Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası
keçirilib. Toplantını açan komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki
məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Komissiya
üzvləri ilk olaraq Beyləqan rayon sakini Yaşar Səfərovun "Tendensya.com” və
"Milliyol.az ” saytlarına qarşı
şikayətini araşdırıblar. Şikayətçi tərəf
bildirib ki, artıq hər iki saytın təmsilçiləri onunla əlaqə saxlayıblar
və problemin aradan qaldırılması üçün razılıq əldə olunub. Şikayətçi
müraciətini geri götürdüyünü bildirib.
"A Servise
Group” MMC-nin direktoru Aysel Rəhimovanın "Şərq” qəzetinə qarşı şikayətini
araşdıran komissiya üzvləri müəyyən edblər ki, qəzet bəlli şirkət barədə
material hazırlayarkən, etik kodeksin standartlarını gözləyib, balans prinsipinə əməl edib, şirkət
təmsilçilərinin mövqeyini də dərc edib. Bu baxımdan şikayət ərizəsində qaldırılan
iddia əsassız sayılıb.
Bakı şəhər sakini
Xaliq Abbasovun "Qafqaz” Xəbər Agentliyinə qarşı şikayətinin paralel olaraq
məhkəmə müstəvisində də araşdırıldığı müəyyənləşib. Buna görə də komissiya
məsələyə baxmayıb.
Ağstafa rayon
rayon sakini Quliyeva Şəlalə Fuaddin qızının "Həqiqət güzgüsü” qəzetinə qarşı
müraciətini araşdıran komissiya üzvləri bildiriblər ki, Şura bu quruma daha
əvvəllər ünvanlanmış şikayətlərdəki haqlı motivləri əsas tutaraq "Həqiqət
güzgüsü” qəzetinin adını özünün "qara siyahı”sına daxil edib. Bununla əlaqədar
şikayətçi tərəfə ətraflı məlumat və tövsiyələr verilib.
"Haakan foods”
şirkətinin prezidenti Yavuz Həsənovun "azeuronews.com” portalı ilə bağlı
müraciətini araşdıran komissiya rəyə gəlib ki, bəlli yazıda etik kodeksin bütün
prinsipləri ciddi şəkildə pozulub. Bu baxımdan məsələnin geniş şəkildə
araşdırılması "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə
edilib.
İclasda Azərişıq
ASC-nin Aran Regional İdarəsinin "Tendensya.com”, "Milliyol.az ” və "Sonxeber.az”
saytlarına qarşı şikayəti də araşdırılıb. "Sonxeber.az” portalının təmsilçisi
şikayət doğuran yazını "Tendensya.com”a istinadla yaydıqlarını vurğulayıb və
bildirib ki, sayt yanlışlığa görə təkzib verməyə hazırdır. "Tendensiya.com”,
"Milliyol.az ”ın fəaliyyətinin isə geniş araşdırılması "Reket jurnalistika”ya
qarşı mübarizə Komissiyasına həvalə edilib.