• çərşənbə axşamı, 16 aprel, 21:51
  • Baku Bakı 18°C

AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİLMƏSİNİN YENİ ELMİ KONSEPSİYASI

26.02.18 14:10 995
AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİLMƏSİNİN YENİ ELMİ KONSEPSİYASI
İsa Həbibbəyli hesab edir ki, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elmində çoxəsrlik ədəbiyyat tariximiz və müasir ədəbi proses dövrləşdirilərkən ilk nəvbədə təsnifat üçün elmi prinsiplərin, nəzəri konsepsiyaların müəyyən edilməsi ən mühüm şərtdir” (s. 13). Akademik ədəbi dövrləşdirmədə aşağıdakı prinsipləri əsaslı bilir:
1. Azərbaycançılıq məfkurəsi;
2. Sivilizasiya faktoru;
3. Ədəbi-tarixi prosesin reallıqları;
4. Azərbaycanda ədəbi cərəyanlar.
Akademik bu vacib prinsiplərə əsaslanarkən Azərbaycanda türk sivilizasiyası, ərəb-islam sivilizasiyalarının ictimai-siyasi və ədəbi-mədəni mühitə təsirini diqqətdə saxlayır və tezisləşdirir ki, "Türk sivilizasiyasının tanrıçılıq təlimi, islam sivilizasiyasının mənəvi kamillik ideyası müxtəlif dövrlərin böyük ədəbiyyatı və mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır” (s. 14).
Konsepsiya müəllifi milli maarifçilik hərəkatının sosial-ədəbi mühitə təsirini də vacib bilir. Alim yazır: "Uzun illər Şərq-müsəlman dünyagörüşü istiqamətində köklənmiş Azərbaycan ədəbi-ictimai fikrinin XIX əsrdə Qərbyönlü inkişaf yoluna keçməsi və bu zəmində ölkədə dünyəvi məktəblərin, teatrın, milli mətbuatın və realist ədəbiyyatın yaranıb yüksələn xətlə qaçılmaz şəkildə yolunu davam etdirməsi maarifçilk hərəkatının regionda mühüm sivilizasiya faktoru olduğunu qəbul etməyə əsas verir” (s. 14).
Nüfuzlu ictimai xadim azərbaycançılıq ideologiyası üzərində dayanaraq tezisləşdirir ki, "Azərbaycançılıq – milli düşüncənin və vətən anlayışının bir yerdə qavranılması təlim olaraq xalqın və ölkənin milli maraqlarını, maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir” (s. 14-15).
Görkəmli alim müasir dövrləşdirmə konsepsiyasında başlıca meyarları milli ədəbiyyatın ictimai-mədəni və ədəbi-tarixi proseslərinin reallıqları, keçilmiş inkişaf yolunun özünəməxsusluqlarını obyektiv əks etdirmək baxımından faydalı hesab edir. Alim "ədəbi-tarixi proseslərin reallıqları dedikdə Azərbaycan ədəbiyyatının təbii məntiqindən, daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və vəhdətini nəzərdə tutur” (s. 15). Və ümumiləşdirir ki, göstərilən "prinsiplər Azərbaycan ictimai-mədəni fikrinin və ədəbiyyatının əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca məzmununu, əsas inkişaf istiqamətlərini özündə əks etdirir. Burada hər hansı bir kənar ideologiyanın diqtəsi ilə təklif olunan meyillər özünə yer almamışdır” (s. 15).
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələlərini "ümumdünya ədəbi proseslərinin gedişatı müstəvisində Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində milli ədəbiyyatın keçdiyi təkamül proseslərinin daxili inkişaf qanunauyğunluğundan, təbii məntiqindən doğan elmi təsnifat” hesab edir və dövrləşdirmə modelini aşağıdakı kimi göstərir:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı: etnosdan-eposadək;
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər);
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər);
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər);
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər);
6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr);
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm epoxası və romantizm dövrü (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda Sovet hakimiyyətinədək);
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi (1920-1970-ci illər);
9. Milli özünüdərkə qayıdış və istiqlal uğrunda mübarizə dövrü (1970-1991);
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı.
Alim bir məxsusi izah da verir ki, "dövrləşdirmənin müəyyən olunmasında konkret mərhələlər arasında davam edən proseslərlə, varisliklə yanaşı, köklü mühüm yeniləşmələrin, dəyişikliklərin baş verməsi də əsas götürülmüşdür” (s. 16).
Akademik ədəbi dövrləşdirmə təsnifatının bütün mərhələləri üçün kifayət qədər konkret, aydın və elmi-nəzəri izahlar vermiş, tezislərini bütün hallarda möhtəviyyatlı təqdim etmiş və yekunlaşdırmışdır ki, "təqdim olunan Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi modeli çoxəsrlik Azərbaycan ədəbiyyatının milli maraqlara və dünyəvi dəyərlərə uyğun səviyyədə, sistemli tədqiq edilib öyrənilməsinə imkan yaradır” (s. 18).
Görkəmli ədəbiyyatşünas-alim Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi ilə bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 6 oktyabr 2017-ci il tarixli Elmi Şurasında əhatəli tezisləri, izah və şərhləri ilə birlikdə geniş məruzə etmiş, irəli sürülən təklifləri dinləmiş və bildirmişdir ki, problemlə bağlı 180 səhifəlik monoqrafiyanı çapa hazırlamışdır.
Beləliklə, akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsində mövcud elmi-nəzəri fikrin varisliyinə əsaslanan konsepsiyası Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin akademik nəşrləri üçün vacib proqramdır, Azərbaycan ədəbiyyatı tarixi, habelə, türk xalqları ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemlərinin həllində normativ aktdır, elm və tədris məsələlərinin praktik həllində yönləndirici, əsaslı tarixi-ədəbi sənəddir.
Əlizadə ƏSGƏRLİ
banner

Oxşar Xəbərlər