• şənbə, 20 Aprel, 16:13
  • Baku Bakı 23°C

Azərbaycan dili və xalqımızın etnogenezinə dair dəyərli araşdırma

25.05.17 12:30 1286
Azərbaycan dili və xalqımızın etnogenezinə dair dəyərli araşdırma
Hər bir xalqa mənsub olan dilin öncə səs, sonra söz, sonda isə cümlə şəklində ifadəsi, min illər davam etmiş tarixi bir prosesin nəticəsi olmuşdur. Onun geniş arealda ifadə imkanına çevrilməsi, həm ona sahib olan xalqın qədimliyi, həm də dilin ifadə imkanlarının genişliyi ilə bağlı idi. Şifahi xalq ədəbiyyatımızın dastan, bayatı, nağıl və digər qollarında yer alan ifadələr, ədəbiyyatımızın qədim dövrlərdə janr xüsusiyyətləri daşıması dilimizin ən azı m.ö. III minilliklərdən tam formalaşdığını sübut etməklə yanaşı, xalqımızın bu tarixdən xeyli əvvəl tarix səhnəsində olduğunu da birmənalı sübut edir.
Biz dil tariximizin təkamülünü özündə əks etdirən, filologiya üzrə fəlsəfə doktoru, dosent, dəyərli dilçi alim və tədqiqatçı Firudin Rzayevin "Naxçıvan əhalisinin etnogenezi tarixindən I cild” kitabında da dilimizin ilkin ifadə formaları barəsindəki fikirlərini yüksək qiymətləndirmişik. Bu monoqrafiyanın II cildində biz etnogenezimiz, dilçiliyimizlə yanaşı, tarix və coğrafiyamıza dair də xeyli yeni elmi nəticələrlə qarşılaşırıq.
Azərbaycan dilinin Bəsrə-Kəngər körfəzindən Dəmirqapı Dərbəndə qədər yayılması, eləcə də Rafael Dü Man, Adam Alyari, Ungelberq Kekberq, Öjen Flanden, Paskal Kost kimi fransız və Avropa səyyahlarının kitablarında Osmanlı imperiyası, İran, bütün Qafqaz ərazilərində bu dilin ümum ünsiyyət vasitəsi, Rusiyada ticarətdə mühüm bir vasitə olması haqqındakı fikirləri onun əhatə dairəsinə canlı sübutdur. Hazırkı müstəqil dövlətçiliyimizdə ana dilimizin inkişafı və təkmilləşməsi üçün hər cür şərait, eləcə də dövlət qayğısı vardır. Məhz bu şəraitin məhsulu olan F.Rzayevin monoqrafiyasının II cildində m.ö. II-I minilliklərdə ərazilərimizdə yerli-avtoxton sakinlər olmuş kəngər, maq, sak, skif, zəngi, oğuz, kaspi, kimmer, Midiya və s. tayfalarla bağlı yeni tarixi faktlar üzə çıxarılmış, bu tayfaların adını daşıyan oykonimlərin linqvistik təhlilləri aparılmışdır. Burada tək səs-hərflərin məna daşıması faktlarının sübutu, ilkin dilimizin birhecalı olması variantının dil faktları ilə təsdiqi, toponimik adlar üzərində aparılacaq tədqiqatlara yeni bir konsepsiyanın təqdimi və onun dil faktları ilə sübutu, F.Rzayevin dilimizlə bağlı yeni elmi nəticələrinin əsl mahiyyətini ortalığa çıxarır. Əgər m.ö. VI-I minilliklərlə bağlı oykonimlərin quruluşunda ortalığa tək səslərin fonomorfem kimi çıxması faktını nəzərə alsaq, o zaman qeyd etdiyimiz kimi, səs+söz+cümlə təkamülü dilimizin ən qədim dillərdən, bəlkə də ilk formalaşan dillərdən bir olduğuna təkzibolunmaz bir sübutdur. Məhz sadalanan prototürk tayfa dillərinin Naxçıvan-Naxər ölkəsi ərazisində yaranmış çarlıq, ölkə, əyalət kimi qurumlarında ümumi ünsiyyət vasitəsinə çevrilməsi amili, türk- Azərbaycan dilinin qədimliyi ilə bərabər, bir çox türk dilləri arasında ümumişlək dil olduğunu, eləcə də digər tayfa dillərinə təsir etmək gücündə olması faktını üzə çıxarır və təsdiq edir.
Tədqiqatçının bu monoqrafiyasında Naxçıvanın qədim və müasir ərazilərində məskun olmuş tayfaların yeri, bu adların daşıdığı mənalar, onların mifik inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq edilmiş, bu tayfaların öz adları ilə yaratdığı etnooykonimlər qədim arxiv və qaynaq məlumatları əsasında sistemləşdirilmiş, etimoloji təhlilləri verilməklə, sözlərin aid olduqları dövrlər də müəyyən edilmişdir. Onların prototürk-Azərbaycan dilində olması elmi faktlarla sübut olunmuş, bu adları formalaşdıran sözlərin qədim türk sözlükləri ilə dil və tarixi baxımdan müqayisəli təhlilləri verilmiş, nəticədə dilimizin əski dövrlərinə dair yeni dil və tarixi faktlar ortalığa çıxarılmışdır.
Biz xeyli yazılarımızda Azərbaycanın rus–fars siyasəti ilə parçalanmasının dilimizin tənəzzülünə yol açdığından, onun assimilyasiya olunmaq təhlükəsi ilə üzləşdiyindən bəhs etməklə, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu dilin Dövlət dili səviyyəsinə qaldırıldığını və əbədiyaşarlıq statusu aldığını qeyd etmişik.
Firudin Rzayevin m.ö. II-I minilliklərdə Naxçıvan əhalisinin etnogenezinə və bu etnosların dilinə həsr edilmiş monoqrafiyasındakı tədqiqatı, dilin məhz bu müstəqillik amilindən və inkişafından bəhrələnmiş bir elmi əsər olduğuna yetərli sübutdur. Qeyd edək ki, bu dilin tarixi təkamülünü özündə yaşadan ən gərəkli mənbələrdən biri olan coğrafi adlar sistemi üzərində qurulmuş bu əsər, onların adlanma prosesi xeyli qədimlərə söykənir. Təbii ki, bu adların formalaşma və adlanması, o əraziyə sahib olan xalqlara mənsub həmin dövrdə hakim dilin ifadə imkanları hesabına baş vermişdir. Lakin müəllif, burada adların izahını dil, tarix, coğrafiya, mifik təfəkkür, etnoqrafiya, son dövr arxeoloji araşdırmaların nəticələri, qədim türk və areal türk sözlükləri və s. amillərlə vəhdətdə qəbul etmişdir ki, biz toponimikaya dair tədqiqatlarda bu cür elmi konsepsiyaya təsadüf etmirik. Tədqiqatın bu üslubu yeni olmaqla, ağır zəhmət tələb edir ki, müəllif bu yeni konsepsiyasını qüsursuz, layiqincə yerinə yetirmişdir.
Bütün bunlar 37 prototürk tayfasının tarixi və ərazisi, dili və inancının Şumer, Urartu və digər salnamə yazılarına, antik müəlliflərin əsərləri və dini kitablara əsl tədqiqatçı bacarığı ilə yanaşılması sayəsində əldə edilmiş, elmi nəticələrə istinadən mümkün olmuşdur. Bu isə F.Rzayevin səriştəli dilçi alim olduğunu, sanballı və ağır bir zəhmətin öhdəsindən bacarıqla gələn əsl tədqiqatçı peşəkarlığını ortalığa çıxarır.
Biz qəti olaraq deyə bilərik ki, bu müqayisəli təhlillərdən əldə olunan elmi nəticələr, monoqrafiyanın I cildində olduğu kimi, bu cilddə də təkcə Naxçıvan əhalisinin etnogenezi, qədim tayfaların dili, mifik inancı və sair tarixi faktların təsdiqi deyil, ümum Azərbaycan dili və tarixi ilə yanaşı, ümumtürk dili və tarixinin də təsdiqində yeni mərhələdir. Bunu Kəngər, Maq tayfa adlarının müəllif tərəfindən şumer yazılarında aşkar edilməsi faktı, Oğuz, Qıpçaq, Sak, Skif, Kimmer, Xaçmataq və s. türklərlə bağlı göstərilən yeni dil və tarixi faktlar da təsdiq edir. Dilçi, toponimist alim Firudin Rzayevin müxtəlif dini kitablar və tədqiqat əsərlərindən ortalığa çıxardığı əski tanrıçılıqda fərqli xaç işarələrinin mövcudluğu məsələsi, onun Xristianlıq dinindən qabaq türklərdə olması amili, hələ eramızın V əsrində bu işarənin xristianlıqda deyil, türklərdə inanc yeri kimi mövcudluğu faktları, bu qədim mədəniyyətin də türklərə aidliyini tamamilə sübut edir. Ayrı-ayrı türklərdə müxtəlif xaç işarələri, oğuzlardakı tamğa işarələrinin müxtəlifliyini təkrarlamaqla, qədim tayfalarımızın özlərinə məxsus adət seçimini, xanlıq dövrü hər bir xanlığın fərqləri bayraq rəmzlərini təkrarlayır. Müəllifin gətirdiyi tarixi sübut və dəlillər müqabilində bizim bu qədim inancımız və mədəniyyət əşyalarımızdan üz döndərməyimiz, türk mifik təfəkkürünün, eləcə də o dövr tariximizin oğurlanmasına yol açan səbəblərdən biridir ki, biz bu mədəniyyətə mütləq sahib çıxmalıyıq. Əks halda istər tarix və mədəniyyətimizi, itərsə də qədim yurd yerlərimiz-əzəli torpaqlarımızı, biz öz əlimizlə ermənilərə vermiş oluruq.
Bütün bunlara istinadən qeyd etmək istərdik ki, Firudin Rzayevin hərtərəfli biliyi, eləcə də türk xalqlarının dili və onun mənşəyi haqqındakı yetərincə sahib olduğu bilgi, elmi əsərlərin düzgün təhlilinə imkan yaratmış, qəti fikir söyləməkdə ona tarixi, coğrafi və dil faktları olaraq kömək etmişdir. Monoqrafiyada tarixi faktlar əsasında müəllif tərəfindən tərtib olunmuş xəritələr də müəllifin əsl tədqiqatçı bacarığı və peşəkarlığının bariz nümunəsidir.
Bütün bunlarla yanaşı, bizim bu əsərdə dilimizin ən qədim dövr dilçilik yönündən diqqətimizi çəkən əsas amillərdən biri də I cilddə olduğu kimi, II cilddə də 8 min il öncəki dilimizdə kök və şəkilçi münasibətlərinin müasir dilimizin morfoloji və leksik qanunları ilə müqayisələrinin elmi izahlarıdır. Burada əski dilimizdə az-az təsadüf olunan amorf, flektiv dil xüsusiyyətlərinin izahları da dil tariximiz üçün bir elmi faktı ortalığa çıxarır. Əgər bu gün dünya dillərində amorf (kök dil) və flektiv dil ünsürləri hələ yaşamaqdadırsa, bir daha qeyd edək ki, proto Azərbaycan dili bu prosesi 8 min il öncə adlamış, tarixi baxımdan ən qədim dil olmuşdur. Bu tarixi faktın özü də monoqrafiya müəllifinin dilçilik elminə gətirdiyi bir elmi yenilikdir.
Bildiyimiz kimi, sözlərin öndən, orta və sondan dəyişilmələri, flektivlik əlamətləri slavyan, roman-german, sami, ərəb və s. dillərə aiddir. Burada daxili və xarici fleksiyalar mühüm rol oynayır ki, bunlar monoqrafiyada geniş izah olunur.
Firudin Rzayev amorf-kök dillərə dair nümunələr göstərməklə yanaşı, flektiv dillərə dair qədim Manna və Midiya toponimlərindən Qilzan, Urimzan, qıpçaqlarda Koman, Kuman, peçeneqlərdə Yazı Kapan kimi tayfa əski –an "mənsubluq”, bəzən də "bənzətmə” mənalı şəkilçini nümunə verərək, Naxçıvan etnooykonimlərində bunun bütün variantlarda geniş izahını təqdim edir. Eyni hal -ut/at/t-"yer məkan”, "cəmlik”, -a, -ik-"kiçiltmə” və s. şəkilçilərə də aiddir ki, müəllif bəzən bunların leksik məna da daşımasına dair oykonimlərdən misallar və dil faktları göstərir.
Yuxarıda göstərilən bütün bu müqayisəli nümunələrdən müəllif belə bir nəticəyə gəlir ki, ən qədim dillər iltisaqi dillərdir ki, bu dillər hər iki mərhələni min illər bundan öncə keçərək, günümüzdə sabit ifadə imkanına malik dilə çevrilmişdir. Müəllifin fikrincə, amorf dillər bu üç mərhələnin ilkin, flektiv dillər orta, aqqlütinativ-iltisaqi dillər isə son, sabit və mükəmməl mərhələsi olmuşdur. Biz də bu fikirlə tam şərikik və dilimizin bu dil quruluşlarından ən qədim dil olduğunu təsdiq edirik.
Tədqiqatçı alim F.Rzayevin bu əsərində diqqətimizi çəkən bir məqam da son dövrlər dilçilikdə geniş aspektdən tədqiq olunan adlardakı predikativlik məsələsidir. Qeyd edək ki, prediqkat və predikativlik anlayışlarında predikat-məntiqdəki mühakimə obyektini-subyekti (mübtəda, yəni haqqında nə danışılırsa o şeyi) müəyyən edən anlayış kimi dəyərləndirir. Əsərdə oykonimik adların izahında da müəllif bu variantlar kontekstində predikativliyin mövcud obyektdə bir səslə, bir sözlə, bir söz birləşməsi və sözlərin müxtəlif şəkildə birləşməsi ilə də ifadəsinə dair nümunələr göstərir.
Əsərə diqqət etdikdə müəllifin müraciət etdiyi 5 yüzdən yuxarı elmi əsərlərin 140-dan çoxu son 15 ilin nəşrləridir. Bu isə F.Rzayevin həm keçmiş, həm də müasir tədqiqat və mənbələri yetərincə izlədiyinin təkzibolunmaz sübutudur. Kitabda 45 antik tarixçilər və coğrafiyaşünasların əsərlərinə ciddi və qərəzsiz baxış, 24 qədim türk sözlükləri, 200-dən artıq rus, 40-a qədər türk, 150-dən çox Azərbaycan dilində yazılmış elmi əsərlərin və tədqiqatların (500-dən yuxarı elmi əsər) müqayisəli tədqiqi, əsl tarixi həqiqətlərin üzə çıxarılmasında müəllifin vətəndaşlıq qeyrətinin və əhatəli elminin təcəssümüdür. Bir sözlə, aparılmış tədqiqatların ümum toplusu olan bu monoqrafiyadakı bütün elmi nəticələri, geniş və əhatəli tədqiqatı nəzərə alaraq müəllifə gələcək elmi yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Adil BABAYEV,
Filologiya elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər