• cümə axşamı, 28 mart, 17:02
  • Baku Bakı 16°C

Müasir ədəbiyyatımızın güzgüsü

30.05.17 11:41 2014
Müasir ədəbiyyatımızın güzgüsü
"Dünya sözdən yaranıb. Söz insanları birləşdirib, bir araya gətirib. Yazılan bütün kitablar sözün ifadəsidir”. «Vektor» Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının ötənilki laureatlarının mükafatlandırılması və yeni nəşrlərin təqdimatı mərasimində səslənən bu fikirlər sözə qiymət verən, onu dəyərləndirən insanları bir araya yığdı.

Dünya üzrə 720 yayım
«Vektor» BEA-nın rəhbəri Elçin İsgəndərzadə tədbirin Respublika Günü ərəfəsinə təsadüf etməsindən qürur duyduğunu bildirdi: "Şərqdə ilk demokratik dövlətin yaranması hər birimizin fəxridir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə azərbaycanlılara verdiyi qeyri-adi xoşbəxtlik, yaşadığımız bu illər ərzində bizim nəsil insanların gözünün önündədir”. E.İsgəndərzadə «Vektor» Beynəlxalq Elmlər Akademiyasını ölkəmizdə müstəqillik dövrünün töhfələrindən biri kimi dəyərləndirdi: "Bizim fəaliyyətimiz də müstəqillik illərində başlayıb və inkişaf etməkdədir. Bu günə qədər dünyanın 40-a qədər beynəlxalq akademiyası, universiteti, institutu, elm mərkəzi ilə əməkdaşlıq etmişik, 17 ölkənin prezidenti ilə görüş keçirmişik. Onlarla gənc yazarın kitabları çap olunub, mükafatlar verilib”. E.İsgəndərzadə «Vektor» BEA-nın artıq 17 ildir ki, təsis etdiyi və keçirdiyi ənənəvi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı haqqında danışaraq, hər il bu mükafatın xaricdə yaşayan bir ədəbiyyat adamına və ölkəmizin tanınmış yazıçı və şairlərinə, tənqidçilərinə və ədəbiyyatşünaslarına təqdim olunduğunu bildirdi: «Mükafatın verilmə şərtinə görə, hər il laureatların bir kitabını da təşkilatın vəsaiti hesabına çap edir və təqdimatını keçiririk”. Bu günə qədər 61 nəfərə mükafatın təqdim olunduğunu deyən Akademiya rəhbəri, həmçinin bu çərçivədə 57 kitabın yayımlandığını dedi. Belə ki, «Vektor»un dünya üzrə 720 yayımı var: "Dünyanın 30-a yaxın yazarının kitabını yayımlamışıq. Biz dəyərli şairimiz Şahmar Əkbərzadənin ruhuna ehtiram əlaməti olaraq, zəngin kitabxana yaratmağa nail olmuşuq”.
Dünya sözdən yaranıb
"Kitab mənim üçün müqəddəsdir”- deyən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli "Dünya sözdən yaranıb” deyərək, sözə məhəbbətini ifadə etdi: "Bu kitablar həmin sözü ifadə edir. «Vektor» nəşrlər evinin nəşr etdiyi kitablar içərisində ölkəmizin sayılıb-seçilən yazıçı və şairlərinin əsərləri var. Onlar haqqında da ədəbiyyatımızın sanballı adamları ön söz yazıb. Bu əsərlərə görə Azərbaycanın söz sənətini, ədəbi-bədii ictimaiyyətini təbrik edirəm.
"Salona daxil olandan gözümün qarşısına Şahmar Əkbərzadə gəlir. Onun yaradıcılığına, şəxsiyyətinə layiq olan insanlara bu mükafatı verdiyinizə görə təşəkkür edirəm” deyənƏməkdar jurnalist Flora Xəlilzadə, laureatların və nəşrlərin müəlliflərini təbrik etdi: «Xüsusən tanınmış şairə və yazıçı Sona Vəliyevanın «Dünya Tanrı biçimdədir» kitabı nəfis, zərif poliqrafik tərtibatla çap olunub. Sona Vəliyevanın şəxsiyyətinə, insanlığına bələd insan kimi bildirmək istəyirəm ki, o, söz adlı varidatın zirvəsində, öz halal yerində dayanıb. Eyni zamanda, ötənilki laureatlardan Fərqanə Mehdiyeva layiq olduğu mükafatı qazanıb. Fərqanə xanım özünəməxsus yazı üslubu, poeziya aləmi olan bir xanımdır. Bəzən şeirlərinin içərisindən sərtlik yağır. Bu sərtlik də yurd həsrətindən doğan nisgil, yurda biganə olanlara nifrət hissidir. Arzu edirəm ki, bu mükafatlar gələcəkdə də öz halal ünvanını tapsın».
Tənqidçi Əsəd Cahangir poeziyasına və şəxsiyyətinə pərəstiş etdiyi Şahmar Əkbərzadə adına mükafatla bağlı tədbir iştirakçısı olmasından qürur duyduğunu söylədi: «Şahmar Əkbərzadə dünyası yalnız onun özünə məxsus olan dünyadır. Onun dünyasında musiqi, poeziya, rəssamlıq, fəlsəfə, elm, idrak, mistika birləşərək istedadın və elmin vəhdətini təşkil edib. Həyatda bəxtim onda gətirib ki, mən bir neçə dəfə o şəxsiyyətlə təmasda olmuşam. Belə bir şəxsiyyətin adına mükafatın təsis olması qürurvericidir». 2003-cü ildə adının Ş.Əkbərzadə adına Ədəbiyyat mükafatı laureatları sırasında olduğunu deyən Əsəd Cahangir 17 il ərzində mükafat siyahısında yer alan laureatlar sırasında Azərbaycan modernist şeirinin aparıcı nümayəndələrinin, poeziyamızın tanınmış isimlərinin adlarının olduğunu bildirdi. Çox təəssüf ki, bizim poeziyamız son illər sözün təbii üzünü itirib. Bu, ciddi problemdir. Ancaq sözün təbii rəngini saxlayan şairlərimiz də var. Onlar sözün hər iki üzünü - həm OL- dan əvvəlki, həm də OL-dan sonrakı üzünü görürlər. Mən Sona Vəliyevanın "Dünya Tanrı biçimdədir” əsərində sözün hər iki halına rast gəldim. Şahmar Əkbərzadənin yaradıcılığında olan səs və rəng Sona Vəliyevanın poeziyasında da var”.
"Vektor” nəşrlər evinin çap etdirdiyi kitabları Azərbaycan poeziyasının müasir dövrünün güzgüsü adlandıran tənqidçi Vaqif Yusifli həmin əsərləri müasir ədəbiyyatımız kimi dəyərləndirdi: "Əgər xaricdən hər hansı Azərbaycanşünas alim ölkəmizə gəlib müasir Azərbaycan poeziyası ilə tanış olmaq istəsə, bu nəşrləri o insanın qarşısına qoymaq olar. Bu əsərlər bizim müasir ədəbiyyatımızdır”.
Şair Dayandur Sevgin Azərbaycan şairlərinin kitabını nəşr etdirdiyinə görə, «Vektor» nəşrlər evinin rəhbərliyinə təşəkkürünü bildirdi. Şairin "Üç rəngli göy qurşağı” adlı kitabından söylədiyi eyniadlı şeir maraqla dinlənildi.
Ədəbiyyatımızın haqqı
"Kaspi” qəzetinin təsisçisi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatçısı Sona Vəliyeva «hər ziyalımız dünyasını dəyişəndə "ölüm haqdır, hamımız bu dünyadan gedəcəyik” deyərkən, daha çox "o da Qarabağın azad olunmasını görmədi» - fikirləri də ürəyimdən keçir” dedi: "Dua edək ki, Məmməd Arazın, Xudu Məmmədovun, Yaşar Qarayevin, Şahmar Əkbərzadənin, Eldar Baxışın və adlarını unutduğum neçə-neçə görkəmli şəxsiyyətin görmədiyi torpaqlarımız düşmən əlindən azad olunsun! O insanlar torpaqlarımızın itirilməsi dərdini yaşadılar. Mənim sözüm, fikrim hər zaman torpaqlarımızın azad olunması ilə bağlıdır. Bizim təsəllimiz yazı ilə dərdimizi ovutmaqdır. Biz mənəviyyatı saflaşdıran işlə məşğuluq. Arzu edirəm ki, bu məclisi tezliklə Şuşada, düşmən işğalında azad ediləcək digər torpaqlarımızda keçirək. Bu, bizim xalqımızın, ədəbiyyatımızın haqqıdır».
Tədbirdə Şahmar Əkbərzadə adın Ədəbiyyat Mükafatı laureatlarının «Vektor» Beynəlxalq Nəşrlər Evi tərəfindən nəşr olunan kitablarının təqdimatı keçirildi. Şairə-publisist Sona Vəliyevanın «Dünya Tanrı biçimdədir», tanınmış oftolmoloq Paşa Qəlbinur haqqında Əlizadə İsgəndərlinin «Əqli şüurun poeziyası», Dayandur Sevginin «Üçrəngli göy qurşağı», Sərvaz Hüseynoğlunun «Fikrin gül ayələri», Esmira Məhiqızının «Er vaxtı» kitabları həm məzmun, həm də tərtibat baxımından yüksək dəyərləndirildi.
"Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2016-cı il üzrə laureatlarının mükafatlandırılma mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş millət vəkili Arif Ali Albayraq, Rusiya Federasiyasının Ufa şəhərində yaşayan yazar Baloğlan Cəlil və şairə Fərqanə Mehdiyeva mükafatdan məmnun qaldıqlarını söylədilər. Mükafatın ötənilki qalibləri sırasında şair Əjdər Olun da adı var. Tədbir iştirakçıları mükafatın növbəti illərdə də layiqli qaliblərini tapmasını arzuladılar: "İnanırıq ki, mükafat ənənəsini daim qoruyub saxlayacaq və layiqli qaliblərini tapacaq”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər