• cümə, 29 Mart, 05:15
  • Baku Bakı 7°C

“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

23.06.17 18:33 1198
“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib
Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, icra başçısının birinci müavini Cavanşir Qocayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, dini icmanın sədri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Əhəd Abıyev qeyd edib ki, ölkəmizdə "İslam Həmrəyliyi İli”nin elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı öz çıxışında qeyd edib ki, Azərbaycan xalqı son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru yolu formalaşdırır. Bu yol dini cəhətdən dünyəvi maarifçiliyə keçidi və bu konteksdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyev beynəlxalq miqyasdakı qlobal sülh və əməkdaşlıq hərəkatının əsas öncüllərindəndir və sivilizasiyalar, dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Səyyad Salahlı, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə öz tövsiyələrini verib, onları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.


banner

Oxşar Xəbərlər