• cümə axşamı, 25 aprel, 20:38
  • Baku Bakı 21°C

2017-ci ilin siyasi çaları - nələr yadda qaldı?

28.12.17 19:11 620
2017-ci ilin siyasi çaları - nələr yadda qaldı?
Başa çatmaqda olan 2017-ci il beynəlxalq aləmdə əvvəlki illərlə müqayisədə, bir çox əlamətdar hadisələrlə, qalmaqallı bəyanatlarla yadda qalacaq. Dünya ictimaiyyəti çoxsaylı terrorlara, xüsusilə dəİŞİD terror qruplaşması ilə mübarizəyə, Suriyada hərbi əməliyyatların səngiməsinə, Rusiyanın bu ölkədə qalibiyyətinə şahidlik etdi. Bundan əlavə, ilin ikinci yarısında dünya ictimaiyyəti separatizmin artıq Avropanı da təhlükə altına aldığını müşahidə etdi. İspaniyanın Kataloniya Muxtar Vilayətindəbaş qaldıran separatizm yuxuda olan Avropa cəmiyyətini ayıltdı. Oktyabrın 1-də Kataloniya hökuməti muxtariyyətin müstəqilliyi ilə bağlı hüquqi qüvvəsi olmayan sorğu keçirdi və buna "referendum” adı qoydu. Oktyabrın 31-də isə İspaniya Konstitusiya Məhkəməsi muxtariyyət rəhbərliyi tərəfindən oktyabrın 27-də təsdiqlənən müstəqillik bəyannaməsinin hüquqi qüvvəsini dayandırdı. İspaniya Baş Prokurorluğu Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon və hökumətin 19 keçmiş üzvünə qarşı qiyam və korrupsiya ittihamı ilə cinayət işi açıb. İndi Karles Puçdemon 30 il müddətinə azadlıqdan məhrum edilə bilər. İlin digər önəmli hadisəsi İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizənin sona çatması olub. Ən azından adıçəkilən ölkələr, eləcə də ABŞ, Rusiya və İranın bu barədə rəsmi açıqlamaları var. Noyabrın 21-də İraqın baş naziri Heydər əl-İbadi televiziyada çıxışı zamanı ölkəsində İŞİD-in məğlub edildiyini rəsmən elan etdi.
Dekabrın 11-də Vladimir Putin Rusiyanın Suriyadakı "Hmeymim” bazasına gələrək, rəsmi Kremlin bu ölkədəki qoşun qruplaşmasının əhəmiyyətli hissəsini geri çəkəcəyini rəsmən açıqlayıb. Bunun ardınca, dekabrın 12-də ABŞ prezidenti Donald Tramp İraqda və Suriyada amerikalıların İŞİD üzərində qələbə qazandığını elan edib. Ekspertlərin fikrincə, Suriya və İraqda bu və ya digər terror qruplaşmasını dəstəkləyən ölkələr - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri planlarını həyata keçirmək üçün terrorçulara dəstək verməyə davam edəcəklər.
Təəssüf ki, 2017-ci ildə də çoxsaylı terror aktları törədilib və əksər hallarda buna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Onlardan ən böyüyü yanvarın 1-də İstanbulda gecə klubuna edilən hücum olub, terror aktı nəticəsində azı 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Avqustun 17-də İspaniyanın Barselona şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 13 nəfər ölüb, 100 nəfər yaralanıb. Məsuliyyəti yenə İŞİD üzərinə götürüb. Həmçinin aprelin 3-də Sankt-Peterburqda, aprelin 7-də Stokholmda, martın 22-də və iyunun 3-də Londonda, mayın 22-də "Mançester Arena”da terror aktları törədilib.
Sözsüz ki, ən önəmli hadisələrdən biri Donald Trampın ABŞ prezidenti postunda səsləndirdiyi bəyanatlar və qərarlar oldu. ABŞ prezidentinin, İran və "altılıq ölkələri” (ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin, Rusiya) arasında imzalanmış hərtərəfli birgə fəaliyyət planından çıxmaqla bağlı bəyanatı, müsəlman ölkələrindən girişə qadağa qoyması, Meksika ilə sərhəddə divar inşa etmək cəhdi, eləcə də bu günlərdə Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə yadda qaldı. Bu qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə, ölkələrin müxtəlif cəbhələrə bölünməsinə səbəb oldu. Lakin müsbət olan odur ki, BMT Qüdsün İsrailin paytaxtı kimi elan olunması barədə qərarı dəstəkləmədi. Ekspertlər hesab edir ki, gələn il də Trampın ağlasığmaz qərarlar və bəyanatlar səsləndirməsi istisna edilmir. Eyni zamanda Tramp daxili gündəmə daha çox diqqət ayırmalı olacaq, çünki noyabrda Konqresə seçkilər keçiriləcək. ABŞ-ın müttəfiqləri və tərəfdaşları D.Trampdan xarici siyasətində getdikcə daha çox müəyyənlik tələb edəcəklər. Bu il dünyada baş verən digər vacib hadisələr kimi Emmanuel Makronun Fransa prezidenti, Həsən Ruhaninin yenidən İran prezidenti seçilməsini, Cənubi Koreyada prezidentə qarşı impiçmenti, Türkiyədə parlament idarəetmə üsulundan prezidentli respublikaya keçidlə bağlı referendumu, ABŞ-ın Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalarının genişləndirilməsini də göstərmək olar.
Beləliklə, ümid etmək olar ki, gələn dünyada nəhayət, sabitlik və əmin-amanlıq bərqərar olacaq, ən əsası, həllini tapmayan münaqişələrin nizamlanması istiqamətində ciddi addımlar atılacaq, öz ev-eşiklərindən didərgin düşən milyonlarla insan yurdlarına dönəcəklər.

Kamran
banner

Oxşar Xəbərlər