• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

Əhməd bəy Ağaoğlunu ram edən sevgi dolu böyük qadın

17.11.16 12:50 1666
Əhməd bəy Ağaoğlunu ram edən sevgi dolu böyük qadın
II YAZI
Qəzetimizin ötən saylarından birində "Əhməd bəy Ağaoğlunu ram edən sevgi dolu böyük qadın” sərlövhəli məqaləmdə görkəmli publisist, siyasi və ictimai xadim Əhməd bəy Ağaoğlunun xanımı Sitarə xanım haqqında ətraflı məlumat vermişdim. Bu məqaləm də həmin mövzunun davamıdır. Əslində bu mövzuda olan məqalələri yazmaqda məqsədim gənc ailələrimizə, xüsusən də xanımlarımıza Sitarə xanım kimi ailəcanlı olmağı, ailəsini qorumaq üçün hər bir çətinlikləri səbr və təmkinlə dəf etməyi bacarmağı tövsiyə etməkdir. Çünki bugünkü gəncliyin buna çox böyük ehtiyacı var. Bu, danılmaz bir faktdır ki, ailənin xoşbəxt və daimi olmasında qadının rolu əvəzedilməz dərəcədə böyükdür.
Əhməd bəyin qızı Sürəyya Ağaoğlu xatirələrində yazırdı: "Anam son dərəcə sakit, yumşaq təbiətli, səbrli, atam isə hər şeylə maraqlanan, tez özündən çıxan insan idi. Atam süfrədə duz qabının yerinin dəyişdirilməsinə belə razı olmazdı. Hirsləndiyi zaman anam heç vaxt ona dərhal cavab verməz, amma ertəsi gün həmin mövzuya ötəri toxunar, atam da dərhal öz davranışına görə sıxılardı”.
Bu o Sitarə xanım idi ki, "romantik təbiəti və bir xalq adamı olan” çılğın, əsəbi təbiətli Əhməd bəyin "kobud tərəflərini cilalayaraq, Ağaoğlu ailəsinin cəmiyyət içərisində öz yerini tutmasına səbəb oldu. Bu o qadın idi ki, hətta Əhməd bəyin düşmənləri, rəqibləri belə "bu qadının qarşısında kinlərini, hiddətlərini unutmaq, göstərməmək məcburiyyətində qalırdılar”. Bunu yalnız əsilli-nəcabətli Azərbaycan xanımı edə bilər və etdi də. Belə olmasaydı, Sitarə xanım ömür yoldaşı Malta adasına sürgün edilərkən, ailəni dolandırmaq, yaşatmaq üçün qərib diyarda, əzizlərindən, doğmalarından uzaqda - İstanbulda olmazın çətinliklər çəkərək, Əhməd bəyin yoxluğunu uşaqlarına hiss etdirməmək üçün özünü oda-közə vurmazdı.
Əhməd bəy sürgün ediləndən bir necə həftə sonra ailənin sonbeşiyi Gültəkin baş sətəlcəmi olur. Həmin zaman İspan qripi bütün İstanbulu bürüyübmüş. O günləri illər sonra Sürəyya xanım belə xatırlayırdı: "Zavalı anam özünə yer tapa bilmirdi. Pulumuz və gəlirimiz yoxdur. Kiçicik vücudlu anamız təhsilimizi davam etdirmək, evi dolandırmaq, xəstələri müalicə etdirmək üçün nələr çəkdi. Amma heç ruhdan düşmədi, xalıları, daş-qaşını satdı...”
Böyük sıxıntılar içində əsir-yesir olan Sitarə xanım Əhməd bəyə ünvanladığı məktubların heç birində bunu hiss etdirmədi. Həmin məktubların əksəriyyətinin məzmunu belədir: "Əhmədcan, biz yaxşıyıq. Bir dərdimiz yoxdur səndən başqa. Uşaqlar yaxşıdır. Allah qoysa görüşərik. Allah bu işlərə xeyirli bir sonluq versin. Özündən muğayat ol. Üzündən və gözlərindən öpürəm, Əhmədcan” (Baxmayaraq ki, Əhməd bəy hər məktubunda israrla "Allah xətrinə, vəziyyətiniz, dolanışığınız haqqında mənə müfəssəl xəbər ver” yazırdı). Düz otuz il Əhməd bəyin ən yaxın dostu, ömür yoldaşı Sitarə xanım böyük sevgi ilə, fədakarlıqla ailəsini qorudu, yaşatdı... Bəzən qələmin də, sözün də qüdrəti çatmayan saf, ülvi bir sevgi ilə, böyük hörmətlə...
Təbiətən çox sakit və mülayim olan Sitarə xanımın məktublarından aydın olur ki, Tanrıya bağlı bir qadın olub. Odur ki, ən çətin anda belə özünü itirməz, çıxış yolu taparmış. Yenə də Sürəyya xanımın yazdıqlarına diqqət edək: "Heç vaxt heç kimdən qohumdan-əqrəbadan, atamın dostlarından heç nə ummaz və istəməzdi. Yalnız Allaha dua edərdi. Hər sübh çağı səmaya baxaraq, uşaqlarının atasının tezliklə qurtulması üçün dualar edirdi”.
"Ölüncəyə qədər səninlə bərabər olacağam” söyləyən Sitarə xanım sən demə Əhməd bəyin siyasi işlərində də ona böyük yardımçı olurmuş. Həm qəribə, həm də maraqlısı bu idi ki, nə gimnaziya, nə də universitet təhsili görməyən Sitarə xanım (ona yazıb, oxumağı Əhməd bəy öyrədib) Əhməd bəyin "siyasət həyatının müxtəlif təzahürləri qarşısında müvazinətini tənzimləyə bilən bir hakim” rolunu oynayıb: "Bəlkə də bu ondan irəli gəlirdi ki, "günləri çox dolğun və fikri fəaliyyət baxımından zəngin keçən” Əhməd bəy axşam yeməklərində "anama gördüyü işlərin mahiyyətini anladardı”.
O dövrün çox istedadlı, mədəni ziyalılarının toplaşdığı "Türk ocağı”nın toplantılarına Əhməd bəy ailəlikcə gedərdi. Sitarə xanım burada çıxış edən natiqləri "böyük zövqlə dinləyərdi. Bir sözlə, Əhməd bəyin düşüncələri, amalı ailəsinə də hakim kəsilmiş, ruhuna işləmişdir. Hadisələri əvvəlcədən və çox yaxşı sezən bir intuitiv istedada malik olan Sitarə xanım Əhməd bəyin "Sərbəst firqə” təşəbbüsünün baş tutmayacağına birinci gündən inanıb: "Yalnız üç ay fəaliyyət göstərəndən sonra "Sərbəst firqə” dağıldı, atam yenə aldandığını gördü, anam isə bu dəfə də haqlı çıxdı”.

Burada ədibin oğlu Səməd Ağaoğlunun yazdıqlarını olduğu kimi təqdim etmək yerinə düşür. O, yazırdı: "Atam Azərbaycandan dönərkən, yanında oradakı qohumlarından aldığı Kerenski hökumətinin tədavülə buraxdığı pullar vardır. Kerenski orduları bolşevikləri hər tərəfdə əzir, kommunist inqilabı məğlubiyyətə uğrayırdı. Bu pulların dəyəri də zəfərlərlə birlikdə durmadan artırdı. Anam yenə bir gün Bəkirağa bölüyündə "Əhməd, Kerenski məğlub olacaq, bolşeviklər udacaqlar, bu pulları türk pullarına dəyişək, önümüzdə qaranlıq günlər var, işimizə yarayar” dedi. Atam da onun cavabında "Xeyr, kommunistlərin əzilməsi labüddür. İngilislər və fransızlar onların qələbə çalmasına imkan verməzlər. Pulları saxla, daha çox qiymətə miniyi zaman satarsan” dedi. Atam yenə aldanırdı, anam yenə haqlı idi. Bu söhbətlərdən az keçməmiş Kerenski orduları da əlimizdəki pulların dəyəri də birdən-birə yoxa çıxdı”.
Daima Tanrısına şükür edən bu xanımın əzablarını elə Tanrısı da qiymətləndirdi. Yalnız Ağaoğluların yox, bütövlükdə Türkiyənin ictimai-siyasi və mədəni həyatında müəyyən rol oynamış bu övladlar ona bütün çətin günlərini unutdurmuşdu. Sürəyya hüquq təhsili alan ilk türk qadını və Türkiyədə ilk vəkil qadın, Tezer (Təzəgül) isə görkəmli pedaqoq idi. Oğlanları Səməd və Əbdürrəhman Parisdə təhsil almış, oğlu Səməd müasir türk ədəbi, elmi və siyasi tarixinə yazıçı, siyasətçi, publisist kimi daxil oldu.

Qızı Sürəyya xanım bu barədə yazırdı: "1933-cü il də cümhuriyyətin onillik yubileyi idi. Tezer Qız məktəbinin müdiri olduğu üçün Capanda yaşayırdı. Onillik ildönüm münasibətilə İstanbul par-par yanırdı. Müxtəlif bayramlar, mərasimlər düzəldilirdi. Bu mərasimləri görmək üçün Tezer anamı evinə dəvət etdi. Anam çox həyəcanlı idi. Atama "Əhməd, çox şükür, Allaha bizə bu günləri də göstərdi. İstanbulu düşmən işğalı altında buraxmışdıq, bax, indi hər tərəf parlayır, xalq küçələrdə nəğmə söyləyir. Hər şey bizimdir” dedi və ağlamağa başladı”.

Bu göz yaşları Sitarə xanımın illərlə çəkdiyi acı günlər üzərində çaldığı qələbənin sevinc yaşları idi...
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist


banner

Oxşar Xəbərlər