• cümə, 19 Aprel, 13:40
  • Baku Bakı 25°C

İndi də baş prokurorun istefasını tələb edirlər

18.05.18 19:27 616
İndi də baş prokurorun istefasını tələb edirlər
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra elə gün olmur ki, etiraz aksiyaları keçirilməsin. Bu dəfə "Siyasi məhbuslarsız Ermənistan” adlı etiraz aksiyası keçirilib. Etirazçılar dünən səhər saatlarından Baş Prokurorluğun binası qarşısına toplaşıblar. Onlar"Qarabağ Müdafiə Ordusu”nun sabiq komandanı, Dağlıq Qarabağ separatçı qurumunun sabiq "müdafiə naziri”Samvel Babayanın və digərlərinin azadlığa buraxılmasını tələb ediblər. Etirazçılar əllərində baş prokuror Artur Davtyanın istefası tələbinin yer aldığı plakatları tutublar. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan üçün ölkənin başının üstünü alan problemləri həll etmək elə də asan olmayacaq. Problemlər isə bütün sahələri əhatə edir. Heç şübhəsiz, bundan sonra da müxtəlif mövzularda etiraz aksiyaları keçiriləcək.
Paşinyançıların zəifləməsi, yaxud baş verənlərə etinasızlığı revanşistlər üçün şərait yarada bilər. İstanbulda yayımlanan "Aqos” qəzetinə müsahibəsində erməni əsilli məşhur türkiyəli iqtisadçı Daron Əcəmoğlu müəyyən mənada bu fikirləri təsdiq edib. O bildirib ki, "Bizim hamımız Ermənistanın yaxşı gələcəyinə ümid edirik, amma qəbul etməliyik ki, korrupsiyaya bulaşmış sistemi daxildən təmizləmək asan olmayacaq. Nikol Paşinyanın ona zəng etdiyini təsdiqləyən iqtisadçı "mən dedim ki, ölkə xaricində yaşayaraq, necə kömək edəcəyimi bilmirəm. Bununla belə, xatırlatdım ki, bütün səylərimi sərf etməyə hazıram. Fürsət yaranacağı halda Ermənistana gedəcəyəm. İndi ailə vəziyyətimə görə bunu edə bilmirəm. Yerevana nə vaxt gedəcəyimi də deyə bilmərəm. Ermənistan iqtisadiyyatı rüşvət və korrupsiyaya görə güclü zədələnib. İctimai dönüş gərəklidir. Bu dönüş daha dinamik iqtisadiyyat və yüksək rəqabətliliyi təmin etməlidir. Bu cür dəyişikliyi yalnız Ermənistan cəmiyyəti edə bilər. Anlamalıyıq ki, korrupsiyaya bulaşmış sistemi daxildən təmizləmək asan olmayacaq. Bunu çoxtərəfli yanaşma və siyasətə yeni, təhsilli, korrupsiyaya bulaşmamış idealistlərin gəlməsi ilə həll etmək olar”, – deyə o bildirib.
"Aehorussia.com” saytı isə N.Paşinyanın baş nazirliyinin başlanması haqda analiz təqdim edib. Müəllif yazır ki, N.Paşinyan baş nazirliyinin bir həftəsi ərzində bütün nazirləri dəyişməyə, ən qalmaqallı məmurları və Ermənistan polisinin rəisi və daxili qoşunların komandanı daxil olmaqla generalları işdən çıxartmağa macal tapıb və hökumətin iclasını açıq keçirib. O, habelə gömrükxana tənzimlənməsi qaydalarını yaxşılaşdırmaq sərəncamı verib və Soçidə Vladimir Putinlə görüşdüyü Aİİ sammitinə qatılıb. "O, Ermənistan hökumətinin tərkibini tam dəyişərək yeni Nazirlər Kabinetinə gəncləri – köhnə hakimiyyətə qarşı mübarizədə onu dəstəkləyənləri daxil edib və Paşinyanın fikrincə, ölkədə korrupsiya ilə mübarizəyə məhz onlar başçılıq edəcəklər. Baş nazir vəd edib ki, adamlar ən yaxın vaxtlarda öz həyatlarında dəyişiklik duyacaqlar. Onun ilk sərəncamları gömrük işinə aid idi. O, malların gömrükdən çıxarılması prosedurunu xeyli sürətləndirməyi və monopoliyanı ləğv etməyi tələb edib. İndi Ermənistanın hər bir vətəndaşı qanun çərçivəsində lazım bildiyi hər şeyi ölkəyə gətirə bilər. Əvvəllər, məsələn, mühərrik yanacağı, benzin, şəkər, bananı monopoliyaçılar daşıyırdı. Növbədə vaxtı keçən kənd təsərrüfatı və istehlak kreditlərinə görə bütün cərimə və faizlərin ləğv edilməsi, habelə yol hərəkəti qaydalarınınpozulmasına görə cərimələrin həcminin azaldılmasıdır” – deyə məqalədə vurğulanır.
Politoloq Mikael Zolyanın fikrincə, hazırda Paşinyan çətin dövrdədir: "Hər şeydən əvvəl ona görə ki, hələlik hakimiyyətin tam onda olduğunu söyləmək olmaz.Respublikaçıların hələ də parlamentdə çoxluğu var, onlar bir sıra mühüm postlara, o cümlədən İrəvan meri postuna nəzarət edirlər, amma ölkəyə görə məsuliyyət artıq baş nazirin və komandasının üzərinə düşür”. Zolyanın qənaətincə, hələlik ayrı-ayrı sahələrdə konkret dəyişikliklərdən danışmaq çətindir, amma yeni hökumətin yanaşmasının əvvəlkindən köklü şəkildə fərqləndiyi bir sahə var: "Paşinyan və komandası cəmiyyətlə əlaqəyə prinsipcə özgə cür yanaşır – baş nazirin özü və yeni təyin edilmiş nazirlər gündə bir dəfə Facebook-da Live-video və digər sosial şəbəkələr vasitəsilə vətəndaşlara müraciət edir, öz ünvanlarına olan tənqidə reaksiya verir, yeni hökumətin ilk toplantısı isə birbaşa efirdə yayımlanıb”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər