupunun tədbiri keçirildi. Bunlar hamısı bir daha təsdiqləyir ki, Azərbaycan-NATO münasibətləri, xüsusilə bu təşkilatın Əfqanıstanda həyata keçirdiyi sülhyaratma missiyası çərçivəsində bizim əməkdaşlığımız inkişaf tempinə malikdir”.
E.Nəsirov bu səfərlə bağlı danışarkən iki məqama xüsusi diqqət ayrılmasının vacibliyini qeyd etdi: "Birincisi, NATO sammitinin yekun sənədində postsovet məkanında münaqişələrin həlli məsələsində dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsi öz əksini tapıb. Bu, ərazi bütövlüyü prinsipinin tanınması anlamındadır. Yəni, NATO öz yekun sənədində bir daha bütün dünyaya bəyan etdi ki, münaqişələr yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır. Hesab edirəm ki, bu da Azərbaycanın çox böyük diplomatik uğuru kimi qiymətləndirilməlidir.
Bundan başqa, iyulun 11-də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri deyilən çox mühüm bir sənəd imzalandı. Bu sənəd ikitərəfli münasibətlərimizi xarakterizə edir. Burada da münaqişələrin, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi ilə həlli məsələsi öz əksini tapıb. Biz bəzən ayrı-ayrı beynəlxalq qurumların sənədlərində ikili standartların şahidi olmuşuq. Həmin sənədlərdə qeyd edilir ki, münaqişə həm ərazi bütövlüyü, həm güc tətbiq etməmək və həm də xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həllini tapmalıdır. Göründüyü kimi, prinsipləri bir-birinə qatıb mürəkkəb bir fon yaradırlar və bununla da münaqişənin həlli imkanları buxovlanır. Amma NATO-nun yekun kommünikesində və eyni zamanda Avropa İttifaqı ilə imzalanmış sənəddə birmənalı şəkildə ərazi bütövlüyündən söhbət getdiyinin şahidi oluruq”.
Deputat vurğuladı ki, Prezident İlham Əliyevin bu səfəri konkret nəticələri ilə yadda qaldı: "Amma Ermənistanın baş nazirinə gəldikdə isə, o, qətiyyətsiz baş nazir kimi elə Avropanın özündə də tanındı. Çünki Paşinyan öncədən bildirmişdi ki, Ermənistanın milli maraqlarına uyğun olmayan bəndlər NATO-nun yekun kommünikesində əksini tapacaqsa, onda bu səfəri baş tutmayacaq. O çox gözəl bilirdi ki, həmin sənəddə yalnız ərazi bütövlüyü prinsipindən söhbət gedir. Bəs onda niyə bu tədbirə qatıldı? Bax, bununla bağlı həm Ermənistan, həm də dünya mətbuatı qeyd edir ki, Paşinyan da Sarkisyan kimi verdiyi sözləri yerinə yetirməməklə yaddaşlarda qalacaq. O yalnız Ermənistanda keçiriləcək parlament seçkiləri üçün maliyyə əldə etmək niyyəti ilə bu sammitə qatılmışdı”.
Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu, Azərbaycanın növbəti uğuru hesab edilə bilər: "Uzun illər daxili, xarici siyasət, beynəlxalq aləmdə stabilliyin möhkəmləndirilməsinə verdiyimiz töhfə, öz fəaliyyətimizi beynəlxalq hüquq normalarına uyğun qurmağımız son nəticədə Avropanın Azərbaycanı çox ciddi bir tərəfdaş kimi qəbul etməsinə gətirib çıxardı. Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədinin imzalanması Avropanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi, ölkəmizin enerji siyasətini müdafiə etməsi bizim təşəbbüskarı olduğumuz layihələrə dünyanın maraq göstərdiyini sübut edir. NATO sammitinə dəvətlər adətən çox nüfuzlu dövlətlərə olur. Azərbaycan bu gün tək regionun deyil, dünyanın tanınan ciddi dövlətlərindən biri hesab edilir”.
A.Mirzəzadə əlavə etdi ki, Azərbaycanın hansısa mötəbər məclisdə olması artıq qəbul edilmiş bir aksiomadır: "Dövlət başçısı bu səfər çərçivəsində çoxsaylı əhəmiyyətli görüşlər keçirdi. ABŞ prezidenti ilə onun tanış edilməsi bir daha göstərdi ki, dünya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bundan fərqli olaraq isə, Ermənistan Brüssel sammitində bir daha biabır oldu. Çünki Ermənistanda hakimiyyət dəyişsə də, siyasət dəyişməyib. Bu ölkənin dünyaya verəcəyi heç nə yoxdur. Ermənistan bu gün beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən ölkədir. NATO-nun yekun kommünikesində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi isə dünyanın Cənubi Qafqazda stabilliyin olmasında, münaqişənin həllində maraqlı olduğunu göstərdi”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər