AZE | RUS | ENG |


2018-ci ildə turizm sahəsində gözlənilən yeniliklər

2018-ci ildə turizm sahəsində gözlənilən yeniliklər
Ekspertlər deyir ki, Azərbaycanın potensialı daha çox turistin qəbul edilməsinə imkan verir

Bu günlərdə ABŞ-ın məşhur "USA today" informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd edilib. AzərTAc xəbər verir ki, dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır: "Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir”. 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.
 
Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, turizm məkanları haqqında ətraflı məlumatlar və fotolar öz əksini tapıb. 2017-ci il həm də Azərbaycana gələn turistlərin sayında rekord göstərici ilə yadda qalıb. Belə ki, son 5 illə müqayisədə, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib.
 
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı illə müqayisədə, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082-si Rusiya Federasiyası, 537 710-si Gürcüstan, 362 597-si İran, 301 553-ü Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub. 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3,8 faiz təşkil edib. 2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.
2016-cı illə müqayisədə, 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, BƏƏ-dən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib. Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında isə artım baş verib.
 
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki,  2017-ci il turizm sahəsində böyük dəyişikliklər və irəliləyişlərlə yadda qaldı: "Ötən il ölkəyə gələn turistlərin sayında 20-25 faiz artım müşahidə olundu. İlk dəfə olaraq 2017-ci ildə yaz və payız aylarında şopinq festivalları keçirildi. Bundan başqa, ölkəmiz İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bu tədbirlər ölkəyə gələn turistlərin sayında ciddi dəyişikliyə səbəb oldu. Bölgələrdə - Şəkidə, Göyçayda, Qəbələdə müxtəlif festivallar təşkil olunub ki, bu tədbirlər də ölkəmizi turistlər üçün cəlbedici edib. 2016-cı illə müqayisədə 2017-ci ildə turizm sahəsində xeyli nailiyyətlər əldə olunub. Biz 2018-ci ildə bu inkişaf tempinin artan sürətlə davam edəcəyinə əminik. Bu il də ölkəmizə çoxlu sayda turist axını gözlənilir. Qarşıdan Novruz bayramı gəlir. Bu bayram ərəfəsində ölkəyə gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Daha sonra müxtəlif beynəlxalq musiqi festivalları, idman tədbirləri keçiriləcək. Rusiyadan, körfəz ölkələrindən ölkəmizə gələn turistlərin sayı bu il də artmaqdadır. Ötən il olduğu kimi, bu il də şopinq festivalları təşkil olunacaq. Qeyd etdiyim kimi, 2017-ci ildə bu festivallar ilk dəfə olaraq keçirilirdi. 2018-ci ildə daha peşəkar səviyyədə təşkil olunacaq. Festivalın keçirilməsində məqsəd gələn qonaqlara yüksək xidmətin təşkil edilməsidir. Getdikcə ölkəmizdə turizmin müxtəlif növləri, məsələn, qış turizmi, sağlamlıq, yaşıl, kənd turizmi inkişaf etməkdədir. Yerli turizm şirkətlərinin işçiləri artıq böyük təcrübə toplayıblar. Bu sahə üzrə təhsil ocaqları peşəkar kadrlar hazırlayır. Bütün bunlarla yanaşı, müəyyən problemlər hələ də qalmaqdadır. Məsələn, ilk növbədə yeni otellərin tikilməsi vacib məqamlardandır. Təkcə beşulduzlu deyil, bir və iki ulduzlu otellərin də tikilməsi vacibdir. Çünki aztəminatlı turistləri də nəzərə almaq lazımdır. Ümid edirəm ki, 2018-ci ildə bu problemlər aradan qalxacaq. 2018-ci ildə həm də qatar turizminin inkişafı üçün zəmin yaradılıb. Bakı-Tbilisi-Qars dəmir yolu gələcəkdə turizm marşrutu da ola bilər. Bununla da ölkəyə Orta Asiyadan da çoxlu sayda turist cəlb etmək olar. Həmçinin Böyük İpək Yolu vasitəsilə 2018-ci ilin martında ölkəmizə müxtəlif dövlətlərdən turistlər gələ biləcəklər. Azərbaycanın turizm potensialı imkan verir ki, ötən illərə nisbətən daha çox turist qarşılayıb, yola sala bilsin. Bunun üçün bizim hər bir şəraitimiz və infrastrukturumuz var. Ölkədəki siyasi sabitlik, qonaqpərvərlik, əlverişli iqlim şəraiti və coğrafi mövqe bunun üçün uyğundur. Azərbaycan Qərb və Şərqi birləşdirən körpü rolunu oynayır. Təsadüfi deyil ki, ABŞ-ın kütləvi informasiya vasitələrində Azərbaycan və paytaxt Bakı turistlər üçün cəlbedici bir ölkə kimi qeyd olunur. Artıq Azərbaycan bütün dünyada öz turizm potensialı ilə tanınır. Təkcə paytaxt Bakı deyil, həmçinin Şəki, Qəbələ və digər şəhərlərdə də turizm inkişaf edir. Bölgələrdə yeni otellərin və turizm obyektlərinin inşası həm də yeni iş yerləri deməkdir. Bununla da gənc kadrlar gələcəkdə işlə təmin oluna biləcəklər. Deməli, ölkədə turizmin inkişafı ölkənin ümumi inkişafına böyük dəstək verir”.
 
Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov son illər ərzində ölkənin turizm sahəsinin  böyük inkişaf yolu keçdiyini vurğuladı:  "Bu inkişaf özünü ölkəyə gələn turist sayında da açıq-aşkar göstərir. 2016-17-ci illərdə xüsusilə ərəb və yaxın Şərq ölkələrindən Azərbaycana gələn turist sayında böyük artım müşahidə olunur. Bu artımda müxtəlif viza güzəştlərinin olması və ölkədə keçirilən beynəlxalq tədbirlər mühüm rol oynayır. 2018-ci ildə də bu işlərin davamı gözlənilir. Bu mənada, 2018-2020-ci illər ərzində Azərbaycana gələn qonaqların sayının artacağı istisna edilmir. Qarşıdakı illər ərzində Azərbaycan müxtəlif tədbirlərə və yarışlara ev sahibliyi edəcək. Xüsusilə, 2019-cu ildə Bakıda Avropa Liqasının final qarşılaşması keçiriləcək ki, bu da Azərbaycana müxtəlif ölkələrdən turist axını cəlb edəcək. Elektron vizaların operativ təmini və ölkəyə gələn qonaqların girişini daha rahat təmin etmək üçün atılan bütün addımlar turizm sektorunun inkişafına böyük təsir göstərir. Sərhədlərdə, gömrük məntəqələrində və hava limanlarında turistlərin rahatlığını təmin etmək üçün son bir neçə ildə atılan addımlar öz töhfəsini verməkdədir”.
 
Şəbnəm Mehdizadə
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001