• çərşənbə, 24 Aprel, 10:51
  • Baku Bakı 13°C

2018 tarixə sabitlik və inkişaf ili kimi düşdü - Fotolar

03.01.19 18:26 1831
2018 tarixə sabitlik və inkişaf ili kimi düşdü - Fotolar
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz 2018-ci ili də nailiyyətlərlə yola salıb. Dövlət başçısının hərtərəfli islahatlara, sosial-iqtisadi tərəqqiyə rəvac verən çoxsaylı fərman və sərəncamları, Prezidentimizin 16 xarici ölkəyə rəsmi səfəri, həmçinin 16 ölkənin dövlət və hökumət başçısının Bakıya səfəri, paytaxt şəhərimizin çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycan üçün ötən ili bütün istiqamətlər üzrə uğurlu edib. Sürətli inkişaf tempini ötən il də qoruyub saxlayan Azərbaycan beynəlxalq aləmin layiqli üzvü olmaqla dünyadakı müsbət imicini daha da inkişaf etdirib.

Bir sözlə, müstəqil Azərbaycan qədim odlar diyarı, multikultural və tolerant ölkə, Şərqlə Qərb arasında etibarlı körpü və tərəfdaş, regionun sabitlik adası kimi ötən ili uğurla başa vurub. Bu ümumi yanaşmanı, əldə edilən nailiyyətləri konkret faktlara istinad etməklə, ayrı-ayrılıqda bir neçəsini qeyd etməklə də dilə gətirmək mümkündür. Belə ki, 2018-ci ilin ən mühüm hadisələrindən biri Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı dövlət siyahısına daxil edilməsi, ən çox islahat aparan ölkə elan olunmasıdır. Hesabata əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Təsadüfi deyil ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı olmayan dövlətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu siyasət nəticəsində ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı davamlı olaraq artır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, qeyri-neft sənaye sektorunda artım 9 faizdən çoxdur, ixracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub. Dünya Bankının "Doing Business” proqramının son hesablamalarında bütün bunlar yüksək dəyərləndirilib. Mühüm beynəlxalq təşkilat tərəfindən belə bir nəticənin elan edilməsi Azərbaycanda həyata keçirilən siyasətə kənardan verilən obyektiv qiymətdir.

Təbii ki, ərazisinin 20 faizi Ermənistan işğalı altında olan Azərbaycanda dövlət siyasətinin başlıca hədəflərindən biri Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq prinsipləri əsasında, ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Bu istiqamətdə də ötən il uğurlu siyasət həyata keçirilib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində vurğulandığı kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində rəsmi Bakı prinsipial mövqeyində qalıb. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, münaqişənin yalnız bu prinsip çərçivəsində öz həllini tapması vurğulanıb. Dövlət başçısı xarici ölkələrə səfərlərində ən mötəbər tribunalardan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməli, işğalçı qüvvələr qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalıdır. Prezident yeni il təbrikində vurğulayıb ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik olub. İlk öncə Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor xunta rejimi çöküb və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflası sayılıb. Bununla yanaşı, Azərbaycanın Ermənistana qarşı apardığı çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasət öz bəhrəsini verib. Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edilib və nəticədə işğalçı ölkənin iqtisadiyyatının çökməsində Azərbaycanın payı kifayət qədər böyük olub.

Qeyd olunanlarla paralel olaraq, Azərbaycanda ötən il ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi üçün ən müasir silah-sursatlar alınıb, hərbçilərin peşəkarlığı artırılıb. Məhz bunun sayəsində ötən il Naxçıvanda 11 min hektara yaxın ərazi, Şərurun Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 26 ildən sonra Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları iləazad olunub. Bununla da ordumuz daha əlverişli mövqelərə yiyələnib. "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi, "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edilib, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alınıb. "Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaradıb.

İyunun 26-da isə Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında təntənəli hərbiparad keçirilib. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin 4 min nəfərədək şəxsi heyətinin iştirak etdiyi möhtəşəm paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq təyyarə və helikopter, ən müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları nümayiş olunub. Ordumuzun gücü, qüdrəti, potensialı bütün dünyaya nümayiş etdirilib.
Sentyabrın 15-də Azadlıq meydanında daha bir hərbiparad keçirilib. Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş paradı Azərbaycan və Türkiyə prezidentləri qəbul ediblər. Bu möhtəşəm parad Türkiyə-Azərbaycan qardaşlığının bir daha nümayişi olmaqla bərabər, ölkələrimizin uğurlarını həzm etməyən düşmənlərimizə, işğalçı Ermənistana və onun havadarlarına ciddi mesaj sayılıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu da "Kaspi”yə açıqlamasında bildirib ki, 2018-ci il xalqımız üçün bir sıra mühüm məsələlərlə əlamətdar olub. Onun sözlərinə görə, yola saldığımız 2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, bir sıra problemlərin həll edilməsi, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və ən nəhayət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni münbit şərtlərin ortaya çıxması olub. Millət vəkili deyib ki, əldə etdiyimiz bu nailiyyətlər 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusion və institusional islahatlar sayəsində mümkün olmaqla, 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb: "Yola saldığımız ilin aprel ayında keçirilən prezident seçkiləri və onun nəticələri həyata keçirilən islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla, milli iradənin legitim əsaslar formalaşdıraraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun davam etdirilməsinin təminatçısı olub. Ona görə həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər içində Azərbaycan bu nailiyyətləri əldə edib. 2018-ci ildə Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. Bunlar ilk növbədə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bu layihənin mühüm seqmenti olan TANAP qaz kəməri layihəsinin tikilib başa çatdırılması, eyni zamanda ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən "Star Rafina” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə ölkəmiz üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə, hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb”.

Millət vəkili bildirib ki, ötən il yadda qalan əsas iqtisadi hadisələrdən biri də Sumqayıt Polimerlər Kimya Sənayesi Müəssisəsinin işə düşməsi olub. O qeyd edib ki, bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib: "2018-ci ildə ölkəmizdə çoxsaylı sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istifadəyə verilib. Üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Görülən işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb ki, əslində bu da yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq. Sosial sahədə çox böyük işlər görülüb. Əhalinin aztəminatlı təbəqəsinin problemləri daima diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb və bu proses davam edir. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər. Yola saldığımız il Azərbaycanın beynəlxalq nüfuzunun artması ili kimi də səciyyələndirilə bilər. Beynəlxalq uğurlar sırasında ilk növbədə Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı "Tərəfdaşlığın Prioritetləri” sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəd ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha Avropa İttifaqına üzv olan ölkələr tərəfində dəstəklənməsi və qəbul edilməsi ilə əlamətdardır”.


Ötən il əldə edilən uğurlara əyani misal olaraq, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını, üçüncü peykimiz "Azerspace-2”nin orbitə buraxılmasını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimlərinin keçirilməsini və sair bu kimi çoxsaylı mühüm əhəmiyyət daşıyan hadisələri qeyd etmək mümkündür. Əlbəttə ki, bütün bu uğurlar 2019-cu ilin də Azərbaycan üçün mühüm nailiyyətlərlə yadda qalacağına böyük ümid yaradır.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər