AZE | RUS | ENG |


2018-ci il Azərbaycanda quruculuq və hərtərəfli inkişaf ili olacaq

2018-ci il Azərbaycanda quruculuq və hərtərəfli inkişaf ili olacaq
Qarşıya qoyulan prioritetlər və məqsədyönlü fəaliyyət bu ili ölkəmizin dinamik inkişafı ilə başa vuracağımıza əminlik yaradır

Azərbaycan ötən ili də müxtəlif sahələrdə əldə etdiyi uğurlarla başa vurdu. Bu uğurlar, əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha diqqətə çatdırıldı. Eyni zamanda dövlət başçısı 2018-ci ildə qarşıda duran vəzifələr barədə də ətraflı söhbət açdı.
Bəlli oldu ki, ötən il iqtisadi sahədə müşahidə olunan müsbət meyillər 2018-ci ildə bir qədər də güclənəcək, yeni uğurlara imza atılacaq. Xüsusilə, Neft Fondunun gəlirlərinin artırılması ölkə qarşısında duran önəmli layihələrin icrasına imkan verəcək və Azərbaycanın iqtisadi dayanıqlılığını təmin edəcək. Təbii ki, iqtisadi gücün artması Azərbaycanın müstəqil siyasətini davam etdirməyə, beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini artırmağa və uzunmüddətli inkişaf strategiyasını uğurla reallaşdırmağa imkan verir. Yeri gəlmişkən, qeyd edək ki, ölkədə iqtisadi artımın əldə olunması üçün əsas prioritet istiqamətlərdən biri xarici investisiyanın cəlb edilməsidir. Məhz bu səbəbdən 2018-ci ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Bu da ölkəmizin dinamik inkişafının əsas göstəricilərindən hesab olunur.  
Onu da əlavə edək ki, 2017-ci ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində də bir sıra uğurlu layihələrə imza atılıb. 2018-ci ildə də bu sahənin diqqət mərkəzində olacağı şübhəsizdir. O cümlədən sahibkarlığın inkişafına dəstək, istehsal müəssisələrinin yaradılması davamlı xarakter daşıyacaq. Dövlət başçısı İlham Əliyevin sözlərinə görə, iqtisadi sahəyə, sənaye potensialının, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr onu deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi 2018-ci ildə də sürətlə gedəcək. Bununla yanaşı, Azərbaycanın dövlət siyasətinin sosialyönümlü olması vətəndaşların rifah halında, yaşayışının təmin edilməsində də özünü büruzə verəcək. Çünki 2018-ci il üçün özünüməşğulluq proqramına ayrılmış 35 milyon manat vəsait 7 min ailənin büdcəsinə böyük dəstək olacaq.
Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən iclasda qeyd olunduğu kimi, ötən illər ərzində qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzil və evlərlə təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Təkcə 2017-ci ildə 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. 2018-ci ildə isə 20 min məcburi köçkünün yeni evlərə, mənzillərə köçürüləcəyi qarşıya məqsəd qoyulub. 2018-ci ildə sosial infrastruktur layihələrinin icrası istiqamətində də bir sıra işlərin görülməsi nəzərdə tutulub. Belə ki, bölgələrdə modul tipli 137 məktəbin, o cümlədən altı şəhərdə yeni mərkəzi rayon xəstəxanasının, dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulub.
Sənaye parklarının yaradılmasına gəlincə, ölkə başçısının da vurğuladığı kimi, bu istiqamətdə də praktiki addımlar atılır. Misal üçün, 2017-ci ilin sonunda Sumqayıt Kimya Sənaye Parkında dörd yeni müəssisənin açılışı olub, üç müəssisənin təməli qoyulub. Bundan başqa, 2018-ci ildə Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı gözlənilir. Həmçinin 2018-ci ildə 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur ki, bununla da ümumilikdə xalça fabriklərinin sayının 20-yə çatdırılması qarşıya məqsəd qoyulub.
Təbii ki, 2017-ci ildə ölkədə qeyri-neft sektorunun inkişafından söhbət açarkən, 2018-ci ildə bu istiqamətdə görüləcək işlərdən danışarkən kənd təsərrüfatı sahəsində atılan və atılacaq addımlar da xüsusi qeyd edilməlidir. Belə ki, Azərbaycanın idxaldan asılılığının azaldılması istiqamətində kənd təsərrüfatının inkişafı üçün 2018-ci ildə müxtəlif istiqamətləri əhatə edən layihələrin davam etdiriləcəyi gözlənilir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək. Nəticədə idxaldan asılılıq azalacaq, ixracyönümlü məhsulların həcmi artacaq. Şübhəsiz bu sahənin inkişaf etdirilməsi bilavasitə texniki təchizatın yaxşılaşdırılması ilə əlaqədardır. Ona görə də bu il kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulub.
Bütün bu sadalanan faktları nəzərə alsaq, əminliklə deyə bilərik ki, 2018-ci il də Azərbaycanda quruculuq, hərtərəfli inkişaf və tərəqqi ili olacaq, cari ildə yeni uğurlara imza atılacaq. Ekspertlərin mövzu ilə bağlı "Kaspi”yə açıqlamalarında qeyd etdikləri fikirlər də bunu bir daha təsdiqləyir.
Milli Məclisin deputatı Azər Badamov açıqlamasında bildirdi ki, biz 2018-ci ilə ötən il həyata keçirilən iqtisadi islahatlar nəticəsində qazanılmış uğurlarla başlamışıq: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2017-ci ildə Azərbaycanda böyük iqtisadi islahatlar aparılmışdır. 2018-ci ildə isə ölkəmizin həyatında inkişafın yeni bir mərhələsi olacaq. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında vurğuladı ki, 2018-ci ildə çoxlu sahələrdə işlərin görülməsi nəzərdə tutulub. Bu həm sosial, həm də iqtisadi sahələri əhatə edir. Sosial sahədə həyata keçiriləcək işlər başladılan sosial layihələrin davam etdirilməsidir. Bura məktəblərin, xəstəxanaların, İdman Olimpiya komplekslərinin, yolların tikintisi, qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə daha çox təmin edilməsi, regionlarda qazlaşdırmanın aparılması, içməli su və kanalizasiya xidmətlərinin daha da yüksəldilməsi və sosial yardım alan vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi prosesinin başlanması daxildir. Özünüməşğulluq proqramı ilə bağlı dövlət büdcəsindən 35 milyon vəsait ayrılacaq və yeddi min nəfər üçün biznes şəraitinin yaradılmasında məhz dövlət yardımçı olacaq. Demək olar ki, 2018-ci ildə sosial sahədə geniş spektrli işlərin görülməsi nəzərdə tutulub”.
A.Badamov əlavə etdi ki, 2018-ci ildə iqtisadi sahədə ötən il başladılan işlər davam etdiriləcək: "2017-ci ildə ölkəmizdə sənayeləşmə prosesi başlanıb. Ölkə başçısının qeyd etdiyi kimi, Neftçalada Sənaye Məhəlləsi açılıb, o cümlədən Hacıqabulda, Masallıda sənaye məhəllələrinin təməli qoyulub. Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılışı nəzərdə tutulub. Təbii ki, bu müəssisələr Azərbaycanda rəqabət qabiliyyətli məhsulun istehsalına şərait yaradacaq. Mingəçevir Yüngül Sənaye Parkında yeni müəssisənin açılışı məhz 2018-ci ildə təsadüf edəcək. Həmçinin Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi ilə bağlı bu il bir sıra ölkələrlə müqavilələr bağlanacaq və bununla da büdcənin gəlirləri artacaqdır. Eyni zamanda, Cənub Qaz Dəhlizinin istismara verilməsi prosesi baş tuta bilər. Artıq layihənin yerinə yetirilməsində müəyyən işlər yekunlaşmaq üzrədir. "Şahdəniz-2” layihəsinin 99 faiz, TANAP layihəsinin isə 90 faizi başa çatıb və ola bilsin ki, bu layihələr yekunlaşsın. Ümumilikdə götürdükdə, 2018-ci il üçün Prezident İlham Əliyev qarşıya qoyduğu məqsədlər çox genişdir. Həm kənd təsərrüfatı sahəsində, həm də aqrar sahənin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılacaq və ötən il əsası qoyulmuş proseslər davam etdiriləcək. Demək olar ki, 2018-ci ildə qarşıya qoyulan prioritetlər çox genişdir və bu ili Azərbaycanın dinamik inkişafı ilə başa vuracağıq”.
Millət vəkili Aydın Hüseynov bildirdi ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir: "2017-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğruldub. Baxmayaraq ki dünyada maliyyə böhranı yaşanır, Azərbaycanda 2017-ci il ümumdaxili məhsulda artımla yekunlaşdı. Bu, ona əsas verir ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək, böyük layihələr həyata keçiriləcək. 2018-ci ildə TANAP layihəsi işə düşəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək və bilirsiniz ki, bu dəmir yolunun 10 milyon tondan artıq yükdaşıma qabiliyyəti var. Eyni zamanda, bu xətt vasitəsilə 1 milyondan artıq sərnişin daşınması proqnozlaşdırılır”.
A.Hüseynovun fikrincə, necə ki, 2017-ci il iqtisadi islahatlar ili kimi səciyyələndirilir, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq.
 
Bəxtiyar MƏMMƏDLİ      

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001