AZE | RUS | ENG |

2018-ci ildə Azərbaycanda turizm sahəsinin inkişafı üçün atılan addımlar

2018-ci ildə Azərbaycanda turizm sahəsinin inkişafı üçün atılan addımlar
Turizmin inkişafına önəm verən və bu sahəyə diqqətini artıran Azərbaycan üçün 2018-ci il uğurlu olub.
Trend-in məlumatına görə, ötən il ölkənin turizm sektorunun inkişafı üçün atılan ilk addım bu sahənin idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı olub. 2018-ci ilin aprelində Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Ölkədə qoruqların turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə onların Mədəniyyət Nazirliyin tabeliyində olan qoruqların bir qismi Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, "Mədəniyyət haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.
Prezident İlham Əliyevin 20 dekabr 2018-ci il tarixli sərəncamı ilə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.
Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqları Azərbaycanın tarixi-mədəni irsinin nadir nümunələrindəndir. Bu irsi qoruyub gələcək nəsillərə çatdırmaq olduqca böyük əhəmiyyət kəsb edir. Qoruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranıb.
Mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Yola saldığımız ildə Agentliyin Əsasnaməsi təsdiq edildikdən sonra Azərbaycanın yeni milli turizm brendi də hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Ölkənin turizm potensialının yüksək səviyyədə təqdim edilməsi, Azərbaycana gələn turistlərin sayının artırılması üçün ötən il 6 ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyətə başlaması üzrə müqavilə də imzalanıb. Müqaviləyə əsasən "Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri ofislərinin açılması hüququnu əldə edib.

Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanının Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited) və Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.
2018-ci il üçün əhəmiyyətli məsələlərdən biri də ölkəyə gələn turistlərin sayının artması ilə bağlı olub. Təkcə yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2633,5 min və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 31,1 faizi Rusiya, 20,9 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Qeyd edilən müddətdə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən Azərbaycana 518,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri həmin ölkələrin vətəndaşları olub.
2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn - 2,1 dəfə, Küveyt - 1,9 dəfə, Qətər - 1,6 dəfə, İraq - 10,4 faiz, Oman vətəndaşlarının sayı isə 8,5 faiz artıb. İrandan gələnlərin sayında 33,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,5 faiz azalma müşahidə edilib.
2018-ci ildə Azərbaycanda turizm sahəsi üzrə qarşıya qoyulan hədəflər də açıqlanıb. Azərbaycan Turizm Bürosunun bu yaxınlarda açıqladığı məlumata görə, 2023-cü ilə qədər Azərbaycana gələn turistlərin sayını 2 dəfə artırmaq qarşıya qoyulan məqsəddir.
2023-cü ilədək olan dövrü əhatə edən turizm strategiyası 9 istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər turizm təcrübəsi, turizm təhsili, innovasiya və texnologiya, brend, marketinq və kommunikasiya və s.-dir.
Turizmlə bağlı keçən il ərzində Qazaxıstan tərəfindən Azərbaycana maraqlı təklif də edilib. Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş "İpək Yolu” vizasını tətbiq etməyə çağırıb. Artıq bu cür razılaşma Qazaxıstan və Özbəkistan arasında əldə edib. Bu rejim İpək Yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973