Tanıdığımız və tanımadığımız Səudiyyə Ərəbistanı - Fotolar
10 gün davam edən səfər çərçivəsində Səudiyyə Ərəbistanını yaxından
tanımağa çalışdıq. Kənardan eşitməklə yerindəcə tanış olmaq, əlbəttə ki, fərqli
anlayışlardır. Biz də bu qısa müddətdə Səudiyyə ilə doğmalaşdıq.
Ölkənin qışı az qala, yaz kimi keçir. Ölkənin şimal tərəfində -
paytaxt Ər-Riyadda temperatur gündüzlər 16-18 dərəcə olursa, cənubda – Ciddə,
Məkkə, Mədinə şəhərlərində 35 dərəcəyə qədər qalxır. Biz paytaxtda olarkən
ölkənin şimalına uzun illərdən sonra qar yağdığı məlum oldu. Ümumiyyətlə, ölkə
ərazisində yağıntılar çox az olur. İldə təxminin 2-3 dəfə möhkəm yağış yağır.
Bəzən bir dəfəyə illik yağış norması düşür.
Ölkənin əsas gəlirləri neft sektorundan əldə olunur. Xüsusən də son
illər ərzində Səudiyyə Ərəbistanı neft satışından böyük miqdarda gəlirlər əldə
edib. Bu vəsaitlər ölkədə müvafiq infrastrukturun qurulmasına, əhalinin sosial
durumunun yaxşılaşdırılmasına yönəldilib. Yerli əhalinin həyat səviyyəsi son
illərdə xeyli yaxşılaşıb. Rastlaşdığımız şəxslərlə söhbətdən belə məlum oldu
ki, adi sürücü kimi işləyən Səudiyyə vətəndaşı ayda ortalama 4-5 min dollar
maaş alır. Əgər bu işi başqa bir ölkənin vətəndaşı olan miqrant görürsə, onun
əməkhaqqı bundan bir neçə dəfə az olur. Ümumiyyətlə, ölkədə ağır, çətin işlərin
əksəriyyətində miqrantlar çalışır. Səudiyyə Ərəbistanında müxtəlif Asiya
ölkələrindən olan 10 milyondan artıq miqrant çalışır. Miqrantlar ucuz işçi
qüvvəsidir deyə, özəl sektorda sahibkarlar onlarla işləməyə meyillidirlər. Amma
artıq hökumət bununla bağlı tədbirlər görməyə başlayıb. Bir müddət öncə Səudiyyə
Ərəbistanına giriş üçün vizanın məbləği bir neçə dəfə qaldırılıb. Burada məqsəd
odur ki, miqrantların ölkəyə gəlişi çətinləşdirilsin və daha çox yerli əhalinin
məşğulluğu təmin edilsin.
Ümumiyyətlə, neftin qiymətinin birdən-birə 3-4 dəfə ucuzlaşması Səudiyyə
Ərəbistanı üçün də problemlər yaradıb. Məsələn, hökumət ölkədə 4 faizlik Əlavə
Dəyər Vergisinin tətbiq edilməsi ilə bağlı qərar verib. İndiyədək isə ölkədə
ƏDV olmayıb. Bütün çətinliklərə baxmayaraq, hökumət devalvasiyaya getməyib. 1
dollar neçə illərdir ki, 3,75 real olaraq qalır.
Yaranmış durumda hökumət iqtisadiyyatın neftdən asılılığının
azaldılması üçün tədbirlər planı hazırlayıb. Plana əsasən, 2030-cu ilə kimi
iqtisadiyyatın neftdən asılılığı tamamilə aradan qaldırılmalıdır. Artıq bu istiqamətdə real addımlar da
atılmağa başlayıb.
Səudiyyə Ərəbistanının şəhərlərinin qəribə infrastrukturu da diqqəti
cəlb etdi. Məsələn, 6 milyondan çox əhalisi olan paytaxt Ər-Riyadda ictimai
nəqliyyat yoxdur. Hazırda paytaxtın küçələrində yerüstü metro tikintisi davam
etməkdədir. Şəhərin yollarında piyada keçidlərinə də nadir hallarda rast
gəlirsən. Ümumiyyətlə, yol kənarlarında piyadaya rast gəlmək də olmur. Çünki
hamının maşını var, insanlar istənilən yerə öz şəxsi avtomobilləri ilə gedirlər.
Şəhərlərarası yollar da yüksək səviyyədədir. Ciddə-Mədinə, Ciddə-Məkkə
magistral yolları ən xoş sözlərə layiqdir. Xüsusilə hava qaralandan sonra bu
yollarla hərəkətdə olmaq insana zövq verir.
Səudiyyə Ərəbistanı həm də 2 müqəddəs şəhər - Məkkə və Mədinəyə görə
dünya müsəlmanları üçün əzizdir. Təkcə Həcc mövsümündə deyil, ilin bütün
aylarında bu müqəddəs ocaqları ziyarət etmək üçün dünyanın dörd bir tərəfindən
insanlar Məkkə və Mədinəyə axışır. Biz də bu şəhərlərdə olarkən çoxsaylı insan
seli ilə rastlaşdıq. Həm Məkkədə müqəddəs Kəbə ətrafında, həm də Mədinədə
Məhəmməd peyğəmbərin məzarı ətrafında minlərlə ziyarətçi müsəlman gördük. Bakıdan
ümrə ziyarətinə yollanmış soydaşlarımızla da rastlaşdıq.
Bir məqamı da qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanında
Azərbaycana çox yaxşı münasibət var. Həm dövlət rəsmiləri, həm mətbuat
nümayəndələri, həm də sadə vətəndaşlar ölkəmizə rəğbət bəsləyirlər. Bizim sivil
bir müsəlman dövləti olaraq əldə etdiyimiz nailiyyətlər orada sevgi ilə
izlənilir. SPA agentliyində olarkən bizi müşayiət edənlərdən biri dedi ki,
küçələrdə könül xoşluğu ilə Azərbaycandan olduğunuzu deyin, görəcəksiniz ki,
burda sizi sevirlər. Doğrudan da harada olduqsa, Azərbaycan adı eşidilən kimi,
insanların çöhrəsində təbəssüm, səmimiyyət gördük. Görüşdüklərimizin
əksəriyyətinin nə vaxtsa Azərbaycanda olduğunu da bildik. Ümumiyyətlə, Səudiyyə
Ərəbistanı Azərbaycana turist cəlb etmək baxımından çox əlverişli bir ölkədir.
Bizim ölkənin təbiəti, insanları, turizm infrastrukturu yaxşı gəlirləri olan
səudiyyəlilər üçün kifayət qədər cəlbedicidir. Turizm obyektləri, turist
agentlikləri bu məqama diqqət etsələr, hər il ölkəyə Səudiyyə Ərəbistanından
xeyli sayda turist cəlb etmək mümkündür.
Bu arada, səfər təəssüratlarını bölüşərkən Azərbaycanın Səudiyyə
Ərəbistanındakı səfirliyinin fəaliyyətinə toxunmadan keçmək ədalətsizlik
olardı. Səfirliyin əməkdaşları səfərin ilk günündən son dəqiqəsinə kimi bizim
nümayəndə heyətinə böyük diqqət və qayğı göstərdilər. Onların çalışdıqları ölkə
haqda məlumatlılıqları, üzləşdiyimiz çətinliklərin qısa müddət ərzində həllinə diplomat
kimi göstərdikləri cəhdlər hər bir tərifə layiqdir. Səfərin sonuncu günü Ciddə
hava limanında səfirliyin əməkdaşları ilə sağollaşıb ayrılandan sonra
həmkarlarımızdan biri dedi ki, hər kəs öz işinə bu səfirliyin əməkdaşları kimi
məsuliyyətlə yanaşsa, bizim ölkənin heç bir problemi qalmaz. Bu fikri hər
birimiz bölüşdük və Səudiyyədəki diplomatlarımızdan razılıqla ayrıldıq.
Beləliklə, 10 günlük tanışlıq səfəri məhsuldar görüşlər, yeni
tanışlıqlar, xoş xatirələrlə yadda qaldı. Biz Səudiyyə Ərəbistanını daha
yaxından tanıdıq, həm də Azərbaycanı orada tanıtmağa çalışdıq. Buna nə dərəcədə
nail olduq, demək çətindir. Amma istənilən təmas, müzakirə xalqlar, insanlar
arasında münasibətlərin qurulması baxımından müsbət addımdır.
İlham Quliyev
Bakı-Ər-Riyad-Ciddə-Bakı