• çərşənbə axşamı, 19 mart, 06:28
  • Baku Bakı 8°C

Məni yaradan kitablar

19.02.18 15:45 1282
Məni yaradan kitablar
Havay adalarına köç etmiş yaponların dördüncü nəslinə aid olan amerikalı yazar, jurnalist, ədəbi tənqidçi Hanya Yanagihara 1974-cü ildə Kaliforniya ştatının, Los Ancelos şəhərində onkoloq Riçardın övladı olaraq, dünyaya göz açıb. Onun anası Seulda anadan olmuş amerikalıdır. Hanyanın uşaqlıq illəri Kaliforniya, Havay, Nyu-York, Merilend və Texas arası səyahətlərdə keçib.
1995-ci ildə Smits Qızlar Kollecindən məzun olduqdan sonra, Nyu-Yorka köçür və elə həmin ildən də onun yazı və ədəbiyyatla dərindən bağlanır. İlk romanı "Ağaclarda yaşayan adamlar” ("The people in the trees”) 2013-cü ildə işıq üzü görüb. Bunu müəllifin yaradıcılığı üçün uğurlu başlanğıc hesab etmək olar. Amma Hanyaya dünya şöhrəti gətirən romanı 2015-ci ildə çap edilmiş "Bir az da həyat” ("A little life”) olur. Bu romanla müəllif "National Book Award” mükafatına layiq görülür, "Man Booker” mükafatının qısa siyahısına düşür. Hanya hazırda "New-York Times” qəzetinin köşə yazarı və ədəbiyyat şöbəsinin tənqidçisidir.
"Guardian”-ın "Məni yaradan kitablar” rubrikasının budəfəki qonağı da Hanya Yanagihara olub. Müəllif unutmadığı ədəbi nümunələrdən danışıb.
Hazırda oxuduğum kitab – İndi paralel olaraq, iki kitab oxuyuram. Son illər bu üsul çox işə yarayır. Devid Fransın QİÇS, xəstəliyin tarixi, yoluxma üsulları, statistikasına bir hekayənin fonunda işıq tutan "Bəladan qorunmağın yolları” ("How to survive a plague”) kitabını evdəki rahat saatlarda əlimdən qoymuram. Avtomobili özüm idarə etmədiyim üçün yolda, növbədə, naharda keçən vaxtları isə Alan Hollinqhörstün "Sparşolt məsələsi” ("Sparsholt affair”).
Ən son oxuduğum güldürən hekayə - Belə deyək də, oxuduqca ürəyimin ritmini sürətləndirən sonuncu kitab. Nil Mukerjinin "Azadlıq diyarı” ("The state of freedom”) romanının adını çəkə bilərəm. Həm ürküdücü, həm də təəccübləndirən hadisələrin baş verdiyi hekayənin olduqca hərəkətverici bir effekti var.
Layiq olduğu dəyəri almadığını düşündüyüm kitab– Hilari Mantelin "Qurd süfrəsi” ("Wolf hall”) romanı ilk çap olunanda, bəlkə də, oxuyanlar az qalırdı ona sitayiş etsin. Bəli, hər yazarın ən dərin istedadının büruzə verdiyi belə nümunələr var. Amma mən çox istərdim ki, bu romanı oxuyanlar Hilarinin qələminin hələ oyunlara düşmədiyi vaxtlarda yazdığı zərif, əyləncəli və insana zövq verən ilk əsərləri ilə də tanış olsunlar – "Hər gün analar günüdür?” ("Every day is mother’s day?”), "Vakant yer” ("Vacant possession”), "Məhəbbət sınağı” ("An experiment in love”) və s. O qədər möhtəşəm nümunələrdir ki…
Bir də Conatan Ko. Baxmayaraq ki, Birləşmiş Krallıqlarda onun oxucu auditoriyası ABŞ-dakından çoxdur. Amma mən də onun "Yağışdan əvvəl” ("The rain before it falls”) romanına heyran olmuşdum və amerikalı oxucuların bu əsəri layiqincə qiymətləndirmədiyini düşünürəm.
Müəllifi olmaq istədiyim kitab – Kazuo İşiquronun "Gündən qalanlar” ("The remains of the day”) romanı. Əsəri oxuyanda qiymətləndirmə şkalasına baxmamışdım. Bununla belə, oxuyanda heyranlıq hissindən doğan dərin qısqanclıqdan doğrandığın əsərlər olur. Mən də bu romanı dəfələrlə məhz belə qısqanclıqdan qıvrıla-qıvrıla oxumuşam.
Həyatımı dəyişdirən kitab – Çoxdur. Ümumiyyətlə, bir romanın bir həyatı dəyişdirə biləcəyinə inanmıram. Bir hekayə insanın şüurunda, həyat tərzində nəyisə dəyişə bilər, amma bütünlüklə həyatın, baxışın dəyişməsi davamlı qiraətin nəticəsidir. Odur ki, məndə bu siyahı uzundur, amma bir neçəsinin adını çəkəcəyəm – yəqin ki, bu siyahıya Filip Rotun "Əlvida” ("Goodbye”), "Kolumb” ("Columbus”) romanları başçılıq edir. İkincini mənə atam hədiyə etmişdi, mənimlə birgə özü də yenidən oxudu. Birinci dəfə elə də ciddi təsirləri olmamışdı, çünki yetkinlərin qiraət menyusu ilə ilk tanışlığım idi. Buna baxmayaraq, tarixin müəllifə xəyanəti, müəllifin tarixi həqiqətlərə meydan oxuya bilməsi bacarıqları ilə tanış olmuşdum. Bu, ədəbiyyat haqqında öyrəndiyim ilk ciddi nüans idi.
İlk qiraət siyahımı atam məsləhət görürdü, onun zövqü əsasında istiqamət alırdım – odur ki, həyatımı dəyişən yazarlar siyahısında Barbara Pim, Anita Brukner, VS Naypol, Devid Livit, Vladimir Nabokov, Ceyms Boldvin və təbii ki, yapon ədəbiyyatının çağdaş nümayəndələri var idi.
Baxış bucağımı, düşüncə tərzimi dəyişdirən kitab– insanın xarakterik keyfiyyətləri çox dəyişməsə də, düşüncə tərzi, həyata baxışları sürətlə dəyişir. Xüsusilə də, ədəbiyyatın, incəsənətin içində sovrulanların. Amma bu siyahıda mən sadalama apara bilməyəcəm – Ann Karsonun "Qırmızının avtobioqrafiyası” ("Autobiography of Red”) romanı alternativsiz nümunədir.
Yazı üslubuma təsir edən kitab – yazarlar bunu necə dəqiqləşdirə bilirlər, o mexanizmi dərk etməmişəm. Bunu kənardan müşahidə aparanlar deyə bilərlər. Mən sadəcə kimdən nümunə götürdüyümü bilirəm. Məsələn, Juniçiro Tanizakinin "Makioka bacıları” ("The Makioka sisters”) romanında sərgilədiyi təhkiyə üslubu mənim nəzərimdə nümunəvidir – mükəmmələ ən yaxın üslubdur.
Oxumağa səbrim çatmayan bilmədiyim kitab – haradasa iki il bundan əvvəl bir kitab oxumuşdum, davam etmək istəmirdim, elə sətirlərə göz gəzdirə-gəzdirə "oxuyub qurtardım”. Sonra özümü çox günahkar hiss etdim və eyni zamanda cavabdeh, birinin əziyyətini alçaltmış kimi görünürdüm. Ona görə qəti qərar verdim, zövqümü oxşamayan əsəri sadəcə oxumayım – son zamanlarda yarımçıq qalan yeganə əsər Uilki Kollinsin "Göy daşı” ("Moonstone”) romanı olub.
Oxumadığıma utandığım kitab – Aman Allah, bu siyahı o qədər uzundur ki, bunu etiraf etməkdən belə utanıram. Amma ən çox Henri Ceymsin "Xanımın portreti” ("The portrait of a Lady”) romanını oxumamış olmaq məni utandırır. Yəqin ki, sırada o var. Bundan əvvəl isə Con Banvilin "Xanım Ozmond” ("Mrs.Osmond”) romanını oxumaq istəyirdim, yaxşı ki o əldən çıxdı.
Sevə-sevə hədiyə etdiyim kitab – yenə, Tanizakinin yaradıcılığına üz tutaram. Amma bu əsas hədiyə verəcəyin adamın xarakterindən, həmin dönəmdəki vəziyyətindən, zövqündən asılıdır.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər