• çərşənbə axşamı, 19 mart, 12:06
  • Baku Bakı 8°C

Akademik Zərifə Əliyevanın xatirəsi anılıb – Fotolar

28.04.17 15:30 1059
Akademik Zərifə Əliyevanın xatirəsi anılıb – Fotolar
Pirallahı rayonda yerləşən idarə, müəssisə və təşkilatlarda Azərbaycanın Əməkdar elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb.
Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə növbəti qanvermə aksiyası keçirilib. Aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov akademik Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunu Şahtaxtı kəndində anadan olub. Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, möhtərəm Prezident cənab İlham Əliyevin anasıdır. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Görkəmli oftalmoloq 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vurğulanıb və bildirilib ki, O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.
Aksiya çərçivəsində nəcib təşəbbüsə qoşulanlar görkəmli alimin xalq qarşısındakı xidmətlərini xatırlayaraq insanlara həyat işığı bəxş edən həkimin, nəcib və xeyirxah insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Qeyd edək ki, B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi qanvermə tədbirində 300-ə yaxın rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan veriblər.


banner

Oxşar Xəbərlər