• cümə, 19 Aprel, 07:51
  • Baku Bakı 13°C

Kriptomanatın yaradılmasını aktuallaşdıran amillər

05.06.18 10:00 702
Kriptomanatın yaradılmasını aktuallaşdıran amillər
"Blokçeyn və kriptovalyutalar kimi müasir texnologiyalardan imtina və onların tamamilə qadağan olunması mənfi nəticələrə səbəb ola bilər”. Bunu Trend-ə "eTORO” şirkətinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Georgi Verbeçki deyib. O qeyd edib ki, öz bazarlarını kriptovalyutalara açan və onlarla işləməyi bacaran ölkələr xeyli mənfəət əldə ediblər: "Buna misal olaraq Yaponiyanı göstərmək olar. Son aylar ərzində Yaponiyanın kriptovalyuta bazarı əhəmiyyətli dərəcədə artıb, lakin bu, Çinin maynerlərlə bağlı tələbləri sərtləşdirməsi və nəticədə onların Yaponiyaya köçməsi səbəbindən baş verib”. G.Verbeçkinin sözlərinə görə, dövlətlər bitkoin və digər kriptovalyutalarla bağlı nəzarət oluna bilməyən risklərlə qarşılaşmaq istəmirlər, lakin bu vəziyyətdə çıxış yolu rolunu mərkəzi banklar tərəfindən buraxılan milli kriptovalyutaların yaradılması oynaya bilər: "Bu addım ölkənin bölgədə və dünyada rəqabətqabiliyyətliliyini xeyli artıra bilər. Təsəvvür edin ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən blokçeyn texnologiyası əsasında buraxılan, real ehtiyatlarla təmin edilən kriptomanat yaradılır. Bu, sadəcə blokçeyn əsasında yaradılıb, şəffafdır və bütün tranzaksiyalar göz qabağındadır. Emissiya mərkəzləşdirilmiş şəkildə həyata keçirilə bilər və hansısa dövlət xidmətlərinə görə, əhalini bu kriptomanatdan istifadəyə təşviq etməklə, ödəniş müəyyən güzəştlə kriptomanatla edilə bilər”.
İcraçı direktor bildirib ki, bu addımın açıq-aşkar müsbət tərəfləri var: "Pul çap etməyə, buna vəsait xərcləməyə ehtiyac qalmır. Hər şey elektron şəkildə, böyük sürətlə baş verir. Yəni biz texnologiyanı götürürük, lakin mərkəzləşdirməni saxlayırıq. Bəli, əhali tərəfindən emissiyaya etimadsızlıq qalacaq, çünki bitkoinlə bağlı olduğu kimi, desentralizasiya həyata keçirilməyib. Lakin bir addım irəli atıb, tamamilə qlobal bazara istiqamətlənmiş valyuta yaratmaq olar. Bu, azad şəkildə konvertasiya edilə biləcək və dollardan asılılığı azalda biləcək milli kritpovalyuta ola bilərdi. Bundan əlavə, bu hələ ki, boş qalan sahəni tutmağa kömək edə bilərdi”. Xatırladaq ki, bir müddət əvvəl Bakıda "Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyutalar və təhlükəsizlik” mövzusunda keçirilmiş konfransda maliyyə texnologiyaları, blokçeyn, kriptovalyutalar və bazardakı digər yeniliklər, həmçinin onların tətbiqi ilə bağlı mümkün risklər müzakirə edilib.
Milli kriptovalyutanın yaradılmasının nə qədər real olduğunu və bunun nə kimi üstünlükləri olacağını öyrənməyə çalışdıq.
İqtisadçı Rəşad Həsənov deyir ki, bu halda həm beynəlxalq mənzərəyə baxmaq, həm də yerli situasiyanı düzgün qiymətləndirmək lazımdır: "Hazırda beynəlxalq sferada bəzi ölkələrin mərkəzi bankları milli kriptovalyutanın yaradılması ilə bağlı məsələləri müzakirə edir. Hətta bu istiqamətdə bir sıra addımlar atılıb. O cümlədən Rusiya və Belarusda MDB ölkələri çərçivəsində yerli kriptovalyutanın yaradılması işləri aparılır. Böyük ehtimalla, gələcəkdə əksər ölkələrin milli kriptovalyutası olacaq. Amma bununla paralel olaraq, təbii ki, bitkoin və digər beynəlxalq kriptovalyutalardan da istifadə ediləcək. Çünki hazırda bu ödəniş vasitələri qlobal tədavüldə kifayət qədər özünə yer tapıb. Bu, həm milli, həm də beynəlxalq kriptovalyutaların inkişafına şərait yaradacaqdır. Ümumiyyətlə növbəti on il kriptovalyutanın təkmilləşməsi, onlara nəzarət mexanizminin işlənib hazırlanması və onun rəsmi tədavülə daxil olması dövrü olacaqdır. Düşünürəm ki, Azərbaycan da bu cür qlobal proseslərdən geri qalmamalıdır”.
Ekspert qeyd edir ki, müəyyən araşdırmaların aparılmasına və kriptovalyutanın öyrənilməsi ilə bağlı komissiyanın yaradılmasına start verilib: "Mərkəzi bank da bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub. Bildiyim qədər ilə ölkəmizdə milli kriptovalyutanın yaradılması üçün müəyyən işlər gedir. Amma burada əhəmiyyətli məqamlardan biri də dövriyyə məsələsidir. Belə ki, Azərbaycanda tədavüldə innovativ vasitələrin istifadəsinə faktiki olaraq meyillik cəmiyyətdə aşağı səviyyədədir. Bəzi korporativ şirkətlər bu istiqamətdə işlər görürlər. Məsələn, BP bir neçə ay bundan əvvəl açıqlama vermişdi ki, 2019-2020-ci illərdən etibarən kriptovalyutanı ödəniş vasitəsi olaraq təsdiq etməyə başlayacaq”.
Bu ödəniş vasitəsinin üstünlüyündən danışan iqtisadçı bildirir ki, kriptovalyuta ilə ödəniş proseslərini çox sürətli həyata keçirmək, xərcləri minimuma endirmək mümkündür: "Burada şirkətlər üçün imkan yaranır ki, işçi xərclərini azalda bilsinlər. Bu baxımdan da düşünürəm ki, növbəti mərhələdə bir çox böyük şirkətlər bu bazara daxil olacaq. Belə bir məqamda Azərbaycanın bu cür qlobal trendlərdən kənarda qalması doğru olmazdı. Amma cəmiyyətin bunu hansı səviyyədə qəbul etməsi və yerli kriptovalyuta yarandığı təqdirdə, onun dövriyyəsinin necə olması hazırda müəyyən qədər müzakirə mövzusu ola bilər. Çünki ölkəmizdə nağdsız ödəniş sisteminin formalaşması çox çətin baş verir. Ümumi dövriyyənin 1 faizdən az bir hissəsi nağdsız şəkildə həyat keçirilir. Amma məsələyə qlobal yanaşsaq, dünyada bu proses yaxın gələcəkdə baş tutacaq. Yəni trendləri önləyə bilməyən mərkəzi banklar milli kriptovalyutaları yaradacaq. Hətta bu istiqamətdə federal ehtiyat sistemində, Avropa mərkəzi bankında da işlər görülməyə başlanılıb”.
Günel Azadə
banner

Oxşar Xəbərlər