• cümə axşamı, 28 mart, 18:02
  • Baku Bakı 13°C

2018-ci ildə neft bazarında nə gözlənilir?

09.01.18 10:15 1034
2018-ci ildə neft bazarında nə gözlənilir?
Neft İxrac Edən Ölkələrin (OPEC) ötən ilin sonlarında Vyanada keçirilən toplantısında bəyan edildi ki, 2018-ci ildə neftlə bağlı müsbət tendensiyalar nəzərə çarpacaq. Və bu proqnoz hələ ki, özünü doğrultmaqdadır. Səudiyyə Ərəbistanının "Al-Eqtisadiya” nəşrində dərc olunan məqalədə məsələ ilə bağlı beş neft ölkəsinin energetika nazirlərinin fikirləri əks olunub. Dünya neft bazarında önəmli rol oynayan Səudiyyə Ərəbistanının energetik, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh qəzetə açıqlamasında təsdiq edib ki, istehsalçı dövlətlər arasında neftin istehsalı üzərində ümumi nəzarət və əməkdaşlıqla bağlı ciddi irəliləyişlər əldə olunub. O bildirib ki, qiymətlərin bərpa olunması investisiyaların canlanmasına gətirib çıxarıb. Nazir əlavə edib ki, hazırda bazarlar tələb və təklif arasında balansa xeyli yaxınlaşıb. Onun sözlərinə görə, göstərici və əldə olunan rəqəmlər pozitiv tendensiyadan xəbər verməklə yanaşı, OPEC-in bazar siyasətinə inam yaratmış olur. Nazir onu da deyib ki, dünyanın neft ehtiyatları tükənməyə doğru gedir. Bu da onu deməyə əsas verir ki, 2018-ci il neft bazarı üçün yaxşı il olacaq. O, əlavə edib ki, OPEC-in planlarına əminlik və inam artır, tərəflərin istehsalın həcmini azaltmaq barədə üzərilərinə düşən öhdəliklərə əməl etməsi təqdirəlayiq haldır: "Hazırda bazarda narahatçılıq üçün heç bir əsas yoxdur. Ümid var ki, cari ildə tələbat yüksələcək”. Əl-Faleh qeyd edib ki, texniki və monitorinq komitələri neft bazarında hadisələrin gələcəkdə necə inkişaf edəcəyi barədə yaxşı işləyiblər. Onun qənaətinə görə, OPEC və üzv ölkələr gələcəkdə hadisələrin müsbət axarda inkişaf edəcəyini gözləyirlər. Əlavə edib ki, üzv dövlətlər öz aralarında sıx əməkdaşlıq etməklə, bütün problemləri həll edəcəklərinə ümid edirlər. "Ən əhəmiyyətli məsələlərdən biri də neft infrastrukturuna investisiyaların həcminin artırılması, əlavə olaraq yaxın on iliklər ərzində bu sahəyə 10 trln. dollar cəlb etməkdir. OPEC iqlim dəyişikliyi probleminə də ciddi maraq göstərir və BMT ilə zəhərli qazlar və tullantıların atmosferə atılmasının qarşısını almaq üçün əməkdaşlıq edir. Biz öz məqsədlərimizə çatacağıq”, - deyə nazir vurğulayıb. O, əlavə edib ki, OPEC-ə daxil olmayan bir sıra ölkələr bu cür görüşlərin keçirilməsində maraqlıdırlar. Onların arasında, Azərbaycan, Bəhreyn, Qazaxıstan, Misir, Konqo, Malayziya, Meksika, Oman, Sudan, Cənubi Sudan, Türkmənistan, Uqanda və Özbəkistan da var. Əl-Fateh əlavə edib ki, gələn il üçün inkişaf templəri 3,7 faiz təşkil edəcək. Bunu bir sıra müsbət nəticələr də sübut edir. İlk növbədə bazarda balansın yaranması üçün sürətli addımlar atılmalıdır.

Öz növbəsində, Küveytin neft naziri Əssam əl-Marzuk nəşrə açıqlamasında bildirib ki, onun ölkəsində neft layihələrinə qoyulan investisiya, hətta neftin qiyməti aşağı düşdükdən sonra da azalmayıb. Məsələn, Küveytin investisiyaları qarşıdakı beş il üçün 120 milyard dollar müəyyən olunub. Bu pullar neft emalı zavodlarına, yeni yataqlara, bir sıra ölkələrdə layihələrin reallaşmasına sərf olunacaq. Nazir də səudiyyəli həmkarı kimi yaxın doqquz ay üçün neft emalı həcmini azaltmaq barədə sazişin uzadılmasının tərəfdarıdır. O bildirib ki, OPEC Nigeriyada sutka ərzində 1,8 milyon, Liviyada isə 1 milyon barel neftin emalı barədə həddin müəyyən olunması məsələsini müzakirə edəcək. İndiyə qədər bu ölkələr daxili sabitsizlik və neftin istehsalında tənəzzüllə bağlı hər hansı bir öhdəlikdən azaddırlar.

İraqın neft naziri Cabbar əl-Luaybi də həmkarları kimi istehsalın azaldılması barədə sazişin uzadılmasını dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, kürd probleminin həllindən sonra bu sahədə ciddi irəliləyişlər əldə olunub. İraq hökuməti Kərkükün bütün yataqları üzərində nəzarəti ələ almağa müvəffəq olub. Rəsmi Bağdad hazırda Kərkükdən neftin ixracı ilə bağlı irimiqyaslı layihə üzərində iş aparır. Öz növbəsində, Liviyanın milli neft korporasiyasının rəhbəri Mustafa Sanalla "Al Eqtisadiya”ya ölkəsinin neftin ixracına qoyulan məhdudiyyətlərə qoşula biləcəyi barədə suala cavab vermək istəməyib. Əlcəzairin energetika naziri Mustafa Kituni isə əlavə edib ki, OPEC üzvləri arasında görüşün keçirilməsini zəruri sayır. Onun qənaətincə, bu, bazarda vəziyyəti qiymətləndirməyə kömək edə bilər. Misirin neft naziri Tarek əl-Mula isə bəyan edib ki, hazırda onun ölkəsi müşahidəçi qismində çıxış edir və istehsalın azaldılması sazişində iştirak etmir. Çünki, özü enerji resurslarının ixracatçısı qismində çıxış edir və ən yaxşı hal kimi bazarda vəziyyətin necə olacağını müşahidə edəcək. Nazir əlavə edib ki, onun ölkəsi OPEC-də müşahidəçi qismində iştirakını 10 ildir ki, dayandırıb. Lakin ötən ilin sonunda yenidən bu quruma qayıdıb. Türkmənistan və Misir ilk dəfədir ki, qurumda müşahidəçi qismində çıxış edirlər.

Əsas neft ölkəsi kimi tanınan Rusiyanın energetika naziri Aleksandr Novak da hesab edir ki, neft ixrac edən ölkələr arasında nəqlin azaldılması barədə saziş müsbət haldır və bu bazar üçün yaxşı nəticələrə gətirib çıxarıb. Məqalədə daha sonra qeyd edilir ki, OPEC-ə üzv dövlətlərin növbəti sammiti iyun ayında baş tutmalıdır.

Yeri gəlmişkən, Qaz İxrac edən Ölkələr Forumunun ("Gas Exporting Countries Forum” – GECF) "Global Gas Outlook” adlı hesabatında isə deyilir ki, neftin qiyməti üzrə uzunmüddətli proqnozun formalaşmasına 4 əsas faktor təsir edə bilər. Geosiyasi gərginlik uzunmüddətli perspektivdə əsas təsiredici qüvvə olmayacaq, lakin bu, qarşıdakı qısa müddət ərzində "qara qızıl”ın qiymətinin dəyişməsinə əhəmiyyətli təsir edəcək. Bundan başqa, ortamüddətli perspektivdə neft tələbatı artacaq, ancaq Şimali Amerikada şist nefti istehsalı bu tələbatı ödəyə bilməyəcək və uzunmüddətli perspektivdə OPEC yenidən əsas qüvvə olacaq. Həmçinin neftin istehsal xərci qiyməti müəyyən edən komponentdir. Uzunmüddətli perspektivdə yeni texnologiyanın inkişaf etdirilməsi istehsal xərclərinin azalmasına səbəb olacaq. Eləcə də nəqliyyat sektorunda neftə olan tələbatın azalması gözlənilir və 2035-ci ilədək avtomobillərin çoxu elektrik enerjisi ilə işləyəcək. "2018-ci 2019-cu illəri əhatə edən dövrdə neftin qiyməti qeyri-OPEC faktorların təsiri ilə aşağı olacaq. Bundan başqa, OPEC və Rusiya başda olmaqla, kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması, 2020-ci ilədək bazarda tarazlığın yaranmasına təsir edən əsas amil olacaq. Həmin vaxta kimi inkişaf etməkdə olan ölkələrdə neft tələbatındakı artımın ABŞ-da şist nefti hasilatını ötməsi və OPEC-in yenidən bazarda aparıcı qüvvə kimi öz statusunu bərpa etməsi gözlənilir”, - deyə hesabatda bildirilir.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi (Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru) üzvü var.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər