• cümə, 26 Aprel, 05:20
  • Baku Bakı 16°C

2018-in “yükü” sülh, qarşılıqlı anlaşmadır

30.12.17 10:43 1374
2018-in “yükü” sülh, qarşılıqlı anlaşmadır
İlin təhvil verilməsinə saatlar qalıb. 2017-ci il həm iqtisadi, həm də siyasi baxımdan yadda qalan illərdən oldu. Ötən ili həmçinin İslam həmrəyliyi oyunlarının ölkəmizdə keçirilməsi baxımından da uğurlu hesab etmək olar. Bu da ölkəmizdə turizm sahəsinin inkişafına böyük təsir göstərdi.
Bəs görəsən 2018-ci il nə vəd edir? Növbəti ildən gözləntilər nələrdir? Bu barədə ekspertlərimizin fikirlərini öyrəndik.
İqtisadçı Rəşad Həsənov deyir ki, 2018-ci il Azərbaycan iqtisadiyyatında dönüş ili olacaq: "Növbəti il bir neçə istiqamətdə dinamika planlaşdırılır. Hətta deyə bilərik ki, 2018-ci il Azərbaycan iqtisadiyyatında dönüş ili olacaqdır. Yəni 2014-cü ildən başlanan müşahidə resessiya prosesinin tamamlanması və yenə də inkişafı gözlənilir. Düşünürəm ki, Strateji Yol Xəritələrinin icrası prosesinə nəzarət daha da güclənəcəkdir. Milli valyutanın məzənnəsi ilə bağlı müəyyən ehtimallar var. Belə ki, bizim proqnozlarımıza əsasən, milli valyutanın məzənnəsində ciddi dəyişikliklər baş verməyəcək. Ancaq ola bilsin ki, siyasi faktorlar səbəbindən kiçik dəyişikliklər müşahidə olunsun. Neftin dünya bazarlarında kəskin ucuzlaşması olmayacağı halda, manatın dəyərdən düşməsi ilə bağlı hər hansısa bir ehtimal yoxdur. Bahalaşma ənənəyə uyğun olaraq, daha çox ərzaq məhsullarında müşahidə ediləcək. Amma qeyri ərzaq məhsullarında da müəyyən qiymət artımları baş verəcəkdir.
İqtisadçı qeyri neft sektorundan da danışdı: "Hazırda hökumətin əsas prioritet istiqamətlərindən biri də turizm, yüngül yeyinti sənayesi və kənd təsərrüfatıdır. Bu istiqamətlərdə xüsusi addımlar atılır. Son bir neçə ildə aqro-parkların yaradılması sürətlənibdir. Düşünürəm ki, bu addım növbəti il kənd təsərrüfatında istehsal olunan ümumdaxili məhsulun həcminə öz təsirini göstərəcəkdir. Eyni zamanda, aşağı faizlərlə də olsa, sənayedə müəyyən inkişaf gözlənilir. Bu, daha çox Neftçala Sənaye Məhəlləsinin istifadəyə verilməsindən qaynaqlanacaqdır”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, ölkədə iqtisadi, siyasi sabitliyin olması əsas amildir: "İnkişafın başlıca şərtlərindən biri iqtisadi-siyasi sabitliyin olmasıdır. Bu istiqamətlərdə islahatlar aparılır. Qeyri neft sektoru inkişaf edir, manat stabilliyini qoruyub saxlaya bilir. Həmçinin TAP və TANAP layihələri son mərhələyə qədəm qoyur. Boru xətləri inşa ediləndən sonra da, "Şahdəniz” yatağından çıxarılacaq qaz uğurla Avropaya çatdırılacaq. Oradan gələn vəsait Neft Fondunun gəlirlərini artacaq. Bu istiqamətdə hansısa bir problemlə üzləşəcəyimizi düşünmürəm. Əsas problemimiz Dağlıq Qarabağdır. Böyük dövlətlər əvvəlki kimi, işğalçı Ermənistana təzyiq və təsir etmək istəmirlər. Gələn il də vəziyyətin dəyişəcəyini gözləmirəm. Danışıqlarda elə də ciddi irəliləyiş proqnozlaşdırmıram. Cəbhə bölgəsində zaman-zaman lokal döyüşlər ola bilər. Çünki bizim başqa alternativimiz yoxdur. Bizim çalışmalarımız işğalçıya hərbi təzyiqi genişləndirməkdir. Hərbi büdcəni artıraraq, yeni hərbi texnikalar alıb, gücümüzü inkişaf etdirəcəyik. 2018-ci ildə bu istiqamətdə fəaliyyətimiz davam edəcək”.
Astroloq, "Qoroskop”qəzetinin baş redaktoru Səbuhi Rəhimli bildirdi ki, qarşıdan gələn sarı it ili fevral ayının 16-da başlayacaq: "Həmin günə qədər biz hələ də xoruz ilinin himayəsində olacağıq. Adətən, tarixi statistika göstərir ki, meymun və xoruz ili dünyada böhran, hərbi qarşıdurma ili kimi səciyyələndirilir. Amma it ili özündən əvvəlki illərdə baş verən hadisələrin qarşısını alır. Çünki it ilində böyük müharibələr olmur. Sülh gətirən ildir. Hətta deyərdim ki, meymun ilindən başlanan və xoruz ilində davam edən böhranın qarşısının alınacağını müşahidə edəcəyik. İnsanlar arasındakı münasibətlərdə istiləşmə olacaq. Şəxslərin bir-birini anlaya bilməmək problemi xeyli səngiyəcək. Çünki son otuz ildə apardığım araşdırmaya görə, it ilində ən az boşanma və ən çox ailə qurma halları olub”.

Astroloq bürclər haqqında da məlumat verdi: "Hər ilin öz aparıcı bürcləri olur. Bu dəfəki it ilinin aparıcı planeti Veneradır. Venera da buğa və tərəzi bürcünün himayədarı sayılır. Bu o deməkdir ki, 2018-ci ildə əsasən buğa və tərəzi bürcünün uğurları çox olacaq. Bu bürclərin biri hava, digəri isə torpaq ünsürüdür. Yəni torpaq ünsürü olan buğa, qız, oğlaq, hava ünsürü olan əkizlər, tərəzi və sutökən bürcləri bu ildən daha çox mənfəət qazanacaqlar. İllərə gəlincə isə bildiyimiz kimi, hər ilin öz dostluq üçbucağı olur. İt ilinin dostluq üçbucağına isə pələng və at daxildir. Yəni bu illər, dostluq etdikləri illərin insanları üçün də şans yaradırlar”.

Günel Azadə
banner

Oxşar Xəbərlər