2018-ci ildə Avropa regionunda 83 min nəfər qızılcaya yoluxub

2018-ci ildə Avropa regionunda 83 min nəfər qızılcaya yoluxub

Təfsilat
16 İyul 2019, 15:30 18573
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, 2018-ci ildə DST-nin Avropa regionunda 83 min nəfər qızılcaya yoluxub. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, həmin ildə dünyada 20 milyon uşaq bu xəstəliyə qarşı peyvənd olunmayıb. Mütəxəssislər Ukraynada və bəzi ölkələrdə qızılca epidemiyasını məhz peyvənd problemi ilə əlaqələndirirlər.
DST-nin baş direktoru Tedros Adxanom Hebreyesus bildirib ki, vaksinasiya planetimizdə epidemiyaların qarşısını almaq üçün ən təsirli vasitədir. Onun sözlərinə görə, bu gün uşaqların peyvənd olunması istənilən səviyyədə deyil. Bu problem yoxsul əhalinin yaşadığı yerlərdə və silahlı münaqişə zonalarında daha aktualdır.
2018-ci ildə dünyada 350 min qızılca xəstəliyinə tutulma halları aşkarlanıb. Bu, bir il əvvəlki rəqəmdən iki dəfə çoxdur. UNICEF-in icraçı direktoru Henrietta For bildirib ki, bütün ölkələrdə vaksinasiya prosesi nəzarətdə saxlanılmalı və hər bir uşaq peyvənd olunmalıdır.
DST və UNICEF öz tərəfdaşları ilə birlikdə immun sisteminin dəstəklənməsi və epidemiyaların qarşısının alınması üzrə ölkələrə yardım edirlər. Onlar vaksinasiya ilə yanaşı, tibb personalının da təlimini həyata keçirirlər.