• çərşənbə axşamı, 23 aprel, 20:26
  • Baku Bakı 20°C

Putin və Ərdoğan kritik görüşə hazırlaşır

28.09.17 09:00 1040
Putin və Ərdoğan kritik görüşə hazırlaşır
Suriyada gərginliyin güclənməsi, eləcə də kürdlərin İraqda müstəqillik referendumu Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin bu gün Ankarada keçiriləcək danışıqlarında əsas müzakirə mövzusu olacaq. Bundan əlavə, S-400-lər, ikitərəfli ticarət-iqtisadi münasibətlər, xüsusən də Türkiyə pomidorlarının Rusiyaya ixracı, "Türk axını” layihəsinin reallaşması, "Akkuyu” AES-in inşası məsələsinin də diqqət mərkəzində olacağı bildirilir.
Türkiyə mətbuatı yazır ki, liderlərin ən çox diqqət yetirəcəyi məsələ Suriya dövlətinin gələcəyi ilə bağlı olacaq. Eləcə də İŞİD-lə də bağlı məsələ gündəmdə olacaq. Bu terror təşkilatına nə vaxt son qoyulacaq, eləcə də suriyalı kürdlərlə bağlı hansı addımlar atılacaq? Bu suallara hələ də cavab tapılmır. Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl prezidentlər arasında telefon danışığı da baş tutub. Prezidentlərin telefon danışığının gündəliyində Astanada sentyabrın 15-də keçirilən sayca altıncı görüş müzakirə mövzusu olub. "Suriyada dörd təhlükəsizlik zonasının yaradılmasının vətəndaş müharibəsinə son qoyulmasına, ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması prinsipləri əsasında siyasi cəhətdən nizamlanmasına yol aça biləcəyi vurğulanıb”, - deyə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.
Gəlinən qənaət budur ki, suriyalı kürdlər ciddi hərbi qüvvəyə çevrilib.
Beləliklə, əksər politoloq və ekspertlər prezidentlərin görüşünü çox aktual hesab edirlər. Xüsusən də Yaxın Şərqdə ABŞ, İsrail və başqa bir sıra dövlətlərin sərhədləri yenidən biçmək istəyi qarşılığında hansı addımların atıla biləcəyi diqqət mövzusudur. Hazırda ən təhlükəli məsələ kürd dövlətinin yaradılmasından ibarət ideyadır. Heç kimə sirr deyil ki, Kürd Muxtariyyətinin lideri Bərzaninin özündənrazı şəkildə belə bir referendum keçirməsi ona verilən gizli dəstəklə bağlıdır. İndi bölgə dövlətləri İraqın tarixi sərhədlərinin pozulmasının qarşısını almaq üçün bir araya gəliblər. Söhbət İran, İraq və Türkiyədən gedir. Rusiyaya gəldikdə, bu dövlət son günlərə qədər bir qədər neytrallıq nümayiş etdirir. Halbuki, bölgədə artıq Türkiyə, İraq və İran arasında ciddi razılaşma əldə edilib. Belə bir fikir də var ki, Rusiyanın da bu razılaşmaya qatılması, xüsusilə xarici işlər naziri Sergey Lavrovun ötən gün İraqın ərazi bütövlüyü ilə bağlı bəyanat verməsi Suriya daxil olmaqla, Yaxın Şərq dövlətlərinin ərazi bütövlüyü uğrunda mübarizəyə dördüncü dövlətin daxil ola biləcəyindən xəbər verir. Söhbət prinsipcə mərkəzi qüvvələr nisbətinin yaranmasından gedir. Bir tərəfdə Amerika, İsrail və onların tərəfində olan əsasən Qərb dövlətləri, digər tərəfdə isə NATO üzvü olan Türkiyə, o cümlədən İran, İraq və Rusiya dayanıb. Gəlinən qənaət budur ki, Rusiyanın bu proseslərə müdaxilə etməsi işləri daha da canlandıracaq və İraqın ərazi bütövlüyünü bərqərar etmək mümkün olacaq. Lakin məsələ ondadır ki, Türkiyə ilə Rusiyanın Suriya ilə bağlı mövqelərində problemlər yarana bilər. Qeyd edilir ki, məhz Suriyadakı gərginlik də prezidentlər arasında telefon danışığının baş tutmasına səbəb olub. İdlib vilayətində cihadçıların hücumları Rusiya Hərbi Hava Qüvvələrinin və Bəşər Əsəd qüvvələrinin sərt cavabı ilə nəticələnib.
Ekspertlər qeyd edir ki, Ankara və Moskva arasında yeni bir problem ortaya çıxıb – Suriya üsyançılarına etimadsızlıq. Rusiyanı İdlibdə həyata keçirdiyi bombardmanlarla müxalifəti hədəf almaqda ittiham edirlər.
Məsələn, Türkiyənin "Akşam” qəzeti yazır ki, Türkiyə, Rusiya və İranın Astanada Suriya münaqişəsinin nizamlanması ilə bağlı keçirdikləri altıncı görüş üç ölkə arasında strateji əməkdaşlığın göstəricisidir. "Bu onu deməyə əsas verir ki, onlar Vaşinqtona Yaxın Şərqdə ağalıq etməyə imkan verməyəcəklər”, - deyə qəzet yazır. Bu razılaşmalara uyğun olaraq İdlibdə Türkiyə qarşısında əsas məsələ "Əl-Qaidə” ilə bağlı olan "Həyat Təhrir aş-Şam” qruplaşmasının zərərsizləşdirilməsi olacaq. "Nə Rusiya, nə də Suriya ordusu İdlibdə və Hələbdə küçə döyüşlərinin aylarla, hətta illərlə uzanmasını istəmir. Bu səbəbdən də İdlibdə daha qısa bir həll yolu axtarılır. Bu məsələdə isə Ankara öz töhfəsini verə bilər”, - qəzet vurğulayır. Bəs Ankara bunun əvəzində nə əldə edə bilər? Türkiyəyə kürdlərin nəzarət etdiyi əraziləri onlardan geri almağa imkan verərlərmi? Bu kimi məsələlərin Astanada keçirilən görüşlərin pərdəarxası məqamları olduğu vurğulanır.
"Günəş” qəzeti isə yazır ki, Türkiyə Astanada keçirilən danışıqlarda istədiyini aldı. "Rusiya bunun nəticəsidir ki, Deyr-əz-Zorda kürd YPG qruplaşmasını bombardman etdi. Nəticədə, ABŞ-ın dəstək verdiyi YPG Suriyanın cənubuna doğru irəliləməyə imkan tapmadı. Məhz bundan sonra Fərat çayı yaxınlığındakı neft yataqlarına kürdlərin Demokratik İttifaq – PYD-nin yaxınlaşmasına imkan verilmədi. "Hürriyet” yazır ki, Ankaranın Suriya siyasətinin dəyişməsi, Moskva və Tehranla yaxınlaşma - Türkiyənin mili təhlükəsizliyinə olan təhlükədən irəli gəlir: "Bütün bunlar isə Astana prosesi çərçivəsində baş verib”. "Karar” nəşri isə yazır ki, Türkiyə və Rusiya tək İdliblə deyil, Afrinlə də bağlı razılaşıb. Buna müvafiq olaraq Rusiya regionu azad edir və burada Türkiyə hərbçiləri yerləşdiriləcək.
Beləliklə, diqqət Ərdoğan-Putin görüşünə yönəlib. Türkiyə üçün əsas məsələ kürd referendumu məsələsində Rusiyanın tutacağı mövqedir. Böyük ehtimalla Kreml rəhbəri kürd məsələsində İran-Türkiyə-İraq birliyinə doğru hərəkət edəcək. Əks təqdirdə, bu ölkələrlə münasibətləri zəifləyə bilər. Bu isə indiki halda ona sərf etmir.
Azər
banner

Oxşar Xəbərlər