• cümə, 29 Mart, 14:54
  • Baku Bakı 14°C

Azərbaycana «Daş yuxular»dan betər zərbə! - Video

23.05.18 17:01 1651
Azərbaycana «Daş yuxular»dan betər zərbə! - Video
Moskvada məskunlaşan, özünü Azərbaycanın sevdalısı kimi qələmə verən kinorejissor Rüstəm İbrahimbəyovun 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmi ciddi müzakirələrə səbəb olub. Filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. İbrahimbəyovun kinorejissor həmkarı Ayaz Salayevin filmlə bağlı tənqidi məqaləsi geniş əks-səda doğurub. Xatırlatmaq istərdik ki, R.İbrahimbəyovun filmlərində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda təqdim olunması, ermənilərin isə ailicənab, sülhsevər kimi göstərilməsi yeni deyil. Onun 2013-cü ildə lentə aldığı "Əlvida, cənub şəhəri” filmi də bu motivdə idi. Həmin filmlə bağlı hələ 2013-cü ildə qələmə aldığımız məqalə bu günlə səsləşdiyindən onu yenidən təqdim edirik:
Azərbaycana «Daş yuxular»dan betər zərbə!
02 Mart 2013

Bir neçə il öncə çəkdiyi filmdə qaçqın və məcburi köçkünləri aşağıladıb təhqir edən İbrahimbəyov indi onların «halına yanır…»
Polşa kinosunun metri Anje Vaydanın «Xatın» filmi Rusiyada ekranlara çıxanda böyük rejissor bu hadisəni təmsil etdiyi ölkənin kinematoqrafiyasının mənəvi qələbəsi kimi qiymətləndirdi.
Bu günlərdə növbəti «Oskar»ını qazanan məşhur Hollivud rejissoru Stiven Spilberqin kinoya yanaşmasında isə fərqli nüanslar diqqət çəkir. O, «Yura dövrünün parkı» və «Çənələr» filmləri ilə sübut etdi ki, yaxşı filmlər heç də yaradıcı dahiliyin və intəhasız düşüncələrin deyil, texnika və peşəkar istehsalın məhsuludur. Yəni, belə kinonu publika daha çox bəyənir. Heç kəsin baxmadığı filmi isə çəkmək lazım deyil.
Dünyaca məşhur rejissorların uzun illərin təcrübəsindən çıxış edərək səsləndirdikləri fikirləri elə-belə xatırlamadım. Rüstəm İbrahimbəyovun «Əlvida, cənub şəhəri» filminə baxandan sonra yadıma düşdü.
Hərçənd kinodramaturqun sonuncu ekran əsərlərindən olan bu film («Kabusun gözü ilə» filmindən əvvəl çəkilib) indiyə qədər böyük ekranda nümayiş olunmayıb. Telekanallarda da rastıma çıxmayıb.
Qısaca məlumat verim: film Rüstəm İbrahimbəyovun "Təbəssümlə oyanaraq" əsəri əsasında çəkilib. Ekran əsərinin ssenari müəllifi də özüdür, prodüseri də. Bu dəfə rejissor "pultunu” Rusiyadan dəvət etdiyi Oleq Səfərəliyevə həvalə edib. Müəllif filmində əsas rollarda Fuad Poladov (Fariz), Fəxrəddin Manafov (Rza), Teymur Bədəlbəyli (Alik), Mehriban Zəki (Maya), Sənubər İsgəndərli (Bacı) və b. çəkilib.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb, "Azərbaycanfilm” və İbrus (Rusiya) studiyalarında istehsal olunub.
«Mədəni elita»nın həsrəti

"Əlvida, cənub şəhəri”ndə baş verən hadisələri bütövlükdə kadrbakadr sadalamaq və ya şərh etmək, loru dildə desəm, böyük ekran rolunu "oynamaq” fikrindən uzağam. Amma ekran əsərində elə məqamlar var ki, onlara toxunmaqla 7 ildən sonra filmə yenidən seyrçi gözü ilə baxmağımın məramını siz də biləcəksiniz. Ən azı özünü vətənpərvər, millətin qayğıkeşi, canıyananı kimi göstərib, ssenarisində milləti aşağılamağın ziddiyyətləri ilə birgə.
Filmin süjet xətti Qarabağ hadisələri nəticəsində paytaxta köç edən qaçqın və məcburi köçkünlərin şəhər əhalisi ilə münasibətlərini əks etdirir. Bir yay müddətində baş verən hadisələr filmin məzmununu təşkil edir. 60-70-ci illərdə çəkilən bir sıra ekran əsərlərində olduğu kimi bu filmdə də köhnə Bakı ilə bağlı nostalji kadrlar yer alıb. Kinolenti qədim küçələr, İçərişəhər, ümumilikdə şəhərin panoramı, küçələrdə satılan xalça-palaz, balkonlardan ətrafa yayılan xalq mahnıları, muğamlar, caz musiqisinin sədaları, insanların birgə yaşayış tərzlərini göstərməklə patriarxal şəhər adətlərini yenidən yada salır. Fərq təkcə ondadır ki, o illərdə çəkilən filmlərin estetikası ilə o dövrün hadisələri üst-üstə düşür, yəni hadisələr real dövrü əks etdirir. Bu filmdə isə köhnə zamanla yeni zaman arasında məsafə açıq-aydın görünür.
1988-2000-ci illər Bakısında baş verən hadisələri ekrana gətirən müəllif nostalji yaratmaqla tamaşaçını 60-70-ci illərin Bakısına çəkir. "Hardadır köhnə Bakı?”, "Hardadır köhnə bakılılar?”, "Hanı mədəni elita?” kimi suallar dolayısıyla deyil, elə birbaşa qulağa tuşlanır.
Filmdə Bakıya "axışan” qaçqınları aşağılayan, təhqir edən bir sıra kadrlar yer alıb. Sərgilənən münasibət isə bir binanın sakinlərinin timsalında ortaya çıxır. Belə deyək, lokal məkan çərçivəsində total münasibətlər özünü göstərir.
1-ci kadr:Binanın həyətinə xlor satmağa gələn qaçqına münasibət. İkinci mərtəbədə qurulan vedrə dolu su məhz həyətə qəpik-quruş qazanmağa gələn, xlor, neft və s. satan qaçqınlar üçün düşünülüb. Narahat olan qonşulardan Alikin digər qonşuya "1 metr sağa və ya 1 metr sola” sözlərindən sonra ipi çəkilən vedrənin suyu həyətə gələn qaçqınların üst-başına tökülür. Binəva qaçqının bu təhqirə cavabı isə "Almırsınız almayın, insan kimi deyə bilmirlər elə bil” sözlərindən başqa bir şey olmur.
2-ci kadr:İkinci mərtəbədə yaşayan digər qaçqın ailəsi – Farizin azyaşlı oğlunun yuxarıdan aşağı "sidik ifrazı”ı ilə əlaqədar ortaya çıxan münasibətlərdir. Hərçənd Fariz özü də müsbət obraz kimi təqdim olunmayıb. O, bu həyətdə özgədir və yad şeylərin simvoludur. Onun simasında özünü qaçqınların təəssübkeşi kimi göstərən, amma əməli fərqli olan obraz təqdim olunub. Fariz qaçqın kimi gələrək Bakıda özünə restoranlar şəbəkəsi quran və yerlilərdən fərqli olaraq qısa vaxtda çox imtiyazlara sahib olan adamdır. Qudurğan kimi verilən Fariz oğlunun gündəlik təkrarladığı hərəkətinə də haqq qazandırır. Qonşulardan uşağına görə üzr istəyib "bağışlayın, hələ şəhər həyatına alışmayıb” deyən həyat yoldaşına "gördük bunların şəhər həyatını”- deyə hirslənir.

3-cü kadr:
Alikin sevdiyi qız - Maya ona Moskvaya-atasının yanına köçmək istədiyini bildirərək səbəbini "daha Bakı həmin Bakı deyi” fikirləri ilə izah edir. Anası da ağlayaraq "bu, bizim şəhərdir” deyə getmək istəmədiyini söyləyir.
4-cü kadr:Vəziyyətlə əlaqədar Bakıdan köçmək istəyən ruslardan birinin evinin satılması ilə bağlı sövdələşmə prosesində yaranan münasibətlərdir. "Əgər evi satmasa qaçqınlar havayı zəbt edəcək”- fikirləri qaçqınların "iç üzünü” açmaq üçün səslənir.
"Bu şəhər bizimdir”
Filmdəki səhnələrin birbaşa və sətiraltı mənaları personajların dialoqlarında üzə çıxır. Yəni obrazların dili ilə danışan müəllifin özüdür. Elə öz münasibətlərini, öz düşüncələrini ortaya qoyur. Maraqlıdır ki, qaçqınların hərəkətləri "pozucu” kimi təqdim olunur, amma qapıları az qala bir-birinin evinə açılan binada kişilərin çılpaq bədənə gəzməsi, qonşu qadını həris nəzərlərlə süzməsi, ümumi dəhlizdə balaqlarını dizdən yuxarı çırmayıb vannaya qoyması, qonşuların gözü önündə sevdiyi qızın evə dəvət olunması... patriarxal adət kimi qəbul olunur?
Bu baxımdan ekran əsəri başdan-ayağa rejissorun nostaljisini ifadə edir. Müəllif "Əlvida, cənub şəhəri” deməklə "Bir cənub şəhərində” qoyub gəldiyi nəsnələrin həsrətini çəkir. Mədəni elitasından uzaq düşən, mühiti qaçqınlarla, köçkünlərlə "pozulan” Bakıya "əlvida” deyir. Qəhrəmanının dili ilə Bakıdan getmək istədiyini, şəhərin artıq onun əksi şəhəri olmadığını söyləyir. "Bu şəhər bizimdir” deməklə gəlmələrə barmaq silkələyir.
Filmi protest də adlandırmaq olar. Amma ermənilərin başımıza gətirdiyi faciələrə, onların işğalçılığı üzündən isti yuvalarından didərgin düşən insanların Bakıya köç etməsinə qarşı yox, həm də onların paytaxta "axışaraq” özünü elita sayanların rahat mühitini pozmasına görə. Ssenarist filmdə daha çox öz arzularının kökünü araşdırır. Heç şübhəsiz, bu arzular özünü düşünmək - xalqın, millətin taleyindən uzaq arzulardır. Filmə baxandan sonra müəllifi kino çəkmək naminə sənət yaratmağa çalışan ümidsiz romantik də saymaq olar.
Siyasətlə sənət arasında vurnuxma

"Əlvida, cənub şəhəri”nin fabulasını internetdə bircə dəqiqəyə tapmaq mümkündür: şəhər camaatı və Bakıya axışan qaçqınlar. Amma bu cümlələrin arasında tükənib bitməyən səhifələr – insan taleləri, insan faciələri, iztirablar var. Bu vacib səhifələrə isə film boyunca toxunulmur. Bunlar kənara atılır, oxunmasına, baxılmasına imkan yaradılmır. Xalqın olmazın zərər gördüyü vəhşiliklərin nəticəsi olan qaçqın problemi ondan da vəhşi münasibətlərə dirənir.
Əgər kinematoqrafı insanın formalaşması üçün əsas amillərdən biri kimi götürürüksə, onda sual yaranır: Böyüyən nəsil bu cür kadrlarlamı tərbiyə ediləcək? Qaçqınların, məcburi köçkünlərin dərdi onlara bu cürmü çatdırılacaq? Onlarda insanlara qarşı münasibət, sevgi belə kadrlarlamı formalaşdırılacaq?
Dünya kinosunda axtarışların getdiyi, yeni eksperimentlərlə tamaşaçıları kino zalına qaytarmağa çalışılan bir vaxtda öz xalqına nifrətlə çəkilən bir filmlə uğur qazanmaq istəyinə ad tapmaq da çətindir. Heç şübhəsiz, belə filmlə çox uzağa getmək də olmaz. Olsa-olsa yalnız yaxın əlaqəli festivalların mükafatını və ya o zamankı Azərbaycan Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq” ödülünü qazanmaq mümkün idi. Görünür, kommersiya ilə, siyasətlə sənət arasında vurnuxanda baxımlı film yaratmaq da zor olur. Belə filmlərlə isə yalnız yaradıcılıqda rəqəmlərin sayı arta bilir.
Yazının əvvəlində qeyd etdiyim kimi, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Ekran əsərinin büdcəsi ilə bağlı sualı da nazirliyin kinematoqrafiya şöbəsi "bilmirik” deyə cavablandırdı. Filmin icrasını və istehsalını həyata keçirən "Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov arxiv materiallarını araşdırdıqdan sonra «Kaspi»nin sorğusuna cavab olaraq bildirdi ki, filmin büdcəsi köhnə Azərbaycan manatı ilə 1 milyard 95 milyon manat təşkil edib. Maraqlıdır, nazirliyin kinematoqrafiya şöbəsi ssenari ilə tanış olarkən fabulası xalqının təhqirinə yönələn ssenariyə nə üçün səxavətlə vəsait ayırıb? Bir də filmə ayrılan maliyyəyə rəğmən, çəkilişlər videofilmlər kimi dar bir məkanı əhatə edir. Belə ki, kadrlarda yalnız bir yaşayış binası, dəniz sahili, buruqların ərazisi və bir-iki küçənin mənzərəsi yer alıb.
Oxşar qəbahət

Filmə digər tərəfdən yanaşanda "Əlvida, cənub şəhəri”nin ideyası ilə yazıçı Əkrəm Əylislinin "Daş yuxuları”ı arasında elə də fərqinin olmadığını görürsən. Bəlkə paralellər aparmağa ehtiyac da yoxdur. Bir halda ki, biri xalqa nifrətini ədəbiyyatda ifadə edir, o biri də kinematoqrafiyada nümayişə çıxarır. Biri xalqını cəllad, başkəsən adlandırır, digəri ona aşağılayıcı, təhqiredici nəzərlə baxır. Əslində, qəbahətin ağırlığı oxşardır.
İş ondadır ki, indiyə qədər dəfələrlə qaçqınlar haqqında təhqiramiz ifadələr işlədən, "onlar gələndən sonra şəhərin mədəni həyatı pozulub”, "Bakı kəndə çevrilib” deyən, ssenaristi və prodüseri olduğu filmdə də qaçqınları aşağılayan, "Bakı daha əvvəlki Bakı deyil” deyən və "Hələ şəhər mühitinə alışmayan” insanları bəyənməyən, onlara yuxarıdan aşağı baxan R.İbrahimbəyov birdən-birə bu sosial təbəqənin himayadarına çevrilib? Gün hardan doğub görəsən? Bu yaxınlarda verdiyi sonuncu müsahibəsində ssenarist payızda keçiriləcək prezident seçkilərində qaçqınları aktiv olmağa səsləyir: "Biz ziyalılar bunun üçün əlimizdən gələni edəcəyik. Xüsusən Qarabağ döyüşçülərinin, məcburi köçkünlərin, qaçqınların mövqeyindən çox şey asılıdır. Çünki onlara hökumət tərəfindən lazımi qayğı göstərilmir. Hansı ki, bunlar xalqımızın qaymaqlarıdır” deyib. Dünən filmində başına vedrə ilə yuxarıdan aşağı su tökdüyü qaçqın birdən-birə necə olub ki, İbrahimbəyov üçün "qaymağa” çevrilib? Hətta seçki yolu ilə vəziyyəti dəyişmək üçün onların köməyinə ümid bağlayıb? Onları sosial baza hesab edib?
Başqa vaxt "siyasətə qarışmıram” deyən, ancaq siyasətin düz ortasında olan sənət adamının "təəssübkeşliyi”nin arxasında dayanan niyyət isə təbii ki, bəllidir.
"Ssenari – niyyəti, çıxış nöqtəsini yadda saxlamaqdan ötrüdür və bu mənada – məhz niyyət, ideya kimi – vacib və mühümdür!” Rus kinosunun vicdanı Tarkovskinin bu fikirləri isə "Əlvida, cənub şəhəri”ndən qaynaqlanan niyyəti açmaq baxımından gözəl səslənir. Daha şərhə də ehtiyac yoxdur.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər