• çərşənbə axşamı, 19 mart, 06:00
  • Baku Bakı 8°C

Arzularımın arxasınca getdim – İncəsənət

06.01.17 14:05 2248
Arzularımın arxasınca getdim – İncəsənət

Türk teatrşünasları deyir ki, teatr həyatın gözlər önünə gətirdiyi bir sənət sahəsi deyil, həyatı yaşayaraq bizlərə öyrədən bir dərsdir. Doğrudan da elədir. Teatr canlı sənət növüdür. Burada çalışmaq və səhnədə sözünü demək heç də asan məsələ deyil. Kənardan hər nə qədər asan görünsə də, onun daxilinə varanda nə qədər çətin olduğunun şahidinə çevrilirik. Sevindirici haldır ki, bu gün istedadlı gənclərimiz teatrlara axın edir. Onların içərisində gənc aktrisa Xəyalə Meydanovanın da yeri danılmazdır.

Xəyalə 1991-ci il iyunun 25-də Bakı şəhərində anadan olub. 26 saylı orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr rejissorluğu” fakültəsinə daxil olub. Hazırda "28 iyun” serialında Fidan obrazı ilə tanınır. Bundan əvvəl "Qız yükü”, "Həyat varsa” seriallarında rol alan gənc aktrisa 5 il idi ki, Bakı Uşaq Teatrında obrazlar canlandırırdı. Artıq 4 aya yaxındır ki, o, Gənc Tamaşaçılar Teatrında çalışır. Onun gələcəyə dair böyük hədəfləri var.
Xəyaləni tələbəlik illərindən tanıyıram. Teatr onun üçün böyük bir aləmdir. Bu aləmin bir zərrəsi olmaq onun üçün böyük xoşbəxtlikdir. Deyirlər ki, sonradan aktyor olmaq çətindir. Gərəkdir ki, anadan aktyor doğulasan. Xəyalə də belələrindəndir.

- İncəsənətə olan maraq haradan qaynaqlanır?

- Mən beşinci sinifdə oxuyanda xalam qızı İncəsənət Universitetində təhsil alırdı. O, hərdən məni özü ilə dərslərə aparırdı. Mən də onunla gedib, tamaşalara baxırdım. Məktəbdə oxuyarkən ədəbiyyata daha çox marağım var idi, şeir deməyi sevirdim. Ancaq tamaşanın hazırlanması prosesini, səhnəni görəndən sonra fikrimi qətiləşdirdim və rejissor olmağa qərar verdim.

- Bəs, bu fikrinə ailənin münasibəti necə oldu?

- 11-ci sinifdə oxuyarkən sənədlərimi İncəsənət Universitetinə verəcəyimi deyəndə valideynlərim qətiyyətlə qarşı çıxdılar. Ondan sonra mənə görə narahat olmağa başlamışdılar. Onlar istəyirdilər ki, mən həkim olum. Ancaq mən öz istəyimdən dönmədim. Arzularımın arxasınca getdim. İlk olaraq valideynlərim mənim bu fikrimə o qədər də ciddi yanaşmadılar. Bunun üçün məni hazırlığa da qoymadılar. Əmin idilər ki, mən qəbul olmayacağam. Mən də oturub özüm hazırlaşdım. Bu işdə xalam qızı mənə çox dəstək oldu. Məktəbi bitirəndən sonra sənətlərimi İncəsənət Universitetinə verdim və qabiliyyət imtahanının birinci turundan müvəffəqiyyətlə keçdim. Ondan sonra evdə bildirdim ki, qabiliyyət imtahanından keçmişəm. Mənə inanmadılar və qəbul olmağıma əhəmiyyətsiz baxdılar. Mən də ondan sonra test imtahanından 372 bal topladım. İstədiyim ixtisasa qəbul oldum.

- Və bundan sonra həyatın dəyişdi.

- Elədir. Birinci kursda oxuyarkən Cəfər Cabbarlı adına qiraət müsabiqəsində iştirak etdim. Həmin müsabiqədə ikinci yerə layiq görüldüm. Orada ifamı bəyəndilər. Bakı Mədəniyyət və Turizm İdarəsi məni işlə təmin etdi. Belə ki, yaşadığım yerdə – Buzovna qəsəbəsində Sidqi Ruhulla adına Mədəniyyət Evində rejissor kimi çalışmağa başladım. Çalışmağa başlayanda 18 yaşım var idi. İlk olaraq "Fırıldaqçı” adlı tamaşa hazırladım. Bu tamaşam çox sevildi və mədəniyyət evləri arasındakı müsabiqədə üçüncü yeri tutdu. Bundan əlavə, tələbəlik illərində dostlarım və müəllimlərimin hazırladığı bir çox tamaşalarda iştirak etmişəm. Biz tələbə olarkən müəllimlər də tamaşa hazırlayırdılar. O zaman müəlliməm Sevda Teymurova ilə "Oğru” tamaşasını hazırlayıb, Tədris Teatrında göstərdik. Teatrın direktoru Fikrət Məlikov işimizi bəyəndi və Bakı Uşaq Teatrında çalışmağımı məsləhət gördü. O gündən - 2011-ci ildən həmin teatrda çalışmağa başladım.

- Bakı Uşaq Teatrını sənin üçün tramplin hesab etmək olarmı?
- Əlbəttə. 2011-ci ilin aprelin 26-da Bakı Uşaq Teatrında çalışmağa başladım. Həmin teatrda saysız obrazlarım oldu. Demək olar ki, əksər tamaşalarda baş rolları mən oynamışam. Orada Asif Bayramovun "Şrek və dostları”nda Tıq-tıq xanım,
xalq nağılı "Ağıllı tülkü”də tülkü,
Elçinin "Humayın yuxusu”nda Humay,
Arzu Soltanın "Fidan və Qoğal”nda Fidan,
monqol xalq nağılı "Dələduz siçanlar”da Siçan, İlhamə Əhmədovanın "Ağıllı uzunqulağ”ında pişik, Abdulla Şaiqin "Əşxas”nda İdeal,
Arzu Soltanın "Həyatla oyun”unda Nurlu,
eləcə də "Günahsız günahkarlar”ında Gülnar, "Turp” nağılı əsasında "Gücümüz birliyimizdədir”də Xəyalə,
Abdulla Şaiqin "Danışan gəlinciy”ində Şahzadə kimi obrazlar canlandırmışam. Bakı Uşaq Teatrında uşaqlarla işləməyi, uşaq psixologiyasına bələd olmağı öyrəndim. Bu teatrda mən özümü aktrisa kimi təsdiq etdim. Bu işdə mənə teatrın kollektivi və ən əsası, İntiqam Soltan köməklik göstərdi. Bu gün həmin komanda ilə yollarımız ayrılsa da, onlar mənim qəlbimdə xüsusi yer tuturlar.

- Bəs necə oldu ki, Gənc Tamaşaçılar Teatrına gəlməyə qərar verdin?
- Beş il Bakı Uşaq Teatrında çalışdım. Düşündüm ki, nəsə dəyişiklik etmək lazımdır. Biz orada uşaqlar üçün tamaşa hazırlayırdıq. Çox nadir hallarda böyüklər üçün tamaşalar göstərirdik. İçimdə böyük səhnəyə, böyüklər üçün hazırlanan tamaşalara maraq var idi. Nəticədə qarşıma məqsəd qoydum ki, Azərbaycan teatr tarixində kifayət qədər sözünü demiş teatrların birində özümü sınamalıyam və belə də etdim. Risk edib, Gənc Tamaşaçılar Teatrına getdim, teatrın direktoru Mübariz Həmidovun qəbuluna düşdüm. Onunla söhbət etdik və bu teatrda işləmək istədiyini dedim. Mübariz müəllim özümü doğrultmağım üçün bir şans verdi. Əslində Gənc Tamaşaçılar Teatrı mənim üçün əlçatmaz görünürdü. Düşünürdüm ki, onlar məni işə götürməzlər. Aktyorlarını tanısam da, çox da münasibətim yox idi. Amma artıq dörd aydır ki, burada çalışıram. Dörd ayda ilk olaraq Nicat Kazımovun "Leyli və Məcnun” tamaşasında rəqslərdə oynadım. Bu mənim üçün böyük bir təcrübə oldu. Daha sonra uşaqlar üçün hazırlanan "Aycan” tamaşasında Gülyaz obrazını canlandırdım. Teatrımızın baş rejissoru Bəhram Osmanovun "Uzuncorab Peppi” tamaşasında Peppinin dublyorunu canlandırıram.

- Gənc Tamaşaçılar Teatrı ilə Bakı Uşaq Teatrı arasındakı fərqlər nədir?

- Bakı Uşaq Teatrı çox balacadır. Teatrın komandası kiçik bir ailəni xatırladır. Biz orda ancaq uşaqlara xitab edə bilirdik. Gənc Tamaşaçılar Teatrının kollektivi isə çox genişdir. Bura gələndə özümü kiçik gölməçədən çıxıb, böyük okeana düşmüş kimi hesab etdim. Gənc Tamaşaçıların kollektivi məni mehribanlıqla qarşıladı, isti münasibət göstərdilər. Uşaq Teatrı mənə necə qayğı göstəribsə, burda da həmin qayğını görürəm.

- Bu səhnədə hansı obrazları canlandırmaq istəyərsən?

- İnşallah, onu zaman göstərəcək. O qədər arzusunda olduğum obrazlar var ki... Bakı Uşaq Teatrında ancaq uşaq tamaşalarında oynamışam deyə, burda da mənə hələ ki uşaq obrazları verirlər.

- 2016-cı ili sənin üçün məhsuldar hesab etmək olarmı?
- 2016-cı ilin son aylarını hesab etmək olar. Gənc Tamaşaçılara gəldikdən sonra yaradıcılığımda bir qədər dəyişikliklər oldu.

- 2017-ci ildən nələr gözləyirsən?

- 2017-ci ildən uğur gözləyirəm. Yeni obrazlar, maraqlı filmlər, seriallar gözləyirəm. Düzdür, 2016-cı ilin sonu mənim üçün uğurlu başladı. Ümid edirəm ki, belə davam edər.

- Gələcəyə doğru hədəflərin nələrdir?

- O qədər də böyük hədəflərim yoxdur. İnsan sabahını öncədən müəyyən edə bilməz. Mən reallıqla yaşayan insanam. Ancaq istəyərəm ki, böyük nailiyyətlər əldə edim. Hələ ki 25 yaşım var. 25 yaşında bu səviyyəyə qədər gəlib çatmışamsa, bu özü də böyük nailiyyətdir. Ümid edirəm ki, bundan sonra da yaxşı olar.

- Bəs təhsil?

- Ötən il magistr təhsili almaq üçün Antalya Universitetinə müraciət etdim. Nəticədə orada istədiyim ixtisasa qəbul oldum. Ancaq ailə problemlərimə görə gedə bilmədim. Belə ki, anamın səhhəti yaxşı deyildi, ona görə onu tək buraxmadım. Belə görürəm ki, xaricdə təhsil almağım mümkün olmayacaq. Onun üçün Azərbaycanda magistr təhsili almağı düşünürəm. 2017-ci ildə qarşıma qoyduğum ən böyük məqsədlərdən biri də təhsildir.

- Səncə, aktrisa olmaq üçün təhsil önəmlidirmi?

- Əlbəttə. Əgər peşəkar səhnədə çıxış edirsənsə, təhsil mütləqdir. Aktyor yaratdığı hər obraza bələd olmalıdır.

P.S: Qeyd edək ki, Xəyalə Meydanova 2016-cı ildə son müsahibimiz oldu. Bütün müsahiblərimiz kimi, ona da uğurlar arzu edirik. 2017-ci ildə görüşmək ümidi ilə...

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər