• çərşənbə, 24 Aprel, 14:12
  • Baku Bakı 27°C

Tarixçilərə də vəzifələrini xatırladan çəfakeş araşdırmaçı

16.11.16 13:30 1198
Tarixçilərə də vəzifələrini xatırladan çəfakeş araşdırmaçı
II yazı

"Biz, günümüzün türk ziyalıları… Hər bir türk xalqının əsərlərini öz əsərlərimiz kimi qəbul edəcəyik. Hər birindəki incəlikdən və zəriflikdən zövq alacağıq. Hər türk əsərini başqalarına tanıtmadan öncə özümüz tanımaq üçün cəhd edəcəyik”.
Muhsin Kadıoğlu
Muhsin Kadıoğlu Qərb, eləcə də Qlazqo muzeylərində türk əsərləri ilə yanaşı, islam Şərqinə məxsus sənət nümunələrini də tədqiq etmişdir. Təbii ki, milli-mənəvi mədəniyyətimizin böyük bir qismi türk və islam kültürünün ortaq düşüncəsi əsasında formalaşmışdır. Türklərin Şərqdə geniş ərazilərə istər dövlətçilik, istərsə də kültür baxımından əhəmiyyətli təsirə malik olması Misir, Sudan və digər ölkələrə aid nümunələrdə də öz izlərini göstərməkdədir. Muhsin Kadıoğlu həm ayrıca islam əsərlərini öyrənmiş, həm də qeyri-türk mədəniyyətlərində türk izlərinin ortaya çıxarılmasına önəm vermişdir. Yazar bütün varlığı ilə Qərbdə təqdim olunan milli tariximizə işıq tutmuşdur.

Qlazqo muzeylərində islam əsərləri içərisində X əsrdə Misirdə hakimiyyətdə olmuş Fatimi dövrünə aid şüşə yemək qabı, Fatimi dövləti zamanında Füstatda X-XII əsrlərdə hazırlanmış şüşə qablar, X-XI əsrlərə aid şüşə skelet, XI əsrdə hazırlanmış sürahi, qılınc və mahmız iynəsi, XII əsrdə yaradılmış çıraq, Əyyubi dövləti (1171-1250) dövründə Suriyanın Rakka şəhərində hazırlanmış kasa, XIII əsrə aid tas, üzərində "Zəfər Muhəmmədindir” yazılan və XII əsrə aid gil qab, İspaniyada islam mədəniyyətinin misilsiz nümunələri olan Əndəlüs keramikaları, İspaniyada hökm sürən Nasrid Əmirliyi (1013-1492) dövründə xristian hökmranlığı altında olan Paternada yaşayan müsəlmanlar tərəfindən XIV əsrdə hazırlanan kasa, XV yüzillikdə Valensiyada hazırlanmış kasa, XV-XVI əsrlərə aid, zorla xristianlaşdırılmış müsəlmanlar tərəfindən Manisesdə hazırlanmış boşqab, XVII əsrdə Osmanlı imperatorluğunun Anadolu torpaqlarında yaratdığı "asılı-işləməli divar” və digər islam əsərləri vardır ki, bunlar da Muhsin Kadıoğlunun Qlazqo və ümumiyyətlə, Şotlandiya muzeyləri haqqında yazdığı kitablarda geniş yer tutmuş və dəyərləndirilmişdir.
Misilsiz sənət nümunələrimiz İran eksponatları adı ilə sərgilənir
Osmanlı imperatorluğu zamanı türk mədəniyyətinin yaratdığı ölməz əsərlər də Qlazqo muzeylərində say etibarilə mühüm yer tutur. Muzeyçilik fəaliyyətini türk kültürünə həsr etmiş Muhsin Kadıoğlunun kitablarında, təbii ki, sözügedən incəsənət nümunələri də önəmli sıradadır. XIII əsrə aid pəncərə qoruması, XIV əsrdən başlayaraq XIX əsr də daxil olmaqla hər yüzilliyə aid sürahilər, yastıq örtükləri, kətan üzərindəki işləmələr, müxtəlif böyüklükdə olan səccadələr, divar plitələri, Şamda 1545-ci ildə hazırlanmış İznik tərzindəki keramik boşqab, XV, XVI, XVII əsrlərdə İznikdə hazırlanmış boşqablar, XVII əsrə aid ipək işləmələri, XVII əsrdə Türkiyədə hazırlanmış ilməli kətan və naxış, XIX əsrə aid işləməli başlıqlar, qaz lampaları, gözmuncuqları və digər sənət əsərləri 1299-1923-cı illəri əhatə edən Osmanlı imperatorluğu dönəmində zəngin və inkişaf etmiş türk sənəti və sənətkarlığından xəbər verir.

Ümumiyyətlə, Qlazqo şəhərindəki muzey və digər tarixi yerlərdəki islam əsərləri Mərkəzi Asiya, Orta Şərq, Afrika və İspaniyadan gətirilmişdir. Bunlar X-XI əsrlərdən başlayaraq XIX əsrin 70-ci illərinə qədərki dövrü əhatə edir. Bu eksponatlar The Burrell Collection - Barrell Kolleksiyaları, The St Mungo Museum of Religious Life and Art - Dinlərin həyatı və İncəsənəti muzeyi, Glasgow Museums Resource Centre - Qlazqo Resurslar Mərkəzi muzeyi və Kelvingrove Art Gallery and Museum - Kelvinqrov İncəsənət Qalereyası və Muzeyində toplanmışdır.
Burrell Collection - Barrell Kolleksiyaları Şotlandiyanın Qlazqo şəhərinin cənubunda Pollok Country Park - Pollok Ölkə Parkında yerləşən incəsənət nümunələrindən ibarət muzeydir. Muzey 1983-cü ildə yaradılmışdır. Bu sənət guşəsi zəngin gəmi maqnatı və kolleksiyaçı Uilliam Barrell tərəfindən Qlazqoya 1944-cü ildə hədiyyə edilmiş kolleksiyalardan təşkil olunduğu üçün belə adlandırılmışdır. Uilliam Barrellin hədiyyə etdiyi kolleksiyalar içərisində muzeydə olan islam əsərlərinin böyük bir qismi də vardır. Burada İran və Mughal - Baburlar dövləti dövrünə aid hind keramikaları və xalçaları, Türkiyə və Özbəkistan tekstil və naxışları, eləcə də islam dünyasına məxsus digər əsərlər vardır. İslam dünyasına aid eksponatlar içərisində xalçalar, bədii tikmələr, xəttatlıq, rəssamlıq, dulusçuluk, şüşə və keramika əşyaları mövcuddur.

Onu da qeyd etmək vacibdir ki, İran keramika və xalçaları adı ilə təqdim olunan eksponatlar arasında Çənubi Azərbaycana aid nümunələr də mühüm yer tutur. Təəssüf ki, bir sıra Qərb muzeylərində olduğu kimi burada da Cənubi Azərbaycanın, xüsusilə də Səfəvilər və Qacarlar sülaləsinin hakimiyyəti dövrlərinə aid misilsiz sənət nümunələrimiz İran eksponatları adı ilə sərgilənir.

Burada bir məsələni də mütləq diqqətə almaq lazımdır. Tarixən türk imperatorluqlarının Şərq və Qərb dünyasında fərqli şəkildə adlandırılması, müəyyən qədər də qərbçilik siyasəti bəzi əsərlərimizin eksponatlar arasında "gizlədilməsinə” səbəb olmuşdur. Bu incə məqam da Muhsin Kadıoğlunun diqqətindən kənarda qalmamışdır: "Qərblilərin tarix boyunca türkləri necə adlandırdıqlarını bilmirsinizsə, atalarınızın əsərlərinə yabançı gözlə baxar, onlardan mənəvi həzz ala bilməzsiniz. Məsələn, türklər Hindistandakı türk imperatorluğuna "Babur”, ingilislər isə "Mughal” imperatorluğu söyləyirlər. "Mughal” sözündən xəbərsizsinizsə, atalarınızın əsərlərini mənalandırmağınız mümkün deyil. Heç şübhəsiz ki, ən önəmli məsələ türk əsəri olduğu hər halından bəlli olan əsərlərin başqa millətlərə aid edilməsidir”. Bu çox əhəmiyyətli məsələ Qərbdə milli-mənəvi mədəniyyətimizin ən kiçik nümunəsinə belə diqqətlə yanaşmamızı tələb edən və ziyalıların üzərinə qoyulan vəzifəni açıqlayan məqamlardandır.
"Əjdaha xalça”nı ermənilər yox, türklər toxuyub
Barrell Kolleksiyaları arasında türk əsərləri daha çox seçilir. İstər muzeyə gətirilmiş ilk islam əsərləri, istərsə də Hindistan, Misir, Suriya, Osmanlı Türkiyəsi və ərəb Afrikasından gətirilmiş ikinci qrup islam eksponatları içərisində türk əsərləri xüsusi yer tutur. Nə qədər açıq qeyd olunmasa da, Baburlar, Məmlüklər, Osmanlılar, Səfəvilər, Qacarlar kimi əzəmətli türk dövlətlərinə aid, onların hakimiyyətdə olduğu ölkələrdən gətirilmiş sənət əsərləri muzeyin türk kolleksiyasını zənginləşdirmişdir. Barrell Kolleksiyalarının ən qədim eksponatları içərisində miladdan öncə VII əsrə aid, bürüncdən hazırlanmış öküz başı vardır. Barrell Kolleksiyalarında müşahidə etdiyimiz bu eksponat da Muhsin Kadıoğlunun kitabında yer almışdır.

Bu muzey türk xalçalarının təqdimatı ilə də bizim üçün əhəmiyyətlidir. Burada Azərbaycan, Türkiyə və Özbəkistandan gətirilmiş xalçalar təqdim olunur. Türk xalçaları arasında 1800-cü ilə aid Bakı xalçası da sərgilənir. Elə bu bölmədə XVII-XVIII əsrlərə aid Ladik tipli digər türk xalçaları təqdim olunmuşdur.

Azərbaycan xalçaları arasında XIX əsrə aid Təbriz xalçası da öz gözəlliyi və işləmələri ilə muzeyin möhtəşəm əsərlərindəndir. 1838-ci il Azərbaycana aid namaz xalçası da kolleksiyalar arasındadır.

Burada XVII-XVIII əsrə aid, İran və Qafqaz xalçaları adlandırılan nümunələr də vardır. 1700-cü ilə aid "Əjdaha xalça” adlandırılan Qafqaz xalçası haqqında belə bir məlumat verilmişdir: "Əjdaha xalça” Qafqaz dağları ətrafında, Xəzər və Qara dəniz arasında yerləşən ərazidə hazırlanmışdır. Toxucularının erməni mənşəli olması fikri vardır, lakin bu sənətkarlar (əsnaflar) tez-tez Gürcüstan və Azərbaycan kimi qonşu ölkələrdə məskunlaşırdılar”. Lakin dizayn və elementləri bu sənət əsərinin türk xalçası olduğunu sübut edir.
Səkkizguşə İrana yox, türkə aiddir
Qeyd etdik ki, Qərb muzeylərində türk əsərlərinin bir qismi İran eksponatları kimi təqdim olunmuşdur. Bu mənada Barrell Kolleksiyalarında maraqlı nümunələrdən biri də XIII-XIV əsrlərə aid, İrana məxsus olduğu bildirilən səkkizguşəli fiqurlardır. Səkkizguşənin olması artıq eksponatın türk əsəri olmasını göstərən faktdır. Muzeydə sözügedən dövrə aid digər səkkizguşəli nümunələr də vardır. İrana aid olduğu bildirilən sürahilər, boşqablar, keramikalar arasında da türk əsərləri üstünlük təşkil edir. Bu əsərlər də Muhsin Kadıoğlunun kitablarında öz əksini tapmış, toplanmış və şərh edilmişdir.

Muhsin Kadıoğlunun türk kültürünə həssaslıqla yanaşması bir məsələni də diqqətə çatdırmağı zərurətə çevirir. Bir çox Qərb muzeylərində olduğu kimi, Böyük Britaniyada olan muzeylərdə də türk əsərlərinə münasibətdə düzgün olmayan yanaşmalara təsadüf edirik. Bəzən türk əsərlərinin diqqətdən kənarda saxlanılması, bəzən fərqli şəkildə təqdimatı, digər hallarda isə türkləri aşağılamaq təşəbbüsləri bu muzeylərdən də yan keçməmişdir. Muhsin Kadıoğlunun ən böyük xidmətlərindən biri də sözügedən problemləri ortaya çıxarması, onları diqqətə çatdırmasıdır.

Muhsin Kadıoğlunun muzeylərlə bağlı əsərlərinin bir ümumi xətti vardır. Qədim və zəngin türk kültürünü araşdırmaq, toplamaq, millətimizə və dünyaya təqdim etmək, bu zəngin iris gələcək nəsillərə ötürmək. Yazarın bu sözləri muzeyləri gəzən hər bir türk insanın devizi olmalıdır: "Yüksək intellektual kültürə sahibsinizsə, bu muzeylərdə Roma mədəniyyətindən əvvəl İtalyada mövcud olan Etrusk mədəniyyətinə aid əsərlərdə də antik dövrlərdəki türklərə aid izləri tapmanız mümkündür” Bu fikirlərdə türk kültürünə böyük bir həssaslıq, sevgi ifadə olunmuşdur. Dünya mədəniyyətinin nadir inciləri arasında öz əzəməti, tarixiliyi, sənət imkanları ilə layiqli yer tutan əsərlərimizə sahib çıxmağı bacarmalıyıq. Bunun üçün də milli tarix və mədəni irsimizdən xəbərdar olmalı, tarixə yoldaşlıq etmiş sənət abidələrimizi tanımalıyıq.
Bəsirə ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent


banner

Oxşar Xəbərlər