• cümə, 29 Mart, 11:37
  • Baku Bakı 5°C

“Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi” - Fotolar

23.02.17 11:00 2544
“Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi” - Fotolar
- Şirin su, şirin su... Sudan qalmadı...
- Vedrəsi 2 qəpiyə...
- Stəkanla da satılır...
1892-ci il. Keşlə... Sabunçu... İçərişəhər..."Molakan bağı”... "Beşmərtəbə”nin ətarfı... Bayıl... Belində səhəng, yaxud da uzunqulaq arabasının üzərinə çəlləklər qoyaraq küçəbəküçə, evbəev gəzən su satanlar...

Su alverçilərinin bir çoxu mənbəyi bilinməyən suyu əhaliyə keyfiyyətli içməli su adıyla satırdılar. Düzdür, 1890-cı illərdən Bakı Duması küçələrdə şirin su adıyla satılan suları sanitar nəzarətində saxlamağa başladı. Amma təbii ki, sudan pul qazananlar hansısa formada nəzarətdən yayınıb keyfiyyətsiz suyu yenə də insanlara sata bilirdilər... Özü də hər su satanın öz ərazisi var idi, başqaları o əraziyə girə bilməzdi. Çıxıb getmək istəyən isə o yeri 1000-5000 rubla satırdı. Çünki şoran torpaqlarda şirin su satışı yaxşı qazanc mənbəyi idi. Bu hal o vaxta kimi davam etdi ki, Bakıya "Şollar” suyu çəkildi.
Quyulara möhtac şəhər
Azərbaycan Respublikasının əməkdar mühəndisi, "Azərsu” ASC sədrinin müşaviri Telman Ağayevin müşayiəti ilə Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən "Şollar” Su Kəmərinin yaranma və inkişaf tarixçəsinə nəzər yetirək...

Qeyd edək ki, 1893-cü ilədək Bakının su təminatının yeganə mənbəyi quyular idi. Torpağın şoranlaşması və yağıntıların az olması bu quyulardan keyfiyyətli içməli su mənbəyi kimi istifadə etməyə imkan vermirdi. O vaxtlar Bakıda 600-ə qədər quyu olmasına baxmayaraq, 100-ə yaxın quyu içməli su kimi istifadəyə yarayırdı. Qalan quyularda su çox cod idi. Şəhərin kanalizasiya sistemi olmadığından onların çirklənmə ehtimalı yüksək idi. Bu da quyu sularının keyfiyyətinə təsir edirdi.

1883-cü ildə dəniz suyunu şirinləşdirən ilk qurğu quraşdırılır. Bu qurğu ilə şirinləşdirilən suyun yüksək temperaturu, xoşagəlməz dadı, qoxusu və qırmızı rəngdə olması səbəbindən əhalinin əksər hissəsi quyu suyundan istifadə etmək məcburiyyətində qalır.
Axtarışlar başlayır...
Şəhər dumasının üzvləri, neft sahibkarları, şəhər elitası şəhərdən kənarda yaşadıqları üçün Bakının su təminatının inkişafı üçün heç bir ciddi tədbir görmək istəmirdilər. Yalnız 1892-ci ildə vəba epidemiyasının sürətlə yayılması Bakı Şəhər Dumasını şəhərin su problemini həll etməyə vadar edir.

1878-ci ildə şəhər Şəhər Duması tərəfindən yaradılan qurum 1879-cu ildə əvvəlcə Bakının özündə su təminatı mənbəyini axtarmağa başlayır. Bir çox sahibkarlar suyu Kür, Araz çaylarından, Altı-Ağac bulaqlarından, Göy-Göldən və digər yerlərdən gətirməyi təklif edirlər. Lakin bu layihələr kifayət qədər əsaslandırılmadığı və bahalı olduğu üçün qəbul olunmur.

Nəhayət, Şəhər Dumasının diqqəti Kür və Samur çaylarına yönəlir. Yeni su təchizatı sisteminin yaradılmasına isə ən böyük dəstəyi neft milyonçusu Hacı Zeynalabdin Tağıyev verir. Onun təklifi ilə dumanın içməli su mənbələrinin axtarışı üzrə xüsusi komissiyası layihə hazırlanması üçün xarici mütəxəssislərə sifariş verir. Layihələrin hazırlanması üçün ingilis mühəndisi Vilyams Lindley Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü ilə 1899-cu ildə Almaniyanın Frankfurt-Mayn şəhərindən Bakıya dəvət olunur. Lindley su təminatı mənbəyini özü seçmək şərti ilə təklifə razılıq verir və həmin il oktyabrın ortalarında Bakıya gəlir.

Qeyd edək ki, Avropanın 30-dan çox şəhərində su kəmərlərinin və kanalizasiya qurğularının tikintisini həyata keçirən Lindley ingilis mülki mühəndisi və inşaatçısıdır.
Kapitalistlər niyə "Şollar”ı qəbul etmir?
Lindley Kür və Samur çayları ərazilərinə ilkin baxış keçirir. Bu baxış zamanı Vladiqafqaz dəmir yolunun Bakıdakı 187 km məsafədə olan Xudat stansiyası yaxınlığında Şollar kəndində içməyə yararlı böyük su bulaqlarının çoxluğu Lindleyin diqqətini cəlb edir. Çay suyundansa yeraltı qrunt sularına üstünlük verən Lindley Şəhər Dumasına Şollar ərazisinin yeraltı suları ilə su təminatının araşdırılmasını təklif edir.

Şəhər Duması bu təklif üçün pul ayırmır və Lindleyə yalnız Kür və Samur çaylarından su təminatının tədqiqi ilə məşğul olmağı təklif edir. Amma sonda Şəhər Duması, Dumanın üzvü olan Hacı Zeynalabdin Tağıyevin təkidi ilə Lindleyin qənaəti ilə razılaşır və Şollar ərazisində yeraltı suların tədqiqi məsələsini təsdiqləyir. Vəsaitin azlığı Lindleyə tədqiqatı istənilən miqyasda aparmağa imkan vermir.

1907-ci ildə Lindley yenidən Bakıya dəvət olunur və ona Şollar ərazisindən Bakının yeraltı sularla təminatının tam araşdırılması və layihənin hazırlanması həvalə olunur. 1909-cu ilin martında Lindley Bakının Şollardan su təminatının ilkin layihəsini və bununla yanaşı, Kür və Samur çaylarından su təminatı layihələri ilə müqayisəli təhlilini təqdim edir. Şəhər Dumasının seçimi su kəmərinin Şollardan çəkilməsi olur və layihənin hazırlanması Lindleyə həvalə olunur.

Amma bəzi sahibkarların marağına zidd olduğundan bu layihəni istəməyənlər az olmur. Çünki bu sahibkarlar Bakıda sənaye müəssisələrinə və əhaliyə verilən keyfiyyətsiz suyun gətirilməsinə məsul idilər, yəni su işindən pul qazanırdılar. Bu səbəbdən də Bakı şəhərində mərkəzləşdirilmiş keyfiyyətli su təchizatının olması onlara sərf etmirdi. Məhz bu səbəbdən də Bakı şəhərinin su təchizatı məsələsi uzun müddət həllini tapa bilmirdi.
Keyfiyyətə xüsusi nəzarət edilirdi
1910-cu ilin 30 martında bağlanmış müqaviləyə əsasən, su kəmərinin layihələndirilməsinə və inşasına ümumi rəhbərlik və şəhərə su verildikdən sonra 1 il ərzində nəzarət Şəhər Duması tərəfindən mühəndis V.Lindleyə həvalə olunur. 1910-cu il mayın 1-də su kəmərinin tikintisi şöbəsi işə başlayır. Bu müqaviləyə əsasən, şirkət bütün işləri 3 ilə - 11 fevral 1914-cü ilədək yekunlaşdırmalı idi. Amma 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması, eyni zamanda su boru kəməri boyu yayılmış malyariya xəstəliyi işin ləngiməsi ilə nəticələnir. Demək olar, işçilərin 100 faizi bu xəstəliyə yoluxmuş, peşəkarlar ön cəbhəyə aparılmışdı.

Telman Ağayev maraqlı bir faktı da bizimlə paylaşdı. Bildirdi ki, 1968-ci ildə o, su təchizatı sistemində işə başlayanda Ağaəli Axundov adlı bir mütəxəssis var idi: "Ona Ağəli dayı deyirdik. Şollar kəməri çəkiləndə adi işçi kimi kəmərin tikintisində işə başlamışdı, amma sonra tədricən vəzifəsi qalxmışdı. Bizimlə söhbətində deyirdi ki, kəmərin tikintisində keyfiyyətə xüsusi nəzarət edilirdi. Əgər nəsə düzgün inşa edilmirdisə, onu sökdürüb yenidən tikdirirdilər”.
Möhtəşəm və texniki cəhətdən mürəkkəb iş
Nəhayət, 1917-ci il yanvarın 22-də uzun müddət həsrəti çəkilən Şollar suyu yeni şəhər şəbəkəsinin su qəbuledici anbarına verilir. Şəbəkənin və anbarların yuyulması, yeni borulara xas olan spesfik qoxuların ləğv edilməsi bir ay vaxt aparır. 14 mart 1917-ci il tarixində Bakı Şollar Su kəməri rəsmi olaraq istismara qəbul edilir.

Su kəməri istismara veriləndən sonra V.Lindley tikinti barədə belə deyib: "Mənim Qərbi Avropanın 35 şəhərində su kəmərləri və kanalizasiya qurğularının inşasında əməyim olub. Lakin belə möhtəşəm və texniki cəhətdən mürəkkəb bir iş - Şollar su kəməri kimi tikinti mənim üzərimə düşməmişdi”.
Suya həsrət əhali həmin günü toy-bayram edir
Telman müəllim deyir ki, "Şollar”ın istismara verildiyi gün insanlar üçün toy-bayram idi: "Özü də su kəmərinin istismara verildiyi gün Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən ikiqat bayram idi. Doğulduqları gündən suyun həsrətində olan insanlar üçün bu, bayramqabağı ən böyük hədiyyə idi. 1917-ci ildə Bakıda təxminən 250 min əhali yaşayırdı. Şollar suyunun təxminən 60 faizi sənayeyə, 20 faizi əhaliyə, digər 20 faizi isə dəmir yolu və hərbi hissələrə paylanılırdı. Həmin kəmərdən gün ərzində 1 milyon vedrə su daxil olurdu. Bir qədər sonra şəhərdə 163 kilometrlik su şəbəkəsi çəkildi və 1108 evə birləşmə verildi. Bununla yanaşı, şəhərdə 100-ə yaxın su satış köşkləri fəaliyyət göstərirdi. Camaat bu köşklərdən suyu arabalarla, səhənglərlə, vedrələrlə daşıyırdı. Bir vedrə su (təxminən 12 litr) əhaliyə 0,75, sənaye müəssisələrinə isə 1 qəpikdən satılırdı”.
"Şollar”ın yol xəritəsi
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin saytında yerləşdirilən məlumata görə, "Şollar” mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. "Şollar” su kəməri H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsi ilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə də özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur.

"Şollar” artezian üsulu ilə qazılmış 24 quyunun sularından qidalanır. Quyular mənbədən 2-3 kilometr şimalda "Şahdağ” silsiləsinə doğru meşədə qazılıb.

"Şollar” içməli suya olan tələbatın 7 faizini təşkil edir
1917-ci ildə Şollar-Bakı su kəməri istismara verildikdən sonra – ötən 100 il müddətində sözügedən kəmərlə bağlı xeyli işlər aparılıb. 1918-ci il hadisələri zamanı bir çox işçilərin qaçması səbəbindən su kəmərinə və onun qurğularına texniki nəzarət dayanır. Əksər tikililər dağıdılır, çoxlu qiymətli avadanlıqlar məhv edilir. Azərbaycan sovet hakimiyyətinin yaranması dövründə su təchizatı sistemində bərpa işləri aparılır. Su kəmərinin məhsuldarlığı artırılır. Sumqayıtdakı nasos stansiyası yenidən qurulur... Ötən 100 il ərzində su kəmərinin inkişafı üçün sadalamaqla bitməyəcək işlər görülüb.

Şollar suyu hazırda əsasən Oğuz-Qəbələdən, qismən də Ceyranbatandan gələn su ilə birləşərək paytaxta paylanılır. Sözügedən kəmər su bölgüsündə paytaxtın içməli suya olan tələbatının təxminən 7 faizini təşkil edir.
**
1917-ci il, 15 mart. İçərişəhər... "Molokan bağı”... "Beşmərtəbə”nin ətarfı... Bayıl... Keşlə... Sabunçu... Belində səhəng, yaxud uzunqulaq arabasının üzərinə çəlləklər qoyaraq küçəbəküçə, evbəev gəzən su satanlar artıq gözə dəymir. Çünki Bakı-Şollar su kəməri artıq istifadəyə verilib, 1108 evə birbaşa su çəkilib. Bununla yanaşı, şəhərdə 100-ə yaxın su satış köşkündn camaat suyu arabalarla, səhənglərlə, vedrələrlə daşıyır...
Aygün ƏZİZ
Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

banner

Oxşar Xəbərlər