• cümə, 19 Aprel, 02:03
  • Baku Bakı 18°C

2017-ci il də ölkəmiz üçün uğurlu olacaq

14.04.17 10:00 1109
2017-ci il də ölkəmiz üçün uğurlu olacaq
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət 2008-ci ildə baş verən ümumdünya böhranında olduğu kimi, 2014-cü ilin sonlarından etibarən özünü göstərən böhrandan da ölkəmizi minimal itkilərlə çıxarıb. Düzdür, siyasi səbəblər üzündən neftin qiymətinin kəskin ucuzlaşması neft ixrac edən Azərbaycanda da büdcə gəlirlərini ilkin mərhələdə azalması ilə müşayiət olunub, milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. Lakin umummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ 2003-cü ildən başlayan yeni iqtisadi islahatlar böhran baş verən illərdə ölkəmizi gözləyəcək fəlakətlərin qarşısını alıb. Çox böyük uzaqgörənliklə "qara qızıl”ın insan kapitalına çevrilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının böhranlı illərdə də böyüməsi ilə müşayiət olunub. Bu istiqamətdə görülən işlər çərçivəsində regional inkişaf proqramlarının da əhəmiyyətini vurğulamaq lazımdır. Məhz bu proqramlar çərçivəsində reallaşdırılan tədbirlər Azərbaycanda paytaxt ilə rayonlar arasındakı fərqi minimuma endirib, mərkəzlə yanaşı bölgələrdə də tərəqqi hiss olunub, yeni-yeni istehsal müəssisələri yaradılıb, yüzminlərlə daimi iş yerləri yaradılıb. Bütün bunlar isə son nəticədə ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşmasına səbəb olub.
Bütün bu sadalananlar beynəlxalq təşkilatların hər il ictimaiyyətə açıqladıqları hesabatlarda da öz əksini tapıb, Azərbaycandakı iqtisadi inkişaf tempi, aparılan islahatlar müsbət nümunə kimi təqdim olunub. Ancaq zaman dayanmır, sürətlə irəliyə doğru hərəkət edir, hər gün, hər ay və hər il dünya ölkələri yeni tələblərlə üz-üzə qalır. Azərbaycanda da zamanla ayaqlaşmaq, ölkənin iqtisadi inkişafının davamlılığını təmin etmək, insanlarımızın həyat səviyyəsini daha da yüksəltmək üçün əlavə tədbirlər görülür. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezidentİlham Əliyevin səsləndirdiyi fikirlər də buna əyani sübutdur. Dövlət başçısı birinci rübdə də ölkəmizin uğurla inkişaf etdiyini, bütün proqnozların həyatda öz əksini tapdığını diqqətə çatdırıb. Bildirib ki, birinci rübün nəticələrinə görə, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedib, iqtisadi inkişaf təmin edilib, bütün sosial məsələlər öz həllini tapıb.
Azərbaycan Prezidenti çox ciddi sosial təşəbbüslərin irəli sürüldüyünü vurğulayaraq, bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağımızı bəyan edib. Qeyd edib ki, 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır: "İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir. ...Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. ...Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artmışdır. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin təzahürüdür”.
Dövlət başçısı İlham Əliyev iclasdakı çıxışında görülən işlər, əldə edilən nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələrdən də söhbət açıb, bu istiqamətdə müvafiq tapşırıqlarını da verib. Bunları ümumiləşdirsək, qarşıdan gələn dövrdə əsas hədəflərdən birincisi sənaye istehsalı və kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Bu sahə bu gün də prioritet istiqamət olaraq qalmaqdadır. Dövlət başçısı bildirib ki, bu sahədə dövlətin başladığı işlər daha da sürətlənməli, ölkədə makroiqtisadi sabitlik təmin olunmalı, məhsulların süni qiymət artımına imkan verilməməlidir. Cari ildə 150 min hektar yeni torpaq sahəsinin suvarılması ilə bağlı başlanmış işlərin yekunlaşdırılması da planlaşdırılıb. Eyni zamanda kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılmış Pivot Suvarma sistemləri və Pestisid zavodu, gələn il inşa ediləcək Azot gübrələri zavodunun tikintisinin sürətləndirilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir. Paralel olaraq, kənd təsərrüfatı sahəsində böyük aqrar zonaların və iri fermer təsərrüfatlarının yaradılması işi davam etdiriləcək, bu sahəyə nəzarət gücləndiriləcəkdir. Bütün bunların da kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərəcəyi gözlənilir.
Onu da qeyd edək ki, hazırda İqtisadiyyat Nazirliyinin və digər icra orqanlarının vasitəsilə Azərbaycan brendinin dünyada təbliği aparılır, müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Sənayenin inkişafına xidmət edəcək belə addımların daha böyük effekt verməsi üçün bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılması, yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistika mərkəzlərinin yaradılması da başlıca vəzifələrdən biridir. Bütün qeyd olunan prioritet sahələr üzrə bu günə qədər görülən işlər, Prezident İlham Əliyevin səsləndirdiyi konkret faktlar, apardığı təhlillər onu deməyə əsas verir ki, cari il də Azərbaycanın müasir tarixində uğur və inkişaf ili kimi yadda qalacaq.
Ərturan İSMAYIL
banner

Oxşar Xəbərlər