• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

2018-ci ildən iqtisadi gözləntilər

29.12.17 11:00 1881
2018-ci ildən iqtisadi gözləntilər
Artıq 2017-ci il başa çatmaq üzrədir. Bir sıra iqtisadi islahatlar və layihələrlə yadda qalan 2017-ni, demək olar ki, nikbin və pozitiv əhval əhval-ruhiyyə ilə yola salırıq. Bəs görəsən qarşıdan gələn 2018 iqtisadi baxımdan hansı vədlər verir? Növbəti ildə nələr olacaq? Suallarımızı ekspertlərə ünvanladıq.
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, bu il ölkəyə valyuta axınında artım olacaq: "2017-ci il Azərbaycanda həm rəsmi, həm də beynəlxalq maliyyə qurumlarının açıqladığı göstəricilərə əsasən, iqtisadi artımın olduğu bir il kimi yadda qaldı. Qarşıdan gələn 2018-ci il üçün Azərbaycan hökuməti təqribən 2 faizə yaxın iqtisadi artım proqnozlaşdırır. Eyni zamanda beynəlxalq maliyyə qurumları da iqtisadi artım tempinin iki faizə yaxın həddə olacağını proqnozlaşdırır. Yəni, nəticə etibarilə 2018-ci il üçün beynəlxalq maliyyə qurumları ilə Azərbaycan hökumətinin proqnozları demək olar ki, üst-üstə düşür. Məsələn, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artım olacağı qənaətindədirlər və bu, 2018-ci il üçün verilən pozitiv siqnallardır. Bu proqnozlar növbəti il üçün nikbin proqnozların verilməsinə imkan yaradır. Bundan başqa, 2018-ci il nəhayət, uzun müddətdən bəri gözlənilən TANAP layihəsinin start götürəcəyi bir il kimi də yadda qala bilər. Çünki 2018-ci ildə TANAP-ın istifadəyə veriləcəyi planlaşdırılır. Bu da növbəti il ölkəyə yeni valyuta axını gətirə bilər. Həmçinin valyuta həcmlərində artım müşahidə olunacağını deməyə əsas verir. Ümumiyyətlə, TANAP istifadəyə veriləcəyi təqdirdə, dövlət gəlirlərinin artımına nail olunacaq. Qeyd edim ki, qarşıdakı il üçün nəzərdə tutulan ən vacib iqtisadi məqamlardan biri də məhz budur".
İqtisadçı alim bildirib ki, 2018-ci ildə qlobal şoklar olmayacağı təqdirdə, Mərkəzi Bank manatın məzənnəsinin stabil qalacağını proqnozlaşdırır: "Təbii ki, bu da mühüm məsələlərdən biridir. Nəticə etibarilə Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin qorunub saxlanılması birbaşa iqtisadi sabitliyin qorunub saxlanılması baxımından çox vacibdir. Neftin dünya bazarında qiymətində kəskin azalmalar olmazsa və mövcud qiymətlər qalarsa, Mərkəzi Bank milli valyutanın məzənnəsini qoruyub saxlamağa nail olacaq. Onu da qeyd edim ki, 2018-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi birbaşa olaraq Mərkəzi Bankın mövqeyindən asılıdır. Neftin dünya bazarındakı qiyməti bu məsələyə birbaşa təsir göstərəcək. Hesab edirəm ki, 2018-ci il iqtisadi islahatların davam etdiriləcəyi bir il olacaq. Çünki strateji yol xəritələrinin icrası və neftin hazırki qiyməti bir tərəfdən ölkə üçün maliyyə bazası formalaşdırır, digər tərəfdən isə yol xəritəsinin icrası nəticəsində islahatların miqyasının genişləndirilməsinə imkan yaradır. Bütün bunların fonunda demək olar ki, 2018-ci il üçün verilən proqnozlar nikbindir. Nəticə etibarilə qarşıdakı il ərzində Azərbaycan yenidən iqtisadi artım tempini bərpa etmək imkanına malik olacaq. Növbəti ildə neftin qiymətinin necə dəyişəcəyinə gəldikdə isə, deyə bilərəm ki, bu təkcə iqtisadi amillərlə deyil, həm də siyasi faktorlarla birbaşa bağlı olacaq. OPEC-in verdiyi proqnozu nəzərə alsaq, neftin dünya bazarındakı qiymətinin 60 dollar ətrafında dəyişəcəyi gözlənilir. Amma yenə də qeyd edim ki, siyasi hadisələrin hansı cərəyanda inkişaf edəcəyini indidən bilmək olmaz. Azərbaycan üçün neftin qiymətinin 60 dollar ətrafında dəyişməyi kifayət qədər arzuolunan ssenaridir. Bu, dövlət gəlirlərindəki stabilliyin və daxilolmaların qorunub saxlanılmasına imkan yaratmış olacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Azər Badamov gələn illə bağlı nikbin proqnozlar vəd edir: "2017-ci il başa çatmaq üzrədir. Cəsarətlə deyə bilərik ki, bu il bizim başladığımız iqtisadi islahatlar uğurla həyata keçirildi. Bütün bunlar isə öz növbəsində 2018-ci ildən müsbət iqtisadi gözləntilərin proqnozlaşdırılmasına imkan yaradır. Bunu deməyə həm qanunvericilik, həm icrasına başladığımız strateji yol xəritələrinin gedişatı, həm də qəbul olunan dövlət büdcəsi və onunla bağlı həyata keçirilən tədbirlər əsas verir. Düşünürəm ki, atılan addımlar qarşıdan gələn ildə Azərbaycan iqtisadiyyatının yüksəlişinə şərait yaradacaq. Bu ili biz həm Ümum Daxili Məhsulun həcmində, həm də iqtisadi artımla başa vururuq. 2018-ci ildə bu ilki iqtisadi artımların dinamik şəkildə artacağı gözlənilir. Növbəti ildə ölkəmizdə böyük layihələrə start veriləcəyi proqnozlaşdırılır. Bu layihələr böyük investisiya layihələridir. Onların bir çoxuna bir milyarddan çox investisiya yatırılıb. Məsələn, 2018-ci ildə Sumqayıtda Karbomid və Polimer zavodlarının açılışı gözlənilir. Həmçinin bölgələrdə iqtisadi zonaların, yeni sənaye məhəllələrinin açılışı ehtimal olunur. Bütün bu layihələrin fonunda 2018-ci ildə ölkə iqtisadiyyatında artım olacağını deyə bilərəm. 2018-ci ildən gözləntilər pozitivdir. Manatın daha da möhkəmlənəcəyi proqnozlaşdırılır. Ölkədə alıcılıq qabiliyyəti artacaq, iqtisadi və valyuta ehtiyatlarının artımı gözlənilir. Bununla yanaşı, ixrac məsələləri daha da inkişaf etdiriləcək, bu sahədə olan problemlər minimuma endiriləcək. Bütün bu addımlar isə son nəticədə əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına hesablanıb”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər