• çərşənbə axşamı, 19 mart, 10:59
  • Baku Bakı 8°C

Tanıdığımız və tanımadığımız Səudiyyə Ərəbistanı - Fotolar

16.02.17 13:00 2144
Tanıdığımız və tanımadığımız Səudiyyə Ərəbistanı - Fotolar
10 gün davam edən səfər çərçivəsində Səudiyyə Ərəbistanını yaxından tanımağa çalışdıq. Kənardan eşitməklə yerindəcə tanış olmaq, əlbəttə ki, fərqli anlayışlardır. Biz də bu qısa müddətdə Səudiyyə ilə doğmalaşdıq.

Ölkənin qışı az qala, yaz kimi keçir. Ölkənin şimal tərəfində - paytaxt Ər-Riyadda temperatur gündüzlər 16-18 dərəcə olursa, cənubda – Ciddə, Məkkə, Mədinə şəhərlərində 35 dərəcəyə qədər qalxır. Biz paytaxtda olarkən ölkənin şimalına uzun illərdən sonra qar yağdığı məlum oldu. Ümumiyyətlə, ölkə ərazisində yağıntılar çox az olur. İldə təxminin 2-3 dəfə möhkəm yağış yağır. Bəzən bir dəfəyə illik yağış norması düşür.

Ölkənin əsas gəlirləri neft sektorundan əldə olunur. Xüsusən də son illər ərzində Səudiyyə Ərəbistanı neft satışından böyük miqdarda gəlirlər əldə edib. Bu vəsaitlər ölkədə müvafiq infrastrukturun qurulmasına, əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəldilib. Yerli əhalinin həyat səviyyəsi son illərdə xeyli yaxşılaşıb. Rastlaşdığımız şəxslərlə söhbətdən belə məlum oldu ki, adi sürücü kimi işləyən Səudiyyə vətəndaşı ayda ortalama 4-5 min dollar maaş alır. Əgər bu işi başqa bir ölkənin vətəndaşı olan miqrant görürsə, onun əməkhaqqı bundan bir neçə dəfə az olur. Ümumiyyətlə, ölkədə ağır, çətin işlərin əksəriyyətində miqrantlar çalışır. Səudiyyə Ərəbistanında müxtəlif Asiya ölkələrindən olan 10 milyondan artıq miqrant çalışır. Miqrantlar ucuz işçi qüvvəsidir deyə, özəl sektorda sahibkarlar onlarla işləməyə meyillidirlər. Amma artıq hökumət bununla bağlı tədbirlər görməyə başlayıb. Bir müddət öncə Səudiyyə Ərəbistanına giriş üçün vizanın məbləği bir neçə dəfə qaldırılıb. Burada məqsəd odur ki, miqrantların ölkəyə gəlişi çətinləşdirilsin və daha çox yerli əhalinin məşğulluğu təmin edilsin.

Ümumiyyətlə, neftin qiymətinin birdən-birə 3-4 dəfə ucuzlaşması Səudiyyə Ərəbistanı üçün də problemlər yaradıb. Məsələn, hökumət ölkədə 4 faizlik Əlavə Dəyər Vergisinin tətbiq edilməsi ilə bağlı qərar verib. İndiyədək isə ölkədə ƏDV olmayıb. Bütün çətinliklərə baxmayaraq, hökumət devalvasiyaya getməyib. 1 dollar neçə illərdir ki, 3,75 real olaraq qalır.

Yaranmış durumda hökumət iqtisadiyyatın neftdən asılılığının azaldılması üçün tədbirlər planı hazırlayıb. Plana əsasən, 2030-cu ilə kimi iqtisadiyyatın neftdən asılılığı tamamilə aradan qaldırılmalıdır. Artıq bu istiqamətdə real addımlar da atılmağa başlayıb.

Səudiyyə Ərəbistanının şəhərlərinin qəribə infrastrukturu da diqqəti cəlb etdi. Məsələn, 6 milyondan çox əhalisi olan paytaxt Ər-Riyadda ictimai nəqliyyat yoxdur. Hazırda paytaxtın küçələrində yerüstü metro tikintisi davam etməkdədir. Şəhərin yollarında piyada keçidlərinə də nadir hallarda rast gəlirsən. Ümumiyyətlə, yol kənarlarında piyadaya rast gəlmək də olmur. Çünki hamının maşını var, insanlar istənilən yerə öz şəxsi avtomobilləri ilə gedirlər. Şəhərlərarası yollar da yüksək səviyyədədir. Ciddə-Mədinə, Ciddə-Məkkə magistral yolları ən xoş sözlərə layiqdir. Xüsusilə hava qaralandan sonra bu yollarla hərəkətdə olmaq insana zövq verir.

Səudiyyə Ərəbistanı həm də 2 müqəddəs şəhər - Məkkə və Mədinəyə görə dünya müsəlmanları üçün əzizdir. Təkcə Həcc mövsümündə deyil, ilin bütün aylarında bu müqəddəs ocaqları ziyarət etmək üçün dünyanın dörd bir tərəfindən insanlar Məkkə və Mədinəyə axışır. Biz də bu şəhərlərdə olarkən çoxsaylı insan seli ilə rastlaşdıq. Həm Məkkədə müqəddəs Kəbə ətrafında, həm də Mədinədə Məhəmməd peyğəmbərin məzarı ətrafında minlərlə ziyarətçi müsəlman gördük. Bakıdan ümrə ziyarətinə yollanmış soydaşlarımızla da rastlaşdıq.

Bir məqamı da qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanında Azərbaycana çox yaxşı münasibət var. Həm dövlət rəsmiləri, həm mətbuat nümayəndələri, həm də sadə vətəndaşlar ölkəmizə rəğbət bəsləyirlər. Bizim sivil bir müsəlman dövləti olaraq əldə etdiyimiz nailiyyətlər orada sevgi ilə izlənilir. SPA agentliyində olarkən bizi müşayiət edənlərdən biri dedi ki, küçələrdə könül xoşluğu ilə Azərbaycandan olduğunuzu deyin, görəcəksiniz ki, burda sizi sevirlər. Doğrudan da harada olduqsa, Azərbaycan adı eşidilən kimi, insanların çöhrəsində təbəssüm, səmimiyyət gördük. Görüşdüklərimizin əksəriyyətinin nə vaxtsa Azərbaycanda olduğunu da bildik. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Azərbaycana turist cəlb etmək baxımından çox əlverişli bir ölkədir. Bizim ölkənin təbiəti, insanları, turizm infrastrukturu yaxşı gəlirləri olan səudiyyəlilər üçün kifayət qədər cəlbedicidir. Turizm obyektləri, turist agentlikləri bu məqama diqqət etsələr, hər il ölkəyə Səudiyyə Ərəbistanından xeyli sayda turist cəlb etmək mümkündür.

Bu arada, səfər təəssüratlarını bölüşərkən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin fəaliyyətinə toxunmadan keçmək ədalətsizlik olardı. Səfirliyin əməkdaşları səfərin ilk günündən son dəqiqəsinə kimi bizim nümayəndə heyətinə böyük diqqət və qayğı göstərdilər. Onların çalışdıqları ölkə haqda məlumatlılıqları, üzləşdiyimiz çətinliklərin qısa müddət ərzində həllinə diplomat kimi göstərdikləri cəhdlər hər bir tərifə layiqdir. Səfərin sonuncu günü Ciddə hava limanında səfirliyin əməkdaşları ilə sağollaşıb ayrılandan sonra həmkarlarımızdan biri dedi ki, hər kəs öz işinə bu səfirliyin əməkdaşları kimi məsuliyyətlə yanaşsa, bizim ölkənin heç bir problemi qalmaz. Bu fikri hər birimiz bölüşdük və Səudiyyədəki diplomatlarımızdan razılıqla ayrıldıq.

Beləliklə, 10 günlük tanışlıq səfəri məhsuldar görüşlər, yeni tanışlıqlar, xoş xatirələrlə yadda qaldı. Biz Səudiyyə Ərəbistanını daha yaxından tanıdıq, həm də Azərbaycanı orada tanıtmağa çalışdıq. Buna nə dərəcədə nail olduq, demək çətindir. Amma istənilən təmas, müzakirə xalqlar, insanlar arasında münasibətlərin qurulması baxımından müsbət addımdır.
İlham Quliyev
Bakı-Ər-Riyad-Ciddə-Bakı






banner

Oxşar Xəbərlər